is. 1. Bəla, dərd, müsibət, fəlakət.
Koroğlu əyilməz yağıya, yada; Mərdin əskik olmaz başından qada. “Koroğlu”.
Bənd oldu könül bir gülə, səs tutdu mahalı; Guya ki, bu dünyada qan oldu, qada düşdü. C.Cabbarlı.
2. “Qadası” şəklində – yalvarış, yaxud nəvazişli xahiş – xitab bildirir.
Qadası, de görüm, axı bu nə əhvalatdır? M.S.Ordubadi.
[Mahmud arvadına:] Bu kələyə razısanmı? …İndi gəl üzündən öpüm, qadası!… B.Talıblı.
◊ Qadan(ı) alım! – yalvarışlı, yaxud nəvazişli xahiş bildirir.
[Şahbaz bəy:] Şərəfnisə, qadan alım, bilirsən ki, əmidostum bu gün nə tufan elədi? M.F.Axundzadə.
Qadan allam, ey qara göz, sənə bu əda neçindir? S.Ə.Şirvani.
Motalpapaq, kürklü bir kişi komandana yaxınlaşaraq dedi: – Qadan alım, komandir, biz ağsaqqallar təvəqqe edirik ki, bizdən də bir neçəmizi özünüz ilə aparasınız. H.Nəzərli.
Qadam sənə (olsun)! – qarğış ifadəsi.
Qadası canıma – əzizləmə, pərəstiş ifadəsi.
Başını buladı, gözündən güldü; Güləndə qadası canıma düşdü. Aşıq Ələsgər.