Şalva Qadabadze

Şalva Qadabadze (30 may 1984, Tbilisi) — 2000–2006-cı illərdə Gürcüstanı, 2008–2016-cı ildə isə Azərbaycanı təmsil edən yunan-roma güləşçisi.[1]

Şalva Qadabadze
Şəxsi məlumatlar
Tam adı Şalva Qadabadze
Vətəndaşlığı Gürcüstan Gürcüstan
Azərbaycan Azərbaycan
Doğum tarixi 30 may 1984(1984-05-30) (39 yaş)
Doğum yeri
İdman növü Güləş
Karyera illəri 1983—2016
Boyu 178 sm. (5 ft 6 in)

Karyerası[redaktə | mənbəni redaktə et]

Şalva Qadabadze 2000-ci ildə Bratislava şəhərində baş tutan gənclər arasında Avropa Çempionatının qalibi oldu.[2] Bu onun beynəlxalq turnirlərdə birinci uğuru idi.[2] 2002 və 2004-cü illərdə yeniyetmələr arasında Avropa Çempionatlarında altıncı pillələrdə qərarlaşan Şalva Qadabadze 2005-ci ildə İzmir şəhərində Universiada Oyunlarının qalibi oldu.[2]

2006-cı ildə Rusiyada Avropa Çempionatını 8-ci pillədə başa vuran Şalva Qadabadze həmin ilin iyununda Azərbaycanda Qızıl Qran-Pri beynəlxalq turnirin bürünc medalına sahib oldu.[2] Şalva Qadabadzenin çıxışından razı qalan Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndələri onu Azərbaycan yığmasının heyətinə cəlb elədi.[2]

Şalva Qadabadze 2008-ci ildə əvvəlcə İtaliyada 1-ci Dünya Olimpiya Təsnifat Turnirində uğursuz çıxış eləsə də, daha sonra Serbiyada 2-ci Dünya Olimpiya Təsnifat Turnirin qalibi olmaqla olimpiya lisenziyasına sahib oldu.[2] Olimpiadadan əvvəl Şalva Qadabadze iyunda Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2] Avqustda isə Şalva Qadabadze Azərbaycanı Çində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Avqustun 14-də 84 Kq. turnirində çıxış edən Şalva Qadabadze mübarizə apardı.[2] Olimpiadanın 1/8 final mərhələsində Şalva Qadabadze Tunis nümayəndəsi Hayel Açuri ilə üz-üzə gəldi.[3] Görüşün birinci hissəsində rəqibinə 5:0 hesabı ilə qalib gələn Şalva Qadabadze növbəti hissədə də rəqibi üzərində 5:0 hesabı ilə qələbə qazandı və olimpiadanın 1/4 final mərhələsinə adladı.[3] Bu mərhələdə onun rəqibi Macarıstan nümayəndəsi Zoltan Fodor oldu.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün biricni hissəsi 1:1 hesabı ilə başa çatdı və nəticədə qaydalara əsasən son xalı Şalva Qadabadze qazandığına görə hissənin qalibi oldu.[3] Görüşün növbəti hissəsində isə Şalva Qadabadze rəqibinə 0:4 hesabı ilə məğlub oldu.[3] Belə olan halda görüşün taleyi üçüncü hissədə həll olundu.[3] Bu hissədə 1:1 hesabı ilə başa çatdı.[3] Qaydalara əsasən son xalı rəqib qazandığına görə Şalva Qadabadze görüşdə məğlub oldu.[3] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Şalva Qadabadze təsəlliverici qrupda mübarizə apardı.[3] Təsəlliverici qrupun birinci görüşündə Şalva Qadabadze Çin nümayəndəsi Ma Sanyi ilə üz-üzə gəldi.[3] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsi 2:2 hesabı ilə başa çatdı.[3] Nəticədə son xalı rəqib qazandığına görə Şalva Qadabadze birinci hissədə məğlub oldu.[3] Növbəti hissədə isə Şalva Qadabadze rəqibinə 2:4 hesabı ilə məğlub oldu və olimpiadanı 8-ci pillədə başa vurdu.[3]

2009-cu ildə Şalva Qadabadze əvvəlcə yanvarda Fransada Kristo Lutte beynəlxalq turnirinin qalibi oldu, daha sonra isə apreldə Litvada Avropa Çempionatının bürünc medalına sahib oldu.[2] Mövsümün növbəti turnirində Şalva Qadabadze uğursuz çıxış elədi, iyulda Qızıl Qran-Pri beynəlxalq turnirini 12-ci, sentyabrda Dünya Çempionatını isə 5-ci pillələrdə başa vurdu.[2]

2010-cu ildə Şalva Qadabadze üçün uğursuz bir mövsüm oldu.[2] Yanvarda İstanbul şəhərində Vəhbi Əmrə beynəlxalq turnirinin qalibi olan Şalva Qadabadze martda Macarıstanda Qran-Pri beynəlxalq turnirini beşinci pillədə başa vurdu.[2] Apreldə Avropa Çempionatında uğursuz çıxış edən (17-ci pillədə başa vurdu) Şalva Qadabadze iyulda Qızıl Qran-Pri beynəlxalq turnirinin final görüşündə məğlub olaraq turnirin gümüş medalına sahib oldu.[2]

2011-ci ildə əvvəlcə yanvarda İstanbul şəhərində Vəhbi Əmrə beynəlxalq turnirində, sonra isə Dortmund şəhərində Avropa Çempionatında bürünc medallara sahib olan Şalva Qadabadze iyulda Qızıl Qran-Pri beynəlxalq turnirdə və sentyabrda Dünya Çempionatında müvafiq olaraq 7-ci və 10-cu pillələrdə qərarlaşaraq uğursuz çıxış elədi.[2]

Şalva Qadabadze üçün 2012-ci il nisbətən uğurlu oldu.[2] Yanvarda İstanbulda Qran-Pri beynəlxalq turnirinin və martda Belqradda Avropa Çempionatının bürünc medallarına sahib olan Şalva Qadabadze apreldə Bolqarıstanda Avropa Olimpiya Təsnifat Turnirində uğursuz çıxış eləsə də (bürünc medala sahib oldu), Çində Dünya Olimpiya Təsnifat Turnirini gümüş medalla başa vurmaqla olimpiya lisenziyasına sahib oldu.[2] Bununla da Şalva Qadabadze iyul-avqustda Azərbaycanı XXX Yay Olimpiya Oyunlarında təmsil elədi.[2] Avqustun 7-də çıxış edən Şalva Qadabadze turnirin 1/8 final mərhələsində Rusiya nümayəndəsi Rüstəm Totrov ilə üz-üzə gəldi.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Qadabadze 2:0, növbəti hissəsində isə Totrov 1:0 hesabları ilə qalib gəldi.[4] Həlledici hissədə də Şalva Qadabadze rəqibinə məğlub oldu (0:2).[2] Rəqibi final görüşünə vəsiqə qazandığına görə Şalva Qadabadze təsəlliverici qrupda mübarizə apardı.[4] Qrupun birinci görüşündə onun rəqibi son Dünya Çempionatının finalçısı İsveç nümayəndəsi Cimmi Lidberq oldu.[4] Gərgin idman mübarizəsi şəraitində baş tutan görüşün birinci hissəsində Lidberq 1:0, növbəti hissəsində isə Qadabadze 1:0 hesabları ilə qalib gəldi.[4] Həlledici hissədə Şalva Qadabadze rəqibinə minimal hesabla məğlub oldu və olimpiadanı yeddinci pillədə başa vurdu.[4] Sentyabrda isə Şalva Qadabadze Qızıl Qran-Pri beynəlxalq turnirinin qızıl medalına sahib oldu.[2]

2013-cü ilin martında Gürcüstanın Tbilisi şəhərində Avropa Çempionatını beşinci pillədə başa vuran Şalva Qadabadze sentyabrda Macarıstanın Budapeşt şəhərində Dünya Çempionatının bürünc medalına sahib oldu.[2] Noyabrda isə o, Qızıl Qran-Pri beynəlxalq turnirində uğursuz çıxış elədi və turniri 11-ci pillədə başa vurdu.[2]

Karyerası enişə doğru gedən Şalva Qadabadze 2014-cü ildə Qızıl Qran-Pri beynəlxalq turnirinin bürünc medalına sahib olsa da, Avropa Çempionatını 20-ci, Dünya Çempionatını isə 22-ci pillədə başa vurdu.[2] Bundan sonra bir ildən çox beynəlxalq turnirlərdə çıxış eləməyən Şalva Qadabadze 2015-ci ilin noyabrında Qızıl Qran-Pri beynəlxalq turnirinin qalibi oldu.[2] 2016-cı ilin aprel və may aylarında müvafiq olaraq Avropa Olimpiya Təsnifat Turnirində və Dünya Olimpiya Təsnifat Turnirində uğursuz çıxış edən Şalva Qadabadze həmin il idmanla vidalaşdı.[2]

Nəticələri[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Olympedia.org. "Şalva QADABADZE". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  2. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 International Wrestling Database. "SHALVA GADABADZE". www.iat.uni-leipzig.de (ingilis). 2022-08-04. 2022-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 02.08.2022.
  3. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 Olympedia.org. "2008 Summer Olympics / Wrestling / Light-Heavyweight (84 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. 2022-05-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30.08.2022.
  4. 1 2 3 4 5 6 Olympedia.org. "2012 Summer Olympics / Wrestling / Heavyweight (96 Kilograms) / Greco-Roman / Men". www.olympedia.org (ingilis). 2022-08-30. İstifadə tarixi: 30.08.2022.