Bir qalanın sirri (film, 1959)
Bir qalanın sirri tammetrajlı bədii filmi rejissor Əlisəttar Atakişiyev tərəfindən 1959-cu ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Əsas rolları Gündüz Abbasov, Tamara Kokova, Məmmədrza Şeyxzamanov, Əli Qurbanov, Andrey Fayt və Əli Zeynalov ifa edirlər.
== Məzmun ==
Film-nağılda xalqın əlindən torpağını və suyunu almış amansız və qəddar hökmdara qarşı kasıb, lakin namuslu və qeyrətli insanların mübarizəsindən danışılır. Alim-həkim Eldostu (Məmmədrza Şeyxzamanov), onun sədaqətli və sevimli şagirdi Mətanət (Tamara Kokova), igid və cəsur gənc usta Elşən (Gündüz Abbasov), Kamran baba (Əli Qurbanov) bu mübarizənin önündə gedirlər.
Filmdə göstərilir ki, el gücü və xalqın birliyi, elmlə gücün birliyi şər üzərində zəfər çalır, minlərlə adama sevinc, xoşbəxtlik bəxş edir.
== Film haqqında ==
Film Məmmədhüseyn Təhmasibin "Çiçəkli dağ" pyesi əsasında ekranlaşdırılmışdır. Pyesin əsasını isə Azərbaycan xalq nağılları təşkil edir.
Demək olar ki, 1958-ci ildə Əlisəttar Atakişiyev kinematoqrafımızda yaddan çıxmış bir janr, nağıl janrını yenə dirçəltdi və ilk dəfə çəkiliş meydançasına quruluşçu rejissor kimi gəldi.