Ədəbi məclis
Ədəbi məclis — Dünyagörüşü, yaradıcılığı, bədii zövqü, ədəbi dairəsi və s. cəhətlərdən bir-birinə yaxın olan yazıçıların birliyi, əsərindəki ideya, mövzu, təsvir üsulundan, fikir və düşüncəsinə uyğun söz və ifadədən istifadə etməsi.
Azərbaycan poeziyasının inkişafında müxtəlif dövrlərdə yaranmış ədəbi məclislərin önəmli rolu olmuşdur. Belə məclislər zaman-zaman təkcə Bakıda deyil, ölkənin müxtəlif şəhərlərində fəaliyyət göstərmiş və bir çox parlaq imzaların tanınmasına yol açmışdır. XIX əsri belə ədəbi məclislərin meydana çıxması baxımından ən məhsuldar dövr kimi qiymətləndirmək olar. Həmin dövrdə, Gəncədə (sonralar Tiflisdə) “Divani-hikmət”, Bakıda “Məcməüş-şüəra”, Şamaxıda “Beytüs-Səfa”, Qubada “Gülüstan”, Lənkəranda “Fövcül-füsəha”, Qarabağda “Məclisi-üns” və “Məclisi-fəramuşan” adlanan ədəbi məclislər Azərbaycandan kənarda da çox məşhurlaşmışdır.