is. 1. Girib-çıxmaq üçün evin, yaxud barının və s.-nin divarında açıq yer, deşik, habelə bu deşiyi qapamaq üçün taxtadan, dəmirdən və s.-dən düzəldilən qurğu. Divara qapı açmaq. Ev qapısı. Qapını örtmək. Ara qapı (iki otağın arasındakı qapı). Qapı ağzı (qapının qabağı, qapı önü). Qapı içi (astana).
// məc. Ev mənasında.
[Gülzar:] Heç kəs cürət edib bu qapıya gələ bilməz. S.S.Axundov.
2. Evin, binanın qabağı, girəcəyi; həyət.
Elə kəs var ki, tapılmaz qapısında bir inək. S.Ə.Şirvani.
Mal qapıya gələndə axşam-səhər; Qoyun mələr, quzu mələr, dağ mələr. A.Şaiq.
Hədiyyə naharını təzəcə bitirmişdi ki, qapıda maşın səsləndi. Mir Cəlal.
□ Qapı-baca – ev, həyət, evin yan-yörəsi. Qapıbacadan muğayat ol. İt qapı-bacanı qoruyur.
– [Xırda xanım:] Bu saat otaqları təmiz süpürərsən, qapı-bacanı gül kimi eləyərsən. N.Vəzirov.
Züleyxa xeyli vaxt, həyəcan içində qapı-bacada dolandı. S.Rəhimov.
Qapıda törəmə – sahibinin öz həyətində doğulmuş və ya böyümüş (heyvan haqqında).
// Evin divarları, evə yapışıq olan yerlər.
Qapıbacanı əhənglə ağartmaq … ümumi bir həvəs idi. H.Sarabski.
3. Bir şeyin ağzını, deşiyini, girəcəyini örtüb bağlamaq üçün dəmirdən, taxtadan, şüşədən və s.-dən düzəldilmiş örtü. Şkafın qapıları. Buxarının qapısı. Avtomobilin qapısı.
4. Nərd oyununda: iki daşla tutulan xana.
◊ Açıq qapı – hər kəsin girə bildiyi yer.
…Qaçay arxasını divara söykəyib açıq qapıdan həyətə baxırdı. İ.Məlikzadə.
[Əmir:] Mən bağlı qapını yox, açıq qapını kilidləməklə qapını bir az açıq qoymuşdum. M.S.Ordubadi.
Bağlı qapı dalında – gizli, xəlvəti, kənar adamın iştirakı olmadan.
Qapı dalında qalmaq (qoymaq) –
1) bayırda qalmaq, içəri buraxılmamaq;
2) sıxıntıda qalmaq, çətinliyə düşmək, ağır vəziyyətə düçar olmaq.
Bəs ana deyilmi, özün söylə bir; O qapı dalında qoyduğun ana? B.Vahabzadə.
Qapıda durmaq – müntəzir olmaq, gözləmək.
[Mirzə Cəfər xan:] Əli xan … indi, budur, özü də, sərkərdələri də gəlib qapıda durub, hüzuri-aliyə müşərrəf olmağa izin istəyirlər. Ə.Haqverdiyev.
Qapıdan qovmaq – rədd etmək, qəbul etməmək, üz göstərməmək. [Dərviş:] Ay camaat, Allah xatirinə, gəliniz məni bu zalımın əlindən xilas ediniz. Qardaş, köməyə gələn olmadı.
Yüyürdüm divan qapısına, “bizə dəxli iş deyil” – deyib, məni qapıdan qovdular. N.Vəzirov.
Qapı-qapı gəzmək (dolaşmaq, düşmək) –
1) hər tərəfə müraciət etmək, hər tərəfi dolanmaq, həyətbəhəyət gəzmək (bir şey üçün).
[Yasəmənin] əri Yusif də qapı-qapı gəzib ayı oynadardı. S.S.Axundov.
Yazırsınız ki, sudan ötrü qapı-qapı dilənirsiniz və bundan savayı çox artıq-əskik sözlər yazırsınız. “Mol. Nəsr.
” Qadınlar belə adamı qapı-qapı axtarıb tapırlar. M.S.Ordubadi.
Qoca Məşədi Məmmədvəli qapı-qapı düşüb bəylərə, mollalara yalvarıb bir neçə günün müddətində həmin kağızı düzəltdi. Ə.Haqverdiyev;
2) dilənmək, dilənçilik etmək.
Həyat qayğısı, ehtiyac ananı qapı-qapı gəzdirdi. Mir Cəlal.
Qapı-qapıya – lap yaxın, üz-üzə. Qapı-qapıya qonşular.
– [Dükançı Hümmətəli:] Bəy, məni tanımırsan? Bahalıq ili siz ilə qapı-qapıya olmurduqmu? Ü.Hacıbəyov.
Qapılara düşmək – qapı-qapı gəzib dilənmək, dilənçilik etmək.
[Qurban Pəri caduya:] Niyə dövlətli adamları tovlayıb puldan-zaddan almırsan, çiyninə bir torba salıb qapılara düşürsən? Ə.Haqverdiyev.
Qapını dabanından çıxarmaq – gedibgəlməklə birini təngə gətirmək, bir yerə, bir adamın yanına çox gəlib-getmək, israr etmək. [Oğlanlar] qapını döydülər. Açmadı. Yumruqla döyəclədilər, hətta təpiklə taqqıldatdılar.
Qız qapının az qala dabanından çıxacağını görüb qorxdu. İ.Şıxlı.
Qapını döymək məc. – lap yaxınlaşmaq. Qış qapını döyür.
– Axı, cəsarətsiz, axı, ürəksiz; Qapını döyməmiş hələ bir zəfər. B.Vahabzadə.
Qapını üzünə çırpmaq – çox pis qarşılamaq, qəbul etməmək, qovmaq.
Qapısı açıq – qonaqpərəst, comərd, səxavətli, çörək verən adam haqqında. Qapısı açıq adamdır.
– Ürəyi, süfrəsi, qapısı açıq; Kimsə bu qapıdan sənə deməz, çıx. Şəhriyar.
Qapısı bağlanmaq (çırpılmaq) məc. – evi-eşiyi dağılmaq, ailəsi məhv olmaq.
Çatmadı əvvəlcə bu xəbər ona; İnana bilmədi qulaqlarına; Elə ki, inandı… o, lal kəsildi; … Anladı, bildi: Qapısı bağlandı, ocağı söndü. B.Vahabzadə.
Qapısını döymək məc. – sataşmaq, dolaşmaq.
Quduz düşmən, özünü bir bu qədər öymə, gəl; Bu qartallar yurdunun qapısını döymə, gəl. S.Rüstəm.
Döymə qapımı, döyməyim qapını. (Məsəl).
Qapısının açarı dama atılmaq – bax
qapısı bağlanmaq.