Xeyrəddin Qoca
Xeyrəddin Sayəddin oğlu Qoca (29 yanvar 1950, Qulbəndə, Ağdaş rayonu) — Azərbaycan yazıçısı, nasir, dramaturq, tənqidçi, dövlət və siyasi xadim. Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində Azərbaycan Respublikasının sabiq baş konsulu, Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri və "91-lər"in üzvü, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni və "Şöhrət" ordeni ilə təltif edilmişdir. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.
Xeyrəddin Qoca 29 yanvar 1950-ci ildə Ağdaş rayonunun Qulbəndə kəndində müəllim ailəsində anadan olmuşdur. 1967-ci ildə rayonun Qəsil kənd orta məktəbini bitirdikdən sonra N. Tusi adına Pedaqoji Universitetə qəbul olunmuş, 1971-ci ildə ali məktəbi bitirmişdir. 1975–1977-ci illərdə Jurnalist Sənətkarlığı İnstitutunda təhsil almışdır.
1971-ci ildə ordu sıralarında xidmət etdikdən sonra uzun müddət qəzet-jurnal redaksiyalarında, Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müxtəlif vəzifələrdə işləmişdir. "Politexnik" qəzetində müxbir (2.03.1974–03.1977), Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ştatdankənar müxbir (30.03.1977–08.1978, 26.07.1982–2.10.1985), Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin "Sosialist qanunçuluğu" jurnalında böyük redaktor (9.08.1978–6.07.1982), "Dan ulduzu" qəzetində baş redaktor (25.03.1987–29.03.1991), "Mədəniyyət" qəzetində baş müxbir (29.03.1991–08.1991), "Şeytan" jurnalında müxbir (1.08.1991–04.1992, 1.02.1993–04.1993), "Açıq söz" qəzetində redaktor müavini (10.04.1992–1.11.1992), "Mozalan" qəzetində redaktor müavini (1.11.1992–02.1993), "Yeni Azərbaycan" qəzetində baş redaktor (1.04.1993–12.1997) vəzifələrində çalışmışdır.
Jurnalistikanın müxtəlif janrlarında minlərlə yazısı Azərbaycanda və xaricdə çıxan 100-dən çox müxtəlif adda qəzet və jurnalda dərc edilmişdir. Xaricdə və Azərbaycanda televiziya və radio efirində yüzlərlə verilişi, sujeti və çıxışları səslənmişdir.