Qonqurtay
Qonqurtay — Çingiz xanın soyundan gələn şahzadə və Elxanilər dövlətinin Anadoludakı canişini. Hülakü xanın Xitay tayfasından olan kəniz arvadından dünyaya gələn Qonqurtay birbaşa taxta iddia edə bilməmişdir, lakin hərbi və siyasi istedadına görə Elxanilər dövlətinin idarə olunmasında mühüm şəxslərdən olmuş, Əhməd Təkudarın 1282-ci ildə hakimiyyətə çıxmasında, onun Arqun tərəfindən 1284-cü ildə devrilməsi kimi hadisələrdə mühüm rol oynamışdır. Dövlət daxilində seçildiyi bir digər məsələ isə uzun müddət Elxanilər dövlətinin Anadolu canişini vəzifəsini yerinə yetirməsidir.
Qonqurtay Hülakü xanın Xitay tafasından olan kənizi Açuça Aquçi ilə olan izdivacından dünyaya gəlmişdi. Qonqurtay Hülakü xanın doqquzuncu oğlu idi və qardaşı Abaqanın hakimiyyəti dövründə əsas komandanlardan biri olaraq fəaliyyət göstərmişdi. O, iki dəfə Elxanilər dövlətinin Anadolu canişini olaraq təyin edilmiş, birinci canişinliyi Abaqa, ikincisi isə Əhməd Təkudar xan dövründə olmuşdur. Onun qışlağı Tokat yaxınlığındakı Kazova düzü, canişinliyinin mərkəzi isə Kayseri idi.
Qonqurtay 1277-ci ildə baş vermiş Əlbistan döyüşündən sonra Anadoludakı monqol ordusunun komandanı, Şəmsəddin Cüveyni də ona vəzir təyin edilmişdir. Bu təyinat zamanı ona Rum Səlcuqlu Sultanlığına qarşı üsyan qaldırmış türkman tayfalarına qarşı da mübarizə aparmaq tapşırılmışdı. O, Səlcuqlu taxtına iddia edən Cimrini təqib etmiş və onun himayədarları olan Qaramanlılara hücum etmişdir.