Erix Mariya Remark
Erix Mariya Remark (alm. Erich Maria Remarque, Erich Paul Remark; 22 iyun 1898[…], Osnabrük, Prussiya, Almaniya imperiyası – 25 sentyabr 1970[…], Lokarno[d], İsveçrə) — XX əsr görkəmli alman yazıçısı, alman ədəbiyyatının klassiki. Erix Mariya Remark əsasən 1929-cu ildə yazdığı Qərb cəbhəsində yenilik yoxdur və 1937-ci ildə yazdığı Üç yoldaş romanları ilə məşhurlaşmışdır.
== Həyatı ==
=== Gənclik illəri ===
Erix Mariya Remark 1898-ci ilin 22 iyun tarixində Osnabrük şəhərində alman işçi Peter Franz Remarkın ailəsində doğulmuşdur. Anası Anna Maria da etnik baxımdan alman idi. Birinci Dünya Müharibəsi zamanı Remark ordu sıralarına qoşulur. Döyüşə yollanan zaman onun cəmi 18 yaşı vardı. 1917-ci ilin 12 iyun tarixində Qərb cəbhəsinə göndərilən gələcəyin yazıçısı buradan da Fransız şimalında yerləşən Hem-Lenglet departamentinə göndərilir. Remark burada da çox saxlanılmır 26 iyun tarixində yenidən yer dəyişikliyi baş verir və bu dəfə onun yeni ünvanı XV Ehtiyat Piyada Alayı olur. Torhout və Houthulst məntəqlərinin arasında saxlanılan hərbi birləşmənin tərkibində olan Remark burada düşmən qüvvələrə qarşı döyüşə atılır.