ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutu
== Tarixi ==
"Gəlin ilk əvvəl ən yaxşını qorumaq cəhdindən — gələcək nəslin taleyini həll edən azadlıq mübarizəsindən başlayaq. Sülh və ədalət naminə, gəlin elə dünyaya gedək ki, orada insanlar öz talelərini müəyyən etməkdə azaddırlar. Azadlıq bəxti gətirən çox az adamın nailiyyəti yox, bütün insanların ümumi beynəlxalq hüququ olmalıdır".
ABŞ-nin Beynəlxalq Respublikaçılar İnstitutunun rəsmi saytında qurumun yaranma tarixi haqda məlumat Amerikanın 40-cı prezidenti Ronald Reyqanın 1982-ci ildə Britaniya parlamentindəki çıxışı zamanı dediyi bu sözlərlə başlayır. Çünki Respublikaçılar İnstitutunun yaranmasına da bu çıxış səbəb olub. R. Reyqan həmin çıxışıyla ABŞ-nin dünyada azadlıq və demokratiya uğrunda mübarizə aparanlara dəstək kursunu elan edib və 1983-cü ildə ABŞ Konqresi Reyqanın çağırışına cavab verib: dünyada demokratiyanı dəstəkləmək haqda qərar qəbul edilib.
Bu işi görmək isə Beynəlxalq Respublikaçılar İnstitutu (İRİ), Demokratiyaya Milli Yardım Fondu (NED), Beynəlxalq Özəl Müəssisələr Mərkəzi (CİPE) və Amerika Beynəlxalq Əmək Həmrəyliyi Mərkəzi (ACİLS) kimi qurumlara həvalə olunub.
Respublikaçılar İnstitutu demokratiyanı ilk olaraq Latın Amerikasına yaymaq məqsədilə yaradılıb. Təşkilatın ilk ofisləri 1984-cü ildə Boliviya, Kolumbiya, Qrenada, Qvatemala və Portuqaliyada açılıb. "Soyuq müharibə"nin sonlarına doğru Respublikaçılar İnstitutu dünyada azadlıq və demokratiyanın dəstəklənməsi istiqamətində araşdırmalarını artırmağa başlayıb.