Rəy sorğusu
Rəy sorğusu — sorğusunu keçirmək uçun hər şeydən əvvəl anket tərtib etmək lazımdır ki, onun köməyi ilə lazım olan məlumatları toplamaq mümkün olsun. Anket — müəyyən tərzdə struktur cəhətdən təşkil olunmuş və hər biri tədqiqatın əsas vəzifəsi ilə məntiqi surətdə bağlı olan suallar yığımıdır.
Anketin tərtib edilməsi prosesi əslində tədqiqatın əsas hipotezasını suallar dilinə çevirməkdən ibarətdir. Bu çox mürəkkəb və olduqca çox zəhmətli, tədqiqatçı-sosioloqdan diqqətlə, səbirlə işləməyi, sualların tipləri haqqında yaxşı biliklərin olmasını, sualları dəqiq ifadə etməyi və onları müəyyən ardıcıllıqla düzməyi bacarmağı tələb edən əməliyyatdır.
Anket sualları, adətən, üç əsasa görə fərqləndirilir:
məzmununa görə;
formasına görə;
funksiyasına görə.
== Anket sualları ==
Sualların məzmununa görə tipləri. Anketin bütün suallarını məzmununa görə şərti olaraq iki böyük qrupa bölmək olar:
keçmiş və indiki zamanlardakı faktlar, davranış və fəaliyyət məhsulları haqqında suallar;
fərdin motivləri, qiymətləri və rəyləri haqqında suallar.
Əgər birinci qrupdan olan suallar vasitəsilə tədqiqatçı rəyi soruşulan haqqında, onun nələri bildiyi və yadda saxladığı haqqında obyektiv məlumat ala bilərsə, ikinci qrupda, daxil olan sualların köməyi ilə o, rəyi soruşulanın nə düşündüyü, bu və ya digər bir şey haqqında rəyi, nə etmək istədiyi və bunun səbəbi haqqında məlumat əldə edir.
Birinci qrup suallara hər şeydən əvvəl demoqrafik sualları, rəyi soruşulanın statusunun, cinsinin, yaşının, təhsilinin, ailə vəziyyətinin, peşəsinin, iş stajının və s. müəyyənləşdirilməsinə yönəlmiş sualları aid etmək olar.