Çağdaş dilimizdə -ış4 şəkilçisi qayıdış feili düzəltmir (və ya çox az hallarda düzəldir: büz-üş, sür-üş...), amma keçmişdə bu vəzifəni yerinə yetirib. “Aparmaq” mənasında sür feili olub, indi də maşını sür tipli cümlələrdə ona yaxın anlamda işlədilir. Bu kök zəminində sürgün kəlməsi yaranıb, sürümək feili mövcuddur (-ı4 şəkilçisi feildən feil düzəldib: sür və sürümək ... və s.). Sürüş həmin sür feilindən düzəlmiş qayıdış növdür. Sürün forması da var və bu da qayıdış növdür, amma sürüş və sürün leksik məna baxımından ciddi surətdə fərqlənir: həm məna, həm də forma (son səs) dəyişmələrə məruz qalmışdır. Dırmaş və dırmanmaq sözləri də həmin qəlibə uyğun əmələ gəlib. (Bəşir Əhmədov. Etimologiya lüğəti)