Hacı Səlim Səyyah
Hacı Səlim Səyyah (tam adı: Qasımzadə Hacı Səlim Hacı Qasım oğlu; d.1869, Vilnüs şəh. — ö.1943, Bakı şəh.) — maarif xadimi, pedaqoq, şair.
== Həyatı ==
Hacı Səlim Səyyah 1869-cu ildə Vilnüsdə ziyalı ailəsində anadan olmuşdur. İlk təhsilini Vilnüsdə (1883-1885) rus dilində almışdır. Daha sonra İstanbulda türk və fars dillərində (1885-1887) ibtidai, Misirdə "Cameyi-əzhər"də ərəb dilində (1887–1900) orta təhsil almışdır.
== Fəaliyyəti ==
Hacı Səlim Səyyah Bakıda "Nəşri-maarif" cəmiyyətinin təşkil etdiyi ikiillik pedaqoji kurslarda (1906–1907) dinləyici olmuş, ibtidai məktəb müəllimi hüququ qazanmışdır. İstanbulda təhsil aldığı illərdə mühacir komissiyasında işləmiş, Robert Lens adlı bir səyyahın yanında xidmətə başlamış, Türkiyə, Rusiya, Misir, Hindistan və Bolqarıstan,Ərəbistan, Afrika ölkələrinə səyahət etmişdir. Bombey şəhərində ingilislərin təşkil etdiyi "Ölüm qəhvəsi" cəmiyyətinə yazılmış, mason lojasının üzvü olmuşdur. Səyahətinin ilk çağlarında Ərəbistanda muzdlu hərbi xidmətə qəbul olunmuş, dağıstanlı Məhəmməd paşanın komandası altında ərəb üsyanının yatırılmasında iştirak etmişdir.
Hacı Səlim Səyyah dörd il Qahirənin "Əl-Əhzəd" Universitetində oxumuş, Suriyada "Sehr-ül-hilayə" adlı kitabı çıxmışdır.