Saleh Hacıyev (dövlət xadimi)
Saleh Hilal oğlu Hacıyev (25 oktyabr 1932, Bərdə rayonu – 7 yanvar 2011) — Azərbaycan inşaatçı-mühəndisi və dövlət xadimi, Azərbaycanın meliorasiya və su təsərrüfatı naziri (1988–1993), Azərbaycan SSR quraşdırma və xüsusi tikinti işləri nazirinin müavini (1983–1988), SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin rəisi (1974–1983), Azərbaycan SSR kənd tikintisi naziri (1971–1974), Azərbaycan SSR əməkdar mühəndisi (1981).
== Həyatı ==
Saleh Hilal oğlu Hacıyev 1932-ci il oktyabrın 25-də Bərdədə anadan olmuşdur. Atası Hilal Hacıyev 1932-ci ildə repressiyaya məruz qalmış və ailəsi ilə birlikdə Qırğızıstana sürgün edilmişdir.
Saleh Hacıyev əmək fəaliyyətinə 1950–1951-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Qarabağsutikinti" trestinin 1 nömrəli tikinti idarəsində usta vəzifəsində işləməklə başlamışdır. İstehsalatdan ayrılmadan Fəhlə-Gənclər Məktəbində təhsil almış, buranı bitirdikdən sonra Azərbaycan Politexnik İnstitutunun Meliorasiya və su qurğuları tikintisi fakültəsinə qəbul olunmuşdur. Burada o, fakültə və institut komsomol komitəsinin katibi olmuşdur. 1957-ci ildə institutu bitirmişdir.
Saleh Hacıyev 1957–1960-cı illərdə Azərbaycan Politexnik İnstitutunun Komsomol Komitəsində və Azərbaycan LKGİ-nin Bakı Komitəsində katib, 1960–1961-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin "Göyçaysutikinti" trestinin 3 nömrəli tikinti idarəsində baş iş icraçısı, 1961−1968-ci illərdə "KürArazsutikinti" Baş İdarəsinin 12 nömrəli tikinti idarəsində Kürdəmirdə Kür çayı üzərində dükerin tikintisində tikinti rəisi, Lənkəranda 8 nömrəli tikinti idarəsinin rəisi, "Lənkəransutikinti" trestinin müdiri, 1968–1971-ci illərdə "Azərmeliorasiyasutikinti" Baş İdarəsi rəisinin birinci müavini vəzifələrində işləmişdir.
Saleh Hacıyev 1971-ci ildə Azərbaycan SSR kənd tikinti naziri naziri təyin edilmiş və bu vəzifədə 1974-cü ilədək çalışmışdır. 1974-cü ildən 1983-cü ilədək SSRİ Meliorasiya və Su Təsərrüfatı Nazirliyinin Azərbaycan SSR üzrə Baş Meliorasiya Tikintisi İdarəsinin ("Azərbaşmeliotikinti") rəisi olmuşdur.