Saleh Güllücinski

Saleh Məşədi Teymur oğlu Güllicinski (1899, İrəvan3 yanvar 1938, Bakı) — Ermənistan SSRAzərbaycan SSR dövlət və partiya xadimi, Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri, Azərbaycan K(b)P MK yanında Partiya Məktəbinin rektoru.[1][2]

Saleh Güllücinski
Şəxsi məlumatlar
Doğum tarixi 1899
Doğum yeri
Vəfat tarixi 3 yanvar 1938(1938-01-03)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Təhsili
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı[redaktə | mənbəni redaktə et]

Saleh Güllücinski 1899-cu ildə İrəvanın sayılıb seçilən Məşədi Teymur və Leyli xanımın ailəsində doğulub. Onlar 5 övlad böyüdüblər: Saleh, Məmməd, Rübabə, Ləzifə, Şövkət. Ailə o zamanın maarifpərvər, ziyalı ailəsi olduğundan övladlarının hamısına təhsil verib.[1]

Saleh Güllicinski erkən yaşında A. S. Puşkin adına İrəvan rus-tatar məktəbini,[3] daha sonra 1916-cı ildə 17 yaşında İrəvan Müəllimlər Seminariyasını bitirir.[4]

1918-ci ildə Qərbi Azərbaycanda qətliamlar törədən daşnaklara qarşı mübarizəyə qoşulur. Ailəsi dəfələrlə qırğınlardan qurtulmaq üçün Türkiyəyə getmək məcburiyyətində qalsada sonradan yenidən geri evlərinə dönürlər.[1]

Saleh Güllücinskinin bacısı Rübabə xanımın qızı Rəfiqə xanımın dediklərindən:[1]

" 1918–1920-ci illərdə ermənilər kütləvi qırğınlar edirdilər. Atam Hüseynin İğdırda ögey bacısı yaşayırdı. Atam ailəsi ilə oraya getmək qərarı verir. Bir neçə öküz arabalarını ərzaqla yükləyir ki, bizi orada 1–2 ay idarə etsin. 1918-ci ilin apreli imiş. Arazda çay daşır, sel gəlir və arabalar da, öküzlər də suya batır. Ərzaqların hamısı islanır. Atam yenidən İrəvana geri qayıtmaq məcburiyyətində qalır. Bizim çox mülklərimiz olub. İrəvanda indiki Hökumət evinin arxasında 2 mərtəbəli, 9 otaqlı, böyük bağı bağçası olan evimiz vardı. Atam gələndə görür ki, evin qapısı qırılıb, üç otağına Vandan gələn erməni ailəsi yerləşib. Atam ona evimdən çıx deyir. O isə cavabında belə deyir: "Sən necə Türkiyəyə getmisən, məni də oradan köçürdülər buraya. Məndə ev istədim yaşmağa, dedilər ki, hansı evin qapısı bağlıdı, qır qapını gir yaşa. Məndə bu evə gəldim." Atam da qorxusundan dillənə bilmir. Daşnakların hökuməti idi. Deyir bir neçə gün qalaq, sonra keçərik Türkiyəyə. Ama o qalan qalır. "

1920-ci ildə Ermənistanda Sovet hakimiyyəti qurulan zaman daşnaklara qarşı daha fəal mübarizə aparmaq üçün İrəvanın bir çox gənc ziyalıları kimi Saleh də inqilabi mübarizəyə qoşulur. Əli Əkərəkli, Cahangir Ələkbərbəyov, Abasqulu bəy Şadlinski kimi vətənini sevən insanlarla birlikdə mücadilə edir. Ermənistanda Sovet hakimiyyəti uğrunda azərbaycanlıların mübarizəsi Ermənistan KP MK-da şöbə müdiri, Xalq Komissarları Sovet sədrinin müavini, Maarif nazirinin birinci müavini vəzifələrində işləmiş Rza Vəlibəyovun 1969-cu ildə İrəvanda nəşr etdirdiyi "Keçmişdən səhifələr" aldı kitabında geniş şərh olunmuşdur. Müəllif azərbaycanlı mübarizlərdən Cahangir Ələkbərbəyov, Saleh Güllücinski, Hüseyn Salmanov, Musa Vəlibəyov, Rza Axundov, Məmməd Yusifzadə, Məmmədəli Nasir, Bala Əfəndiyev, Yusif Abbasov, Abbasqulu bəy Şadlinski, Əli Tağızadə, Ələmdar Həşimov və başqalarının xidmətlərini təfsilatı ilə şərh etmişdir.[5]

1921-ci il noyabrın 29-da Ermənistan Hərbi İnqilab Komitəsi Ermənistan SSR-in yarandığını elan edir. 1921-ci ilin fevralında daşnaklar yenidən İrəvəna daxil olurlar. Bu zaman bir çox inqilabçılar rus qoşunuyla bərabər İrəvanı tərk edir, ancaq Saleh Güllücinski, Əli Əkərəkli, Həsənəli Axundov şəhərdən çıxmırlar. Onlar evlərinə getmək istərkən daşnaklarların hücumuna məruz qalır və qurtulmaq üçün türk konsulluğunun binasına daxil olurlar.[1]

İrəvanda yaradılmış ilk partiya təşkilatının üzvlərindən biri olan Saleh Güllücinski 1921-ci ildə Vedi Hərbi İnqilab Komitəsinin ilk sədri vəzifəsinə göndərilir. Həmin ilin iyul ayında Vedi Rayon İcrayyə Komitəsinin sədri vəzifəsinə dəyişilir. S. Güllücinski Ermənistan Fövqaladə Komisiyasının ilk müstəntiqlərindən biri olub. Vedidə çalışdığı zamanlarda Abasqulu bəy Şadlinski ilə birlikdə Dəvəlidə daş karxanasının istifadəyə verilməsinə böyük əmək sərf edir. Abasqulu bəy Şadlinski onun haqqında belə deyir: "Mən Salehdə olan tükənməz enerjiyə təccüb etdim. Dəfələrlə biz onunla İrəvan Qəza İcrayyə Komitəsinə yazdıq, birlikdə oraya getdik. Saleh az əmək sərf etmədi". Vedidə çalışarkən daşnaklardan qurtulmuş kəndləri dinc həyata qaytarmaq, qırğınlardan qurtulan əhalini Türkiyədən, İrandan (yəni Cənubi Azərbaycandan) yurdlarına geri dönmələri üçün əlindən gələni edirdi. Lakin Ermənistan hökuməti İrandan, Türkiyədən gələn erməniləri Vedibasara yerləşdirməyə başlamışdı.[1]

Ermənistan hökumətinin bu siyasətinə kəskin etiraz edən Saleh Güllücinskinin hərəkətləri mərkəzi rəhbərliyi qane etmir və onlar bir bəhanə ilə S. Güllücinskini oradan uzaqlaşdırmaq istəyirlər. 1922-ci ilin sonlarında (o zamanlar Güllicinskinin 23 yaşı olur) onu Tiflisdə yeni açılmış Zaqafqaziya Kommunist Universitetinə təhsilini davam etdirməyə göndərirlər. Burada S. Güllücinski Səkinə adlı Borçalıdan olan tələbə qızla tanış olur, ailə qurur.[1]

Saleh Güllicinski ailəsi ilə birgə

Bu çətin vəziyyətdən çıxış yolu tapa bilməyən Saleh Güllücinskiyə Bakıdan iş təklif edirlər. Mircəfər Bağırov onu Bakıya dəvət edir. S. Güllücinski ailəsi ilə (anası Leyli xanım, atası Məşədi Teymur və bacıları Ləzifə, Şövkət, həyat yoldaşı Səkinə xanım və oğlu Ələsgəri) Bakıya köçür. Azərbaycanda o bir çox vəzifələrdə çalışır. Anası Leyli xanım Bakıda çox yaşamır və bir il sonra dünyasını dəyişir.[1]

Saleh Güllücinski 1930–1937-ci illərdə Azərbaycan K(b)P MK yanında Partiya Məktəbinin rektoru, Gəncədə Kənd Təssərüfatı Məktəbinin rektoru,[mənbə göstərin] Qasım İsmayılov rayonu (indiki Goranboy rayonu) MTS (MaşınTraktor Stansiyası) siyasi şöbə rəsi vəzifələrində çalışır.

Saleh Güllücinskinin Bakıdakı evinə bir gecə qəfil yoxlama gəlir. Uzun axtarışdan sonra evdən Lev Trotskinin kiçik bir kitabı tapılır və S. Güllücinski həbs edilir. Uzun zaman yaxınları ondan heç bir məlumat ala bilmirlər. Bir neçə aydan sonra NKVD-də çalışan bir nəfər S. Güllücinskini axtarmaqdan yorulmayan bacısı Ləzifəyə deyir ki, Saleh Güllücinskini daha axtarmayın, onun boynuna daş bağlayaraq dənizə atdılar. NKVD arxivində Saleh Güllücinskini Suxanov və Sumbatovun imzalarıyla 1938-ci il yanvarin 3 də güllələndiyi yazılır.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 6 7 8 9 Uğur, Sabina. "Qərbi Azərbaycanın aydın şəxslərindən Saleh Güllücinskinin həyatı". siyasetinfo.az. 2023-03-08. 2023-04-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-22.
  2. Əziz Ələkbərli, "Qərbi Azərbaycan, 1-ci cild, Vedibasar mahalı", Bakı, "Ağrıdağ", 2000.
  3. Mustafa, Nazim. "İrəvan şəhəri. Elm və təhsil". iravan.preslib.az. 2013. 2023-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  4. Fərrux Rüstəmov. İrəvan Müəllimlər Seminariyası və onun məzunları (PDF). Bakı: Elm və təhsil. 2022. səh. 163. ISBN 978-9952-5455-010.
  5. Hüseynov, Məmməd. "Ata yurdum Zəngibasar - İrəvan". 525-ci qəzet. 2018-02-16. 2023-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-12.