SÜRƏTLƏ Maşın sürətlə gedirdi (X.Hasilova); BƏRK Lakin qızışmış köhlən at qüvvətsiz uşağa qulaq asmadı və qaraltıdan ürküb daha bərk qaçmağa başladı (S.S.Axundov); DABANBASMA [Əli:] ..Deyir, uşaqları saxlaya bilmirəm, qaçan faşistləri dabanbasma qovurlar (R.Rza); GÜLLƏ KİMİ (məc.) Yaxınlaşıb, salam verdi, güllə kimi ötüb keçdi (Ə.Haqverdiyev); İLDIRIM SÜRƏTİ İLƏ Buludlar arxasında daldalanıb müəyyən fürsət gözləyən üç “M-109” birdən ildırım sürəti ilə şığıdı (Ə.Vəliyev); İTİ, İLDIRIM KİMİ O vaxt Qara köpək yola çıxdı.. qatan iti gələn görüb ildırım kimi götürüldü (S.S.Axundov); Hüseyn pilləkənləri ildırım kimi yuxan qalxdı (S.Rəhimov); YEL KİMİ Bir az keçmiş gördük ki, bir nəfər şəxs bir kürən atın belində yel kimi gəlir (Ə.Haqverdiyev); YEYİN Qulam: Durun bir nəfəsimi dərim. Yeyin gəlmişəm (C.Cabbarlı).