Termodinamik tarazlıq
Termodinamik tarazlıq və ya İstilik tarazlığı Müxtəlif dərəcədə qızdırılmış iki cisim təsəvvür edək. Təbiidir ki, bu cisimlərdən hər birinin molekulları arasıkəsilmədən xaotik hərəkət (istilik hərəkəti) edir. Belə hərəkət, molekullar arasında təmas yaradır. Məhz, belə təmas nəticəsində, istilik (molekulların xaotik hərəkətinin kinetik enerjisi) nisbətən isti cisimdən soyuq cismə verilir. Enerjinin qarşılıqlı mübadiləsi, hər iki cismin eyni istilik vəziyyətinə gəlməsinədək (bir qədər sonra tanış olacağımız temperatur deyilən parametrin, hər iki maddə üçün bərabər olmasına qədər) davam edir. Heç bir xarici təsir olmadan, özbaşına davam edən bu növ proses nəticəsində meydana gələn son hal, istilik tarazlığı halı adlanır. İstilik tarazlığı halında olan sistem daxilində enerjinin makroskopik daşınma prosesi baş vermir. Lakin, bu heç də o demək deyildir ki, istilik tarazlılığı halında olan sistemin atomları (yaxud, molekulları) öz xaotik hərəkətlərini dayandırır. Daimi xaotik hərəkət sistemin bütün hallarında, o cümlədən istilik tarazlığı halında mövcuddur. İstilik tarazlığı halında da, atom və molekullar daimi toqquşur və bu toqquşmalar nəticəsində enerji mübadiləsi baş verir.