Vəngli
Vəngli (əvvəlki adı: Vanklu; Vənkli) — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəngli kənd inzibati ərazi dairəsində kənd.
Azərbaycan Respublikası Milli Məclisinin 13 oktyabr 1992-ci il tarixli, 327 saylı Qərarı ilə ləğv edilmiş Ağdərə rayonunun Vənkli kəndi Kəlbəcər rayonunun inzibati tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Kəlbəcər rayonunun Vənkli kəndi Vənkli kəndi adlandırılmışdır. Kənd 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda həyata keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın nəzarətinə keçib.
== Tarixi ==
Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncesər monastrı Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir. Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir. Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.Qarabağ müharibəsinin başlandığı ilk günlərdən ermənilər bu kənddə nəzarəti tam ələ keçirərək buradan qonşu azərbaycanlı kəndlərinə hücum etməyə, günahsız insanları qırmağa başladılar.