Vəzn
Vəzn (yunanca: τό μέτρον — ölçü, vahid) — şeirin ölçüsü, onun struktur vahididir. Ölçü və yaxud vəzn şeirdə ahəngi yaradan, formanın musiqililiyini və obrazlığını gücləndirən amillərdən biridir. Şeir vəznlə — səslərin nizam, qayda- qanun və tənasübü ilə yaranır. Vəzn şerə məna-məzmun, hərəkət və poetik vüsət verir.
Lüğətlərdə vəzn, "bir şeyin ağırlığı, çəkisi" mənalarında işlədilir. Terminoloji, yəni şeirşünaslıq mənasinda isə vəzn misranın səslər kəmiyyətincə ölçüsü, yaxud bəhrə görə misralardakı uzun və qısa hecaların müəyyən şəkildə tərtibi ilə yaranan ritmin ölçüsüdür.
Dünya ədəbiyyatında daha çox heca, əruz və sərbəst vəzndən istifadə olunmuşdur. Xalqlar vəznləri mənimsəmiş, dillərinin təbiyyətinə uyğunlaşdırmış, onları yeni milli keyfiyyət, əlamət və ünsürlərlə zənginləşdirmişlər, amma təzə vəznlər yaratmağa ehtiyac duymamışlar. Ona görə də vaznlərin mahiyyətini həmişə milli fərdi xüsusiyyətlərdən daha çox ümumilik və bəşərilik şərtləndirmişdir.
Sərbəst vəzndə, hecada və əruzda — müxtəlif xalqlar üçün ümumi olan kateqoriyalarda ayrı- ayrı xalqların şairləri və alimləri tərəfindən yaradılmış xüsusiyyətləri də vardır.