Napoleon Bonapart 1799-cu ildə ildırım sürəti ilə həyata keçirdiyi çevriliş nəticəsində Fransa hökumətinin başına keçdi və 1804-cü ildə Fransa imperatoru oldu.
Şöhrətpərəstliyi Napoleonu müharibələri davam etdirməyə, yeni-yeni qələbələr qazanmağa vadar edirdi. Nəhayət, o, İngiltərəni çıxmaq şərti ilə bütün Avropanın ağasına çevrildi. Hətta Habsburq sülaləsindən şahzadə xanımla evləndi. 1812-ci ildə Napoleon yarım milyonluq ordu ilə Rusiyaya yürüşə başladı. Elə həmin il ordusu ilə Moskvaya çatdı. Onun əsgərləri eyni zamanda həm Moskvada, həm də İspaniyada idilər. Tarixdə hələ Fransa dünyaya bu cür ağalıq etməmişdi.
Ancaq Rusiya ona təslim olmadı. Napoleon geri çəkilməli oldu və bütün ordusunu itirdi. Bundan sonra da bir sıra məğlubiyyətlərə uğrayaraq taxttacdan əl çəkməli oldu və Korsikanın şimal-şərqindəki balaca Elba adasına sürgün edildi.
1815-ci ildə Napoleon Elbadan qaçaraq Fransaya qayıtdı və yenidən ordunun başına keçdi. Nəhayət, 1815-ci il iyunun 15-də o, Vaterloo (Belçika) ətrafında məğlub oldu. Onu Vellinqtonun komandanlığı altında müttəfiq İngiltərə və Prussiya orduları məğlub etdi. Bu, Napoleonun sonu idi. O vaxtdan “öz Vaterloonla üzbəüz gəlmək” ifadəsi uzun zaman qazanılan zəfərlərdən sonra məğlubiyyətə uğramaq anlamında işlənir. (Ayzek Azimov. Sözlərin tarixi)