XXI sülalə - Qədim Misir tarixində üçüncü aralıq dövrə aid edilən sülalə.
XX sülalədən hökmdar III Ramzes hakimiyyətini möhkəmləndirmək üçün din xadimləri ilə yaxınlaşır. Kahinlər firondan geniş səlahiyyətlər və var-dövlət alırlar. Nəticədə onlar çox güclənərək artıq mərkəzin siyasətindən yayınmağa başlayırlar. III Ramzesdən başlayaraq Misirdə bölünmə gedikcə güclənir, mərkəzi hakimiyyət zəifləyir. Bu isə öz növbəsində ayrı-ayrı bölgələrin müstəqilləşməsinə şərait yaradır.
Tebesdəki Amon məbədi baş kahini o qədər güclənir ki, artıq firona tabe olmurdu. Din xadimlərinin gücü baş kahin Amenhotepin zamanında daha da artdı. Sonuncu firon XI Ramzesin hakimiyyəti dövründə baş kahin Herihor bütün vacib dövlət vəzifələrini əlində cəmləşdirdi. Artıq din xadimləri fironlarla yox, tanrı ilə insanlar arasında vasitəçi rolunu oynayırdı. Buna görə hökmdarlar əvvəlki kimi ilahiləşdirilən gücə malik deyildilər[1].
Oğlan õvladı olmayan XI Ramzesin ölümü ilə XX sülalə də süqut etdi. Tebes və ətraf torpaqlarda hakimiyyət baş kahin Herihorda qaldısa, Nil deltasında XXI xanədan taxta çıxdı. Bununla da Misirdə mərkəzləşmiş dövlət yenidən bölündü. Misir tarixində bu illər üçüncü aralıq dövr adlanır.
XXI sülalənin banisi Smendes XI Ramzesin qızı ilə evli idi. Xanədanlığın mərkəzi Tanis şəhəri idi. Ancaq Smendes və onun davamçıları hakimiyyətlərini ancaq Aşağı Misirdə yaya bildilər.
XXI sülaləsinin son fironu II Psusennes olmuşdur. Onun ölümündən sonra liviyalı I Şeşonk Nil deltasında taxtı ələ keçirdi.
Manefona görə XXI sülalədən olan 7 firon 130 il hakimiyyətdə olmuşlar[2].