Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
XXIII sülalə - Qədim Misirdə hakimiyyətdə olmuş və üçüncü aralıq dövrə aid edilən sülalə. Liviyadan gəlmiş meşveş bərbərlərinin nəslindən idilər.
Arxeoloji tapıntıların azlığından bu sülalə barədə geniş məlumat yoxdur. Güman edilir ki, onlar Yuxarı Misirdə hökmranlıq ediblər. Və hakimiyyətlərinin bir hissəsi XXII sülalə ilə üst-üstə düşüb.
Məlumdur ki, XXIII sülalə Aşağı Misirdəki Tanis şəhərindən olublar. Ancaq bu şəhər XXII sülalənin hakimiyyəti altında idi. Buna görə yeni xanədanlıq doğma şəhərlərini tərk edərək Leontopolisə gəlmişlər. Pianxinin stelasında firon II İtupun Leontopolisi paytaxt kimi istifadə etdiyi qeyd edilir[1].
Bu dövrdə Tebes kahinləri Yuxurı Misirdə təsirlərini saxlayırdılar. Kahinlər firon sülalələri ilə qohumluq əlaqələrinə malik idilər. Məsələn, firon II Takelot və baş kahin Nimlot ögey-qardaş idilər. Hətta Takelot Nimlotun qızı ilə evlənərək bu əlaqəni daha da gücləndirmişdi. Ancaq Nimlotun ölümündən sonra Tebeslə sülalə arasındakı münasibət pozuldu. Səbəb vəliəhdin kim olacağı ilə bağlı idi. Kahinlər sələfin II Takelotun Nimlotun qızından olan oğlu olmasını istəyirdilər. Takelot isə fərqli seçim edərək, digər oğlu Osorkonu vəliəhd seçmişdi. Tebeslilərin ilk üsyanı yatırılsa da münaqişə bununla bitmədi. 4 il sonra yenidən üsyan qalxdı və bu dəfə müharibə on il davam etdi. On ildən sonra bağlanan sülh də uzun ömürlü olmadı. Cəmi 2 il sonra münaqişə yenə alovlandı. Bu vaxt II Takelot artıq ölmüşdü. Osorkon bu vaxt paytaxtdan uzaq olduğuna görə taxt-tacı Takelotun əmisi oğlu III Şoşenk ələ keçirdi. Tebes kahinləri Şoşenki yeni firon kimi qəbul etdilər. Ancaq bu dəfə sülalə daxilində mübarizə qızışdı. Pedubastis adlı şahzadə Leontopolisi əla keçirdi və özünü hökmdar elan etdi. Beləliklə ikihakimiyyətlik yarandı.
Alimlər arasında XXIII sülalənin hansı firondan başladığı barədə mübahisələr gedir. Bir qisim tədqiqatçı bu sülalənin II Takelotdan başladığını bildirirlər. Başqa bir qisim isə Leotopolisdə hakimiyyətə gələn I Pedubastisin bu xanədanlığın banisi olduğunu qeyd edirlər[2]. Tanisdə fironluq edən III Şeşonk və onun nəsli XXII sülaləni davam etdirir.
III Şoşenk Osorkonu Baş kahin təyin edərək sülalədəki narazılığı bir qədər azaltdı. Osorkon Yuxarı Misirdə nüfuzunu qoruyub saxladı. Leontopolisi isə Pedubastisin ölümündən sonra oğlu IV Şoşenk idarə edirdi. Ancaq daha sonra Osorkon Leontopolisi ələ keçirərək, özünü firon elan etdi. Şoşenkin ölümündən sonra Osorkon oğlu Takelotu baş kahin elan etdi. Osorkonun ölümündən sonra Takelot firon taxtına oturdu. III Takelot Bacısı II Şepenvepeti baş kahin təyin etdi. III Takelotdan sonra taxta qardaşı Rudamon çıxdı. Rudamonu isə İni əvəz etdi. XXIII sülalənin hakimiyyətinin son illərində Yuxarı Misirdə bölünmə gücləndi, ayrı-ayrı şəhərlərin hakimləri müstəqil siyasət yürüdürdülər.