XXV sülalə (təx. e.ə. 760 - 656) — üçüncü aralıq dövrdə hakimiyyətdə olmuş Qədim Misir sülaləsi. Misir tarixində onlara Kuşitlər sülaləsi də deyilir.[1]
.
XXV sülalənin hakimiyyəti eramızdan əvvəl 760-656-cı illər arasında Nubiyadan gələn hökmdarların Misiri idarə etdiyi zaman kəsimini əhatə edir. Sülalənin əsasını Nubiyanı idarə edən Kuşitlər qoyub. Onlar Misiri təkcə siyasi cəhətdən birləşdirməyib, həm də dini və mədəni sahələrdə ciddi dəyişikliklərə səbəb olublar.
Kuşitlərin ilk hökmdarı Kaştanın hakimiyyəti dövründə nubiyalılar Yuxarı Misirdə böyük təsirə malik idilər. Buna görə bəzən onu XXV sülalənin ilk fironu hesab edirlər. Ancaq Misir tam şəkildə onun oğlu I Pianxinin dövründə ələ keçirildi.[2] Onun hakimiyyəti zamanı Nubiya ordusu Misirin şimal bölgələrinə hücum edərək ölkəni vahid bir imperiya halına gətirdi. Memfis şəhərini də ələ keçirən Pianxi bütün Misirə hökmranlıq etməyə başladı. O, böyük dini əhəmiyyət daşıyan Amon məbədinin tikintisini dəstəkləmiş və bu dini mərkəzə önəm vermişdi.
Şabaka isə sülalənin hakimiyyətini daha da gücləndirdi. O, Misirin ənənəvi mədəniyyətinə və dininə xüsusi diqqət yetirərək qədim irsin dirçəldilməsi və qorunması üçün çalışırdı. Şabaka və onun ardıcılları ölkəni birləşdirmək və onu xarici təhlükələrdən qorumaq üçün çox səy göstərirdilər. Bu illərdə regionda böyük gücə çevrilən assuriyalılara qarşı mübarizə aparmaq üçün ordunun gücləndirilməsi əsas prioritetlərdən birinə çevrilmişdi.
XXV sülalənin digər görkəmli hökmdarı Taharka idi. İnşaat layihələri ilə tanınan firon həm Aşağı, həm Yuxarı Misirdə böyük məbəd komplekslərinin inşasını təşviq edirdi. Taharka dövründə Misir, xarici işğallardan qorunmaq üçün həm hərbi, həm də diplomatik yollarla müdafiə olunurdu.
Lakin onun hakimiyyəti ərzində Assuriyanın hücumları daha da şiddətləndi. E.ə. 674-cü ildə Asarhaddon Misirə yürüş təşkil etdi. Babil yazılarına görə Taharka bu hücumların qarşısını almağı bacardı. Ancaq 3 il sonra Asarhaddon mərkəz Memfis başda olmaqla Yuxarı Misiri işğal etdi. Əhali üzərinə vergi qoyduqdan sonra geri qayıtdı. Asarhaddondan sonra hakimiyyətə gələn Aşşurbanipal da bu siyasəti davam etdirirdi. Taharkanın dövründə həmçinin firona tabe olmayan Sais şəhərində assuriyalıların köməkliyi ilə yerli XXVI sülalə hakimiyyətə gəldi.
Taharkanın ölüməndən sonra taxta çıxan Tantamani Saisə hücum edərək şəhəri yenidən mərkəzi hakimiyyəti tabe etdi. Yerli hökmdar I Nexo öldürüldü.
Lakin Nexonun oğlu I Psamettix Mesopotamiyaya qaçaraq Aşşurbanipala sığındı. E.ə. 664-cü ildə yürüşə keçən Assuriya ordusu qısa müddətdə Tantamaninin qoşunlarını məğlub etdi. Gücünü itirən firon Nubiyaya qayıtmalı oldu. Bununla da XXV sülalənin Misirdə hakimiyyəti sona çatdı. Taxta isə XXVI sülalədən I Psamettix çıxdı.[3]