Üzeyir Hacıbəyovun heykəli — 1985-ci ildə azərbaycanlı bəstəkar, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Respublikası himninin bəstəkarı, müsəlman şərqində ilk operanın müəllifi Üzeyir Hacıbəyova doğma şəhəri Şuşada ucaldılmış abidə. Heykəl Şuşa şəhərinin işğalından sonra erməni vandalizminin qurbanı olmuşdur. Şəhər işğaldan azad edildikdən sonra 2021-ci ildə yenidən bərpa olunmuş, avqusun 29-da rəsmi açılışı baş tutmuşdur.[2]
Üzeyir Hacıbəyovun heykəli | |
---|---|
| |
Ölkə | Azərbaycan |
Yerləşir | Şuşa |
Heykəltaraşlar | Əhməd Salikov, Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov |
Tikilib | 1985 |
Vəziyyəti | 1992-ci ildə ermənilər tərəfindən dağıdılıb, 2021-cü ildə bərpa edilib[1] |
Material | Bürünc |
1985-ci ildə Üzeyir Hacıbəylinin 100 illik yubileyi münasibətilə Şuşada bəstəkarın heykəli ucaldılmışdı. Heykəltaraş Əhməd Salikov tərəfindən hazırlanan abidə 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq tamamilə məhv edilib.[3]
Yalnız şəhər işğaldan azad edildikdən sonra heykəlin bərpa edilməsi gündəmə gəlmişdir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bəstəkarın yeni heykəli hazırlanıb.
Heykəlin modeli qalmadığından yeni abidə o dövrün mətbuatında dərc olunan və arxivdə saxlanılan fotolar əsasında yaradılıb.[2]
Heydər Əliyev Fondunun dəstəyi ilə bürüncdən hazırlanan heykəl Şuşa şəhərində öz əvvəlki yerində ucaldılıb. Abidə heykəltaraşlar Aslan Rüstəmov, Teymur Rüstəmov, Mahmud Rüstəmov tərəfindən hazırlanıb.[2]
2021-ci il avqustun 29-da Şuşa şəhərində Üzeyir Hacıbəylinin yeni heykəlinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci vitse prezident Mehriban Əliyeva heykəlin üzərindəki örtüyü götürərək heykəlin açılışını ediblər.[2]