Teofrastus (yun. Θεόφραστος, m. ö. 370 – 285) — qədim yunan filosofu və botaniki, Aristotelin öyrəncisi, peripatetik məktəbin ilk təmsilçilərindən biri.
Teofrastus | |
---|---|
Θεόφραστος | |
Doğum tarixi | təq. e.ə. 371 |
Vəfat tarixi | e.ə. 287[1] |
Vəfat yeri | |
Dövr | Ellinizm |
İstiqaməti | Peripatetizm |
Əsas maraqları | botanika |
Vikianbarda əlaqəli mediafayllar |
O, müəlliminin göstərişi ilə peripatetik məktəbə 34 il rəhbərlik etmişdir və onun irsinin davamçısı olmuşdur. Teofrastus bir çox kitabların müəllifi olmuş, ancaq onların çox az bir qismi zamanımıza gəlib çatmışdır[2].
Teofrastus botanika elminin yaradıcılarından biri olmuşdur. Bizim zamanımıza qədər onun "Bitkilərin tarixi" (lat. Historia plantarum) və "Bitkilərin səbəbi" (lat. De causis plantarum) adlı əsərləri gəlib çatmışdır. Bu kitablarda bitkilərin təsnifatı və 500-ə yaxın bitki növlərinin özəllikləri verilmişdir.
Onun fikrincə bitkilər diri varlıqdır, onlar həyatlarını sürdürmək üçün suya və istiliyə möhtacdırlar. Teofrastus hesab edirdi ki, bitkilərin həyatına çevrə (mühit) və irsiyyət təsir edir.
Teofrastus bitki elminə aid problemləri həll etməyə çalışaraq onların daxili quruluşunu araşdırmış, bitkilərin heyvanlardan nə ilə fərqləndiyi sualına cavab tapmaq istəmişdir. O, bitkilərə canlı orqanizm kimi baxırdı.
Teofrastusa görə çevrənin təsiri və irsiyyət bitkilərin həyatında böyük rol oynayır. O müşahidə etməklə belə qənaətə gəlmişdir ki, çevrənin təsiri altında heyvanların rəngi dəyişə bilər. Bu kimi iddialar sonrakı dövrlərdə elm tərəfindən təsdiq olunmuşdur. Ancaq, bəzi məqamlarda isə onun iddiaları öz təsdiqini tapmamışdır. Çünki. onun zamanında elm indiki qədər inkişaf etməmişdir. Ancaq, Teofrastusun araşdırmaları nəticəsində botanika elmi inkişaf etməyə başlamışdır. Həmçinin o, bitkilərin praktik baxımdan təsərrüfatda işlənməsinə dair tövsiyələr də vermişdir.[3]
Bu problemə toxunan Teofrastus hesab edirdi ki, elmi nəzəriyyələr düyğusal (empirik) əsaslara dayanmalıdırlar[4]. Duyğu vasitəsi ilə qavranılan biliyi elmi nəzəriyyələrə zorla uyğunlaşdırmaq olmaz. Deməli o, düşüncəni deyil, duyğusallığı qavramın əsası kimi qəbul edirdi.
Fizika sahəsində Teofrastus kateqoriyalara bir qədər fərqli yanaşırdı. Əgər Aristotel hərəkəti yalnız keyfiyyət, mahiyyət, miqdar və yer kateqoriyalarına uyğun olmasını iddia edirdisə, Teofrastus hərəkət anlayışını bütün kateqoriyalara, o cümlədən münasibət kateqoriyasına da aid edirdi. Buna dəlil olaraq oğulun ölümü ilə atalığın başa çatmasını göstərmək olar. Şeylərin keyfiyyət baxımından dəyişməsi bəzən bir an içində baş verir. Məsələn, ağ olan bir şey keçid mərhələsi olmadan qara ola bilər.
Teofrastus yunan fəlsəfəsinə ilk dəfə olaraq odu yer, su və hava ilə birlikdə hər şeyin əsasında duran ünsürlərdən biri hesab etməmişdir[5]. O deyirdi ki, od sərbəst olaraq var ola bilməz, çünki onun var olması üçün yanacaq olmalıdır. Ünsür isə başqa şeylərə bağlı olmadan səbəbsiz var olmalıdır. Buna görə də od ünsür ola bilməz.
Aristotel kimi Teofrastus da dünyanı hərəkətə gətirən “İlk mühərrik” haqqında düşünürdü. Burada o, bir neçə aporiyaların (ziddiyyətlərin və çətinliklərin) yaranmasına diqqət yetirmişdir. Məsələn o, belə bir suallarla çıxış edərək deyirdi ki, əgər bir mühərrik vardırsa, onda nəyə görə əşyaların və cisimlərin (məsələn göy cisimlərinin) hərəkəti eyni deyildir? Əgər mühərriklər çoxdursa, onda hərəkətdə olan olayların ümumi ahəngini nə ilə izah etmək olar? İlk mühərrik canlı deyilsə, onda o necə məqsədyönlü fəaliyyət göstərə bilər? Beləliklə, Teofrastus Aristotelin təlimində ziddiyyətləri açıqlamış, ancaq ümumiyyətlə onun fikirlərini rədd etməmişdir.
Teofrastusun Tanrı haqqında fikirləri isə ziddiyyətli idi. O, Tanrını özünü düşünən, özündə olan, və özünü dərk edən təfəkkür kimi qəbul edirdi. Başqa tərəfdən o, göyü və ulduzları da tanrılaşdırırdı[6]. Dünya isə onun fikrincə əbədidir.
Teofrastus həm də bəzi dini ayinləri tənqid edirdi. Xüsusən də o, qurbanların kəsilməsinə qarşı idi. O deyirdi ki, təbiətcə insanlarla heyvanlar birdirlər, onların davranışları, xasiyyətləri də bir-birinə bənzərdir. Ona görə də, heyvanların kəsilməsi insan tərəfindən törədilər amansızlıq və qəddarlıqdır[7]. Hətta o, buna görə ət yeməkdən də çəkinmişdir.
Daha sonra Teofrastus məqsədəuyğunluq və təsadüf probleminə toxunmuşdur. Bir şey başqa şeyə görə ortaya çıxır, ya da onun varlığı təsadüfi xarakter daşıyır? Bu suala cavab verən Teofrastus teleologiyanın təsirini kiçiltmiş, onu mütləqləşdirməmiş, ancaq tam inkar da etməmişdir. Canlı və cansız təbiətdə bir çox şeylər təsadüfən baş verir. Belə olmazsa həyatda baş verən qanunauyğunsuzluğu və ahəngsizliyi izah etmək mümkün olmazdı. Yəni, bəzi hallarda təsadüf məqsədəuyğunluğa müdaxilə edərək onu pozur.
Bununla belə o, məqsədəuyğunluğu tam inkar etmirdi, onu botanikada istifadə edirdi. O göstərmişdi ki, bitkilərdə hər bir üzv başqasının varlığını təmin etmək üçün mövcuddur. Kök onu saxlamaq və qidalandırmaq, yarpaqlar isə günəş istiliyinin mənimsənilməsi üçündür. Hər bir üzv isə tamlığı təşkil edir. Teofrastus həyatın məqsədini xeyrə qulluq etməkdə görürdü. Ancaq bunu edərkən o, aşırılığa varmağın və abid olmağın da əleyhinə idi. Ümumiyyətlə o düşünürdü ki, xeyir insan xoşbəxtliyi üçün əhəmiyyətlidir. Həyatın bütün zövqləri keçicidir. İnsan yaşamağa başlayan kimi həyat tez bitir. Ona görə də, şöhrət arxasınca qaçmaq mənasızdır. Ümumiyyətlə, həyat onun üçün boş və mənasızdır.[8]
Teofrastus həm də insanın qüsurlu xasiyyətləri və özəlliklərini araşdırmışdır. O, insanları ikiüzlü, yaltaq, mənəvi cəhətdən qüsurlu, hamının qarşısında baş əyən, çərənçi, xəbərçi, həyasız, sadə, təkliyi xoşlayan, mövhumatçı, biganə, pinti, başqalarına etibar etməyən, hamını boğaza yığan, şərəfbaz, xəsis, təkəbbürlü, qorxacaq, qara camaata doğru yönələn və acıdillərə bölürdü[9].