Ançisxati bazilikası (gürc. ანჩისხატი) – Tbilisinin Qədim şəhər rayonunda yerləşən VI əsrə aid bazilika formalı kilsədir. Tanrı anasının doğulmasına həsr edilmiş kilsə Tbilisidə dövrümüzə çatmış ən qədim kilsədir.
Ançisxati bazilikası | |
---|---|
gürc. ანჩისხატი | |
41°41′43″ şm. e. 44°48′24″ ş. u.HGYO | |
Ölkə | Gürcüstan |
Şəhər | Tbilisi |
Yerləşir | Tbilisi |
Aidiyyatı | Gürcü pravoslav kilsəsi |
Tikilmə tarixi | VI əsr |
Üslubu | Gürcüstan memarlığı |
Günbəzləri | 1 |
Vəziyyəti | fəaliyyət göstərir |
Vikianbarda əlaqəli mediafayllar |
Gürcü salnamələrinə görə, Ançisxati kilsəsi Tbilisini paytaxt elan etmiş Xosrovidlər sülaləsindən olan İberiya çarı I Daçinin (522-534) sifarişi ilə inşa edilmişdir. İlkin olaraq Bakirə Məryəmin doğulması şərəfinə adlandırılmış kilsə, 1675-ci ildə Ançi monastırından (Tao-Klarceti, müasir Türkiyənin Artvin əyaləti) enkaustik Xilaskar ikonasının (Ançi ikonası) gətirilməsi ilə əlaqədar olaraq həm də Ançisxati adı ilə tanınmışdır.[1] XII əsrdə Beka Olizarinin qızıl elementlərlə işlədiyi gümüş riza içərisində olan ikonanın Tbilisiyə gətirilməsində məqsəd, osmanlıların əraziyə hücumu zamanı məhv edilməsinin qarşısını almaq idi.[1] Əsrlər boyunca Ançisxati kilsəsində saxlanan ikona hazırda, Gürcüstan Dövlət İncəsənət Muzeyində sərgilənir.[1]
XV-XVII əsrlərdə farslar və türklərin Tbilisini ələ keçirmələri zamanı kilsə dəfələrlə dağıdılmış və yenidən bərpa edilmişdir. Ançisxati kilsəsinin yanında yerləşən kərpic zəng qülləsi 1675-ci ildə katolikos Domentinin sifarişi ilə inşa edilmişdir. 1870-ci illərdə tağların əlavə edilməsi zamanı, qədim bazilikanın erkən memarlıq planlaşdırılmasına ciddi dəyişiklik edilmişdir.[2]
SSRİ dövründə kilsənin dağıdılması planlaşdırılsa da, ziyalıların (xüsusilə David Arsenişvilinin) səyi nəticəsində abidə saxlanılmış və kustar istehsalat nümunələri muzeyinə çevrilmişdir. Daha sonra kilsə binasında bədii emalatxana fəaliyyət göstərmişdir. 1958-1964-cü illərdə memar R. Qverdçitelinin rəhbərliyi ilə aparılan restavrasiya işləri zamanı bina XVII əsrdə olan görkəminə qaytarılmışdır. 1989-cu ildən Ançisxati yenidən kilsə kimi fəaliyyət göstərməyə başlamışdır. Ançisxati kilsəsinin xoru qədim gürcü kilsə himnlərinin parlaq ifadəsi ilə məşhurdur.[2]
Üçnefli bazilika formasına malik Ançisxati kilsəsinin yarımdairəvi apsidaları onnun qədim memarlıq elementlərini qoruduğunu göstərir. İlkin olaraq bina sarı tuf bloklarından təşkil olunsa da, 1958-1964-cü ildə restavrasiya zamanı kərpicdən istifadə edilmişdir Bina üç tərəfdən giriş qapısına malik olsa da, hazırda yalnız qərb fasadında yerləşən qapı istifadə edilir.[3]
Kilsə daxilində 1630-1638-ci illərdə Gürcü pravoslav kilsəsinə rəhbərlik etmiş katolikos I Yevdemoz Diasamidze dəfn edilmişdir. 1638-ci ildə katolikos VI Nikolozanın sifarişi ilə hazırlanmış ikona xaric, məbədi bəzəyən bütün ikonalar XIX əsrə aiddir.[3]