Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləri

Azərbaycan Xalq Cümhuriyyətinin hökumətləriAzərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Azərbaycan Xalq Cümhuriyyətinin ali icra hakimiyyəti orqanı idi. Parlament qarşısında məsuliyyət daşıyırdı.

Azərbaycan Milli Şurasının fəaliyyət göstərmədiyi dövrdə qanunvericilik fəaliyyətini də yerinə yetirmişdir. Azərbaycanın müstəqilliyi haqqında İstiqlal Bəyannaməsinin 6-cı maddəsində göstərilirdi ki, "Məclisi-Məbusan toplanıncaya qədər Azərbaycan idarəsinin başında Şurayi-Milli və Şurayi-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur". Milli Şura Azərbaycan Xalq Cümhuriyyətinin birinci hökumət kabinəsini təşkil etməyi Milli Şuranın üzvü, bitərəf Fətəli xan Xoyskiyə tapşırdı.

İstiqlaliyyəti Bəyanatı

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1918-ci il mayın 30-da radioqram vasitəsilə Azərbaycanın öz istiqlaliyyətini elan etməsi barədə dünyanın əsas siyasi mərkəzlərinə rəsmi bəyanatlar göndərdi. Həmin radioqramda yeni yaradılmış hökumətin müvəqqəti olaraq Yelizavetpolda (Gəncə) yerləşdiyi bildirilirdi. Azərbaycan Milli Şurası və hökuməti 1918-ci il iyunun 16-da Gəncəyə köçdü. İyunun 17-də Milli Şuranın ikinci iclasında Fətəli xan Xoyski Tiflisdə təşkil etdiyi hökumətin fəaliyyəti barədə qısaca məlumat verərək Şura üzvlərindən onun hökumətinin istefasını qəbul etməyi xahiş etdi. Uzun müzakirədən sonra iclas Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici və icraedici hakimiyyətin yeni yaradılacaq Azərbaycan Müvəqqəti hökumətinə verilməsi haqqında iki mühüm qətnamə qəbul etdi. 6 aydan gec olmayaraq Müəssislər Məclisinin çağırılması qərara alındı. hökumət qalan məsələlərdə bütün səlahiyyətlərindən istifadə etməkdə sərbəst idi. Azərbaycan Milli Şurası iyunun 17-də Fətəli xan Xoyskinin sədrliyi ilə Azərbaycan Xalq Cümhuriyyətinin ikinci hökumət kabinəsinin tərkibini təsdiq etdi. Nazirlər Şurası və ayrı-ayrı nazirliklərin idarə aparatı yaradıldı. İyunun 27-də Azərbaycan dili dövlət dili elan olundu. Avqustun 28-də tədris müəssisələrinin milliləşdirilməsi haqqında qərar qəbul edildi. 1918-ci il sentyabrın 15-də Azərbaycan və türk hərbi qüvvələrindən ibarət Qafqaz İslam Ordusu Bakını daşnak-bolşevik qüvvələrindən azad etdi. Sentyabrın 17-də isə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. 1918-ci il oktyabrın 6-da Fətəli xan Xoyskinin təşkil etdiyi ikinci hökumətdə dəyişikliklər edildi və vəzifələr yenidən bölüşdürüldü. Müəssislər Məclisinin çağırılması işinin təşkili üçün Nazirlər Şurasının sədri, daxili işlər və xalq maarifi nazirlərindən ibarət komissiya yaradıldı. 1918 il noyabrın 9-da Azərbaycan hökuməti Fətəli xan Xoyskinin təqdimatı ilə ölkənin üçrəngli bayrağını təsdiq etdi.

Parlamentin ilk iclası

[redaktə | mənbəni redaktə et]

1918-ci il dekabrın 7-də Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin ilk iclası keçirildi. Parlamentin rəhbər orqanları seçildikdən sonra hökumətin fəaliyyəti barədə məruzə üçün söz Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin sədri Fətəli xan Xoyskiyə verildi. O, öz hökumətinin çox mürəkkəb tarixi şəraitdə gördüyü işlər barədə geniş hesabat verdi. Fətəli xan Xoyski öz hökumətinin istefasını qəbul etməyi yeni yaranmış Parlamentdən xahiş etdi. Parlament ikinci hökumətin istefasını qəbul etdi. Yeni — üçüncü hökumət kabinəsinin təşkili və ona rəhbərlik yenə də Fətəli xan Xoyskiyə tapşırıldı. Dekabrın 26-da Fətəli xan Xoyski üçüncü hökumət kabinəsinin proqramı və tərkibi barədə Parlamentdə çıxış etdi. Müzakirələrdən sonra Parlament Fətəli xan Xoyski hökumətinə etimad göstərdi. 1919-cu ilin yanvar-fevral aylarında keçirilən Parlament iclaslarında Fətəli xan Xoyski hökuməti kəskin surətdə tənqid edildi və haqsız tənqidlərlə barışmayan Fətəli xan Xoyski hökumətin istefası barədə Parlamentə məktub göndərdi. Parlamentin fevralın 25-də keçirilmiş iclasında Xoyski hökumətinin istefası qəbul olundu və yeni hökumətin təşkilinə qədər onlardan öz fəaliyyətlərini davam etdirmək xahiş olundu. Yeni — dördüncü hökumət kabinəsinin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırıldı. 1919-cu il aprelin 14-də o, yeni yaratdığı kabinənin üzvlərini Parlamentə təqdim etdi.

Nəsib bəy Yusifbəylinin başçılıq etdiyi hökumət öz fəaliyyəti dövründə xaricdən Denikin ordusu, daxildən isə bolşeviklərin Azərbaycana qarşı törətdikləri təhlükələrlə üzləşmişdi. Bununla əlaqədar olaraq 1919-cu il iyunun 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə 5 nəfərdən ibarət Dövlət Müdafiə Komitəsi yaradıldı. Komitənin tərkibinə Nazirlər Şurasının sədri, hərbi, yollar, xarici işlər və ədliyyə nazirləri daxil edildilər. 1919-cu il dekabrın 22-də özünün ikinci, Cümhuriyyətin isə sayca beşinci hökumət kabinəsini təşkil edən Nəsib bəy Yusifbəyli həmin hökumətə 1920-ci il martın axırına qədər başçılıq etdi. 1920-ci il martın sonunda Sovet Rusiyası tərəfindən xarici təhlükənin artdığı və işğal üçün zəmin hazırlayan daxili qüvvələrin fəallaşdığı şəraitdə Nəsib bəy Yusifbəyli hökuməti istefa verməli oldu. Yeni hökumətin təşkili Məmməd Həsən Hacınskiyə tapşırıldı. Onun parlamentdəki fraksiyalarla apardığı danışıqlar müsbət nəticə vermədi. Yaranmış əlverişli şəraitdən istifadə edən Sovet Rusiyasının 11-ci Qırmızı Ordusu beynəlxalq hüquq normalarını kobudcasına pozaraq və qabaqcadan hazırlanmış hərbi müdaxilə planına uyğun olaraq 1920-ci il aprelin 27-də Azərbaycanın sərhədlərini keçərək, Bakıya doğru hərəkət etdi. Sovet qoşunlarının hərbi müdaxiləsi nəticəsində Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyətinə son qoyuldu.[1]

Birinci hökumət kabineti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: I Xoyski hökuməti

28 may 1918 – 17 iyun 1918

  1. Nazirlər Şurasının sədri və daxili işlər naziri – Fətəli xan Xoyski.
  2. Hərbi nazir – Xosrov bəy Sultanov.
  3. Xarici işlər naziri – Məmmədhəsən Hacınski.
  4. Maliyyə və xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli.
  5. Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov.
  6. Ticarət və sənaye naziri – Məmməd Yusif Cəfərov.
  7. Əkinçilik və əmək naziri – Əkbər ağa Şeyxülislamov.
  8. Yollar, poçt və teleqraf naziri – Xudadat bəy Məlik-Aslanov.
  9. Dövlət müfəttişi – Camo bəy Hacınski.

İkinci hökumət kabineti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: II Xoyski hökuməti

17 iyun 1918 – 7 dekabr 1918

  1. Nazirlər Şurasının sədri və ədliyyə naziri – Fətəli xan Xoyski.
  2. Xarici işlər naziri (eyni zamanda, müvəqqəti olaraq, dövlət nəzarəti naziri) – Məmmədhəsən Hacınski.
  3. Xalq maarifi və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli.
  4. Daxili işlər naziri – Behbud xan Cavanşir.
  5. Əkinçilik naziri – Xosrov bəy Sultanov.
  6. Səhiyyə və sosial təminat naziri – Xudadat bəy Rəfibəyli.
  7. Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq, poçt və teleqraf naziri) – Xudadat bəy Məlik-Aslanov.
  8. Ticarət və sənaye naziri – Ağa Aşurov.
  9. Maliyyə naziri – Əbdüləli bəy Əmircanov.
  10. Portfelsiz nazir – Əlimərdan bəy Topçubaşov.
  11. Portfelsiz nazir – Musa bəy Rəfiyev.
  12. Portfelsiz nazir – Xəlil bəy Xasməmmədov.

1918 il sentyabrın 17-də Cümhuriyyət hökuməti Gəncədən Bakıya köçdükdən sonra, oktyabrın 6-da ikinci hökumət kabinetində dəyişikliklər edildi:

  1. Nazirlər Şurasının sədri – Fətəli xan Xoyski.
  2. Ticarət, sənaye və daxili işlər naziri – Behbud xan Cavanşir.
  3. Xarici işlər naziri – Əlimərdan bəy Topçubaşov.
  4. Maliyyə naziri – Məmmədhəsən Hacınski.
  5. Xalq maarifi naziri – Nəsib bəy Yusifbəyli.
  6. Yollar naziri – Xudadat bəy Məlik-Aslanov.
  7. Əkinçilik və dövlət əmlakı naziri – Xosrov bəy Sultanov.
  8. Xalq səhiyyəsi naziri – Xudadat bəy Rəfibəyli.
  9. Poçt-teleqraf naziri – Ağa Aşurov.
  10. Sosial təminat və dini etiqad naziri – Musa bəy Rəfiyev.
  11. Hərbi işlər üzrə müvəkkil – İsmayıl xan Ziyadxanov.
  12. Dövlət nəzarəti naziri – Əbdüləli bəy Əmircanov.

Üçüncü hökumət kabineti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: III Xoyski hökuməti

26 dekabr 1918 – 14 aprel 1919

  1. Nazirlər Şurasının sədri və xarici işlər naziri – Fətəli xan Xoyski.
  2. Daxili işlər naziri – Xəlil bəy Xasməmmədov.
  3. Maliyyə naziri — İvan Protasov.
  4. Yollar naziri – Xudadat bəy Məlik-Aslanov.
  5. Ədliyyə naziri – Teymur bəy Makinski.
  6. Maarif və dini etiqad naziri – Nəsib bəy Yusifbəyli.
  7. Poçt-teleqraf və əmək naziri – Aslan bəy Səfikürdski.
  8. Hərbi nazir – Səməd bəy Mehmandarov.
  9. Sosial təminat naziri – Rüstəm xan Xoyski.
  10. Xalq səhiyyəsi naziri – Yevsey Gindes.
  11. Ticarət və sənaye naziri – Mirzə Əsədullayev.
  12. Dövlət nəzarəti naziri – Məmmədhəsən Hacınski (16.01.1919 tarixindən – Əliağa Həsənov)
  13. Ərzaq naziri – Konstantin Lizqar.
  14. Əkinçilik və dövlət əmlakı naziri – Xosrov bəy Sultanov.

Dördüncü hökumət kabineti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: I Yusifbəyli hökuməti

14 aprel 1919–22 dekabr 1919

  1. Nazirlər Şurasının sədri və daxili işlər naziri – Nəsib bəy Yusifbəyli.
  2. Maliyyə naziri – Əliağa Həsənov.
  3. Ticarət və sənaye naziri – Ağa Əminov.
  4. Xarici işlər naziri – Məmməd Yusif Cəfərov.
  5. Yollar naziri – Xudadat bəy Məlik-Aslanov.
  6. Poçt-teleqraf naziri – Camo bəy Hacınski.
  7. Hərbi nazir – Səməd bəy Mehmandarov.
  8. Sosial-təminat naziri – Viktor Klenevski.
  9. Səhiyyə naziri – Abram Dastakyan
  10. Maarif və dini etiqad naziri – Rəşid xan Qaplanov.
  11. Əkinçilik və dövlət əmlakı naziri – Aslan bəy Qardaşov.
  12. Portfelsiz nazir – Xoren Amaspür
  13. Dövlət nəzarəti naziri – Nəriman bəy Nərimanbəyli.
  14. Ədliyyə və əmək naziri – Aslan bəy Səfikürdski.
  15. Daxili işlər naziri – Məmmədhəsən Hacınski (Oktyabr 1919-cu il tarixindən)

Beşinci hökumət kabineti

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: II Yusifbəyli hökuməti

22 dekabr 1919 – 1 aprel 1920

  1. Nazirlər Şurasının sədri – Nəsib bəy Yusifbəyli.
  2. Xarici işlər naziri – Fətəli xan Xoyski.
  3. Hərbi nazir – Səməd bəy Mehmandarov.
  4. Daxili işlər naziri – Məmmədhəsən Hacınski.
  5. Ədliyyə naziri – Xəlil bəy Xasməmmədov.
  6. Maliyyə naziri – Rəşid xan Qaplanov.
  7. Maarif və dini etiqad naziri – Həmid bəy Şahtaxtinski.
  8. Əmək və əkinçilik naziri – Əhməd bəy Pepinov.
  9. Yollar naziri (eyni zamanda, müvəqqəti olaraq "Ticarət, sənaye və ərzaq" naziri) – Xudadat bəy Məlik-Aslanov.
  10. Poçt-teleqraf naziri – Camo bəy Hacınski.
  11. İctimai təminat və səhiyyə naziri – Musa bəy Rəfiyev.
  12. Dövlət nəzarəti naziri – Heybətqulu bəy Məmmədbəyli.

1920 il fevralın 18-dən Mustafa bəy Vəkilov daxili işlər naziri, Məmmədhəsən Hacınski ticarət, sənaye və ərzaq naziri, martın 5-dən isə Nurməmməd bəy Şahsuvarov xalq maarifi və dini etiqad naziri olmuşdur.[2],[3]

  1. "Arxivlənmiş surət". 2018-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  2. "Arxivlənmiş surət". 2018-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-02.
  3. "Arxivlənmiş surət" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]