Azərbaycan Xalq Cumhuriyyəti dövründə teatr

Milli teatrın inkişafında yeni mərhələ

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli teatrın fəaliyyətində də canlanmaya səbəb oldu. Dövlətin fəal köməyi və müdaxiləsi nəticəsində Azərbaycan teatrının inkişafında mühüm keyfiyyət dəyişiklikləri baş verdi. Teatrın repertuarına Azərbaycan tarixi və milli azadlıq mübarizəsi ilə bağlı yeni əsərlər gəldi. İctimai həyatda teatrın rolu artdı.

Əsası 1873-cü ildə qoyulmuş peşəkar Azərbaycan teatr sənəti XX əsrin əvvəllərində milli mədəniyyətin ən sürətlə irəliləyən sahələrindən idi. 1900-cü ildə Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi ilə ilk daimi teatr truppası yarandı. "Nicat" mədəni-maarif cəmiyyətinin nəzdində yaradılan teatr bölməsi (1906), qabaqcıl teatr xadimlərinin bir truppada birləşdirilməsi milli teatrın inkişafında mühüm rol oynadı. 1912-ci ildən "Səfa" cəmiyyətinin teatr bölməsi fəaliyyət göstərirdi. Azərbaycan teatr sənətinin korifeyləri Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Sidqi Ruhulla və başqaları çox çətin şəraitdə fəaliyyət göstərsələr də, həqiqi xalq sənəti uğrunda fədakarlıqla və inamla mübarizə aparırdılar.

Azərbaycan teatrının qabaqcıl nümayəndələri cəmiyyətin mütərəqqi qüvvələrinin yardımına arxalanaraq, teatrın ideya-bədii səviyyəsini qaldırmaq və onu təşkilati cəhətdən möhkəmləndirmək üçün pərakəndə teatr truppalarının birləşdirilməsinə çalışırdılar. Məhz bunun nəticəsində aktyorların yaradıcılığının inkişafına, onların peşəkarlığının yüksəldilməsinə qayğı göstərən "Müsəlman artistləri cəmiyyəti" yaradıldı. Bütün bu truppalar milli dramaturgiyanın və dünya dramaturgiyasının ən yaxşı əsərlərini uğurla tamaşaya qoyurdular.

Yeni teatr truppalarının yaradılması

[redaktə | mənbəni redaktə et]

1918-ci il mart soyqırımı zamanı Bakıda olan teatr və aktyor truppaları pərakəndə hala düşmüş, demək olar ki, fəaliyyətlərini dayandırmışdılar. Yalnız Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra Bakıda teatr truppalarının yenidən təşkil olunmasına şərait yarandı. Cümhuriyyət dövründə Bakıda fəaliyyətini bərpa etmiş ilk truppa "Hacıbəyli qardaşları" olmuşdur. Truppa tanınmış sənətkarlardan Hacağa Abbasov, Mirzağa Əliyev, Əhməd Ağdamski, Cəlil Bağdadbəyov, Hüseyn Ərəblinski, Hüseynqulu Sarabski, Muxtar Məhəmmədzadə, Rza Darablı, Sidqi Ruhulla, Ələkbər Hüseynzadə, Məmmədtağı Bağırzadə, Bağır Cabbarzadə, Əbülhəsən Anaplı, Əhməd Anatollu, Mir Mahmud Kazımovski, Məğfurə xanım, Yeva (Yevgeniya) Olenskaya, Semnur xanım Mina xanım və başqalarını bir yerə toplayaraq, həftədə üç gün növbə ilə dram, komediya, operaoperetta tamaşaları göstərir, repertuarını zənginləşdirmək qayğısına qalırdı. "Hacıbəyli qardaşları"nın teatr truppasında Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq", "Pəri-cadu", "Ağa Məhəmməd şah Qacar", Şəmsəddin Saminin "Gaveyi-ahəngər", Sultanməcid Qənizadənin "Axşam səbri xeyir olar", Mehdi bəy Hacınskinin "Sultan Əbdülhəmidin "xəl"i və yaxud zülm və istibdadın axırı", Cəfər Cabbarlının "Ənvər bəyin Ədirnə fəthi", İsa bəy Aşurbəylinin "Azərbaycan" kimi dram əsərləri, Üzeyir bəy Hacıbəylinin "Arşın mal alan", "O olmasın, bu olsun" ("Məşədi İbad"), "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah Abbas və Xurşid banu", Zülfüqar Hacıbəylinin "Aşıq Qərib", "Evliykən subay", Müslüm Maqomayevin "Şah İsmayıl" kimi operaları və operettaları dəfələrlə göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Azərbaycanın digər şəhər və qəzalarında da teatr truppaları təşkil olundu. Şuşada Hacıbəyli qardaşlarının teatr müdiriyyətinin filialı yaradıldı.

Azərbaycan Dövlət Teatrının yaradılması

[redaktə | mənbəni redaktə et]

Bu dövrdə tamaşaların göstərilməsi üçün daimi teatr binasının olmaması (musiqili tamaşalar şəxsi teatrların səhnəsində göstərilirdi), mürtəce qüvvələrin Azərbaycan teatrının tərəqqisinə əngəl törətməsi və s. çətinliklərə baxmayaraq, ölkənin mədəni həyatı canlanır, yenilik ab-havası aydın hiss edilirdi. Cümhuriyyət Hökumətinin teatrın inkişaf etdirilməsində məqsədyönlü işlərindən biri də Azərbaycan Dövlət Teatrının təşkili oldu. Azərbaycan peşəkar teatrının tarixi 1873-cü ildən başlansa da, yalnız Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Teatrı statusu aldı.

Cümhuriyyət Hökumətinin 1918-ci il 9 oktyabr tarixli qərarına əsasən teatr işi maarif nazirliyinin sərəncamına verildi. 1918-ci il oktyabrın 18-də Hökumət Azərbaycan Dövlət Teatrının təşkili haqqında xalq maarifi nazirinin məruzəsini dinləyərək, Mayılov qardaşları teatrının binasını (indiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı) həmin teatr üçün almaq barədə qərar qəbul etdi. Qərarda Bakıda dövlət teatrının yaradılmasının vacibliyi və bunun üçün Mayılov qardaşları teatrı binasının daha münasib olduğu nəzərə alınaraq, xalq maarifi nazirinə teatrın binasını məcburi surətdə, lakin ədalətli qiymətlə nazirliyin sərəncamına almaq və bundan sonra onu Dövlət teatrı adlandırmaq tapşırılırdı. Azərbaycan səhnə sənətinin xadimləri yeni yaradılmış teatrın tərkibinə daxil oldular. Azərbaycan Dövlət Teatrının açılışı və fəaliyyəti Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni həyatın ən parlaq səhifələrindən biri idi. Əgər bu vaxta qədər "Hacıbəyli qardaşları" truppası, əsasən, opera və operetta tamaşaları göstərmişdisə, Azərbaycan Dövlət Teatrı təşkil edildikdən sonra onun repertuarı zənginləşmiş, Mirzə Fətəli Axundzadə, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı və digər görkəmli dramaturqların əsərləri ilə yanaşı, dünya klassiklərinin əsərləri də səhnəyə qoyulmuşdur.

Azərbaycan Dövlət Teatrının açılmasını, onun tarixi əhəmiyyətini və vəzifələrini, aktyorluq sənəti və teatr qarşısında meydana çıxan bir sıra məsələləri etraflı şəkildə işıqlandıran ictimai xadim, publisist Mirzəbala Məmmədzadə "Hökumət və teatro" məqaləsində milli və qüdrətli bir səhnəyə malik olmaq üçün yüksək səviyyəli əsərlər meydana qoya biləcək yazıçıların, həmçinin həmin səhnə əsərlərini mükəmməl sənətkarlıqla xalqa çatdırmağa qadir olan aktyorların yetişdirilməsini zəruri sayır və onların hər ikisinin mövcud olduğunu bildirirdi. Azərbaycan Xalq Cümhuriyyəti dövründə Dövlət Teatrının binasında opera, musiqili teatr tamaşaları, xalq musiqisindən ibarət konsertlərlə yanaşı, mühüm dövlət tədbirləri də keçirilirdi. Dövlət Teatrının pərdələri ilk dəfə 1918-ci il noyabrın 4-də Nəriman Nərimanovun "Nadir şah" faciəsinin tamaşası ilə açıldı.

Bədaye kurslarının təsis edilməsi

[redaktə | mənbəni redaktə et]

1919-cu il avqustun 22-də Bakı "Türk aktyorları ittifaqı" idarəsi ilə "Hacıbəyli qardaşları" müdiriyyətinin birgə iclasında "milli səhnəmizi daha müntəzəm bir hala salmaq" məsələsi müzakirə edilmiş, repertuardakı istər dramatik, istərsə də musiqili əsərləri həyat gerçəkliyinə uyğunlaşdırmaq, müqtədir aktyor və aktrisalar hazırlamaq, onların peşəkarlıq səviyyəsini yüksəltmək məqsədilə dörd şöbədən ibarət "bədaye kursları"nın təsis edilməsi qərara alınmışdı. Onun dram şöbəsinə Abbas Mirzə Şərifzadə, Hüseynqulu Sarabski, komediya şöbəsinə Mirzağa Əliyev, musiqi şöbəsinə ZülfüqarÜzeyir Hacıbəyli qardaşları, Müslüm Maqomayev, Qurban Pirimov, ədəbiyyat şöbəsinə isə Əliabbas MüznibRza Zəki müəllim təsdiq olunmuşdular. Kurslara azərbaycanlı həvəskar aktyorlar, habelə müxtəlif millətlərdən olan aktrisalar cəlb edildilər.

Teatrın milliləşdirilməsi

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Hökuməti müsəlman teatr truppasını öz himayəsinə götürməyi qərara almışdı. Nazirlər Şurası 1919-cu il 17 noyabr tarixli iclasında maarif nazirinin türk opera-dram teatrının təşkili haqqında məruzəsini dinləyərək, Dövlət Türk Opera-Dram Teatrının yaradılmasını nəzərdə tutan qanun layihəsini bəyəndi və dövlət teatrının bərpası üçün 300 min 605 manat vəsait ayırdı. Beləliklə, Azərbaycan türk teatrı milliləşdirildi və dövlətin himayəsinə verildi. Bağlanılan müqavilələrin və dövlət xidmətinin şərtləri ilə tanış olmaq üçün aktyor və aktrisaların dövlət teatrına dəvət olunmasına başlandı.

Xalq Maarifi Nazirliyi teatrın inkişafına qayğı göstərərək, Parlamentə teatr kollektivləri və digər mədəniyyət müəssisələri üzərinə qoyulmuş vergilərin ləğv olunması barəsində məruzə təqdim etdi. Məruzədə həmin vergilərin hədsiz dərəcədə çox olmasını təsdiq edən faktlar göstərilirdi. Nəticədə, Parlament teatr tamaşalarına və digər kütləvi tamaşalara qoyulmuş dövlət vergilərini yarıbayarı azaltdı.

1919-cu il oktyabrın 24-də teatr mövsümünü Azərbaycan Dövlət Dram Teatrının opera və operetta truppası açdı. Parlament və Hökumət üzvlərinin iştirak etdiyi açılışda İsa bəy Aşurbəyovun "Azərbaycan " adlı tarixi pyesi böyük uğurla oynanıldı.

Milli teatrın uğurları

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Xalq Cümhuriyyətinin mədəniyyətin inkişafına göstərdiyi qayğı nəticəsində milli teatrın inkişafında müəyyən nəzərəçarpan uğurlar qazanıldı. "Dəmirçi Gavə", "Nadir şah", "Ölülər", "Yağışdan çıxdıq, yağmura düşdük", "Bəxtsiz cavan", "Əlli yaşında cavan", "Şamdan bəy", "O olmasın, bu olsun", "Ağa Məhəmməd şah Qacar", "Şah İsmayıl", "Pəri-cadu", "Otello", "Qaçaqlar", "Dağılan tifaq", "Əlmənsur", "Hacı Qara", "Bədbəxt milyonçu", "Vətən, yaxud Silistrə", "Ev tərbiyəsinin bir şəkli", "Evliykən subay", "Arşın mal alan" əsərləri milli teatrın repertuarında ən yaxşı tamaşalar idi.

Xeyriyyə tamaşalarının təşkili teatrın fəaliyyətində, bir növ, ənənəyə çevrilir, "Azərbaycan" qəzetində həlak olmuş döyüşçü ailələrinin xeyrinə təşkil olunan teatr tamaşaları barəsində tez-tez elanlar verilirdi. Bu işdə Üzeyir və Zülfüqar Hacıbəyov qardaşlarının truppası xüsusi fəallıq göstərirdi. Dövlət teatrının direktoru Zülfüqar Hacıbəyov tərəfindən təşkil edilmiş xeyriyyə tamaşasından Azərbaycan ordusunun bölməsinə 22292 manat 80 qəpik pul vəsaiti köçürülmüşdü. Ağdaşda yerli ziyalıların təşkil etdikləri xeyriyyə tamaşasından toplanmış vəsait Dağıstanın "Qızıl Aypara Cəmiyyəti‖nə göndərilmişdi.

Azərbaycan teatrının repertuarında müstəqillik uğrunda mübarizə tarixinə həsr olunmuş dram əsərləri mühüm yer tuturdu. Mirzəbala Məmmədzadənin "Bakı uğrunda müharibə", İsa bəy Aşurbəyovun "Azərbaycan", Cəfər Cabbarlının "Bakı müharibəsi", "Ədirnə fəthi" kimi vətənpərvərlik ruhlu əsərləri oynanılırdı. Teatrda tamaşaya qoyulan əsərlərin keyfiyyətinə, cəmiyyətin bədii zövqünün düzgün formalaşmasına ciddi diqqət yetirilirdi. Səhnə əsərlərinin seçilməsi və onların ədəbi və bədii keyfiyyətlərinə lazımi diqqət yetirilməsi üçün xüsusi ədəbi komissiya yaradılmışdı.

Azərbaycanın mədəni həyatında teatr çox böyük rol oynayırdı. Rəsmi Hökumət qəzetlərinin səhifələrində teatr tamaşaları haqqında elanlar, rolların ifaçıları barədə məlumatlar və digər zəruri informasiyalar çap olunurdu. Hüseyn Ərəblinskinin faciəli surətdə ölümünün cəmiyyət və Hökumət dairələrində doğurduğu əks-səda dövlətin teatra necə böyük əhəmiyyət verdiyini göstərirdi. Böyük aktyor və rejissorun matəm mərasimindəki çıxışında Məhəmməd Əmin Rəsulzadə onun fəaliyyətini yüksək qiymətləndirmiş, Azərbaycanda səhnə sənətinin inkişafında və çiçəklənməsində böyük xidmətlərini qeyd etmişdi. O, Hüseyn Ərəblinskinin ən böyük xidmətinin xalqa azadlıq və müstəqillik ruhunun və ideyalarının aşılanması ilə bağlı olduğunu, Azərbaycanın müstəqilliyi ideyasının mədəniyyət xadimlərinin fəaliyyəti hesabına gerçəkləşdiyini xüsusi olaraq vurğulayırdı.

Cümhuriyyət dövründə Azərbaycanın digər mədəniyyət mərkəzlərində də teatr sənəti inkişaf etməkdə idi. Naxçıvan teatrı bunların içərisində xüsusilə fərqlənirdi. Naxçıvan teatrının (təməli XIX əsrin 80-ci illərinin əvvəllərində qoyulmuşdur) təşəkkülündə dövrün ictimai-siyasi və fəlsəfi fikrinin inkişafı şəraitində yetişən maarifpərvər ziyalılarımızdan Cəlil Məmmədquluzadə, Böyük xan Naxçıvani, Əliqulu Qəmküsar, Rza Təhmasib, Rza İsfəndiyarlı, Mir Həsən Mirişli və başqalarının mühüm xidməti olmuşdur. "Ölülər", "Evliykən subay", "Arşın mal alan", "Dağılan tifaq", "Hacı Qara", "Bəxtsiz cavan" və digər əsərlər tamaşaya qoyuldu. Aktyorlar Mirzə Ələkbər Sabirin və onun ədəbi məktəbinin davamçıları olan şairlərin satiraları əsasında səhnəciklər hazırlanmasına da xüsusi diqqət yetirirdilər.