Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir. Daha ətraflı məlumat üçün məqalənin müzakirə səhifəsinə baxa və məqaləyə uyğun formada mənbələr əlavə edib Vikipediyanı zənginləşdirə bilərsiniz. |
Novruz bayramı (tərcümə: Yeni Gün bayramı, Bahar bayramı; fars. نوروز (Novruz), özb. Navruz, türkm. Nowruz, qaz. Naurız, qırğ. Nooruz, kürd. Newroz, krımtat. Navrez.) – Qədim İran və Türk mənşəli xalqlara məxsus bayram.
Novruz bayramı | |
---|---|
Ölkə |
Azərbaycan Türkmənistan Ukrayna |
Vikianbarda əlaqəli mediafayllar |
Novruz bayramı Şimal yarımkürəsində astronomik yazın başlandığı, gecə-gündüzün bərabərliyi günündə (martın 20-si və ya 21-dən başlayıb 25-nə qədər) keçirilir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər. Qədim zamanlardan başlayaraq Azərbaycan, İran, Əfqanıstan, Tacikistan, Özbəkistanda və bir çox şərq ölkələrində baharın — yeni ilin gəlişini şənliklərlə qarşılayırlar. Martın 21-i İran və Əfqanıstanda rəsmi təqvimin ilk günü sayılır.
2009-cu il sentyabrın 30-da Novruz bayramı YUNESKO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir. Novruz bayramı Azərbaycanda geniş miqyasda qeyd olunduğu üçün bayram ərəfəsi qeyri-iş günləri elan olunur. Novruz bayramının mənşəyi qədimdir. İslam dini Yaxın Şərq və Orta Asiya ölkələrində yayıldıqdan sonra Ərəb xilafəti bu ölkələrin xalqlarının adət-ənənələrini, bayramlarını təqib etməyə başladı. Əksər xalqlar bahar bayramının əsl mahiyyətindən doğan bir sıra adət-ənənələri, oyunları indiyədək saxlamışlar.
Orta əsr müəllifləri Şərq ölkələrində İslam dini yayıldıqdan sonra da Novruz bayramında yaz ənənələrinin, əkinçilik təqvimi etiqadlarının möhkəm yer tutduğunu göstərirlər. Əbu Reyhan Əl Biruni Novruz bayramı haqqında müxtəlif rəvayətlərdən, onun yaranması səbəblərindən, bu bayram münasibətilə xalq arasında yayılmış adət-ənənələrdən bəhs etmiş, Novruz bayramının təbiətin oyanması, əkinçilik təsərrüfatının başlanması ilə bağlı əsl dünyəvi bayram olduğunu qeyd etmişdir.
Nizamülmülk "Siyasətnamə" əsərində Novruz bayramından yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı kimi bəhs etmişdir. Novruzun gəlişi klassik Şərq, o cümlədən Azərbaycan poeziyasında geniş yayılmış "Bahariyyə" adlı lirik şeirlərdə də təsvir və tərənnüm edilir.
Novruz bayramında müxtəlif oyunlar keçirilir.Bunlara atırma,halay,bənövşə,cıdır-ənzəli,Kosa-kosa və bu kimi oyunlar aid edilir.
Novruzdan əvvəlki son 4 çərşənbəyə Azərbaycan mədəniyyətində xüsusi əhəmiyyət verilir. Ümumiyyətlə, Çərşənbə günlərində və xüsusilə son dörd Çərşənbə gecə vaxtı diqqətli olunması və təbiətə hörmətsizlik edilməməsi lazım olduğuna inanırlar. Çərşənbələr yazın gəlişindən xəbər verir.
Novruza yaradılışın mərhələlərini işarələyən 4 ünsür (su, od, külək və torpaq) ilə əlaqədar müasir ənənələr daxildir. Etnoqraflar çərşənbələrə dörd ünsürün adının Azərbaycanda müasir dövrdə bir neçə şəxs tərəfindən qoyulmasını, nə Cənubi Azərbaycanın, nə də türk dünyasının digər bölgələrinin istər qədim, istərsə də müasir Novruz ənənələrində Novruz çərşənbələrinin dörd ünsürlə adlandırılması hallarının mövcud olmadığını əsaslandırırlar.[1] Əvəzində isə türk dünyasında od, istilik, Günəş anlamını verən "cəmrə" anlayışı mövcuddur. Fevralın 20-də, yəni kiçik çillənın çıxdığı gün cəmrə havaya baxır, yəni hava isinir. Bundan bir həftə sonra, yəni fevralın 27-də cəmrə suya, martın 6-da isə torpağa baxır və Günəşin vasitəsilə havanın, suyun, torpağın isinməsi baş tutur.[2] Tədqiqatçıların araşdırmalarına görə, qədimdən, Azərbaycanın müxtəlif regionlarında çərşənbələrə fərqli adlar verilib. Ən geniş yayılan ardıcıllıqlardan biri bu cürdür: 1) Yalançı çərşənbə; 2) Xəbərçi çərşənbə; 3) Ölü çərşənbəsi (və ya Qara çərşənbə, həmin gün qəbirlər ziyarət olunur); 4) İlaxır çərşənbə.[3][4]
Novruz bayramında aşağıdakı adətlər yerinə yetirilir:
Novruzu qeyd edən hər bir xalq bu bayramla bağlı etnik, yerli, milli xüsusiyyətlərinə uyğun, özünəməxsus mövsum və mərasim nəğmələri yaratmışdır.
Novruz Azərbaycanla yanaşı İranda, Türkmənistanda, Tacikistanda, Özbəkistanda, Pakistanda, Qazaxıstanda, Qırğızıstanda xüsusi təntənə ilə qeyd edilir.
Novruz dünyanın əksər ölkələrində bu xalqların nümayəndələri tərəfindən geniş şəkildə qeyd edilir. Bu cür məkanlar arasında Los-Anceles, Toronto, Londonu saymaq olar. Los-Anceles şəhərinin ocaq qalamağa dair sərt qərarları var, heç bir kəsə öz mülkündə ocaq qalamağa icazə verilmir. Buna baxmayaraq Cənubi Kaliforniyada yaşayan və Novruzu qeyd etmək istəyən azərbaycanlılar və iranlılar Kaliforniyanın çimərliklərinə gedir və ocaq qalamağa icazə verilmiş yerlərdə bayram ocağı qalayırlar.
Azərbaycanda adətə görə Novruz bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının, əkinçiliyin rəmzidir. Azərbaycan kəndlisi səməni göyərtməklə növbəti təssərrüfat ilinə bərəkət, bolluq arzulamış, bayrama dörd həftə qalmış, hər çərşənbə axşamı və bayram günü tonqal qalamaqla, mahnı ("gün çıx!" nəğməsi və s.) qoşmaqla oda, atəşə, günəşə olan etiqad və inamını ifadə etmişdir. Bütün bu mərasimlər İslamdan çox-çox əvvəl mövcud olmuş qədim şərq ənənələrinin davamıdır.
İranda süfrələrdə fərqli bir səməni olur və bu səməni ən çox mərcidən göyərdilir.
Əfqan süfrəsi isə adətən stolun üstündə olmur. Süfrə yerə sərilir və ona dəstərxan deyirlər. Əfqan süfrəsində kompota bənzər bir təam da olur. Həmin təamın adı "həft meyvə", yəni yeddi meyvədir. Amma quru meyvələrdən hazırlanır. Əfqanlar bunu ilin heç bir ayrı ayında hazırlamırlar, ancaq Novruzda hazırlayırlar. "Həft meyvə" — ərik qurusu, kişmiş, qoz, iydə və sairdən hazırlanır. Əfqanıstanda da Azərbaycandakı kimi yumurta döyüşdürülür.
Qırğız süfrəsində məxsusi olaraq Novruzda bişirilən beşbarmaq olur. Bu – quzu ətindən və makarona oxşar un məmulatından bişirilir. Əllə yeyildiyinə görə bu yeməyə beşbarmaq deyilir.
Tacikistanda isə Novruz martın 20-də başlayır, 3–4 gün davam edir. Uşaqlar yaz çiçəklərindən dərib yığır, qapıları döyür – ev sahibinə çiçəklərdən verir, ev sahibi də onlara ya konfet, ya yumurta, ya da pul verir.
Özbəkistanda Novruz süfrəsi üçün "nişala" hazırlayırlar. Nişala şəkərdən bişirilir – ağ şokolad kimi olur.