Cəmi ət-Təvarix


Cəmi ət-Təvarix
مجموعه تاريخ/جامع التواريخ
Cəmi ət-Təvarix əsərindən illustrasiya
Cəmi ət-Təvarix əsərindən illustrasiya
Janr tarixi
Müəllif Fəzlullah Rəşidəddin
Orijinal dili ərəb
Yazılma ili XIII-XIV əsrlər
Nəşr ili XIV əsr
Tərcümə fars, Azərbaycan, türk, ingilis , alman və bir çox dillərə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cəmi ət-Təvarix (مجموعه تاريخ/جامع التواريخ; mənası – Tarix toplusu) — Fəzlullah Rəşidəddinin məşhur tarixi əsəri, Elxanilər dövründə yazılmış ədəbi və tarixi əsərlər toplusu [1]

Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi əsəri hesab olunur. Əsər türk və monqol tarixi haqqında o dövrdə fars dilində yazılan ən əhəmiyyətli qaynaqlardan biridir. Rəşidəddin bu əsəri Qazan xanın əmri ilə ərsəyə gətirməyə başlamışdır. Qazan xan ondan türk və monqolların tarixi yazmağı xahiş etmişdi.

Əsər İslam tarixi ilə yanaşı monqol, Avropa, ÇinHindistan tarixlərini də əhatə edən geniş bir məcmuə halındadır. Cəmi ət-Təvarixin ilk hissəsində türk və monqol boyları barədə verilən məlumatlara türk, monqol və qədim Çin qaynaqlarında da rast gəlinməmişdir. Bu baxımdan Cəmi ət-Təvarix xüsusi əhəmiyyətə malikdir. Orginalının bəzi hissələri fars dilində bəziləri isə monqol dilində yazılaraq sonradan ərəbcəyə tərcümə edilən bu əsərin 2 ayrı versiyası mövcuddur. 1306-1307-ci illlərdə tamamlanan ilk versiya 3 cilddən, 1310-cu ildə tamamlanan digər versiya isə 4 cilddən ibarətdir. Əsərin bilinən ən qədim nüsxəsi ərəb dilindədir. Onun yarısı günümüzə qədər gəlib çatmamışdır. Lakin bu nüsxənin 59 vərəqdən ibarət 2-ci cildi hal-hazırda Xəlili İncəsənət Kolleksiyasında saxlanılır. Bir digər 151 vərəqdən ibarət eyni cildli başqa bir nüsxə isə Edinburq Universiteti Kitabxanasındadır.

İstanbuldakı Topqapı Sarayı Kitabxanasında birinci nəsil əlyazmalardan iki farsca nüsxə günümüzə qədər gəlib çatmışdır. Erkən illüstrasiyalı bu nüsxələr Elxani sənətinin sağ qalmış ən mühüm nümunələrindən biri hesab olunur və fars miniatürünün erkən nümunələrinin günümüzə qədər gəlib çatmış ən böyük toplusudur.[2]

border=none Əsas məqalə: Fəzlullah Rəşidəddin
Monqol əsgələri 1305 (Cəmi ət-Təvarix)

Fəzlullah Rəşidədin Həmədanı 1247 ya da 1250-ci ildə Həmədan şəhərində yəhudi bir həkim ailəsində dünyaya gəlmişdir.[3] Əsl peşəsi əczaçı və həkim olan Rəşidəddinin  tibb sahəsindəki bilikləri onu Abaqa xanın dövründə Elxani sarayına daxil olmasına və Keyxatu xanın yeməklərindən məsul olduğu bir vəzifəyə gətirib çıxardı.30 yaşında İslamı qəbul edən alim 1304-cü ildə Qazan xanın vəziri olaraq siyasi əhəmiyyət qazanır. Rəşidəddin Qazan xanın həkimi və məsləhətçisi olmaqla yanaşı,həm də onun hər mövzuda danışa biləcəyi ən yaxın dostu idi. Rəşidəddin və oğlu İbrahim birlikdə xanın yeməyinə, onun hazırlanmasına və təqdimatına nəzarət edirdilər. O, 1316-cı ilə qədər vəzifəsini qorumuş, üç ardıcıl padşaha vəzirlik etmiş, lakin bu üç xandan ikincisi Olcaytunu zəhərləməkdə mühakimə olunaraq 13 iyul 1318-ci ildə edam edilmişdir.[4]

Fəzlullah Rəşidəddin monqol basqın və dağıntılarından sonra Elxanilər dövlətində sabit sosial və iqtisadi sistemin qurulmasına cavabdeh idi. O, həm də mühüm sənət və memarlıq himayədarı idi. Rəşidəddin MisirSuriya, Çindən alim və tələbələri cəlb edən o cümlədən bir çox əsərlərini nəşr etdirdiyi Rəb-i Rəşidi kompleksinin qurucusudur. O, həm də məhsuldar müəllif idi. Alimin əsərlərinin bir neçəsi günümüzə qədər gəlib çatmışdır. Fəzlullah Rəşidəddin tərəfindən yazılmış Cəmi ət-Təvarix əhatə dairəsinin genişliyinə görə ilk dünya tarixi sayılır. O həmçinin elmin müxtəlif sahələrindən bəhs edən 24 cildlik "Əl-əhya vəl-əsar" adlı ensiklopedik əsərin müəllifidir. Alimin "Ər-risalət əs-Sultaniyyə", "Lətaif əl-həqaiq", "Tovzihat", "Bəyan ül-həqaiq" kimi başqa məşhur əsərləri var. "Tənsuqnamə" əsəri Rəbi-Rəşididə Rəşidəddinin göstərişi ilə Çin dilindən Ərəb dilinə tərcümə etdirilmişdi.[5]

Əsərin məzmun və cildləri

[redaktə | mənbəni redaktə et]

I Cild . Tarix-i Mübarək-i Qazan

Avstriyalı tarixçi Karl Yahn Cami-ət-Təvarixin ilk cildi haqqında yazırdı:

“Rəşidəddinin “Cami ət-Təvarix” adı ilə tanınan tarixi əsərlər toplusu 1306/7-ci ildə öz təsnifatına görə dörd cildə bölünür. “Qazani tarixi”- dünya tarixi, geoloji əsər və coğrafi xülasədir.Mənbələrə görə, 1300/1-ci ildə Qazan xan ona türk və monqol icmasının, yəni Çingiz xanın və ondan sonra gələnlərin tarixini yazmağı tapşırır. 1304-cü ildə Qazan xanın vəfatı zamanı bu hissə hələ tamamlanmamışdı. Lakin onun qardaşı və varisi Olcaytu zamanında əsər tamamlandı. İlk cild Qazan xanın xatirəsinə hörmət əlaməti olaraq "Tarix-i Mübarək-i Qazani" adlandırıldı. Şübhəsiz ki, birinci cild türk və monqol tarixini, mədəniyyətini və dilini araşdıran tədqiqatçı üçün böyük əhəmiyyət kəsb edir. Bunun nəticəsidir ki, bu hissənin bütün mətni və tərcüməsi bu günümüzdə də nəşr olunub. “[6]

Əsər tamamlanmadan Qazan xanın vəfat etdiyinə görə (1304) müəllif əsəri onun  varisi Olcaytuya həsr etməyi düşünür, lakin Olcaytu xan bunu qəbul etmir və ondan əsəri Qazan xana həsr etməyi və özü üçün ayrı bir ümumi tarix yazmasını xahiş edir. Buna görə də birinci cild Tarix-i Qazan və ya Tarix-i mübarək-i Qazan adlanır. Bu cildin birinci hissəsində türk və monqol tayfaları, onların müxtəlif qolları və şəcərələri, Qazan xanın nəsli, Arqun xanın (1284-1291) taxta çıxması, Qazan xanın arvadları və uşaqları haqqında məlumat verilir. İkinci hissə Çingiz xandan Qazan xan dövrünə qədər Monqolustan tarixindən ibarətdir.[7] Rəşidəddin I cildi yazarkən mövcud mənbələrdən, Xubilay xan (1260-1294) və oğlu Məngü Teymurun (1294-1307) dövründəki rəsmi yazışmalardan, Şərqi Asiyadan gələn tacir və səfirlərlə görüşlərdən də yararlanmışdır. Monqol tarixinin başlanğıcı və Çinlə bağlı yazılarında, eləcə də Xubilayın yürüşlərini təsvir edərkən o, böyük xan Ögedeyin nümayəndəsi Bolad Çinq-sanqın verdiyi məlumatlara əsaslanmış, bilavasitə monqol və Çin mənbələrindən bəhrələnmişdir. Bu mənbələr Yuan Şihin topoqrafik və xronoloji məlumatlarına əsaslanmaqla yanaşı, bir çox folklor elementlərini özündə ehtiva edirdi.[8] Bundan başqa birinci cildin yazılmasında Elxanilərin xəzinədə gizlətdikləri və hərkəsin istifadəsinə icazə vermədikləri “Altın dəftər” adlı kitabdan yararlanılmışdır. Monqollar tərəfindən müqəddəs hesab edilən bu kitabın Bolad Çing-sanq tərəfindən şifahi şəkildə Rəşidəddinə ötürülməsi faktı da bizə məlumdur.[9][10]

  • Bədr döyüşü (1653 nüsxəsi)
    II Cild

Rəşidəddin 2-ci cildi yazıb bitirdikdən sonra əsərlərə Cəmi-ət-Təvarix adını vermişdir. Olcaytu xanın əmri ilə yazılan və ümumi tarix mahiyyətini daşıyan II cildin original nüsxəsinin əvvəlinə bu cildin birinci hissəsini təşkil edən Olcaytu xanın doğumundan 706-cı ilə (1306-1307) qədər olan dövr əlavə edilmişdir. 1312-ci ildə tamamlanan bu bölmənin bir nüsxəsi Məşhəddə Zəki Vəlidi Toğan tərəfindən tapılmışdır. İkinci cildin birinci hissəsində hicrətin yaranmasından 700-cü ilinə (miladi 1300) qədər dünyada baş verən hadisələrdən danışılır. Burada  Adəm və Bəni-İsrail peyğəmbərləri, Hz. Məhəmmədin həyatı, Rəşidi xəlifələri, ƏməvilərAbbasilərin 1258-ci ildə süqutuna qədərki tarixi izah edilir. Bu hissədən sonra dövrün tarixi ənənəsindən başqa yeni bir üsul çərçivəsində dörd böyük türk dövləti, onların qurulması və fəaliyyətlərindən bəhs edilir. Bu dövlətlər: Qəznəvilər, Səlcuqlar, OğuzlarXarəzmşahlardı.[11] Rəşidəddinin bu əsəri ilk sistemli türk tarixi və türk tarixşünaslığının başlanğıcı kimi qəbul edilə bilər. Əsərin bu hissəsi türk monqol tarixi, mədəniyyəti və dili baxımından əhəmiyyətli bir mənbədir. Türklərin milli dastanı kimi tanınan və qəbul edilən Oğuz Xaqan hekayəsi bu əsərdə nəzm və nəsrlə yazılmış və bu yolla Oğuznamələrin ilk qaynağını Cəmi ət-Təvarixə daxil etmişdir. Bu qisim şərti olaraq "Rəşidəddin Oğuznaməsi" kimi tanınır. Farscaya çevrilmə sayılan bu "Oğuznamə"də yüzdən artıq türk mənşəli söz və yer adları işlənmişdir. "Rəşidəddin Oğuznaməsi"ndə elə parçalar var ki, olduğu kimi Dədə Qorqud kitabından götürülmüşdür.[12] Cəmi ət-Təvarixin 2-ci cildində Səlcuqluların tarixindən bəhs edən hissə, tarixin əhəmiyyətini göstərən bir ön sözlə başlayır. Alim burada mövzuları izah edərkən sübut vasitəsilə ifadəyə müraciət etmişdir. Burada yazılır:

Allahın seçdiyi varlıqlar mələklər, peyğəmbərlər və hökmdarlardır. Onların hər birinin vəzifəsi var. Peyğəmbərlərin vəzifəsi Yaradanla Onun bəndələri arasında vasitəçilik etmək, doğru yolu göstərmək, halalla haramı ayırd etməkdir. Hökmdarların vəzifəsi xalqın çobanı olmaq, onları hər cür fəlakət və bəlalardan qorumaqdır. Bundan əlavə, bu üç qrupda olması lazım olan fərqli xüsusiyyətlər var. Hökmdarlardan hikmət və siyasətə malik olan və  elm sahibi olanlar, cahillərdən daha yüksək səviyyədədirlər və bununla da peyğəmbərlərin səviyyəsinə yaxınlaşmışdırlar.”

Nəticədə müqəddimədə hökmdarlar sadə bir mülahizə ilə peyğəmbərlik dərəcəsinə yüksəldilmişlər.

Rəşidəddin əsərində Səlcuqlu hissəsini yazarkən istifadə etdiyi mənbələr haqqında məlumat vermir. Cəmi ət-Təvarixin Səlcuqlar bölməsində Nişapurinin "Səlcuqnamə"si ilə Rəvəndinin "Rahatüs-sudur" və "Ayetus-surur"u tədqiq edildikdə, aralarında çox da fərq olmadığı görülür.[13] Əsərin ikinci hissəsinin yazılmasında məzmun baxımından o zamana qədərki tarixşünaslıq ənənəsinə xas olmayan böyük bir yenilik edilmişdi. Rəşidəddin öz əsərinə İslam tarixində əvvəllər toxunulmayan mövzuları daxil etmişdi. Əsərin bu hissəsində Çin, Avropa, yəhudi və Hindistan tarixlərinə yer verilmişdir. Beləliklə, xanədanlardan başqa mədəniyyətlər tarixçilərin mövzusuna çevrilmiş və müsəlman tarixçiləri arasında ilk dəfə bir tarixçi Qisas-ı Ənbiya istisna olmaqla, İslamdan əvvəlki mədəniyyətlərdən məlumatlar vermişdir. Rəşidəddin bununla İslam tarixşünaslığı ənənəsində böyük dəyişiklik gətirmişdir. Şübhəsiz ki, hələ Elxani tarixşünaslığı formalaşmamışdan əvvəl də müsəlman tarixçiləri HindistanÇin haqqında məlumatlar çatdırmışlar. Amma heç bir müsəlman tarixçisi bu xalqların mədəniyyəti və tarixi ilə xüsusi olaraq maraqlanmamışdır. Bu mənada qərb və şərq mədəniyyətlərində Rəşidəddinə qədər ümumi bir tarix anlayışı yox idi. Ümumi tarixşünaslıq Rəşidəddin ilə başlayan yeni bir tarixi anlayışdır. [14] Rəşidəddinin “Hindistan tarixi” əsəri yetərincə tədqiq edilmədiyindən o, Əl-Biruninin Hindistanla bağlı məşhur əsərinin nüsxəsi kimi qiymətləndirilir. Lakin Karl Yahn bu əsərlə bağlı apardığı araşdırmalar nəticəsində müəyyən edib ki, müəllif əsəri yaradarkən müxtəlif qaynaqlardan bəhrələnib. Rəşidəddin Cüzcanidən sitat gətirdiyi bəzi yerlərdə oradakı məlumatları olduğu kimi çatdırmış bəzi yerlərə isə əlavələr etmişdir. Bu əlavələrin mənbəyi alim rəvayətçi Kəlamaşar Bəhşidir. Həyat hekayəsi məlum olmayan bu şəxsin Qazan xan müsəlman olduqdan sonra buarada qalan buddist rahiblərdən biri olduğu və Kəşmirdən gəldiyi bizlərə məlumdur.[6]Əsərdə Franklar başlığı ilə təqdim olunan Avropa tarixi öz xüsusiyyətlərinə və ehtiva etdiyi məlumatlara görə xüsusi yer tutur. Rəşidəddin əsərini yazmaq üçün o dövrün Avropasının mühüm mətnlərini toplamışdı. O ilk əvvəl XIII əsrin ikinci yarısında Dominikan Martinus, yəni Martin Von Troppau (ö. 1278) tərəfindən yazılmış "Dünya Tarixi"ndən istifadə etmişdir. Bu əsər dövrün digər tarixçiləri olan Leo da Orvita və Bernerdo Qoidonusun əsərlərindən daha zəifdir. Buna baxmayaraq Martinin bu əsəri orta əsrlər dünyasında mühüm yer tuturdu. Əsərin bu qədər məşhur olmasının səbəbi onun ictimaiyyətin anlaya biləcəyi üslubda yazılması və orta əsrlərin bütün əfsanələrini özündə ehtiva etməsidir. Bu səbəbdən Martin salnaməsi demək olar ki, bütün Avropa dillərinə tərcümə edilmiş və İslam tarixşünaslığına da daxil olmuşdur. Rəşidəddin əsərinin heç bir yerində Von Troppau salnaməsindən istifadə etdiyini qeyd etmir. Biz bu barədə məşhur avstriyalı tarixçi Karl Yahnın araşdırmalarından öyrənirik.[15][6] İslam dünyasında Avropa tarixindən bəhs edən bu əsər bəzi müasir hadisələri, eləcə də qədim ərəb ənənələrini özündə əks etdirən coğrafi-siyasi müqəddimə ilə başlayır. Sonra əsərin əsas hissəsini təşkil edən Papalıq və İmperatorların tarixi gəlir. Rəşidəddin Martinin salnaməsindən istifadə edərək Peterdən I Albertə qədər- 1298-1303-cü illəri ümumiləşdirdi. O, ən mühüm hadisələri verməklə yanaşı, çox sistemli şəkildə dini və siyasi səlahiyyətləri, onların xronoloji cədvəllərini də vermişdir.[13]

  • III Cild

Bəzi mənbələrdə Rəşidəddinin coğrafiyaya dair “el-məsalik vəl-məmalik” üslubunda müstəqil bir əsərinin olduğu qeyd edilsə də, bir digər mənbələrə görə bu əsər Cəmi ət-Təvarixin III cildidir. Suvərül-əḳalim adlanan bu cilddə Monqol İmperatorluğunun yol sistemi, yollardakı məsafə daşları və poçt yerləri haqqında məlumatlar var. Bu cildin heç bir nüsxəsi günümüzə gəlib çatmamışdır.[16]

  • IV Cild

Əsl adı "Şuab-ı Pəncganə" olan  IV cilddə ərəb, türk, yəhudi, frank, çin kimi dövlət idarəçiliyində söz sahibi olan beş böyük sülalənin, türk və monqol xanlarının ailə üzvlərinin, yüksək rütbəli məmurların və ordunun şəcərəsindən bəhs edilir. Bu cild də 1927-ci ildə Topqapı Saray Muzeyi Kitabxanasında (III Əhməd, nr. 2937) Zəki Vəlidi Toğan tərəfindən aşkar edilmişdir. Bu cildin bir hissəsi Nuruosmaniye Kitabxanasında Məcmua-i Rəşidiyyə adlı əsərdə yer alır.[11][17]

Rəşidəddin Cəmi ət-Təvarix əsərinin ədəbi baxımından diqqət çəkən məqamı onun sadə dildə və fərqli nəsrlə yazılmasıdır. Mətnin öz daxilində ritm var və bu ritm şeirdə istifadə olunan qafiyəyə bənzəyir. Ümumiyyətlə, hər  fəslin birinci abzasında ritorika işlədilmişdir. Əsərin girişində istifadə olunan dil son dərəcə səlis və sadədir.  Onun “Tarix-i Cahanqoşa”dan sitat gətirdiyi yerlərdə daha ağır dildən istifadə olunmuşdur. Bu çətin hissələrə mətndə çox rast gəlinmir.[18] Mətndə istifadə edilən sadə dil insanda belə təsürrat yaradır ki, əsər daha çox xalqa xitab edir. Cahaqoşaya nəzərən daha az ərəbcə, monqolca və türkcə kəlimədən istifadə olunmuşdur. Mətndə əsasən ƏrəbFars dillərində beytlər var. Əsərdə hökmdarlara tərif və dualara yer verilmişdir. Bununla belə, “Cəmi ət-Təvarix”də bəzi xronoloji xətalar da  vardır. Hadisələr üçün verilən gün adları bəzi yerlərdə yanlışdır. Bəzən hətta ziddiyyət təşkil edir. Lakin bu vəziyyət yalnız sözü gedən əsərə aid deyil. Orta əsrlərdə yazılmış tarixi mənbələrin əksəriyyətində rast gəlinən xətalardır. Müəllif, əsərini zaman-zaman ədəbi sitatlarla bəzəməyə çalışmış, bəzən “Şahnamə”yə istinadlar etmiş, bəzi ədəbi dastanlara müraciət etmişdir. O hətta bəzi qoşmaların Şahnamədən götürüldüyünü də qeyd etmişdir. Mətndə ayə və hədislərdə ərəb və fars şerləri var. Bəzi ayələrdə kiçik dəyişikliklər edilib. Onun əsərləri üçün sadə dil seçməsinin səbəblərindən biri də monqol hökmdarlarının fars və ya ərəbcə ifadələri anlamaqda çətinlik çəkməsi idi. İkinci səbəb isə müəllifin bu əsəri ictimaiyyətə təqdim etməsidir. Yəni xalqın dilinə yaxın bir dildən istifadə etməkdir. Rəşidəddinin yazdığı əsərlər orta ərslərdə nəsrə fərqli bir üslub gətirmişdir.[19]

Cəmi ət-Təvarixin nüsxələri

[redaktə | mənbəni redaktə et]

Farsca nüsxələr

Xəzinə 1653. Cəmi ət-Təvarixin miniatürlü iki nüsxəsi Topqapı Sarayı Kitabxanasının Xəzinədarlıq bölməsində qorunur. Bu nüsxələrdən birincisi 1653 nömrədə qeydiyyatdadır və fars dilində yazılmışdır. 820-ci ildə (1417) Teymuri hökmdarı Şahrux (1405-1447) Hafiz Əbruya dünya tarixinə dair ən mühüm salnamələri bir kitabda toplamağı tapşırmışdı. Hafiz Əbru Təbərinin “Tarixi”nin farsca variantını, Cəmi ət-Təvarixin böyük bir qismini və Nizaməddin Şaminin “Zəfərnaməsi”ni məcmuə halında toplanmışdır. Hafiz Əbru 1427-ci ildə Şahruxun əmri ilə İslamdan əvvəlki dövrü əhatə edən "Məcmuətüt-təvarix" əsərini yazmağa başlamışdır. [20]

O, işini davam etdirərkən sultan Hafiz Əbrudan Rəşidəddin əsərinin çatışmayan hissələrini tamamlamağı xahiş etdi. Hafiz hökmdardan təsdiq alaraq öz əsərindən bəzi hissələri Cəmi ət-Təvarixə əlavə etdi. Beləliklə, Rəşidəddin sağlığında yazdığı fəsillər və Hafiz Əbrunun öz əsərindən etdiyi əlavələrlə yeni bir əsər ortaya çıxdı. Rəşidəddin dövründən qalan bölmələrin mövzular , Hz. Məhəmməd dövrü, Xəlifələr, Qəznəvilər, Səlcuqlar, Xarəmzşahlar, İsmaililər və Türk tarixinə aid bəzi hissələr idi.[2]

Fars əlyazması

Əlyazmanın xarici qırmızı rəngli dəri ilə örtülmüşdür. Səhifələrinin ölçüsü 55,6x38 smdir. Üzqabığında II Əbdülhəmidin monoqramı var. Monoqramın üzərində isə aypara və ulduz titulları yerləşir. Monoqramın alt qismində isə yerləşdiyi kitabxananın adı- "Zülvəceyni-i Kitabxanə-i Humayun" yazısı görünür. Bu yazı kitabın Topqapı Sarayında olmasının sübutudur. Cildin üzqabığının künclərində bitki mənşəli ornamentlər çəkilmiş, bütün yazılar və bəzəklər qəliblənmiş və sonra qızılla boyanmışdır.[21]

Kitabda mətnlə vassal kağız arasında açıq tünd qırmızı, narıncı, qara, açıq yaşıl, qızılı və ağ rənglərdə cədvəl çəkilmişdir. Kitabın b səhifələrində mətn sahələrinin aşağı sol küncündə növbəti səhifənin ilk sözləri yazılır. Kitabın səhifələrinin bir-birini izləməsinə imkan verən "rəddadə" və ya muşir adlanan bu təcrübə çox köhnədir və ümumiyyətlə ilk sözlər səhifə kənarının sol altındakı b səhifəsindədir.[22]

Xəzinə 1654. Bu nüsxədə bəşəriyyətin yaradılması, ilk peyğəmbərlər, İslamdan əvvəlki dövr, Məhəmməd peyğəmbər və xəlifələr, Qəznəvilər, Səlcuqlar, Xarəzmşahlar, Oğuzlar, Çinlilər, İsrail oğulları, Frenk (Frank) və Hindistan tarixləri daxildir. Demək olar ki, bütün fəsillər 14-cü əsrin əvvəllərində Rəşidəddin dövründə yazılmışdır.[23]

Ölçüləri: 58 x 39 sm. Əsərin qabığı 1653 kimi tərtib edilib. Buna baxmayaraq 1653-dən fərqli olaraq əlyazmanın arxa üz qabığındakı iki üçbucaq bəzək arasında əsərin adına işarə edən ifadə farsca “Farsi el-ibarə tarix-i cevami” kimi yazılmışdır və “ altında 35" (əsərin nömrəsi) qeyd edilmişdir. Nüsxənin günümüzə gəlib çatmış halı 350 vərəqdən ibarətdir. Amma əlyazmanın kitabəsində onun 375 vərəqdən ibarət olduğu yazılmışdır. Burdan belə anlaşılır ki, əsərin 25 vərəqi itgindir. Açıq bənövşəyi, narıncı, qara, açıq-yaşıl, qızılı və ağ rəngli mətnin ölçüləri 36,2 x 25,4 sm-dir. Boş səhifələr də daxil olmaqla bütün səhifələrdə cədvəllər var. Mətn krem ​​rəngli kağız üzərində nəsx xətti ilə 31 sətirdən ibarətdir. Nəsx xətti bəzi səhiflərdə fərqli şəkildədir. Bu yazının müxtəlif şəxslər tərəfindən yazıldığını göstərir. Qırmızı mürəkkəbli başlıqların bəzilərinin XV əsrdə yazıldığı güman edilir. [24]

Ərəbcə nüsxələr

Edinburq nüsxəsindən miniatür

Cəmi ət-Təvarixin günümüzə qədər gəlib çatmış ən qədim nüsxələri ərəbcədir. Nüsxələr 1300-cü illərin əvvələrinə aiddir. Əslində bəzi alimlərə görə 2 ayrı nüsxə olduğu qeyd edilsə də hər iki nüsxə 2-ci cildin hissələridir. Edinburq nüsxəsi 151, Xəlili nüsxəsi isə 59 vərəqdən ibarətdir.[25]

Edinburq nüsxəsi

Cəmi ət-Təvarixin ərəbcə nüsxələrindən biri Teymurilər vasitəsilə Moğol sarayına keçmişdi. Hindistanda olduğu müddətdə iki hissəyə ayrılan nüsxənin bir hissəsi ingilis alim Con Beylin əlinə keçmişdi. Daha sonra Bleyl Hindistandan topladığı bütün qiymətli əlyazmaları özü ilə Edinburq Universitetinin Kitabxanasına gətirmişdir. Bu əlyazmanın səhifə ölüçüsü 41,5x34,2 sm, hər səhifədə yazı yazılan hissə isə 37x25 sm ölçüsündədir. Hər səhifədə 35 sətr var və bunlar Nəsx xətti ilə yazılmışdır. Əlyazmanın bəzi vərəqləri yoxdur. Bunlar 1,2,70-170 və sonluqdur. Mətn dörd hissədən ibarətdir: Fars və İslamdan əvvəlki Ərəbistan tarixi, Peyğəmbər və xəlifələrin hekayəsi, Qəznəvilər, Səlcuqlar, Atabəylər və Xarəzm sultanlarının tarixi.[26]

Əlyazmanı 70 ədəd düzbucaqlı miniatür bəzəyir ki, bu da Təbrizin hazırlandığı dövrdəki kosmopolit təbiətini əks etdirir. Ticarət yollarının kəsişdiyi bu ticarət şəhərində çinli, xristian, buddist və başqa dinlərə mənsub bir çox rəssam yaşayırdı.[27]

Xəlili kolleksiyasındakı nüsxədən miniatura
Xəlili Kolleksiyası nüsxəsindən bir səhifə

Xəlili kolleksiyası nüsxəsi

Cəmi ət-Təvarixin digər hissəsi Con Staples Herriot tərəfindən aşkar edilərək İngiltərəyə gətirilmişdi. Daha sonra Tomas Qordonun şəxsi kolleksiyasına köçürülən bu əlyazma Qordon tərəfindən 1834-cü ildə Kral Asiya Cəmiyyətinə hədiyyə edilmişdir. Əvvəllər Kral Asiya Cəmiyyəti tərəfindən qorunan bu ikinci əsər 1990-cı ildən Xəlili Kolleksiyasındadır. Bundan əlavə, Xəlili və Edinburq nüsxələri Təbriz yaxınlığında Rəşidəddin tərəfindən əsası qoyulmuş Rəb-i-Rəşididə yazıldığı üçün mühüm əhəmiyyətə malikdirlər.[28]

Xəlili İslam İncəsənəti Kolleksiyasında MSS727 nömrədə qeydiyyatda olan bu əlyazma 35 illustrasiya da daxil olmaqla ümumilikdə 59 vərəqdir. Hər səhifənin ölçüsü 43,5x30 smdir. Ş.Bleyrin tədqiqatlarına əsasən nüsxələr bölündükdən sonra 2 hissə itmişdir. Bunlar peyğəmbərin həyatından bəhs edən 35 vərəqlik bölmə ilə, Xarəzmşahların sonu və Çinə aid məlumatları ehtiva edən 30 vərəqlik bölmələrdir. Mətn İslam tarixi, Çin tarixinin son dövrlərini, Hindistan və yəhudilərin tarixindən bir hissəni əhatə edir. Vərəqlər 1314-cü ilə aiddir və Rəşidəddinin şəxsən özünün nəzarəti ilə Rəb-i Rəşididə hazırlanmışdır.[29]

Digər nüsxələr

  • 1430-cu ilə aid bir digər nüsxə Təbrizdə hazırlanmışdır və günümüzdə Paris Milli Kitabxanasında saxlanılır. Bu nüsxədə 113 miniatur var.[30]
  • XIV aid başqa bir nüsxə Nyu-Yorkda H. Kevorkian kolleksiyasındadır. Ernst Künhel ParisNyu-York əlyazmalarındakı təəccüblü oxşarlığa diqqət çəkmişdir.[30]
  • Teymurilər dövründə, Rəşidəddinin ölümündən bir əsr sonra kopyalanan əlyazmalardan biri də Türküstanda təsbit edilmişdir. Zəki Vəlidi Toğanın verdiyi məlumata əsasən bu nüsxə hal -hazırda Səmərqənd Xalq Kitabxanasında saxlanılır.[31]
  • Basil Qrey 1947-ci ildə Kəlküttəyə səfər edərkən, Benqal Asiya Cəmiyyətinin qiymətləndirmə üçün onlara bəzi tarixi əsərlər göstərdiyini qeyd edir. Qrey bu əlyazmalar arasında Rəşidəddin Cəmi ət-Təvarixinin natamam farsca nüsxəsinin olduğunu yazır.[32] Əlyazmanın yuxarıda adı çəkilən qurumda saxlandığını qeyd edən Qrey, nüsxənin 1890 № D. 31 nömrəli yerdə qeydiyyatda olduğunu söyləyir. Əsərdə 21 miniatür var.Miniatürlərin tarixi Qrey tərəfindən 1430-cu ildən sonrası olaraq göstərilmişdir. Bununla belə, Barbara Brend araşdırmalarından birində miniatür üslubunu nəzər salaraq, bu nüsxənin Moğol hökmdarları Nəsirəddin Humayun və ya Cəlaləddin Əkbərşahın adına hazırlanmış ola biləcəyi fikrini irəli sürmüşdür.[33]
  • Yael Rays bir məqaləsində yazır ki, başqa bir Cəmi ət-Təvarix nüsxəsi Raypurda tapılmışdır. Bu nüsxə hal-hazırda Raypur Raza kitabxanasında P.1820. Nömrədə qeydiyyatdadır. Əlyazmada monqol tarixinə aid bəzi bölümlər vardır.[34]

Tərcümə və nəşrləri

[redaktə | mənbəni redaktə et]

Edvard G. Brovn-nin 1908-ci ildə nəşr etdiyi məqaləsində qeyd etdiyi kimi, Monqolustan tarixini ehtiva edən birinci cild diqqəti cəlb etdiyi üçün ilk Cəmi ət-Təvarixin tərcümələri bu bölmə ilə başlamışdır.  Buna əsaslanaraq ilk dəfə E. M. Quatremere əsərin birinci cildinin birinci hissəsini- Çingiz xanın hakimiyyətinin sonuna qədər olan monqollarla bağlı hissəni fransızca tərcüməsi ilə birlikdə “Histoire Mongols de la Perse” başlığı altında 1836-cu ildə Parisdə nəşr etdirmişdir. Bu tərcümə Seyid Cəlaləddin Tehrani tərəfindən 1313-cü ildə Tehranda nəşr edilmişdir.[34]

Əsərin girişi ilə birlikdə türk və monqol tayfalarını (Çingiz xan dövrü də bura daxildir) ehtiva edən bölmələr rus alimlərindən İlya Nikolayeviç Brez tərəfindən rus dilinə tərcümə edilmiş və Sankt-Peterburqda nəşr edilmişdir.

G. J. E. Bloşe 1911-ci ildə Londonda Ögedey ilə Teymur xan arasındakı dövrü əhatə edən Cəmi ət-Təvarixin birinci cildinin ikinci hissəsini qeyd və izahatlarla birlikdə nəşr etdirdi.  Bloşenin hazırladığı mətn Tehranda yenidən nəşr edilmişdir (1313 hicri).  Əsas qaynaqlarla işləyən Bloşe, həmçinin  Cəmi ət- Təvarix və Monqol tarixi mənbələri haqqında "Introduction à l'Histoire des Mongols de Rachideddin" adlı kitabını da qələmə almışdır.[35]

Cəmi ət-Təvarix əsərindən miniatür, 1596-cı il, David kolleksiyası

Cəmi ət-Təvarixin Çingiz xan dövrü və sonrasına aid bəzi hissələri 1952-ci ildə O. I Smirnova tərəfindən rus dilinə, Hülakü və Keyxatu xana qədər olan hissələr Məhəmməd Sadıq Neşet və Fuad Abdülmuti əs-Səyyad tərəfindən ərəb dilinə tərcümə edilmişdir.[36]

Əsərin Ögedeydən Teymur xaqana qədər olan hissəsini Con Endryu Boyl ingilis dilinə “Çingiz xanın xələfləri” başlığı ilə tərcümə etmişdir.  Vilır Takston Cəmi ət-Təvarixin monqollar haqqında bütün fəslinin ingilis dilinə tərcüməsini “Cami'u't-Tawarikh Chronicles Compendium: A History of Mongols" adı ilə üç cilddə nəşr etdirmişdir.[37]

Əbdülkərim Əlioğlu əsərinin altı nüsxəsini müqayisə edərək Elxani hökmdarı Hülaküdən Qazan xana qədər olan hissəni farsca orginalı və rusca tərcüməsi ilə birlikdə 1957-ci ildə Bakıda nəşr etdirdi.[38]  Lakin bu nəşrdə Elxanilərə aid bölmələri nəşr edilərkən Süleymaniyyə kitabxanasındakı ərəb nüsxəsi və Topqapı Muzey kitabxanasındakı nüsxələr nəzərə alınmamışdır.  Bu cild tam olaraq 1960-cı ildə Tehranda yayımlanmışdı. Cəmi ət-Təvarixin monqolların tarixinə aid olan bölməsi 1934-cü ildə, İsmaililər bölməsi isə 1959-cu ildə Tehranda Bəhmən Kərimi tərəfindən nəşr edilmişdir.  Əbdülkərim Əlioğlu, L. A. Xetagurov və A. A. Romaskevitz 1965-ci ildə Moskvada əsərin birinci cildinin ilk fəsillərini çap etdirirlər.  1986-88 və 1992-94-cü illər arasında Abaqa xanKeyxatu xan arasındakı dövrün bir hissəsi A. P. Martinez tərəfindən ingilis dilinə tərcümə edilmişdir.  Bu əsərin Çin tarixinə aid hissəsi 2000-ci ildə Tehranda Van Yidan tərəfindən nəşr edilmişdir.  Daha sonra 2005 və 2006-cı illərdə müvafiq olaraq Əbdülkərim Əlioğlu, L. A. Xetaqurov və A. A. Romaskevitz əsərin Hindistan, Franklar, PapalarÇin tarixini ehtiva edən hissələrini nəşr etdirdilər.[39]

1940-cı ildə Londonda Karl Yahn tərəfindən “Geschichte Gâzâni Hanın aus dem Târih-i Mubarek-i Gâzani des Resid al-Din Fadlallah b.'İmad al-Daula Abu'l-Hair” adı ilə nəşr edilmişdir.  Karl Yahn 1941-ci ildə əsərin Abaqa xan, Əhməd Təkudar xan, Arqun xanKeyxatu xan haqqında hissələrini Vyana da , daha sonra isə “Tâ‘rih-i Mubârek-i Gâzânî des Rasid al-Din Fadllâh Abi‘l-Hair Geschichte der Ilhâne Abâga bis Gaihâtû” adı ilə Haaqada nəşr etdirdi. “Birinci cildin mətni və tərcüməsi 1946-1960-ci illər arasında Rusiya Elmlər Akademiyası tərəfindən dörd cilddə yayımlanmışdı.  Əsərin Frank tarixinə aid hissəsini “Histoire universelle de Rasid al-Din Fadl Allah Abul-Khair Histoire des Francs” adı ilə tərcümə edən Karl Yahn, eyni bölmənin Almanca tərcüməsini “Die Frankengeschichte des Rasid ad-Dîn” adı ilə nəşr etdirdi. Cəmi ət-Təvarixin Hindistan tarixinə aid hissəsi Karl Yahn tərəfindən “Rasid al-Dinin History of India” (Hindistan Tarixi) (Haaqa,1965) başlığı ilə ingilis dilinə tərcümə edilmişdir.  O, həmçinin “Die Indiengeschichte des Rasîd ad-Dîn” (Vyana 1980) başlıqlı alman tərcüməsini də çap etdirmişdir. Yahn əsərin yəhudilər haqqında olan hissəni alman dilinə “Die Geschichte der Kinder Israels des Rasid ad-Dîn” (Vyana 1973) adı altında tərcümə etdi.  Əsərin Oğuzlarla bağlı hissəsini isə “ Die Geschichte der Oguzen des Rasid ad-Dîn” adı ilə qeydlərlə nəşr etdirmiş və burada Topqapı Sarayı nüsxəsindəki 25 miniatürdən də istifadə etmişdir.  Karl Yahn Sinalog Herbert Franke ilə birlikdə Çin tarixinə aid bölməsini “ Die Chinageschichte des Rasîd ad-Dîn” adı ilə tərcümə etmiş və bu tərcümədə Topqapı Sarayı nüsxələrinin müvafiq hissələrindən miniatürləri əlavə etmişdir.[34]

Məhəmməd Təki Danışpejuh və Məhəmməd Müdərris Zəncani Cəmi ət-Təvarixin Fatimilər, Nizarilər və Rafizilər bölmələrini Tehranda 1960-cı ildə nəşr etdirmişdilər. Bundan başqa kitabın Hindistan tarixi ilə bağlı bölməsinə isə “Bibliographical Index of the Historians of Muhammedan India” adlı məqalənin 1-ci cildində yer verilmişdir. Əsərin Səlçuqlu, Qəznəvi, Frank, Papalar, oğuzlar, yəhudilər, İsmaililər, HindistanÇin tarixi ilə bağlı bölmələri Məhəmməd Ruşən tərəfindən Tehranda çap edilmişdir. Əsərin Səlçuqlu tarixinə aid hissələri isə Erkan Göksu və Hüseyn Atəş tərəfindən türkcəyə, Kenneth Allin Luther tərəfindən isə ingilis dilinə tərcümə edilmişdir. Elxanilər bölməsi İsmayıl Aka, Məhəmməd Ərsan və Əhməs Həşəmpur Xələcani tərəfindən türk dilinə tərcümə edilmiş, Oğuzlar qismi isə Zəki Vəlidi Toğan tərəfindən tərcümə və təhlil edilərək çap etdirilmişdir. [40]

İllustrasiyalar

[redaktə | mənbəni redaktə et]

Cəmi ət-təvarixin müxtəlif nüsxələri üçün təsvirlərin çoxu Rəb-i Rəşidi kompleksində çəkilmişdir.[26]

Edinburq nüsxəsinin miniatürləri səhifədə düzbucaqlı formada mətnin arasına yerləşdirilib.Bu nüsxədə 70 ədəd minitür var.  Bəzi səhifələrdə şəkillər səhifənin əvvəlində və sonunda görünür. [41] Miniatürlərdə xətt üslubunda hazırlanmış fiqurlar diqqəti çəkir. Fiqurları ilə seçilən bu miniatürlərdə fiqurların haşiyəsi tünd rənglə verilmiş, rəngin tonu içəriyə doğru getdikcə açılır. Səhnələrdə dekorativ elementlərə yer verilməmişdir. Daha açıq tonlardan istifadə edilərək çəkilən bu şəkillərdə hadisələr təsvir edilərkən fiqurların görünüş və hərəkətləri ön plana çıxarılmışdır. Bu miniatürlərdən bəziləri aşağıdakılardır:[42]

Hz Yunus və Balıq

Peyğəmbərə aid miniatürlərdə onun müqəddəsliyinin plana çıxaracaq bəzi elementlərdən istifadə edilmişdir. Peyğəmbərə ilk vəhy gəlişini təsvir edən miniatürdə Peyğəmbər daşların arasında təsvir edilmişdir. Cəbrayılın ayaqüstə əlini uzatmış halda təsviri "Sən Allahın rəsulusan" cümləsi ilə əlaqəlidir.[43]

Hz.Peyğəmbərin doğuşunu təsvir edən minitürün yerləşdiyi səhifə qırmızı rənglə çərçivələnmişdir. Düzbucaqlı şəkildəki təsvirin üzərində qırmızı xətt ilə "“Nəbi Aleyhissalatü Vesselamın doğuşu” cümləsi yazılmışdır.[44]

Mənuçöhrin yüksəlişi: Elxanilər dövrü üçün tipik taxta çıxma səhnəsi kimi təsvir edilmişdir. Miniatürün mərkəzində taxt və taxtda oturan sultan görünür. Sultanın arxasında iki gözətçinin qarşısında ayaqaltı, qarşısında isə qənd qabı kimi bir əşya dayanır. Sağ tərəfdə stullarda oturmuş iki nəfər bir-biri ilə söhbət edir. Saqqalı fiqurlar dövrün filosoflarıdır. Onların arxasında daha iki mühafizəçi var. Sol tərəfdə dövrün vəziri Rüstəm görünür. O bığlı, saqqalı və xəz ilə təsvir edilmişdir. Onun solunda və ətrafında iki mühafizəçi var. Bu detal sultanın yaxşı mühafizə edildiyinin göstəricisidir. Miniatürdə tünd qırışlar və yuxarı hissədəki asma lentlər bu yerin çadır olması ehtimalından xəbər verir. Rəsmdə taxt vurğulansa da buradakı mövzular bir-birindən fərqlidir. Beləki taxt və göztçilər iqtidarın simvoludur. Sağda əyləşən filosoflar isə biliyə verilən dəyəri göstərir. Mühafizəçilərin geyimi çin təsirlərini göstərsə də üz quruluşu uyğur üz tipindədir.[41][45]

Nişapurun Qazan xan tərəfindən işğalı (1294)

Qəzvinli Mahmudun döyüşlərindən biri. Kompozisyanın mərkəzində fil və onun üzərində hökmdar təsvir edilmişdir. Əsgərlərin düzülüşü və döyüş səhnəsinin canlandırılma şəkili diqqət çəkir. Aşağıda tüstüyə toz qatmaq, alov qıvılcımları kimi müharibə zorakılığını simvolik şəkildə təsvir edən mühüm motivlər görünür. Miniatür nazik zolaqla çərçivələnmişdir.[41]

Dehli sultanı Hilcinin əmisi Firuzşahı öldürtməsi. Kompozisya 2 hissədən ibarətdir. Birinci hissədə Sultan və gözətçilər gücün simvolu kimi qarşımıza çıxır. Onun yanındaki 3 nəfər şəxs Firuzşahın edamını izləyir.  İkinci hissədə isə Firuzşah, cəllad və gözətçi təsvir edilmişdir. Firuzşah əlləri arxasına bağlanaraq ölümü gözləyən şəkildə, onun arxasında isə cəlladın qılıncını qaldıraraq görünür. Sultanın bir əlinin ürəyində bir əlinin isə göydə təsvir edilməsi verdiyi qərardan peşman olmasını göstərir. Onun məyusluğu üz ifadəsindən də hiss edilir. Minitürdə digər minitürlərdə olduğu kimi dekorativ elementlər nəzərə çarpmır.[46]

İnsansız mənzərə təsviri. Əlyazmada bir çox mənzərə təsvirinə yer verilmişdir. Mənzərələr Çin mənzərə üslubunda çəkilmişdir.[47]

Xəzinə 1653 və 1654 nüsxələrinin miniatürləri

Xəzinə 1653 nüsxəsində 143 təsvir vardır. Çəkildiyi əraziyə və zamana görə bu illustrasiyaları 4 qrupa bölmək olar.[48]

  1. Bu qrupun rəsmlərini çəkən rəssamların bəziləri nazik qırmızı çərçivəli dar rəsm sahəsinə nisbətən çox böyük insan və heyvan fiqurlarını təsvir ediblər. Rəsmlərin əksəriyyətinin xaricdən geniş qızılı çərçivəyə daxil edildiyi, bəzi rəsmlərdə bu çərçivənin fiqurların ayaqlarının üstündən keçdiyi görünür. Bəzi rəsmlərdə qırmızı çərçivə ilə onun xaricindəki geniş qızılı çərçivə arasında dar boşluq var. İnsan geyimləri bənövşəyi, mavi, yaşıl, tünd qırmızı və qəhvəyi rənglərdə təsvir edilmişdir. Taxt və tabut kimi əşyalar isə iri naxışlar və xətai çiçəklərlə bəzədilmiş haldadır. Bu qrupa daxil olan rəsmlər güman edilir ki, 1314-ci illərdə Rəb-i Rəşididə çəkilmişdir.[48]
  2. 367b-372b səhifələri arasındaki rəsmlərdir. Bu qrupa daxil olan rəsmlərdəki şəxslərin üzləri ya qəsdən ya da pis şəraitlərdə qaldığına görə korlanmışdır.[23]
  3. Bu qrupda boyalar tonlama olmadan düz şəkildə tətbiq edilmişdir. Çöldə mavi səma, çılpaq dağlar və yarpaqlı, çiçəkli bitkilərin salxımları var. Fiqurlar mədəni kimliyini göstərən baş geyimləri taxırlar. Bəzi rəsmlərdə döşəmədə konturu düyünlü kvadratlarla bəzədilmiş xalça təsvir edilib. 3-cü qrupa daxil olan miniatürlər güman ki, 1426-1430-cu illər arasında çəkilmişdirlər.[24][49]
  4. Bu qrupdakı rəsmlərin çoxu Çin tarixi bölməsindədir. Haşiyə xəttindən başlayaraq tünddən açığa doğru olan geyimlərdə qırmızı, mavi, yaşıl, bənövşəyi, firuzəyi və sarı tonlarından istifadə olunub. Çin modasını əks etdirən geyimlər örtüyü vurğulamaq üçün daha bol və genişdir. İncə, hündür zərif fiqurlarda papaqlar, ayaqqabılar, saçlar qaradır. Bu qrupu təsvirləri 1426-30-cu illər arasında Heratda Elxanilər dövrünə aid rəsmlərdən ilhamlanaraq və ya onların surətləri çıxarılaraq hazırlanmış olması ehtimal edilir.[24][50]

Xəzinə 1654 nüsxəsində 204 ədəd təsvir var. Bu təsvirlər də bəzən səhifədə bir, bəzən isə yuxarıda və aşağıda iki ədəd olmaqla yerləşdirilmişdir. İllustrasiyalara nəzər salqdıqda müxtəlif tərz və üslublarda çəkildikləri beləliklə eyni rəssam əlindən çıxmadıqları məlum olur. Eyni üslubda çəkilən rəsmlər əsasən ard arda səhifələrdə yerləşir. 1654 nüsxəsinin miniatürlərini aşağıdakı qruplara bölmək olar:

  1. Bu qrupa əsərin ilk 3 təsviri daxildir. Fiqur və sütun kimi memarlıq elementləri rəsm sahəsinə uyğun olaraq böyük ölçülərdə çəkilmişdir. Pərdə, paltar kimi parçalar tonlama ilə boyanmış və onların tökmələri qalın xətlərlə işarələnmişdir. Əl hərəkətləri, duruşlar, üzlər ifadəli bir anlayışla təsvir edilmişdir. Üç rəsm zamanla köhnəlmişdir və buradan da bizə rəssamın işinin yarımçıq qaldığı aydın olur. Bu rəsmləri, şübhəsiz ki, ustad rəssam çəkmişdir. Rəsmlər güman ki, 1317-ci illərdə Təbriz ətrafında emalatxanalarda hazırlanmışdır.[49][51]
    Qazan xanın İslamı qəbul etməsi
  2. Bu qrupuna aid rəsmlərin bəzilərinin naxışları Cəlayiri və Müzəffəri torpaqlarında, bir qismi isə XV əsrin əvvəllərində Teymurilər dövründə Şirazda çəkilmiş olması ehtimal edilir. Lakin onlar qeyri peşəkarlar tərəfindən boyanmış və orijinallığını itirmişdir.[52][51]
  3. Bu şəkillər qrupunda boya tonlama olmadan tətbiq edilmişdir. Fiqurların paltarlarını rəngləmək üçün mavi, qəhvəyi, tünd göy, açıq və tünd yaşıl rənglərdən istifadə olunub. Bəzi interyerlərdə, rəsmin yuxarı kənarı boyunca uzanan yarım pərdələr var. Çöldə isə yerdə kiçik ölçülü otlar və bəzən salxımlar şəklində çiçəkli bitkilər görünür. Fiqurlar zərif, incə və hündürdür. Bu rəsmlərlə 1653 nüsxəsinin 3-cü qrup rəsmləri gümanki eyni sənətkar tərəfindən çəkilmişdir. Miniatürlər 1426-1430-cu illərə aiddir.[49][53]
  4. Bu qrupa daxil olan rəsmlər 1-ci qrupun rəsmlərinə bənzəyir. Çərçivə xəttindən başlayaraq geyimlərdə qırmızı, mavi, yaşıl, bənövşəyi, firuzəyi, sarı rəngin tünddən açığa doğru tonlarından istifadə olunmuşdur. Papa və İmperator rəsmlərində yer rəngsizdir və təbiət elementlərinə rast gəlinmir. Bu qrupun miniatürləri də 1426-1430-cu illərə aiddir.[54][55]
  5. Fiqurların yuvarlaq üzləri, qabarıq yanaqları və yastı burunları var. Monarx fiquru huniyə bənzər baş geyimindədir və onun geyimi çox incəliklə təsvir edilmişdir. Bəzi rəsmlərdə üzlər açıq boz rəngə boyanmışdır. Sultanın ətrafında olanlar, ehtimal ki, hərbi sinifdən olanlar qulaq səviyyəsində üçbucaqlı çıxıntılı baş örtüyü taxırlar. Çöldə, yarpaqları və çiçəkli salxımlarda seyrək bitkilər var. Bu qrupa daxil olan rəsmlər XV əsrin əvvəllərində Şirazda çəkilməyə başlamış daha sonra 1425-ci ildə isə Heratda tamamlanmışdır.[56][57]
  1. Melville
  2. 1 2 Tanındı, 2021. səh. 189
  3. Minovi, 1350. səh. 15
  4. Petruşevski, 1970. səh. 158
  5. III Cild, 2007. səh. 148
  6. 1 2 3 Jahn, 2012
  7. Şeşen, 1993. səh. 132
  8. Şeşen, 1993. səh. 133
  9. Akbaş, 2017. səh. 23
  10. Franke, 1951. səh. 21
  11. 1 2 Toğan. səh. 710
  12. Əliyarlı, 2007. səh. 38
  13. 1 2 Günaltay, 1937. səh. 168
  14. Şeşen, 2016. səh. 81
  15. Şeşen, 2016. səh. 83
  16. Günaltay, 1937. səh. 171
  17. Şafak, 2019. səh. 170
  18. Bahar, 1349. səh. 175
  19. Bahar, 1349. səh. 176
  20. Tanındı, 2021. səh. 188
  21. Tanındı, 2021. səh. 193
  22. Tanındı, 2021. səh. 194
  23. 1 2 Tanındı, 2021. səh. 198
  24. 1 2 3 Tanındı, 2021. səh. 199
  25. "Folios from the Jami' al-tavarikh". Timeline of Art History. Metropolitan Museum of Art. May 26, 2009 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 15, 2012. Today only two early-fourteenth-century Persian copies of the Compendium and part of one Arabic copy survive. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  26. 1 2 İnal, 1982. səh. 846
  27. İnal, 1982. səh. 848
  28. İnal, 1982. səh. 847
  29. Blair, 1995. səh. 34
  30. 1 2 Akbaş, 2017. səh. 27
  31. Toqan, 1962. səh. 63
  32. Gray, 1978. səh. 220
  33. Gray, 1978. səh. 221
  34. 1 2 3 Akbaş, 2017. səh. 28
  35. Şakiroğlu. səh. 246
  36. Arends, 1970. səh. 41
  37. Boyle, 1971. səh. 41
  38. Əlizadə, 1957
  39. Akbaş, 2017. səh. 31
  40. Akbaş, 2017. səh. 32
  41. 1 2 3 Büyüksofuoğlu, 2022. səh. 79
  42. Büyüksofuoğlu, 2022. səh. 81
  43. Büyüksofuoğlu, 2022. səh. 84
  44. Büyüksofuoğlu, 2022. səh. 88
  45. İnal, 1963. səh. 65
  46. Büyüksofuoğlu, 2022. səh. 80
  47. Büyüksofuoğlu, 2022. səh. 82
  48. 1 2 Tanındı, 2021. səh. 197
  49. 1 2 3 İnal, 1963. səh. 71
  50. İnal, 1963. səh. 78
  51. 1 2 Tanındı, 2021. səh. 200
  52. İnal, 1963. səh. 72
  53. Tanındı, 2021. səh. 201
  54. İnal, 1963. səh. 73
  55. Tanındı, 2021. səh. 202
  56. İnal, 1963. səh. 74
  57. Tanındı, 2021. səh. 203
  • Azərbaycan tarixi. Yeddi cilddə. III cild (XIII-XVIII əsrlər)). Bakı: Elm nəşriyyat. Nailə Vəlixanlı. 2007. səh. 592.
  • Melville, Charles. JĀMEʿ AL-TAWĀRIḴ // Encyclopædia Iranica. Columbia University. İstifadə tarixi: 2 February 2012.
  • Blair, Sheila. A compendium of chronicles: Rashid al-Din's illustrated history of the world. Nour Foundation in association with Azimuth Editions and Oxford University Press. 1995. ISBN 978-0-19-727627-3.
  • Petruşevski, İ.P. "Rash𝑖̅d al-d𝑖̅n's Conception of State". Central Asiatic Journal. No. 1\3. səh. 148-162.
  • Toqan, Z.V. "The composition of the History of the Mongols by Rashīd al-Dīn". Central Asiatic Journal. No. 7. səh. 60-72.
  • Karl Jahn. Cihan Tarihçisi Olarak Reşidüddin,. 3. İstanbul: İslam Tetkikleri Dergisi. 2012.
  • Herbert Franke. Some Sinological Remarks Ra𝑠̌𝑖̅d ad-D𝑖̅n’s History of China. IV. Oriens. 1951. 21–26.
  • Ramazan Şeşen. Câmiʿu’t-tevârîḫ. VII. TDV İslâm Ansiklopedisi. 132–134.
  • M.Şemseddin Günaltay. Türk tarihinin ana kaynaklarından Camiüttevarih ve Fazlullah Reşiduddin. 1937. 165–179. * Zeki Velidi Togan. Reşiduddin-i Tabib. İA. 705–712.
  • Boyle,John Andrew. Juvaynî and Râshîd al-din as Sources on the History of the Mongols. London: Oxford University Press. 1962. 133–137.
  • Turgay Şafak. "Letâyifü’l-hakāyik". İslam Araşdırmaları Dergisi. 2019. 166–172.
  • Gamze Akbaş. REŞÎDÜDDÎN FAZLULLAH-I HEMEDÂNÎ’NİN CÂMİ’U’T-TEVÂRÎH ADLI ESERİNİN SELÇUKLU TARİHİ AÇISINDAN DEĞERLENDİRİLMESİ. İstanbul: İSTANBUL ÜNİVERİSTESİ SOSYAL BİLİMLER ENSTİTÜSÜ. 2017.
  • Karl Jahn. “The Still Missing Works of Rash𝑖̅d al-D𝑖̅n”,Central. Central Asiatic Journal. 1964. səh. 113-122.
  • MERYEM YAŞAR. REŞÎDU’D-DÎN FAZLULLÂH’IN CÂMİ‘U’TTEVÂRÎH İSİMLİ ESERİNİN HÂREZMŞÂHLAR KISMININ TERCÜME VE DEĞERLENDİRİLMESİ. İstanbul: İSTANBUL ÜNiVERSİTESİ SOSYAL BİLiMLER ENSTİTÜSÜ. 2018.
  • Güner İnal. Some miniatures of the Jāmiʻ al-Tavārīkh in Istanbul, Topkapi Museum, Hazine Library no. 1654. 5. İstanbul: Ars Orientalis. 1963.
  • Güner İnal. SBerlin Diez Albümlerindeki Bazı Dağınık Cami’el Tevarikh Minyatürleri Üzerine. XLVI. Belleten. 1982. 845–859.
  • K. Arends. “The Study of Rashid ad-Din’s Jami’u’t-Tawarikh in the Soviet Union”. XIV, No. 1\3. Central Asiatic Journal. 1970. 40–45.
  • A. Mahmut H. Şakiroğlu. Blochet. DİA. 246.
  • John Andrew Boyle. Rash𝑖̅d al-D𝑖̅n, The Successors of Genghis Khan. New York, London: Columbia University Press. 1971.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Fəzlullah Rəşidəddin (tərcümə Zeki Velidi Togan). Câmi’üt-tevârîh (Oğuzların ve Türklerin Tarihi),. İstanbul: Ahmet Sait Matbaası. 1972.
  • Fəzlullah Rəşidəddin (tərcümə Kenneth Allin Luther). The History of the Seljuq Turks from the Jami’ al-Tawarikh. London: Curzon Press. 2001.
  • Fəzlullah Rəşidəddin (tərcümə İsmail Aka, Mehmet Ersan, Ahmad Hesamipour Khelejani). Câmi’u’t-tevârîh (İlhanlılar Kısmı). Ankara: TTK. 2013.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]