Qəznəvilər (fars. غزنویان Qəznəviyyə) — 963–1186-cı illərdə Mavəraünnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüş[6][7][8] türk məmlük xanədanlığı.[9] Qəznəvi sülaləsi öz adını paytaxtları olmuş Qəznə şəhərinin adından götürmüşdür.[6][8][10][11]
İmperiya | |||
Qəznəvilər dövləti | |||
---|---|---|---|
Qəznəviyyun غزنويون غزنویان | |||
|
|||
|
|||
|
|||
Paytaxt |
Qəznə(963-1151) Lahor(1151-1186)[1] |
||
Dilləri | türk dilləri | ||
Rəsmi dilləri |
Türk dili (saray və ordu dili)[2] Fars dili (rəsmi və ədəbi dil)[3][4] Ərəb dili (dini) |
||
Dövlət dini | İslam(Sünni) | ||
Ərazisi | 3.400.000 km²(1029)[5] | ||
İdarəetmə forması | Monarxiya | ||
Sultan | |||
• 961-962 | Alp Təkin (ilk) | ||
• 1160-1186 | Xosrov Məlik (son) | ||
Vikianbarda əlaqəli mediafayllar |
Qəznəvilər dövlətinin əsasını 963-cü ildə Samani sərkərdələrindən olan, keçmiş qulam Alp Təkin qoymuşdur. Ancaq dövlətin inkişafı Səbuk Təkinlə əlaqədardır. Səbuk Təkin Qəznə şəhərini dövlətin paytaxtı elan etmişdi.[12][13] Səbuk Təkinin oğlu Sultan Mahmudun dövründə imperiyanın sərhədləri, Ceyhundan Hind çayına və Hind okeanına qədər uzanmışdı. I Məsudun dövründə isə imperiya zəifləməyə başlamışdı. Onun dövründə Xarəzm Qəznəvilərdən ayrılmağa başladı. 1040-cı ildə Dəndənəkan döyüşündə Səlcuqlar Qəznəvilərə qalib gəldilər. Bundan sonra Qəznəvi dövlətinin tərkibində ancaq Əfqanıstanın bir hissəsi və Pəncab qaldı. Səlcuq imperiyasının dağılmasından sonra qüvvətlənən Qurilər, Qəznəvi hökmdarı Xosrovşahı 1157-ci ildə məğlub edərək ölkənin paytaxtını tutdular. Lahora çəkilən Qəznəvilər hakimiyyətlərini burada davam etdirməyə başladılar. 1186-cı ildə son Qəznəvi hökmdarı Xosrov Məlikin Qurilər tərəfindən əsir alınması ilə Qəznəvi dövləti tamamilə süqut etdi.[14]
Qəznəvilərin adı tarixi mənbələrdə "Yəminilər" və "Səbutəkinilər" kimi də qeyd edilir.[15] Qəznəvi hakimiyyətindən əvvəl də Əfqanıstanda türk tayfaları hökm sürmüşdülər. Həmin türk tayfaları Qəznəvilər dövlətinin qurulmasında da böyük rol oynadılar. Dövlətin qurucusu Səbuk Təkin, qulam kimi Samanilər ərazisinə gətirilmiş və sonradan müsəlman olmuşdur.[16][17] Səbuk Təkinin öz Nəsihətnaməsinə (Pənd-Namə) görə o, Türkistandan gəlmiş "Barsaq" türk tayfasındandır.[18][19][20] Səbuk Təkin qulam olaraq Samani əmiri Alp Təkin tərəfindən alınmışdır.[18][21] Əbülqazi Bahadır xan isə Səbuk Təkinin qayı oğuz boyundan olduğunu yazır.[22]
Samani dövləti inkişaf etdikcə Türk qulamlar dövlətin hərbi qüdrətini daha da artırmaq üçün Mavəraünnəhrdən Samani ərazisinə gətirilirdilər. Samanilərin zəifləməyə başlaması ilə bu türk qulamlar gücləndilər və mərkəzi hakimiyyətlə hesablaşmamağa başladılar. Bu dövrdə Əfqanıstanda Simurcilər, Qara Təkin İsficabi və Bayduz kimi türk sərkərdə və sülalələri hakimiyyət qurmağa başlamışdılar.[15]
Bu Türk sərkərdələrindən biri də Alp Təkin idi. O, 890–91-ci illərdə[15] doğulan Alp Təkin, Samani qulamı kimi xassə əsgərləri sırasına daxil edilmişdir.[23] Öz şəxsi xüsusiyyətləri ilə fərqlənən Alp Təkin, getdikcə mövqeyini gücləndirərək,[23] "hacibül-hücaba"[q 1] vəzifəsinə təyin edildi.[24]
Sarayda nüfuzu getdikcə artan Alp Təkin, 961-ci ildə fevralın 10-da Samani hökmdarı tərəfindən ən yüksək vəzifələrdən birinə, "Xorasan sipəhsaları" '[q 2] vəzifəsinə yüksəldi.[24][25] Samani hökmdarı I Nuhun ölümündən sonra dövləti ara müharibələri bürüdü. Bu qarışıqlıqdan istifadə edərən Alp Təkin, öz namizədi olan şahzadəni taxta çıxararmaq üçün hərəkətə başladı. Samani əyanları Nuhun oğlu Mənsura sədaqət andı içərək, onu taxta çıxardılar. Alp Təkin Samanilərin paytaxtı Buxaraya hücum etmək istəsə də öz ordusuna güvənmirdi. O sadiq qulamları olan 3 minlik ordu ilə Bəlxə çəkildi və şəhəri ələ keçirdi. Yeni Samani hökmdarı olan I Mənsur Alp Təkini tutmaq üçün 16 minlik ordunu Bəlxə göndərdi. Bəlx yaxınlığında, Xulm döyüşündə 16 minlik Samani ordusu, Alp Təkinin 3 minlik dəstəsinə məğlub oldu.[26] Beləliklə Qəznəyə hücuma keçən Alp Təkin şəhəri ələ keçirdi və 12 yanvar 963-cü ildə Qəznəvi dövlətinin əsasını qoydu.[26]
Alp Təkin Hindistana yürüşə hazırlaşarkən 13 sentyabr 963-cü ildə vəfat etdi.[27] Ölümündən sonra Qəznə şəhəri Samanilərin əlinə keçsə də, ondan sonra hakimiyyətə gələn oğlu Əbu İshaq İbrahim, şəhəri geri aldı və 3 il hakimiyyətdə oldu. 966-cı il noyabrın 12-də Əbu İshaq İbrahimin ölümündən sonra onun oğlu olmadığı üçün Türk sərkərdələrindən Bilgə Təkin hökmdar seçildi. Bilgə Təkin mövcud Samani təhlükəsini aradan qaldırmaq üçün Samanilərdən asılı olduğunu bildirdi.[28] Lakin Samani qulamlarından olan Faiq tərəfindən Samani ordusu göndərildi. Bu ordu da məğlub olduqdan sonra Samanilər Qəznəyə bir daha qüvvə göndərmədilər.
Bilgə Təkinin 975-ci ildə ölməsindən sonra hakimiyyətə Alp Təkinin digər qulamı Börü Təkin gəldi. Börü Təkin xalqa zülm etdiyi üçün üsyan nəticəsində 20 aprel 977-ci ildə taxtdan salındı. Onun yerinə digər Türk qulam Səbuk Təkin gəldi. Səbuk Təkin daxildəki qarışıqlıqlara son qoymaq üçün ilk öncə Samanilər ilə əlaqələr yaratdı və asılılığı qəbul etdi.[29] Daxildə sabitlik yaratdıqdan sonra Səbuk Təkin Toxaristanı, Zəmindavər və Bəlucistanın bir hissəsini tutdu. Hinduşah Racasını da məğlub edən Səbuk Təkin, Kabil çayına qədər olan Pişəvər torpaqlarını da ələ keçirdi. 994-cü ildə Samani əmiri I Mənsur Türk qulamlar Əbu Əli Simcuri və Faiqə qarşı Qəznəvilərdən kömək istədi. Səbuk Təkin həmin il Xorasana yürüş edərək üsyanı yatırdı. Samani əmiri I Məsud bunun əvəzində Səbuk Təkinin oğlu Mahmuda "Seyfüddövlə" ünvanı verdi və onu Xorasanın ordu komandanlığını ona verdi.[30] Səbuk Təkin 997-ci ilin avqustunda vəfat etdi.
Səbuk Təkin ölümündən əvvəl kiçik oğlu İsmayılın taxta oturmasını vəsiyyət etmişdi. Atasının ölümündən sonra İsmayıll özünü Qəznəvi hökmdarı elan etdi. Nişapurda olan böyük qardaşı Mahmud təcrübə baxımından qardaşından daha üstün idi.[31] Mahmud qardaşı İsmayıla yaşca böyük olduğu üçün taxta keçməli olduğunu və Bəlx ilə Xorasanı ona verəcəyini təklif etsə də İsmayıl bu təklifi qəbul etmədi. 998-ci ilin martında qardaşlar arasında baş vermiş döyüşdə qalib gələn Mahmud, Qəznəvi taxtına oturdu.[31]
998-ci ildə Mahmud Qəznəvinin qardaşı ilə mübarizəsindən istifadə edən Samanilər Xorasanı ələ keçirdilər. Samani hökmdarı olan II Mənsur Qəznəvi sarayına elçi göndərərək, Xorasanın qaytarılmayacağını bildirdi. Nişapura hücum edən Mahmud Qəznəvi Samanilərə qarşı hərbi əməliyyatlara başlamadı. Bunun səbəbi isə Qaraxanlı ordusunun Xarəzmə hücumu idi. O, Qaraxanlıların üstünlük əldə etməməsi üçün Samani ordusuna hücuma keçmədi və gözlədi..[32][33] Çox keçmədən II Mənsuru hakimiyyətə gətirən qulamlar, Beytüz və Faiq ona güvənmədikləri üçün hakimiyyətə kiçik yaşlı II Əbdülməliki gətirdilər.[34][35]
Beytüzün və Faiqin Samani taxtındakı hakimiyyətini aradan qaldırmaq istəyən Qəznəvi hökmdarı, 999-cu ilin mayında Xorasana hücum edərək onları darmadağın etdi. Xorasana qardaşı Nəsri hakim təyin etdi.[36] Samanilərin zəifləməsindən istifadə edən Qaraxanlılar həmin ildə Xarəzmə daxil oldular və Samani hakimiyyətinə son qoydular.[35]
Qaraxanlı hökmdarı I Əhməd xan ilə dostcasına münasibətlər qurulmuşdu. Beləki, Ceyhun çayı sərhəd qəbul edilmiş və Mahmud Qəznəvi Qaraxanlı xanzadəsi ilə evlənmişdi.[37] Lakin bu dostluq əlaqələri I Əhməd xanın Xorasana hücumu ilə pozuldu. Sultan Mahmudun Hindistan yürüşündən istifadə edən I Əhməd xan Xorasana qüvvə göndərdi. Bu xəbər Sultan Mahmuda çatdıqda Hindistan yürüşünü təxirə saldı və üzünü Xorasan tərəfə çevirdi. 1006-cı ilin oktaybr-noyabr aylarında Xorasan Qaraxanlı ordusundan təmizləndi. 1008-ci ildə Bəlx yaxınlığında baş vermiş döyüşdə Qaraxanlılar məğlub edildilər.[37][38]
Yeni Qaraxanlı hökmdarı Mənsur Arslan xan, Sultan Mahmud ilə sülh imzaladı, lakin Qaraxanlılarda ara müharibələri yenidən başladı və Yusif Qadir xan Qaraxanlı Mahmud Qəznəvidən kömək istədi. Hindistan yürüşündə olan Sultan Mahmud bu təklifi qəbul etmədi, lakin sonradan ittifaq bağlayan Mənsur Arslan xan ilə Yusif Qadir xan 1019–1020-ci ildə Xorasana yeni bir Qaraxanlı yürüşü etdilər. Bu yürüşün də heç bir nəticəsi olmadı və Qaraxanlı qüvvələri darmadağın edildilər.[37]
Qaraxanlı dövlətindəki ara müharibələrinin qarşısını ala bilməyən Yusif Qadir xan yenidən Sultan Mahmuddan kömək istədi.[38] Bu dəfə təklifi qəbul edən Mahmud Qəznəvi, 1025-ci ilin mart-aprel aylarında Səmərqənddə Yusif Qadir xanla görüşdü.[38] Sultan Mahmud Yusif Qadir xanın qardaşını ələ keçirsə də onu öldürmədi və bir müddətdən sonra Qaraxanlılar arasındakı ara müharibələrindən çəkildi.[37]
Arslan Yabqunun başçılığı ilə 4 min çadırlıq oğuzlar Mavəraünnəhrdə yaşaya bilmədikləri üçün Sultan Mahmuddan Xorasana köç etməyə icazə istədilər. Onlardan hərbi qüvvə kimi istifadə etmək məqsədilə bu təklifi qəbul edən Qəznəvi hökmdarı Xorasana köç etməyə icazə verdi.[39] Lakin oğuzların sayı çox olduğu üçün köç etdikləri ərazilərdə iqtisadi vəziyyəti korlayırdılar. Bu səbəbdən 1028-ci ildə yerli əhali sultana məktub yazaraq şikayət etməyə başladı. Problemin həll edilməsi Tus hakimi Arslan Cazibə tapşırılsa da, o, oğuzların qüvvətləndiyini və bir əyalətin ordusundan daha çox olduğunu bildirərək hökmdarın qoşunla gəlməsinin daha məsləhətli olduğunu bildirdi.
1028-ci ildə Tusa gələn Sultan Mahmuda Arslan Cazib də birləşdi. Həmin ildə oğuzların üzərinə hücuma keçən Qəznəvi ordusu qalib gəldi. Məğlub olan oğuzlar Kirmana və Azərbaycana qaçdılar. Sultan Mahmud hakimiyyətinin sonuna qədər oğuzları təqib etdi.[39][40]
Hind çayından Qəznəyə qədər ərazilərdə yayılan əfqanlar, Qəznəvi ərazilərinə icazəsiz köçlər edir və ticarət karvanlarını qarət edirdilər. 1019-cu ildə əfqanlar üzərinə hücuma keçən Mahmud Qəznəvi onları tabe etdi və bir hissəsini müsəlmanlaşdırdı.[41]
Qəznəvilərin Təbəristan və Cürcan hakimləri ola Ziyarilər ilə yaxın əlaqələri və idi. 1012-ci ildə Ziyari hökmdarı Şəmsülməali Qabus ibn Vəşmgirin devrilməsindan sonra Ziyarilər arasında taxt müharibələri başladı. Kabusun oğlu Mənüçöhr ilə qardaşı Dara arasındakı hakimiyyət mübarizəsindən istifadə etməyə çalışan Sultan Mahmud, Daranı dəstəkləməyə başladı. Daranın məğlubiyyətini qəbul etməyən Sultan Mahmud Cürcana yürüşə başladı. Bu xəbər Mənüçöhrə çatdıqdan sonra Mahmud Qəznəviyə tabeliyini bildirdi və ildə 50 min dinar xərac ödəməyi öhdəsinə götürdü. Bundan sonra Qəznəvi ordusu Ziyari torpaqlarından geri çəkildi.[42] Lakin Mənüçöhr 1029-cu ildə Mahmud Qəznəvinin Büveyhilər üzərinə hücum edərək Reyi tutmasından narahat oldu və geri qayıdan Qəznəvi ordusunun yolunu kəsdi. Həmin ildə Sultan Mahmudun üzərinə yürüşə hazırlaşması xəbərini aldıqdan sonra qorxuya düşən Mənüçöhr Ziyari verdiyi xəracın 10 qatını, yəni 500 min dinarı Qəznəvi sarayına göndərdi. 1030-cu ildə Mənüçöhrün ölümündən sonra Ziyari taxtına oturan Ənuşirvan Mənüçöhr də atası kimi 500 min dinar ödəyərək, Sultana tabeliyini bildirdi.[43]
1012-ci ildə Büveyhilər sülaləsi arasında da taxt müharibələri başladı. Büveyhi şahzadəsi Əbül-Fəvaris Sultan Mahmuda məktub yazaraq ona tabelik bildirdi və bu müahribələrdə Qəznəvilərdən kömək istədi. Sultan Mahmud Əbül-Fəvarisə dəstək üçün qüvvə göndərdi, sultan ordusunun köməyi ilə Əbül-Fəvaris Kirmanı tamamilə ələ keçirdi, lakin Şirazı ələ keçirdikdən sonra Mahmud Qəznəvinin sərkərdəsi Əbu Səid ilə arası pozulan Əbül-Fəvaris Qəznəvilərin köməyindən məhrum oldu. Məğlub olan Əbül-Fəvaris qaçdı və Kirman Qəznəvilərin əlinə keçdi.[44]
Digər tərəfdən Büveyhilərin Rey hakimi 1028-ci ildə özünə qarşı qalxan üsyanı yatıra bilmədiyi üçün Sultan Mahmuddan kömək istədi. 1029-cu ildə Qəznəvi ordusu şəhərə daxil oldu və Reyi ələ keçirildi.[44]
Sultan Mahmud və digər Qəznəvi hökmdarları həmişə Abbasi xəlifələri ilə dövlət əlaqələrini dostcasına tutmağa çalışmışlar. Sultan Mahmud xəlifə Qədir Bühhaha xəlifə seçilməsi münasibətilə dəyərli hədiyyələr göndərmiş həmçinin xəlifə də onun Hindistanda müsəlmanlığı yaymaq istəyini təqdir etmiş və onu müxtəlif İslami ləqəblərlə təltif etmişdir.[45]
Sultan Mahmudun Qaraxanlıların ara müharibələrinə qarışması Abbasilər ilə əlaqələri pozsa da, Qəznəvi hökmdarı bu münasibətləri bərpa etmişdir. 1024-cü ildə Qəznəvilər ilə Şiə Fatimi sülaləsi arasındakı elçi mübadiləsi xəlifəni narahat edirdi. Sultan Mahmud hakimiyyəti dövründə şiəliyi təqib etmiş və digər müsaəlman dövlətlərindəki kimi adını kəsilən pullarda xəlifənin də adını qeyd etmişdir. Mahmud Qəznəvi etdiyi yürüşlərdən sonra Bağdada hədiyyələr göndərirdi.[46]
Mahmud Qəznəvi Qaraxanlılar ilə sülh müqaviləsi bağladı və taxta çıxarkən verdiyi sözə uyğun olaraq Hindistana yürüşə hazırlaşdı. 1001–1027-ci illərdə Şimali Hindistan Mahmud Qəznəvinin 17 yürüşünə məruz qaldı. Yürüşlərin məqsədi burada İslamın yaymaq, qənimətlər və torpaqlar ələ keçirmək idi.[47] Mahmud Qəznəvi 1000-ci ilin sentyabırında I Hindistan yürüşünə çıxdı. Kabilin şimalındakı bəzi qalaları ələ keçirdi və Qəznəəyə geri döndü. 1001-ci başladığı II Hindistan yürüşündə isə Vayxand racası Caypalın üzərində qələbə çalındı və fillər də daxil olmaqla böyük qənimət əldə edildi.[47] 1001-ci ilin noyabrında yeni yürüşə başlayan Mahmud Qəznəvi II yürüşdə ona dəstək verməyən raca Beci Raya üzərinə hücuma keçdi. Beci Ray məğlub edildi və Bxatiya ərazisi Qəznəvilərin əlinə keçdi. 1006-cı ilin martında Hindistana yenidən hücuma başlayan Mahmud Qəznəvi, Multanı və Pəncabı ələ keçirdi.[48]
1008-ci ildə Sultan Mahmudun Multana təyin etdiyi Suphal, Mahmudun tabeliyindən imtina etdi və Hindu dinini qəbul etdi. Həmin ildə yürüşə çıxan Sultan Mahmud yenidən Multanda Qəznəvi hakimiyyətini bərpa etdi. Pəncab ətrafındakı racalar üzərinə dağıdıcı yürüşlər edən Sultan, onların hakimiyyətini zəiflətdi. 1010-cu ildə şimali Hindistandakı Nandan şəhəri tutuldu.[48]
1014-cü ildə Hindu dininin mərkəzlərindən olan Dehli şəhərindən 150 km şimalda yerləşən Thanesar şəhərinə yürüş etdi. Şəhəri ələ keçirən Qəznəvi ordusu, buranı yandırdı və qarət etdi. 1018-ci ildə Türkistandan gələn türk boyları (təxminən 20 min nəfər) Qəznəvi imperiyasının ərazisində yerləşdi və Qəznəvilərin ordu qüdrəti daha da artdı. 1015-ci ilin sonlarında dövlətin sərhədləri Aqra şəhərinə qədər uzandı.[47] Mahmud Qəznəvi 1021-ci ildə Kəşmirə hücum etsə də, Qış olduğu üçün geri çəkildi.
1022-ci ildə XV Hindistan yürüşünə çıxan Mahmud Qəznəvi Gvalior və Kalincar torpaqlarını özündən asılı vəziyyətə saldı. 1026-cı ildəki növbəti hücum zamanı Somnat şəhəri ələ keçirildi. Beləliklə Qanq çayına qədər Şimali Hindistan əraziləri Qəznəvilər tərəfindən işğal edildi.[48][49]
Sultan Mahmud İrandakı Səfərilərin daxilindəki ara müharibələrindən istifadə etdi. Səfəri əyanlarının Qəznəvilərdən kömək istəməsi Sultan Mahmud üçün bəhanə oldu. 1002-ci ildə Sistana yürüş edən Mahmud Qəznəvi, dekabrın 21-də bölgənin hakimi Əmir Xələfi məğlub etdi və Sitan Qəznəvilərin əlinə keçdi. 1004-cü ildə Sistanda Qəznəvilərə qarşı üsyan qalxdı. Sultan Mahmud üsyanı yatırdı və qardaşı Nəsri bura hakim təyin edərək Qəznəyə geri döndü.[50]
999-cu ildə Samanilərin hakimiyyətinə son qoyulduqdan sonra Xarəzm Qaraxanlı dövlətinin tabeliyinə keçdi, lakin Mahmud Qəznəvi Xarəzmi də ələ keçirmək üçün fürsət axtarırdı. Qaraxanlılar dövlətindəki ara müharibələrindən istifadə edən Sultan Mahmud 1017-ci ildə Xarəzmin mərkəzi olan Gürgəncə elçi göndərərək tabe olmalarını tələb etdi. Xarəzm hakimi bu təklif ilə razılaşsa da, ona qarşı çıxan saray əyanları həmin ildə hakimi devirdilər və yerinə yeni hakim gətirdilər. 1017-ci ilin iyununda Xarəzmə yürüş edən Sultan Mahmud Gürgəncə daxil oldu və Xarəzm tamamilə tabe edildi. Qaraxanlıların isə Qəznəvi hakimiyyətini qəbul etməkdən başqa yolları qalmadı.[51]
Atası Səbuk Təkinin dövründə Quri ərazisi Qəznəvilərə tabe edilmişdi, lakin Quri hakimi Məhəmməd, Səbuk Təkinin ölümündən istifadə edərək müstəqillik elan etdi. 1011-ci ildə Mahmudun başçılığı ilə Qəznəvi ordusu Qura soxuldu. Qurilər dağlara çəkilərək müdafiə olunmağa başlasalr da məğlub edildilər.[52] 1020-ci ildə oğlu Məsudu yenidən Gura göndərən Sultan Mahmud, buranı birdəfəlik ələ keçirdi.[52]
Mahmud Qəznəvi 999-cu ildə Gərcistan hakiminə elçi göndərərək tabe olmasını istədi. Gərcistan hakimi tabeliyini bildirsə də, ondan sonra yeni gələn hakim asılılıqdan imtina etdi.[53] Bu səbəbdən Mahmud Qəznəvi Gərcistana yürüşə başladı. 1012-ci ildə Qəznəvi ordusu Gərcistanı tamamilə Qəznəvi hakimiyyətinə tabe etdi. Gərcistan hakimi isə əsir alındı və 1015–16-cı ildə həbsdə öldü.[54]
Sultan Mahmud ölümündən əvvəl işğal etdiyi əraziləri 5 oğlundan,[q 3][55] 2 ən böyüyü arasında bölmüşdü. Qəznə, Xorasan, Bəlx, Şimali Hindistan Məhəmmədə və Rey, İsfahan, Cibal isə Məsuda verilmişdi. 30 aprel 1030-cu ildə Mahmud Qəznəvinin ölümündən sonra vəsiyyətinə uyğun olaraq 33 yaşındakı oğlu Məhəmməd Qəznəvi taxta oturdu.[56] Lakin saraydakı bəzi əyanlar və sərkərdələr onun hakimiyyətini qəbul etmədilər. Bu xəbər qardaşı Məsuda çatdıqda hakimiyyəti altındakı torpaqları vəkilinə tapşıraraq, ölkənin paytaxtına yürüşə başladı. Reyə çatan Məsud Qəznəvi[57] qardaşına məktub yollayaraq, vəkil olmasını və pullarda hər ikisinin adının vurulmasını tələb etdi, lakin Məhəmməd bu təklifi rədd etdi.[58]
Abbasi xəlifəsi Əl-Qədir, Xorasan hakimləri və Qaraxanlı hökmdarı I Məsudu hökmdar kimi tanıdılar. Həmçinin I Məsud oğuzların təqibini dayandırdı və onların köçlərinə icazə verdi.[59] 1030-cu ilin senyabrında Məsudun üzərinə hücuma keçən Məhəmməd Qəznəvi sərkərdələrinin də xəyanətinə uğradı və həbs edildi.[56]
Beləliklə Sultan Məsud Qəznəvi 1030-cu ildə taxta oturdu və sultan elan edildi. Hakimiyyətə gələn kimi I Məsud həbsdəki qardaşının gözlərini kor etdirdi[60][61] və əmisi Yusif Qəznəvini Husdar hakimi təyin etdi, lakin 1031-ci ildə əmisinin Qaraxanlılarla ona qarşı əlaqəyə girdiyini öyrəndikdən sonra onu həps etdirdi.[56] 1031-ci ildə Kirmanda qarışıqlıq yarandı. Həmin ildə Sultan Məsudun qüvvələri üsyanı yatırdı və Qəznəvi hakimiyyətini Kirmanda yenidən bərpa etdilər.[62] 1032–33-cü illərdə Hindistan sipəhsaları olan Əhməd Yinaltəkin özünü Sultan Mahmudun oğlu olduğunu bildirdi və mərkəzi hakimiyyətə tabe olmaqdan boyun qaçırdı, lakin onun üsyanı 1034-cü ilin senyabr-oktyabr aylarında tamamilə yatırıldı və Əhməd Yinaltəkin öldürüldü.[63]
1032-ci ildə I Məsuda Qaraxanlıların əsgər toplayaraq Xarəzm ərazilərinə yürüşə keçməsi barədə xəbər çatdı. Qəznəvi hökmdarı 15 minlik ordu ilə Xarəzm hakiminin köməyinə göndərdi. Özü isə Bəlxə yola düşdü. Həmin ildə Debusiyə döyüşündə tərəflərdən heç biri üstünlüyü ələ keçirə bilmədilər. Beləliklə Xarəzm Qəznəvilərin hakimiyyətində qaldı.[64]
1034-cü ildə Xarəzm hakimi Qəznəvi aılılığından imtina etdi və özünü müstəqil hökmdar elan etdi. Qəznəvi sarayında girov olan qardaşının ölümünü səbəb gətirən Xarəzm hakiminin əsas məqsədi, Xorasanda getdikcə güclənən oğuzların da köməyindən istifadə edərək müstəqil hakimiyyət qurmaq idi.[65][66] Oğuzların başçıları Toğrul bəy və Çağrı bəy də öz qüvvələri ilə Xarəzm hakiminə qoşuldular. Xarəzm sarayındakı Qəznəvi tərəfdarları Sultan I Məsudun əmri ilə Xarəzm hakimini 1035-ci ildə sui-qəsd edərək öldürdülər. Bundan sonra başsız qalmış Xarəzm qüvvələri dağılmağa başladılar, müttəfiqləri Oğuz bəyləri geri döndülər.[65] Yeni hakim Altuntaş Qəznəvi hökmdarına tabelik bildirdi.
Səlcuq oğuzların Xorasanda getdikcə qüvvətlənməsi I Məsudu narahat edirdi, bu səbəbdən 1035-ci ildə Sultanın başçılığı ildə Qəznəvi ordusu Xorasanda hərbi əməliyyatlara başladı. Xorasandakı döyüşlər heçdə Qəznəvi ordusu üçün yaxşı olmadı. Beləki, Qəznəvilər həm Xorasanda Səlcuqlara məğlub oldular, həm də İraqdakı oğuzlar, Səlcuqların bu qələbəsindən sonra hücuma keçərək 1038-ci ildə Reyi və ətrafını tamamilə ələ keçirdilər.[67] I Məsud Səlcuqlara qarşı Qaraxanlılarla birləşdi və Qaraxani xanzadəsi Şah xatın (Yusif Qadir xanın qızı) ilə evləndi, amma bu ittifaq təzliklə pozuldu.
1037-ci ildə Məsud Qəznəvi sərkərdələrin narazılığına baxmayaraq Hindistana yürüş etdi. 1038-ci ildə Sultan Məsud böyük qənimət ilə paytaxta döndü.[68] I Məsudun Hindistanda olmasından istifadə edən Səlcuq oğuzaları Xorasana yürüşlər etdilər, üzərlərinə göndərilmiş Qəznəvi ordusunu məğlub edən Səlcuqlar Nişapuru tutdular.[68][69] 1039-cu ildə göndərilmiş digər Qəznəvi ordusu ilə Səlcuqlar arasında döyüşlər isə heç bir nəticə vermədi. Bu döyüşdə tərəflərdən heç biri üstünlüyü ələ keçirə bilmədiyi üçün sülh müqaviləsi imzalandı.[70]
Tərəflər arasındakı sülhə baxmayaraq I Məsud Səlcuqlara güvənmirdi. Bu səbəbdən Sultan, 1039-cu ildə Səlcuqlar üzərinə həll edici yürüşə çıxdı.1040-cı ilin 16 yanvarında Qəznəvi ordusu Nişapura soxuldu, lakin Qəznəvi ordusu burada çox qalmadı, ərzaq əldə etmək üçün I Məsud Mərvə çəkildi. Onun qoşunundakı oğuz dəstələri isə gizlincə ayrılaraq Səlcuqlara qoşulmağa başladılar. İtkilərə baxmayaraq 22 may 1040-cı ildə Qəznəvi ordusu döyüş vəziyyətini aldı.[71]
Mayın 24-də döyüş başladı, Səlcuq qüvvələrinin şiddətli hücumu qarşısında Qəznəvi ordusu Dəndənəkan qalasına çəkilməyə başladı. Qalaya daxil olan Sultan Məsud su ehtiyatı əldə etmək üçün qala ətrafına əlavə qüvvələr göndərdi. Bu qüvvələrin də çox hissəsinin Səlcuqların tərəfinə keçməsi, yorğun və ərzaqsız olan Qəznəvi ordusunun vəziyyətini daha da pisləşdirdi. Getdikcə dağılan Qəznəvi ordusu qaçmağa başladı, Sultan Məsud Qəznəyə qaçdı.[72]
Bu məğlubiyyətdən sonra Səlcuqlardan çəkinən I Məsud 1040-cı ilin noyabrında Hindistana çəkilməyə başladı. Ailəsi və xəzinəsi ilə yola düşən Sultan yolda olarkən əyanlar tərəfindən devrildi və həbsə atıldı. Onun yerinə həbsdən çıxan qardaşı Məhəmməd Qəznəvi yenidən taxta çıxdı. Məsud Qəznəvi 1041-ci ilin yanvarın 17-də, həbsdə vəfat etdi.[73][74]
Məhəmməd Qəznəvi, ikinci dəfə taxta oturduqdan sonra qışı Qəznədə yox Pişəvərdə keçirdi. Bundan istifadə edən I Məsudun oğlu Mövdud Qəznəvi Qəznədə özünü sultan elan etdi. Mövdud yazda əmisinin üzərinə hücuma keçdi. 1041-ci ilin aprelində Cəlalabad döyüşündə Məhəmməd Qəznəvi məğlub oldu və öldürüldü.[73][75]
Mövdud Qəznəvi əmisini məğlub etsə də, hələ də Qəznəvi torpaqlarına bütün hakimiyyətini yaya bilməmişdi. Onun qardaşı Məcdud Hindistandan qoşunla Qəznəyə yürüşə başlamışdı. Ancaq Məcdud 11 avqust 1041-ci ildə Lahordakı çadırında ölü tapıldı. 1043–44-cü illərdəki Hind racalarının üsyanı da yatırıldı. Ölkənin qərbində də hakimiyyəti ələ keçirmək üçün hərəkətə keçən Sultan Mövdud burada hakimiyyətini tam yaya bilmədi.[76]
Səlcuqilər ilə münasibətləri düzəltmək üçün Mövdud, Səlcuq hökmdarı Çağrı bəyin qızı ilə evləndi. Sutan Mövdudun əsil niyyəti isə bu sülhdən istifadə edərək, Səlcuqların əlindəki Qəznəvi torpaqlarını geri almaq idi. Mövdud Qəznəvinin əmri ilə Xorasana hücuma keçən Qəznəvi ordusu Çağrı bəyin oğlu Alp Arslanın qüvvələri tərəfindən darmadağın edildi. Qaraxanlılarla ittifaq bağlayıb yeni yürüşə keçməyə hazırlaşan Qəznəvi hökmdarı, 18 dekabr 1049-cu ildə öldü.[77]
Məvdud Qəznəvinin ölümündən sonra Çağrı bəyin qızından olan oğlu II Məsud hakimiyyətə gəlsə də, sadəcə 10 gün hakimiyyətdə ola bildi. O, dekabrın 29-da taxtdan salındı və yerinə Məvdudun qardaşı Əli taxta oturdu. Sultan Əli hökmdar olduqdan sonra əmisi Əbdürrəşiti həbsə atdı. Sistana ordu yeridsə də, orduya başçılıq edən sərkərdələri ona qarşı üsyan etdilər və Əbdürrəşidi həbsdən azad etdilər. Əli Qəznəvi qaçmağa çalışsa da, ələ keçirildi və həbs edildi.[78] 24 yanvar 1050-ci ildə Əbdürrəşid Qəznəvi özünü sultan elan etdi və Qəznəvi taxtına oturdu. Əbdürrəşid 1051-ci ildə Toğrul Bozan adlı sərkərdənin başçılığı ilə Sistana qoşun göndərdi. Həmin ildə Toğrul Bozan Sistanı tutdu. Geriyə qayıtdıqdan sonra isə Əbdürrəşidi və ailəsini qılıncdan keçirdi, özünü isə sultan elan etdi. Sadəcə Fərruxzad, İbrahim və Şüca adlı sərkərdələr qaçıb, canlarını qurtara bildilər.[79] 1052-ci ildə isə Toğrul Bozanın özü əyanlar tərəfindən öldürüldü. Toğrulun ölümündən sonra keçirilən müşavirədə sağ qalmış şahzadələrdən Fərruxzadın taxta oturması qərara alındı.[80]
Sultan Fərruxzad, ara müharibələrindən istifadə edərək hücuma keçən Çağrı bəyi məğlub etdi, lakin irəliləməyə başlayan Qəznəvi ordusu 1053-cü ildə Toxaristanda ağır məğlubiyyətə uğradıldı. Sultan Fərruxzadın 1059-cu ildə ölümündən sonra hakimiyyətə qardaşı İbrahim Qəznəvi gəldi.[81]
Sultan elan edildikdən dərhal sonra Səlcuqlarla sülh imzalayan İbrahim, ölkədəki daxili işləri nizama salmağa başladı. Sülhə əsasən Qəznəvilərlə Səlcuq imperiyası arasındakı sərhədi Hindiquş dağları ayırırdı. Sultan İbrahim 1079–80-ci illərdə Hindistana yürüş edərək bol qənimətlər əldə etdi. Qurilərə qarşı hərbi əməliyyatlar müvəffəqiyyətlə nəticələndi. İbrahim Qəznəvi 1099-cu ildə vəfat etdi və yerinə oğullarından III Məsud hakimiyyətə gəldi. III Məsud da Hindistana yürüşlər etdi. O, 1115-ci ildə 54 yaşında vəfat etdi. Hakimiyyətə oğlu Şirzad Qəznəvi gəldi. Şirzad bir müddət hakimiyyətdə qaldı və qardaşı Arslanşah tərəfindən taxtdan salındı və öldürüldü.[82] Ara müharibələrinin sonunda Qəznəvi sülaləsindən Arslanşah hakimiyyətə gəldi. Ondan sonra Qəznəvi sülaləsinin tək bir üzvü Bəhramşah qaldı.
Bəhramşah, Səlcuq sultanı Səncərə məktub yazaraq onu Arslanşaha qarşı hücuma təhrik etdi. O, məktubunda Sultan Səncərə bildirirdi ki, əgər Qəznəyə hücum Arslanşahı qovsa, pullarda öz adı ilə birlikdə Sultan Səncərin də adını vurduracaq və ona illik vergi kimi xərac ödəyəcək. Bu təklifi qəbul edən Sultan Səncər hücuma keçərək 1117-ci ildə Qəznəni tutdu və Bəhramşahı sultan elan etdi. Sultan Səncər geri dönməsinə fürsət bilən Arslanşah 1118-ci ildə Qəznəyə hücum etsə də, məğlub oldu və öldürüldü.[83] 1119-cu ildə Bəhramşahın hakimiyyətinə qarşı Hindistanda qiyam qalxdı. Üsyan Bəhrəmşah Qəznəvi tərəfindən amansızlıqla yatırıldı. 1135-ci ildə Sultan Səncər ikinci dəfə Qəznəyə hücuma keçdi və şəhərə daxil oldu. Bu yürüşün səbəbi isə Bəhramşahın müstəqil siyasət yeritməyə başlaması idi, lakin Səlcuq sultanının hakimiyyətini qəbul edən Bəhramşah yenidən taxtına qayıda bildi.[84]
Sultan Bəhramşah sərhəd qonşuları olan Qurilərin arasındakı ara müharibələrindən istifadə etməyə çalışırdı. Bu isə Qurilərlə münasibətlərin pozulmasına gətirib çıxardı. 1148-ci ilin sonlarında Qurilər Qəznə şəhərinə hücuma keçdilər və şəhəri ələ keçirdilər. Bəhramşahın qüvvələri darmadağın edildilər, özü isə Hindistana qaçdı. 1152-ci ildə Sultan Səncər tərəfindən məğlub edilən Qurilər geri çəkildilər və Bəhramşah Qəznəvi şəhərə qayıda bildi. Bəhramşah 1157-ci ildə vəfat etdi.[84] Onun ölümündən sonra hakimiyyətə oğlu Xosrovşah gəldi. Sultan Səncərin də ölümündən istifadə edən Qurilər 1157-ci ildə Qəznəni tutdular. Hindistana çəkilən Xosrovşah paytaxtı Lahora köçürdü. Xosrovşahın oğlu Xosrov Məlik Pəncab ətrafında Qəznəvi hakimiyyətini qorumağa çalışdı, lakin 1186-cı ildə məğlub edildi və oğulları ilə birlikdə həbs edildi. Bununla da Qəznəvi dövlətinin varlığına son qoyuldu.[85]
Qəznəvi idarəetmə sistemi Türk, İran və İslami sistemlərə söykənirdi. Qəznəvi hökmdarları özlərini "Allahın yer üzündəki kölgəsi" sayırdılar.[86] Samanilərə də bir müddət xidmət etmiş Qəznəvilər, orta əsr İslam dövlətlərinə aid dövlət, hökumət və hakimiyyət sistemlərini mənimsəmişdilər. Dövlət idarəetməsi birbaşa Abbasi, Samani və qədim Türk dövlətlərinin (Ağ Hunlar, Göytürklər və Uyğurların) sistemlərinin sintezi idi.[87]
Türk-İslam dövlətlərində olduğu kimi Qəznəvilərdə də, hökmdar taxta çıxdıqda adına pul zərb olunur və xütbə oxunurdu. Mahmud Qəznəvidən əvvəlki hökmdarlar "əmir" titulunu daşısalar da, Mahmud Qəznəvi və sonrakı hökmdarlar "sultan" titulu daşıyırdılar.[8] Dövlət idarəetməsi "Divan" adlanırdı. Bu divanlardan ən əsasları, "Divani Vəzarət", "Divani Ərz", "Divani Risalət" və "Divani İşraf" idi. "Divani Vəzarət" vəzirin başçılığı ilə dövlətin maliyyə işlərinə və idarə edilməsinə nəzarət edirdi. Divani Ərz dövlətin müdafiəsinə nəzarət edirdi. Böyük əmirlərə "hacib" deyilirdi. Divan üzvlərinə "xaceyi bozorq" və yaxud "xacə" deyilirdi.[88] Vilayət və şəhərlərə naiblər, nisbətən kiçik ərazilərə isə "amidlər" başçılıq edirdilər. Xarəzm bölgəsinin hakimlərinə "xarəzmşah" deyilirdi. "Sahibi Divan" olan vəzir vergi toplanmasına nəzarət edirdi.[88]
Qəznəvi dövlətində ilk dövrlərdə işğallar əsas yer tutduğu üçün ordu həmişə hazır halda olurdu. Qəznəvi ordusu : qulamlardan, vassal hakimlərin qüvvələrindən, vilayət qüvvələrindən və fillərdən təşkil olunmuşdu. Ancaq ordunun əsasını qulamlar təşkil edirdilər.[89] Orduda ən kiçik rütbə "hayldaş" idi, 10 atlıya rəhbərlik edirdi. 100 nəfərlik süvariyə isə "qaid", 500 nəfərə "sərhəng", 1000 nəfər başçılıq edənə isə "salar" deyilirdi. Ordu başçısı "hacib" adlanırdı.[90]
Qulamlardan çoxunu türklər təşkil edirdilər, sayları təxmini 4–6 min nəfər idi. Sonralar qulamlar arasına hindlilər və taciklər də qatıldılar. Qulamlara başçılıq edən şəxs "salari qulaman" adlanırdı. Əyalət hakimləri müdafiə zamanı yerli əhalidən və tayfalardan qoşun yığırdılar. Orduda 1700 dənə fil var idi. Hindistana yürüşlər zamanı könüllü "qazi"lərdən də istifadə edilirdi.[91]
Qəznəvilərdə "şəri" məhkəmələr hökm sürürdülər. Hakimlik vəzifəsinə dini biliyi çox olan qazılar tətin olunurdular. Bu məhkəmələrdə evlənmə, boşanma, miras və başqa məsələlər həll edilirdilər. Hər vilayətin məhkəməklərinə başçılıq etmək üçün "qaziyyül-qudat" və adanan qazılar rəhbərlik edirdilər. Məhkəmə qərarlarına demək olarki hökmdar da müdaxilə edə bilmirdi.[88] Qazılara vəzifələrini yaxşı yerinə yetirmələri və rüşvət almamaqları üçün yüksək məvacib ödənilirdi. Qəznəvilərdə "Divani Məzalim" adlı hökmdarın başçılıq etdiyi məhkəmə də fəaliyyət göstərirdi. Bu məhkəmələrdə xalqın şikayətlərinə baxılırdı.
Qəznəvi mədəniyyəti Türk, Fars və İslam mədəniyyətlərinin bir yerdə təcəssümü idi.[92] Qəznəvi mədəniyyəti, öz dövründəki və sonrakı digər İslam dövlətlərinə də təsir etmişdi. Memarlıq sənəti böyük inkişaf etmişdi, hətta onun Səlcuqlar üzərindəki təsiri özünü Anadolu bəyliklərinin memarlığında da açıqca gösərir.[93]
Qəznəvi dövründə bir çox kitabxanalar və Nişapur ətrafında mədrəsələr inşa edilmişdir. Sultan Mahmudun əmri ilə Qəznə məscidinin yaxınlığında kitabxana və mədrəsə inşa edildi. "Darül-Ulum" adlı bu mədrəsənin yanındakı kitabxanaya həm də antik və qədim əsərlər toplanmışdı. Kitabxana dövrümüzün muzeyi idi.
İslam və Hind memarlığının məcmuəsi olan Qəznə memarlığı, rəsmləri və bəzənməsi Səlcuq və Moğol mədəniyyətində də böyük təsirlər qoymuşdur.[94] Mahmud Qəznəvi ölkədə memarlığa önəm verirdi. Onun dövründə paytaxt Qəznə şəhərində mədrəslər, kitabxanalar, xəstəxanalar, baxçalar, saraylar, körpülər, və məscidlər inşa edilmişdir. Qəznəvilərdən dövrümüzə qalan memarlıq nümunələrinə Əfqanıstanın Büst şəhərindəki "Ləşgəri Bazar sarayını" göstərmək olar. Bu saray ətrafında araçdırmalar nəticəsində məscid qalıqları tapılmışdır. Memarlıq sənəti ilə yanaşı, bəzəmə sənəti də mühüm rola malik idi. Bu sənətə ən çox qayğı və kufi yazı üsülunun inkişafı Sultan İbrahim Qəznəvi dövründə olmuşdur.[95]
1258-ci ildə Abbasilərin süqutuna qədər, bütün müsəlmaqn hökmdarları Abbasilərdən dini cəhətdən asılılıqlarını bildirirdilər. Məsələn, Qəznəvi hökmdarı Mahmud hökmdarlığını tanlıdığı üçün xəlifəyə müxtəlif hədiyyələr göndərmişdi. Sultan Mahmud hakimiyyətdə olduğu dövrlərdə xəlifə ilə əlaqələri möhkəmləndirmək siyasəti yeridilirdi. Beləki, Mahmud Qəznəvinin hakimiyyətinin sonuna qədər ölkədə şiələr təqib edilirdilər.[96] Abasilərlə elçi mübadiləsi aparılırdı və Abbasi elçisi həmişə sarayda yaxşı qarşılanırdı.[97] Oxunan xütbələrdə və pullarda Qəznəvi hökmdarının adı ilə yanaşı xəlifənin də adını çəkilirdi.[98]
Qəznəvilərin tarixdə qoyduqları ən əsas izlərdən biri, Hindistana yürüşləri idi. Bu yürüşlər zamanı Qəznəvi hökmdarları Hindistanda İslamı zorla və yaxud mülayim şəkildə yayırdılar.[94] Bu səbəbdən bəzi tarixçilər indiki Hindistan-Pakistan problemini[q 4] Qəznəvilər ilə bağlayırlar.[93][99]
Qəznəvi dövlətinin rəsmi dili farsca idi, orduda və sarayda isə türk dilində danışılırdı. Məsələn, əyanların rəsmi adlandırmasında farsca "bozorq" sözü ilə yanaşı, türkcə "uluğ" sözü də işlədilirdi.[100] Qəznəvilər dövründə, Samanilər kimi ədəbiyyat dili farsca idi. Bunlara Firdovsinin "Şahnamə" əsəri daxildir.[93] Samani hökmdarları kimi Qəznəvi sultanları da, farsca şeirlər yazırdılar və şairləri müdafiə edirdilər. Mahmud Qəznəvi türk adət-ənənələrinə önəm verirdi, ilk türk-İslam şairi onun dövründə yaşamışdır.[100] Firdovsi Şahnaməsini bu dövrdə yazmışdır. Payxtaxt Qəznə sanki ədəbi mərkəz idi və müxtəlif bölgələrdən buraya şairlər və alimlər axışırdılar.[101]
Bu dövrdə şairlər, özlərindən əvvəlki şairlərin əsərlərinə öz milli duyğularını və mədəniyyətlərini də əlavə edirdilər.[102] Sultan Mahmudun Hindistana yürüşü haqqında əsərlərdə müxtəlif məlumatlar verilmiş və bü yürüşlər haqqında ayrıca əsərlər də yaradılmışdır. Bu əsərlər farsca və ərəbcə yazılmışdır.[103]
Qəznəvilər hücum etdikləri ölkələrdən alimlərui və sənətkarları paytaxt Qəznəyə əsir kimi götürərək, onlardan mədəni və elmi sahədə istifadə edirdilər. Qəznəvilər tərəfindən əsir alınan alim əl-Biruni astronomik və riyazi işlərini Qəznədə davam etdirmişdir.
Səbuk Təkin 1.(977 - 997) | |||||||||||||||||||||||||||||||||||||||||||
İsmayıl 2.(997 - 998) | Mahmud 3.(998 - 1030) | ||||||||||||||||||||||||||||||||||||||||||
Məhəmməd 4.(1030 - 1031) | Əbdürrəşid 9.(1050 - 1052) | I Məsud 5.(1030 - 1041) | |||||||||||||||||||||||||||||||||||||||||
Mövdud 6.(1041 - 1049) | Əli 8.(1050) | Fərruxzad Qəznəvi 11.(1052 - 1059) | İbrahim 12.(1059 - 1099) | Toğrul Bozan 10.(1052) | |||||||||||||||||||||||||||||||||||||||
II Məsud 7.(1049) | III Məsud Qəznəvi 13.(1099 - 1115) | ||||||||||||||||||||||||||||||||||||||||||
Şirzad Qəznəvi 14.(1115 - 1116) | Arslanşah Qəznəvi 15.(1116 - 1117) | Bəhramşah Qəznəvi 16.(1117 - 1157) | |||||||||||||||||||||||||||||||||||||||||
Xosrovşah Qəznəvi 17.(1157 - 1160) | |||||||||||||||||||||||||||||||||||||||||||
Xosrov Məlik 18.(1160 - 1186) | |||||||||||||||||||||||||||||||||||||||||||
|
|