I Mariya və ya Mariya Tüdor (18 fevral 1516, Plasentiya sarayı[d], Böyük London regionu[d] – 17 noyabr 1558, Sent-Ceyms sarayı, Böyük London regionu[d]) — İngiltərə və İrlandiya kraliçası. Atası VIII Henri dövründə başlayan dini reformasiya hərəkatının qarşısını almaq məqsədilə aldığı sərt tədbirlər və verdiyi ölüm hökmləri səbəbilə protestant düşmənləri tərəfindən "Qanlı Mariya" olaraq adlandırılmışdır.
I Mariya | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 18 fevral 1516 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 noyabr 1558 (42 yaşında) |
Vəfat yeri |
|
Dəfn yeri | |
Atası | VIII Henri[1] |
Anası | Araqonlu Ketrin[1] |
Həyat yoldaşı | |
|
|
İmzası | |
Vikianbarda əlaqəli mediafayllar |
Mariya Tüdor VIII Henrinin ilk xanımı Araqonlu Ketrindən doğulan yeganə övladı idi. 1547-ci ildə atasının ölümünün ardından ögey qardaşı VI Eduard (VIII Henri və Ceyn Seymurun oğlu) 9 yaşında taxta çıxdı. Ancaq çox keçmədən ölümcül xəstəliyə yaxalanan VI Eduard isə qatı katolik olan ögey bacısı Mariyanı vəliəhdlikdən çıxarmaq niyyətində idi. Səbəb isə bacısının və onun dini baxışlarının atası VIII Henri və özünün səltənəti dövründə baş tutan dini reformasiyaya qarşı olması idi. Hətta kralın vəfatının ardından saray əyanları gizli olaraq kralın uzaq qohumu olan (bibisi Fransa kraliçası Mariya Tüdorun nəvəsi) və saraya yaxınlığı ilə seçilən güclü protestant Ceyn Qreyi kraliça elan etdi. Ancaq 9 gün keçmədən Mariya ölkənin şərqində güclü bir ordu toplayaraq Londona hərəkət etdi və hakimiyyəti ələ aldı. Beləliklə, o, Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası oldu. 1554-cü ildə Mariya İspaniya vəliəhdi Filiplə evləndi və 2 il sonra ərinin İspaniya taxtına çıxmasıyla Habsburq İspaniyasının kraliçası elan edildi.
5 illik səltənəti boyunca 280-dən çox dini müxalifi çarmıxa çəkilərək yandırıldı. Onun 1558-ci ildə vəfatının ardından, İngiltərədə canlandırdığı katolik inancının, ögey bacısı və xələfi I Elizabet tərəfindən önü kəsildi.
Mariya 18 fevral 1516-cı ildə Londonda Plasentiya sarayında dünyaya gəldi. İngiltərə kralı VIII Henrinin və onun ilk xanımı Araqonlu Ketrinin həyatda qalan yeganə övladı idi. Belə ki, anası Mariyanın dünyaya gəlişindən öncə dəfələrlə hamilə qalmış, ancaq bu uşaqlar ya ölü olaraq dünyaya gəlmiş, ya da bir neçə gün sonra vəfat etmişdi.[2][3]
Mariya dünyaya gəldikdən 3 gün sonra Qrinviçdəki İtaətkar Rahiblər kilsəsində katolik inancına görə vəftiz edildi.[4] Onun xaç atası Lord Tomas Uolsey, xaç anası isə atasının xalası Yorklu Ketrin və Norfolk hersoginyası Agnes Hauerd oldu.[5] Atasının bir müddət öncə sürgün edilən qohumu Marqarita Pol (onun babası ilə VIII Henrinin babası qardaş idi) isə Mariyanın dünyaya gəlişi səbəbilə bağışlandı və əvvəlcə körpənin himayədarı, 1520-ci ildə isə dayəsi olaraq sarayda yer aldı.[6][7]
Mariya olduqca ağıllı bir uşaq idi.[8] Hətta 1520-ci ilin iyulunda təqribən 4–5 yaşlarındaki Mariya sarayda qəbul edilən Fransa elçilərinə pianoda möhtəşəm bir əsərlə çıxış etmişdi.[9] İlk təhsili anasının nəzarətində keçmişdi. 9 yaşı olanda artıq latın dilində oxuyub yazırdı.[10] Fransız, ispan və yunan dilləri, musiqi və rəqs üzrə dərslər aldı.[11] Kral Henri isə qızına olduqca nəvazişli idi və Venesiya elçisi Sebastiyan Gustinianiyə "Bu qız heç vaxt ağlamaz" deyərək övladıyla öyünmüşdü.[12] O illərə aid portretlərində də göründüyü kimi, kağız qədər ağ üzü və qızılı saçları var idi. Bundan başqa atasından aldığı qırmızı yanaqları vardı.
Mariyaya olan sevgisinə baxmayaraq Kral Henri xanımı Araqonlu Ketrindən soyumuşdu. Ketrinin oğlan uşağı dünyaya gətirə bilməməsi əsas ayrılıq səbəbi olmuşdu.[13] 1525-ci ildə Kral Henri qızını Uels sərhəddinə göndərdi. Məqsəd isə həm balaca qızcığazı anasından ayırmaq, həm də Uels sərhəddində əmin-amanlığı təmin etmək idi. Ludlou qalasındakı malikanəsində yaşamağa başlayan balaca qızcığaz Uesl şahzadəsi ünvanı daşımasa da, onun bütün səlahiyyətlərini əlinə almışdı. Bölgədə qaldığı 3 il boyunca müntəzəm olaraq atasının sarayına gəlib-gedən Mariya 1528-ci ilin ortalarında London yaxınlığındakı şəxsi malikanəsinə qayıtdı.
Mariyanın uşaqlıq illəri boyunca atası Kral Henri qızı üçün müxtəlif ər namizədləri axtarırdı. Hələ 2 yaşı olanda Fransa kralı I Fransuanın oğlu Fransisklə nişanlandırılsa da, 3 il sonra bu razılıq pozuldu.[14] 1522-ci ildə isə 6 yaşlı Mariya özündən 16 yaş böyük İspaniya kralı olan xalası oğlu V Karlla nişanlandırıldı.[15] Ancaq bir neçə il sonra bu nişan da Kral Henrinin də razılığı ilə V Karl tərəfindən ləğv edildi. Digər tərəfdən Kral Henrinin baş məsləhətçisi kardinal Uolsey Fransa sarayıyla evlilik müzakirələri aparır, Kral Henri isə qızını İngiltərəylə ittifaqa daha yaxın görünən Kral Fransua ilə evlənməsini istəyirdi. Nəhayət, balaca qızcığazın Kral Fransua və ya onun oğlu Fransisklə evləndirilməsi ilə bağlı bir andlaşma bağlandı. Ancaq çox keçmədən kardinal Uolsey Fransa ilə nikahsız bir ittifaq qurmağa nail oldu.
Digər yandan Mariyanın ailəsi təhlükə altında idi. Vəliəhdi olmadığı üçün təəssüflənən və yenidən evlənmək istəyən Kral Henri Araqonlu Ketrindən ayrılmaq istəsə də, Papa VII Klement onun bu istəyini qəbul etmədi. Kral Henri İncildəki bəzi mətnlərə istinad edərək, Ketrinlə olan nikahının pak olmadığını, bunun səbəbinin isə Ketrinin, qardaşı Arturla olan ilk evliliyi olduğunu iddia etdi. Ketrin isə Uels şahzadəsi Şahzadə Arturla olan nikahının formal olduğunu və əsl amalına çatmadığı bildirdi. Belə ki, dövrün Roma papası II Yuli də bu nikahın ləğvi barədə qərar vermişdi. Papa VII Klementin bu etirazında tək məsələ katolik inancı deyildi. Çünki o illərdə, Roma şəhəri Ketrinin bacısı oğlu və qızının keçmiş nişanlısı olan V Karlın işğalı altında idi. Bəzi mənbələrə görə, papanın bu nikahın pozulmasına olan etirazlarının əsl səbəbi də bu idi.
1531-ci ildən etibarən Mariya saraydan uzaqlaşdırılan anasından ayrıldı və görüşmələri qadağan edildi. 1533-cü ilin əvvəllərində Kral Henri hamilə olan məşuqəsi Anna Boleynlə nikahlandı və həmin ilin may ayında Kanterburi yepiskopu Tomas Kranmer kralın Ketrinlə olan nikahını ləğv etdi. Kral Henri İngiltərə kilsəsinin rəhbəri elan etdi və Roma papasını etibarsızlaşdırdı. Kraliça ünvanı Ketrindən alındı və ilk evliliyi səbəbilə Ueslin dul şahzadəsi ünvanı aldı. Beləliklə, 17 yaşlı Mariya da kralın qeyri-qanuni övladı elan edildi. Şahzadə yerinə, "Leydi Mariya" olaraq adlandırıldı və bütün ünvanlarını yenicə dünyaya gələn bacısı Şahzadə Elizabetə təhvil verildi. Mariyanın bütün saray əhli və xidmətçiləri vəzifədən alındı və özü də 1533-cü ilin dekabrında yeni doğulan bacısı Elizabetin yaşadığı saraya gətirildi.
Gənc Mariyanın Anna Boleyni kraliça, qızını isə şahzadə olaraq qəbul etməməsi Kral Henrini daha da qəzəbləndirdi. Daim nəzarət və təzyiq altında yaşamaq onun səhhətini tamamilə korlamışdı və tez-tez xəstələnməinə səbəb olmuşdu. V Karlın İngiltərə sarayındakı elçisi Eustas Kapu gənc Mariyanın ən yaxın sirdaşı və atası ilə arasında vasitəçisi olmuşdu. Belə ki, artıq Kral Henri və sevimli qızı arasındakı münasibətlər pisləşmi, illərlə bir-birinin üzünü belə görməmişdilər. Hətta Ketrin ölüm yatağında ikən belə, yeganə qızıyla görüşməsinə icazə verilmədi. Ketrin 1536-cı ildə vəfat etdi və Mariya dəhşətli travmayla üzləşdi. Anasının cənazə mərasiminə gedə bilməyən Mariya uzun müddət özünü hər kəsdən təcrid etdi.
1536-cı ildə Kraliça Anna Boleyn də kralın gözündən düşdü və çox keçmədən edam olundu. Mariya kimi, Elizabet də kralın qeyri-qanuni övladı elan edilərək bütün ünvanları əlindən alındı. Annanın edamından 2 həftə sonra Kral Henri Ceyn Seymurla evləni. Kralın üçüncü xanımı olan Ceyn gənc Mariya ilə atasının barışmağını istəyirdi. Kral Henri isə Mariyanın protestantlığı və valideynləri arasındakı evliliyin qeyri-qanuni olduğunu qəbul etməsi şərtilə barışacağını bildirdi. Gənc Mariya bu şərt qarşısında əvvəlcə çəkinsə də, daha sonra bütün bunları qəbul etməsi barədə bir sənədə imza çəkməyə məcbur oldu. Atası ilə uzlaşdıqdan sonra sarayda yerini alan Mariya əvvəlki saray əhli və xidmətçilərinə də qovuşdu. Keçmiş xidmətçilərindən Lord Husey isə ölkənin şimalında böyük bir üsyana qoşulmuş, kralın dini reformlarına qarşı çıxaraq Mariyanın yenidən qanuni vəliəhd olmasını tələb edirdilər. Ancaq üsyan çox keçmədən qəddarlıqla yatırıldı. Digər üsyançılarla birlikdə Lord Husey də edam edildi ancaq gənc Mariyanın bu işlə əlaqəsi heç vaxt sübut edilə bilmədi. Bir il sonra 1537-ci ildə kraliça Ceyn Seymur oğlu Eduardı dünyaya gətirərkən vəfat etdi. Mariya ögey qardaşının vəftiz anası oldu və kraliçanın cənazə mərasimində iştirak etdi.
1539-cu ilin sonlarında Bavariya hersoqu Filip onunla evlənmək istəsə də, hersoq lüteran idi və bu səbəblə onun təklifi qəbul edilmədi. Yenə həmin il kral naiblərindən Tomas Kromvel Klevez hersoqluğu ilə yeni bir razılıq imzaladı. Bu razılıq əsasında siyasi bir evlilik baş tutmalı idi. İlk öncə gənc Mariyanın evləndirilməsi planlaşdırılsa da, sonda kral özünün dördüncü xanımı olan Klevezli Anna ilə evləndi. Kral 1539-cu ilin dekabrında planlaşdırılan toy mərasimindən bir neçə həftə öncə Annanı görmüş, ancaq 24 yaşlı bu gənc xanımı bəyənməmişdi. Diplomatik səbəblər və nikahın ləğv edilməsi üçün bəhanə olmadığından kral bu toydan boyun qaçıra bilmədi. Ancaq bu nikahın baş memarı olan Lord Kromvel gözdən düşdü və 1540-cı ilin iyun ayında krala xəyanətlə təqsirləndirilərək həbs olundu. Ona qarşı iddia olunan əsas müddəalardan biri isə gənc Mariya ilə evlənmək niyyəti idi. Bütün bu olanlardan sonra Anna kraldan ayrılmağa razılıq verdi və ardından Lord Kromvel edam olundu.
1541-ci ildə Kral Henri Mariyanın keçmiş dayəsi və vəftiz anası olan Marqarita Polu, oğlunun qarışdığı bir katolik üsyanını bəhanə göstərərək edam etdirdi. Beşinci xanımı Ketrin Hauerdin edamının ardından 1542-ci ildə Kral Henri Mariyanı uzun illərdən sonra saraydakı milad şənliklərinə dəvət etdi. Növbəti il kral sonuncu xanımı Ketrin Parla evləndi və 1544-cü ildə qəbul etdiyi yeni vərasət sistemi ilə hər iki qızını da yeganə oğlu Eduarddan sonra taxt namizədliyinə gətirdi. Bunlara baxmayaraq anaları ilə evliliyin ləğv edilməsi səbəbilə hər ikisi tam olaraq kralın qanuni övladı hesab edilmədi.
VIII Henri 1547-ci ildə vəfat etdi və azyaşlı oğlu Eduard taxta çıxarıldı. Mariya Norfolk, Suffolk və Esseksdəki mülklərini geri aldı. Kralın hələ 9 yaşlı bir uşaq olması səbəbilə daha çox protestantlardan ibarət bir məclis dövlət idarəsini ələ aldı. Buna baxmayaraq Mariya katolik dininə sadiq qalır, öz kiçik kilsəsində dini ayinlərini yerinə yetirirdi. Digər yandan xalası oğlu və keçmiş nişanlısı V Karla dini azadlığının boğulması haqqında şikayətlər yazırdı.
VI Eduardın səltənət illərində Mariya demək olar ki, öz şəxsi malikanəsində yaşadı və nadir hallarda saraya gəlib gedirdi. Avropadakı dini qarşıdurmanın önünü almaq üçün Mariyanı İngiltərədən göndərmək planı isə 1550-ci ildə uğursuzluqla nəticələndi. Mariya və Eduard arasındakı dini fərqlilik artıq ölkə səviyyəsinə gəlmişdi. Kral qardaşı və bacısı Elizabetlə birlikdə qatıldığı milad şənliklərinin birində Mariya qardaşı ilə mübahisə etdi. Bir-birlərinin dini düşüncələrinə qarışan bacı-qardaş durmadan bir-birini kafirlikdə ittiham edirdi.
6 iyul 1553-cü ildə 15 yaşlı VI Eduard ağciyər infeksiyası (ehtimal ki, vərəm) səbəbilə vəfat etdi. Taxtın Mariyaya keçməyini istəməyən gənc kral bunun ölkədəki protestantların və illərdir davam edən dini reformasiyaların sonu olacağını yaxşı bilirdi. Bu səbəblə onu taxt namizədləri sırasından çıxarmağa qərar vermişdi. Buna baxmayaraq saray əyanları ögey bacılarından yalnız birini vəliəhdlikdən çıxarmağı uyğun görmədi və kral baş məsləhətçisi Con Dudleyin də təzyiqi ilə qatı protestant olmağına baxmayaraq digər bacısı Elizabeti də vəliəhdlikdən çıxardı.
1544-cü ildə atası Kral Henri tərəfindən qəbul edilən vərasət qanununa zidd olaraq, VI Eduard Con Dudleyin də gəlini olan uzaq qohumu Ceyn Qreyi öz vəliəhdi elan etdi. Ceyn Qreyin anası Françeska Brandon Mariyanın bibisi qızı və xaç qızı idi. VI Eduardın ölümündən dərhal sonra Mariya guya vəfat edən qardaşını son dəfə görmək niyyəti ilə saraya dəvət edildi. Əslində isə məqsəd Mariyanı ələ keçirərək Ceyn Qreyin taxta çıxmasını təmin etmək idi. Ancaq saraydakı tərəfdarları tərəfindən xəbərdar edilən Mariya Londona getmək əvəzinə böyük mülklərə sahib olduğu ölkənin şərq torpaqlarına qaçdı. Dudleyin katolik inanclı müxaliflərinin çoxu da məhz bu bölgədə məskunlaşmışdı. 9 iyulda Mariya Londondakı məclisə Kral Eduardın rəsmi varisi ünvanı ilə məktub yazdı və taxtda haqq iddia elədi.
10 iyul 1553-cü ildə Ceyn Qrey, Con Dudley və tərəfdarları tərəfindən İngiltərə taxtına çıxarıldı. Bundan 2 gün sonra isə Mariya və topladığı güclü ordu Suffolk bölgəsindən Londona doğru hərəkətə keçdi. Nəticədə Dudley tərəfdarı olan bütün zadəganlar Mariyaya tabe oldu. Sonun yaxınlaşdığını görən saray əyanları ani bir saray çevrilişi ilə 19 iyulda Ceyn Qreyi taxtdan endirdi və Con Dudleylə birlikdə London qalasına həbs etdi. Mariya 3 avqust 1553-cü ildə qalib ədasıyla London şəhərinə daxil oldu. Onu ögey bacısı Elizabet və 800-dən artıq zadəgan müşayiət edirdi.
Mariyanın kraliça olaraq gördüyü ilk iş isə Norfolkun katolik hersoqu Tomas Hauerdi, katolik rahib və onun ən yaxın dəstəkçisi Stefan Qardineri və qohumu Eduard Kurtneyi London qalasındakı həbsxanadan azad etmək oldu. Mariya başa düşürdü ki, 17 yaşlı Ceyn Qrey Dudleyin planında sadəcə bir oyuncaq idi və bu xəyanətdəki yeganə təqsirkar Con Dudleydir. Bu səbəblə Ceyn Qrey və əri Lord Guilford Dudley dərhal edam edilməyib, uzun müddət London qalasında həbs edildi. Hətta Ceyn Qreyin Suffolk hersoqu olan atası Henri Qrey azadlığa buraxılmışdı. Ancaq siyasi vəziyyət sabitləşmək bilmirdi. Çünki demək olar ki, saraydakı bütün məmurlar bu xəyanətdə iştirak etmişdi. Dövləti idarə edən məclisə güclü tərəfdarlarından Qardineri təyin etdi və o, 1555-ci ildəki ölümünədək bu vəzifəsində qaldı. Mariyanın tacqoyma mərasimi 1 oktyabr 1553-cü ildə Vestminster abbadlığında baş tutdu.
37 yaşlı Mariya protestant bacısı Elizabeti taxt sıralamasından uzaqlaşdırmaq məqsədilə dərhal evlənməli və taxta yeni bir katolik varis qazandırmalı olduğunu bilirdi. Ər namizədləri arasında uzaq qohumu olan (onların nənələri bacı idi) Eduard Kurtney və vaxtilə dayəsi olan və atası tərəfindən edam edilən Marqarita Polun oğlu Reqinald Pol var idi. Ancaq ömürlük dəstəkçisi olan xalası oğlu V Karl onu yeganə oğlu Filiplə evləndirmək istəyirdi. İspaniya vəliəhdi Filipin əvvəlki evliliyindən bir oğlu var idi və böyük imperiyası üçün vəliəhd ehtiyacı yox idi. Buna görə də onunla bağlanan nikah İngiltərə taxt-tacı üçün təhlükə kəsb etmirdi. Cütlüyün bir-birini tanıması məqsədilə Filipin rəssam Tisian Veçellio tərəfindən çəkilən bir portreti 1553-cü ilin payızında Londona göndərildi.
Lord Qardiner və icmalar palatası İngiltərənin Habsburq tabeliyinə girməsindən çəkinirdi və bu səbəblə nikaha soyuq yanaşırdılar. Bu nikahın ingilislər tərəfindən pis qarşılanmasına baxmayaraq kraliça bu qərarında təkid edirdi. Nəticədə ölkənin müxtəlif yerlərin protestant üsyanları başladı. Ceyn Qreyin vaxtilə bəraət qazanaraq azad edilən atası Henri Qreyin də adı bu üsyanlara qarışdı. Üsyançılar kraliçadan taxtı bacısı Elizabetə təhvil verməyi tələb edirdilər. Buna cavab olaraq Mariya bu nikahın talehini həll etməyi parlamentə həvalə etdiyini və parlamentdən gələn istənilən qəararı qəbul edəcəyini bildirərək üsyanı yatırmağa çalışdı. Ancaq çox keçmədən üsyan rəhbəri vayt ələ keçirildi və Londona gətirildi. Vayt, Ceyn Qrey və onun atası ilə əri edam edildi. Üsyana adı qarışan Eduard Kurtney isə əvvəlcə həbs edildi, ardından sürgün olundu. Kraliçanın bacısı Elizabet isə günahsız olduğunu söyləsə də, 2 ay London qalasında həbs olundu, daha sonra London yaxınlığındakı bir saraya alınaraq ev həbsində qaldı.
Mariya Ceyn Qrey və Kraliça Matildanın mübahisəli səltənətləri istisna olmaqla, İngiltərə tarixinin taxta çıxan ilk kraliçası idi. İngilis mülki hüququna görə, bir qadına məxsus olan bütün mülk və ünvanlar evlilik müddətində ərinə də aid edilməli idi. Bu səbəblə Mariyanın evlənəcəyi şəxs həm də İngiltərə kralı olmalı idi. Mariyanın babası Araqonlu Ferdinand və nənəsi Kastilyalı İzabella öz evlilikləri boyunca ölkələrinin suverenliyini qorumuşdular. İngiltərə tarixi isə ilk dəfə belə bir hadisə ilə qarşılaşmışdı.
Kraliça Mariyanın nikah şərtlərinə görə, Filip "İngiltərə kralı" olaraq elan edilməli, bütün rəsmi sənədlərdə (parlament yazışmaları da daxil olmaqla) hər ikisinin adı qeyd olunmalı və məclis, yalnız kraliçanın sağlığı müddətində cütlüyün ortaq qərarı ilə çağırıla bilərdi. İngiltərə, Filipin atasının heç bir müharibəsinə hərbi dəstək verməyə məcbur olmayacaq və Filip, xanımının təsdiqi olmadan İngiltərədə heç bir təyinat apara bilməyəcəkdi. Şahzadə Filip isə bütün bu şərtlərlə yalnız evliliyin baş tutması üçün razılaşmışdı. Mariyaya qarşı heç bir sevgi hissi yox idi və bu nikaha yalnız siyasi qazanc üçün razılıq vermişdi.
Hələ şahzadə olan oğlunu rütbə baxımından yüksəltmək istəyən imperator V Karl isə Qüds və Napoli krallığındakı bütün taxt hüquqlarını oğluna təhvil verdi. Bu səbəblə, evlilik boyunca Mariya Napoli və Qüds kraliçası ünvanını da daşımışdı. 25 iyul 1554-cü ildə Vinçestr Kafedralındakı toy mərasimləri bir-birlərini ilk görüşlərindən 2 gün sonra baş tutmuşdu. Filip ingiliscə bilmədiyi üçün cütlük bir-birilə ispan, fransız və latın dillərində danışırdı.
1554-cü ilin sentyabrında Kraliça Mariya heyzdən dayandı. Kökəlməyə və hər səhər ürək bulantıları ilə oyanmağa başladı. Bu səbəblə, həkimləri də daxil olma üzrə bütün saray əhli onun hamilə olduğuna inandı. Şaiyələr o qədər dəqiq idi ki, hətta parlament kraliçanın doğuşda ölməsi halında Filipin kral naibi elan edilməsi barədə qanun hazırlamağa başlamışdı. 1555-ci ilin aprelində Elizabet yaxın zamanda gözlənilən doğuma şahid olması üçün kraliçanın əmriylə ev həbsindən azad edilərək saraya gətirildi. Venesiya elçisi Govanni Mitçelə görə, Filip Mariyanın doğuş əsnasında vəfat eməsi halında onunla evlənməyi belə planlaşdırırdı. Ancaq bacısının əri Avstriya kralı Maksimilyana yazdığı məktublardan birində Filip, xanımının hamiləliyi ilə bağlı şübhələrini dilə gətirir.
Xalq bu doğuşu o qədər gözləyirdi ki, London kilsəsində keçirilməli olan Şükran günü ayinləri bu səbəblə aprelin sonunda baş tutdu. May və iyun aylarında da doğuş baş tutmadı və nəticədə kraliçanın hamilə olmaması barədə şaiyələr yayıldı. Kraliça isə qarnının kiçildiyi 1555-ci ilin iyul ayına qədər bütün hamiləlik əlamətlərini göstərirdi. Əslində isə kraliça hamilə deyildi. Bu böyük ehtimalla yalançı hamiləlik və ya kraliçanın bütün dünyaya oynadığı bir oyun idi. Avqust ayında saxta hamiləlik skandalından dərhal sonra Filip Fransaya yürüş edən ordularına rəhbərlik etmək üçün İngiltərədən ayrıldı. Ərinin onu tərk etməsinin ardından güclü depressiya keçirən Mariya bütün bunların, dinsizlərə qarşı toleranslı olduğu üçün Allahın cəzası olduğuna inanırdı.
Elizabet isə oktyabr ayına qədər sarayda qalmağa davam etdi və əvvəlki nüfuzuna qayıtmışdı. Filip isə İngilis taxt sıralamasında ikinci namizədin — Fransa vəliəhdi ilə nişanlı olan Mariya Tüdorun İngiltərə taxtına çıxmasından narahat idi. Bu səbəblə vəliəhd Elizabetin özünün uzaq qohumu Emmanuellə (Filipin nənəsi ilə Emmanuelin anasının nənəsi bacı idi) evlənməsini, beləliklə də, İngiltərədəki Habsburq nüfuzunun güclənməsini təklif etdi. Ancaq Elizabet və İngiltərə parlamenti bu nikaha veto qoydu.
Səltənətinin ilk ayında Mariya ölkədəki hər kəsə dini azadlıq veriləcəyi barədə bir bəyannamə nəşr etdirdi. Ancaq sentyabr ayının sonuna qədər bütün məşhur protestant rahibləri (Con Bredford, Con Rogers, Con Huper, Hug Latimer və Tomas Kranmer də daxil olmaqla) həbs olundu. Mariya səltənətinin 1553-cü ilin oktyabrında toplanan ilk parlamenti kraliçanın valideynləri arasındakı mübahisəli nikahı qanuniləşdirdi və sabiq kralın bütün dini qanunlarını ləğv etdi. Kilsə rahibləri haqqında 1539 tarixli katolik nizamnaməsi yenidən bərpa olundu və evli olan rahiblər bütün imtiyazlarından məhrum edildi.
Mariya protestantizmin qardaşının səltənətində başlayan inkişafına və atasının Romadan ayrılma fikirlərinə daim zidd getdi. Roma ilə aralarındakı münasibətləri yenidən canlandırmaq üçün uzun müddət yazışmalar apardı və nəhayət, Papa III Yuli bu razılığı böyük bir kompromislə qəbul etdi. Belə ki, VIII Henriyə məxsus olan kilsə torpaqları katolik kilsəsinə təhvil verilmədi.
Bununla yanaşı, Papa ilə bağlanan razılığın ardından İngiltərədə kütləvi protestant qətliamları başladı. İlk edamlar 1555-ci ilin əvvəlində başladı. Belə ki, 4 fevralda Con Rogers, 8 fevralda Laurens Sanders və 9 fevralda Rouland Taylorla Con Huper edam edildi. Kanterburi başyepiskopu Tomas Kranmer isə İngiltərə Protestant kilsəsinin rahibləri Ridley və Latimerin çarmıxa çəkilərək yandırılmasını izləməyə məcbur edildi. Ardından bütün protestant ideologiyalarından imtina etdi və katolik inancını qəbul etdi. Qanunların normal irəliləyişinə görə tövbəkar olaraq bağışlanmalı idi. Ancaq Mariya onu xilas etmək istəmədi. Yandırıldığı gün katolik dinindən təkrar imtina etdi və "kafir" olaraq yandırıldı. Mariya qətliamlarında, ümumilikdə, 283 nəfər çarmıxa çəkilərək yandırıldı. O dövr üçün o qədər də, populyar olmayan bu edam forması sarayda da təşvişə səbəb olmuşdu. Hətta qatı katolik ispanlar belə bunun "ölkədəki sabitliyi təhlükəyə salan insafsızca" bir edam növü olduğunu qeyd edirdilər. Mariya vəfatına qədər davam etdirdiyi bu qatı ideoloji siyasətlə əslində, İngiltərədəki katolik və ispan düşmənçiliyini daha da artırırdı.
Mariyanın vaxtilə dayəsi olan Marqarita Polun oğlu Reqinald Pol isə 1554-cü ilin noyabrında Papanın İngiltərə səfiri təyin edildi. Rahib rütbəsinə yüksələn Pol, Tomas Kranmerin edamından dərhal sonra Kanterburi başyepiskopu olaraq vəzifələndirildi.
İrlandiyanın tamamilə işğal edilməsi üçün Mariya və Filipin idarəsindəki müstəmləkə ordusu İrlandiyanın mərkəzində toplandı və burada ilk müstəmləkə qurumları hesab edilən kral və kraliçanın adına qraflıqlar təşkil edildi.
1556-cı ilin yanvarında Mariyanın qaynatası V Karl öz istəyilə taxtdan çəkildi və Estremaduradakı bir kilsəyə qapanaraq rahib həyatı yaşamağa başladı. Bu əsnada Mariya və Filip hələ də bir-birindən ayrı yaşayırdı. Çox keçmədən Brüsseldə İspaniya kralı elan edilən Filip hələ İngiltərədə idi. Bu səbəblə dərhal fransızlarla müvəqqət atəşkəs müqaviləsi imzaladı. Bu əsnada isə Mariyaya qarşı çevriliş planı hazırlanmış, Fransanın İngiltərə səfiri olan Antuan de Noalis və edam edilən Con Dudleyin qohumu Henri Dudleyin adı bu hadisəyə qarışmışdı. Planın əsas iştirakçıları ələ keçirilsə də, Dudley və Noalis canlarını qurtara bildilər.
1557-ci ilin may ayına qədər İngiltərədə qalan II Filip xanımını Fransaya qarşı müharibə elan etməyə vadar etsə də, heç bir şey əldə edə bilmirdi. Mariya buna razılıq versə də, ölkə parlamaneti müharibədən tərəfdar deyildi. Çünki son bir neçə ildir davam edən kasad məhsul yığımı və VI Eduarddan qalan darmadağın iqtisadi vəziyyət fransız ticarətin də də məhrum qala bilməzdi. Bütün bunlara baxmayaraq 1557-ci ilin iyununda İngiltərə Fransaya müharibə elan etdi. Bunun səbəbi isə Reqinald Polun da uzaq qohumu olan Tomas Staffordun İngiltərəyə hücumu və Mariyaya qarşı bir taxt çevrilişinə qarışması oldu. Müharibənin sonunda İngiltərə ilə Papa arasındakı münasibətlər pozuldu. Çünki İngiltərə-Fransa müharibəsində Papa Fransa kralı II Henrini dəstəklədi. Buna baxmayaraq avqust ayında baş tutan Sen-Kanten döyüşündə ingilislər mükəmməl bir qələbə qazandı. Təntənəli zəfər şənlikləri isə çox çəkmədi və fransız ordusu İngiltərənin Avropa qitəsindəki yeganə mülkü olan Kale əyalətini işğal etdi. Bölgənin saxlanması iqtisadi baxımdan İngiltərə büdcəsi üçün olduqca zəhmətli olmasa da, bu məğlubiyyət Mariyanın ölkədəki prestijinə olduqca böyük zərbə vurdu.
Filipin 1557-ci ildəki ziyarətindən sonra Mariya yenidən hamilə olduğunu düşündü və bütün saray əhli körpəni 1558-ci ilin martına qədər gözlədi. Hətta kraliça, ərinin körpənin yetkinlik çağına qədər naib olması haqqında bir fərman da qəbul etmişdi. Bütn bunlara baxmayaraq körpə dünyaya gəlmədi və Mariya ögey bacısı Elizabetin onun yeganə varisi olması ilə barışmalı oldu.
Mariyanın səhhəti 1558-ci ilin may ayından etibarən ağırlaşmışdı. Səbəb isə böyük ehtimal ki, yumurtalıq kisti və ya xərçəngi idi. Nəhayət, kraliçanın ağrıları 17 noyabrda Sent Ceyms sarayında hələ 42 yaşında ikən sona çatdı. İstəməsə də, qatı protestant olan ögey bacısı Elizabet taxta çıxarıldı. O əsnada Brüsseldə olan əri Filip isə bacısı Yuannaya yazdığı məktubunda "Onun ölümünə məyus oldum. Bunda mənim də təqsirlərim var" dedi.
Mariya ölüm yatağında ikən anasının yanına dəfn olunmaq istədiyini bildirsə də, cənazəsi 14 dekabrda Vestminster monastrına dəfn olundu və bacısı Elizabetlə eyni məzarı paylaşdı. Məzarının üzərində isə latın dilində "Regno consortes et urna, hic obdormimus Elizabetha et Maria sorores, in spe resurrectionis", yəni "Krallıqda və məzarda yoldaş olan biz, 2 bacı Mariya və Elizabet, yenidən oyanmaq ümidiylə burada yatırıq" yazısı yazılmışdır. Bu yazı isə Elizabetdən sonra taxta çıxan I Ceymsin sifarişi ilə hazırlanmışdır.