Müqəddəs Mark kafedralı (it. Basilica di San Marco — San Marko bazilikası) — Qərbi Avropada bizans memarlığının nadir nümunəsi və Venesiya şəhərinin dini mərkəzlərindən biri. 1807-ci ilədək bu kafedral kilsə şəhərin ali rəhbərləri olmuş dojların kapellası kimi fəaliyyət göstərib. 1808-ci ildə I Napoleonun xahişi ilə Venesiya patriarxının iqamətgahı San Pyetro di Kastello kilsəsindən buraya köçürülür və bina nəhayət "kafedral" statusunu əldə etmiş olur.[1][2] Bina Müqəddəs Mark meydanında, Dojlar sarayının yaxınlığında yerləşir.
Müqəddəs Mark kafedralı | |
---|---|
Basilica Cattedrale Patriarcale di San Marco | |
45°26′04″ şm. e. 12°20′23″ ş. u.HGYO | |
Ölkə | İtaliya |
Şəhər | Venesiya |
Aidiyyatı | Roma-Katolik kilsəsinin Venesiya yeparxiyası |
Memar | doj Domeniko Kontarini |
Tikilmə tarixi | 829-1092 |
Üslubu | Bizans və Qotik |
Uzunluğu |
|
Eni | 62.50 m (205.1 ft) |
Günbəzləri | 5 |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi sayt | basilicasanmarco.it |
Tipi | Mədəni |
Kriteriya | i |
Təyin edilib | 1987 |
İstinad nöm. | 394 |
Dövlət | İtaliya |
Region | Avropa |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bizans üslubunda hazırlanan çoxsaylı mozaikalarla bəzədilmiş bu kafedral, səlib yürüşləri zamanı Konstantinopol şəhərindən qənimət kimi Venesiyaya gətirilmiş Həvari Markın nəşinin və çoxlu qiymətli incəsənət əşyalarının saxlandığı yerdir. 1987-ci ildə Müqəddəs Mark kafedralı Venesiyanın bir çox digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektləri siyahısında daxil edilmişdir.
Özünün nəfis qızılı mozaik işləmələrinə görə və eləcə də zəngin Venesiya hakimlərinin simvolu kimi, bu bina XI əsrdən başlayaraq Qızıl kilsə (it. Chiesa d'Oro) adı ilə məşhur idi.[3]
Bazilika 31 yanvar 829-cu ildə İsgəndəriyyə şəhərindən Venesiyaya gətirilmiş müqəddəs həvari Markın qalıqlarının yerləşdirilməsi üçün inşa edilmişdir. Qurumuş cəsəd qalıqları venesiyalı tacirlər Buono və Rustiko tərəfindən gətirilmişdir; 828-ci ildə İsgəndəriyyə limanına yan alan tacirlər, müsəlmanlar tərəfindən məscidlərin inşası üçün yerli xristian abidələri dağıtmağa başladıqlarını öyrənirlər. Venesiya laqunasının şəhərlərində xristianlığın təbliği əsasən həvari Markın əfsanələri ilə əlaqələndirdiyindən,[4] onlar müqəddəsin nəşinin müsəlmanlar tərəfindən murdarlanmadan xilas etməyi və təcili şəkildə doğma şəhərinə aparmağı qərara alırlar. Gəmiyə əmanəti sağ-salamat çatdırmaq üçün, tacirlər hiyləyə əl atırlar: həvarinin bədəni böyük səbətə qoyulur və üstü donuz cəmdəkləri ilə örtülür, donuz ətindən iyrənən sarasinlər hətta gömrük yoxlanışı zamanı belə ona toxunmağa cürət etmirlər. Əmanətin təhlükəsiz şəkildə saxlanılması üçün dənizçilər səbəti gəmi yelkənlərinin qatlarında gizlədirlər (nəşin köçürülməsi ilə bağlı baş vermiş bütün bu hadisələr daha sonralar kafedralın presbiterisi və mərkəzi fasadın lünetlərində mozaika şəklində təsvir olunmuşdur). Cəsəd qalıqları şəhərə gətirildikdən sonra, həvari Mark Venesiyanın səmavi hamisi rolunda müqəddəs həvari Feodoru əvəzləyir, şəhərin rəmzi isə bu həvarinin xüsusi nişanəsi sayılan "qanadlı şir" seçilir.[5][6]
Tikintisi 829-cu ildə doj Custiniano Parteçipatsionun rəhbərliyi ilə başlanılan bazilika, 832-ci ildə onun qardaşı Covanni Parteçipatsio tərəfindən başa çatdırılmışdır.[7][8] İlkin bazilika binasının günümüzə kimi gəlib çatmaması ilə əlaqədar, onun eksteryer görünüşü barədə mülahizələri yalnız kafedral kriptasının bərpası zamanı aparılmış arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş qədim hörgü divarı əsasında etmək olar. Hesab olunur ki, kilsə latın xaçı formasında (Ravennadakı Müqəddəs Vitale bazilikası tərzində) inşa edilmişdir və indiki kriptanın yerləşdiyi ərazini tuturdu.[9] Onun mərkəzi hissəsi üzərində quraşdırılmış günbəz, Həvari Markın qalıqlarının dəfn olunduğu yer üzərində idi.
976-cı ildə doj Pyetro Kandianonun varisi doj Pyetro Orseolo tərəfindən kənar edilməsindən sonra baş vermiş saray çevrilişi zamanı güclü yanğın hadisəsi bazilikanı zədələmişdir. Dojlar sarayında başlayan yanğın, qısa vaxt içərisində kilsənin şimal-qərb hissəsinə keçərək ona ciddi xəsarət yetirmişdir. X əsrin sonunda bazilika yenidən bərpa olunur, lakin tədqiqatçılar hesab edirlər ki, bu binanın restavrasiyası idi, yenidənqurma işləri isə burada ümumiyyətlə aparılmamışdır.[9][10]
Müasir bazilikanın inşaatı 1063-cü ildə, doj Domeniko Kontarininin hakimiyyəti dövründə başlanılmışdır. 1071-ci ildə hələ natamam kafedralda Domeniko Selvo yeni doj vəzifəsinə ucaldılmışdır; məhz onun hakimiyyəti dövründə, yəni 1071–1084-cü illərdə bazilikada mozaik tərtibatın yaradılmasının birinci mərhələsinə start verilmişdir. Dini abidənin təqdisetmə mərasimi 1094-cü ildə, doj Vitale Falyer tərəfindən həyata keçirilmişdir; o, ölümündən sonra kilsənin qalereyasında,[11] yəni müasir narteksin (Narteks — girişin qarşısında ucaldılan əlavə tikilidir) yerləşdiyi ərazidə dəfn olunmuşdur.[12]
Xaçvari-günbəzli və beşbaşlı kilsənin tikilməsi üçün Konstantinopol şəhərində yerləşən Həvarilər kilsəsi nümunə götürülmüşdür.[13] Son yüzilliklər ərzində kilsə bir neçə dəfə genişləndirilmiş və bəzədilmişdir: 1159-cu ildə binanın fasadının mərmərlə üzlənməsinə başlanmışdır, XII əsrdə mərkəzi qübbənin mozaikaları işlənmişdir, 1343–1354-cü illərdə vəftizxana və Müqəddəs İsidor kapellası inşa edilmişdir, XV əsrdə Maskoli kapellası və sakristiya (Riza adlanan və kilsə əşyalarının saxlandığı yer) (1486–1493) inşa edilib, 1504–1521-ci illərdə Dzen kapellası inşa edilib[14]. XV əsrdə kilsənin xarici urbanizasiyası tamamlanmışdı ki, bunu da kilsənin Centile Bellininin "Müqəddəs xaç relikviyasının San Marko meydanından aparılması" əsərindəki təsviri sübut edir. Kilsənin baş qurucusu titulunu müxtəlif vaxtlarda Yakopo Sansovino və Baldassar Longena kimi görkəmli memarlar daşıyırdı.[15]
Qədim əmanətlərin əksəriyyəti Müqəddəs Mark bazilikasına 1204-cü ildə IV Səlib yürüşü zamanı Konstantinopol şəhərinin qarəti nəticəsində gətirilmişdir. Onların içərisinə qərb fasadında quraşdırılmış kvadriqa, bizanslı ustalar tərəfindən hazırlanmış "qızıl altar" və Madonna Nikopeya ikonasını aid etmək olar. Qeyd etmək lazımdır ki, IV Xaç yürüşü müsəlmanlara qarşı deyil, katoliklərin düşmən və kafir gözü ilə baxdıqları pravoslav Bizans İmperiyasına və onun paytaxtı Konstantinopola qarşı yönəlmişdi.[16][17] 1204-cü ildə səlibçilər bu şəhəri işğal edərək, Bizans İmperiyasının torpaqları üzərində Latın İmperiyasını yaratdılar.[18]
Bazilika Venesiya respublikasının tarixində mühüm rol oynamışdır. Ənənəyə görə, gələcək dövlət başçısı hakimiyyətə keçməzdən öncə sakinlərin qarşısına xüsusi olaraq bu məqsəd üçün kilsənin sağ kafedrasında inşa edilmiş preqolada dayanaraq doj elan edilirdi. Bazilikanın 1807-ci ilə qədər yalnız saray kapellası kimi fəaliyyət göstərməsinə baxmayaraq, burada daim böyük və çox mühüm rəsmi mərasimlər keçirilirdi (müharibədən öncə, o cümlədən dördüncü səlib yürüşü zamanı qoşunların xeyir-duası, düşmənlərdən işğal olunmuş qənimətlərin nümayişi və s.). Bazilikada həmçinin I Fridrix Barbarossanın Roma papası III Aleksandr ilə tövbə görüşü baş tutmuşdu.[19] Onlar bu görüş nəticəsində 6 illik saziş imzalayırlar. Bu sazişın şərtləri 1183-cü ildə Konstans sülhü ilə təsbit olundu. Bu sülh İtaliya dövlətlərinin müstəqilliyinin Müqəddəs Roma imperiyası tərəfindən tanınması və möhkəmlənməsi demək idi.[20] Bazilika tam şəkildə dojların yurisdiksiyasında idi və yerli yepiskopdan asılı olmayan, müstəqil priçtə malik idi (Priçt — hər hansı bir kilsədə xidmət edən şəxslərin ümumi tərkibidir).[21] 1807-ci ildə Napoleonun əmri ilə San-Pyetro di Kastello kilsəsindən San Markoya Venesiya patriarxının kafedrası köçürülür (bu şərəfli titul Venesiya yepiskoplarına 1451-ci ildən məxsusdur) və bundan sonra bu bina şəhərin kafedralına çevrilir.
Kafedral hazırkı dövrdə də fəaliyyət göstərir. Adi ibadət mərasimləri müqəddəs İsidor kapellasında həyata keçirilir. Müqəddəs həvari Markın qalıqlarından başqa, kilsədə həmçinin həvari İakovun başı, məzlum İsidorun qalıqları[22] və Nikopeya ikonası da saxlanılır; əziz tutulan bütün bu əmanətlər sayəsində, Müqəddəs Mark kafedralı xristianlığın əsas ziyarət mərkəzi hesab edilir.[23]
Uzunsürən tikinti işləri, bazilikanın memarlıq üslubuna təsir göstərmişdir. Sərt roman fasadı ilə klassik yunan bazilikası kimi inşa edilmiş kafedral uzun illər ərzində aparılan çoxsaylı yenidənqurma işləri və müxtəlif memarlıq üslublarının qarışması nəticəsində öz müasir simasını əldə etmişdir. Bu da onunla izah olunur ki, müxtəlif vaxtlarda onun bəzədilməsində Venesiyaya gətirilmiş şərq mərməri, müxtəlif orderli sütunlar, yunan və roman barelyeflər, bizans və italyan heykəltaraşlıq nümunələri və qotik kapitellərdən istifadə olunmuşdur. Bütün bunlar dahi memarlar tərəfindən kafedralın harmonik arxitektonikasında birləşdirilmişdir.[24]
Bir sıra tədqiqatçılar kafedralın memarlıq üslubunu dəqiq ayırmaqda çətinlik çəkirlər və onun xüsusiyyətləri haqqında bu cür yazırlar:
Dünyada bunun kimi risksiz nəinki bədii təəssüratları korlamadan, hətta binanı profonasiya etmədən, üstünə 4 bürünc atı quraşdırmaq qabiliyyətində olan başqa bir dini abidənin olduğunu bilmirəm. Müqəddəs Mark kafedralı digər binalardan çox fərqlənir. Bütün zövq və ovqatların, üslubla dönəmlərin fantastik qarışığı... Bu bina kilsələr dünyasının təkrarolunmaz fərdiyyətidir, sadəcə olaraq "unikumdur". Onu bizans üslublu tikili hesab edirlər, amma mənə elə gəlir ki, bu yalnız məşhur dərəcəyə qədər doğrudur: kafedralın yaranmasında mühüm rol oynamış memarlıq təsirlərinin çoxluğu içərisində, məhz bizans üslubu həqiqətən də üstünlük təşkil edir. Binanın ümumi oçerki, mozaikanın rəngarəngliyi və günbəzlərin forması məhz bu üsluba məxsusdur. Lakin başqa bir tərəfdən, əsas fasadın qotik qüllələri, kiçik heykəllərdən hörülmüş qotik oxlar, antik rəngli sütunlardan ibarət kolonnada, şərq əlvanlığı və qızıl suyuna çəkilmiş ornamentlər, nəhayət, günbəzin ətrafındakı geniş terraslar - əgər bütün bunlar müqəddəs Marka həsr olunmuş və əcdadları və bənzətmələri olmayan əsrarəngiz Venesiya üslubu deyilsə, bunların hamısı birlikdə hansı memarlıq üslubunu təşkil edir?[25] - P.N. Pertsov Venesiya, 1905-ci il
|
Kafedral yunan xaçı formasında, Konstantinopol şəhərini bir zamanlar bəzəyən tipik bizans xaçvari-günbəzli müqəddəs Həvarilər kilsəsini xatırladır, lakin yenə də onun dəqiq təkrarı deyil. XII əsrin sonlarında əsas bazilika binasına geniş narteks, sonrakı əsrlərdə isə bir sıra digər otaqlar (bir neçə kapella, vəftizxana və sakristiya) əlavə edilmişdir. Apsida ilə tamamlanan altar hissəsi istisna olmaqla, xaçın qolların arkadalar vasitəsi ilə üç nefə bölünüb, xorlar isə (yan neflərin ikinci mərtəbəsi) ümumiyyətlə mövcud deyil.[26] Bazilikanın ölçüləri 76,5 × 62,5 metrəyə bərabərdir (bazilikanın uzunluğu altar hissəsi ilə birlikdə göstərilibdir). Binanın hündürlüyü (mərkəzi qübbəyə əsasən) 43 metrdir.[27]
Şərq üslubunda yaradılmış altar hissəsi (presviteri), mərkəzi nefdən 1394-cü ildə ustalar Pyetro Paolo və Yakobello Delle Masenyenin birgə əməyi sayəsində yaradılmış qotik ikonostasla ayrılmışdır. Altar çəpəri rəngli mərmərdən hazırlanıb və böyük xaçla taclanıb, onun ətraflarında isə, on dörd heykəl quraşdırılıb (On iki həvari, Məryəm və müqəddəs Mark). Altar hissəsində kivoriy quraşdırılıb (V əsr), onun altında müqəddəs Markın quru cəsədlərinin saxlanıldığı böyük altar yerləşir (müqəddəsin qalıqları kriptadan kafedral binasına 1835-ci ildə köçürülmüşdür). O, yaşıl şərq mərmərinin bütöv bir parçasından yonulub və əhəng kirəcindən hazırlanmış dörd sütunla dəstəklənir (XIII əsr). Sütunların hər birində doqquz cərgədə Müqəddəs Məryəm və İsanın tarixçəsi barədə bəhs edən relyeflər yerləşir; burada təkcə kanonik deyil, həmçinin apokrifik tarix öz əksini tapmışdır.
Bazilikanın bəzəkli mərmər döşəməsi XII əsrdə yaradılmışdır və kafedralın daxili və xarici mərmər tərtibatı ilə həmahəngdir. O, polixrom mərmər piltələrdən və üzərində mozaik təsvirlər olan müxtəlif formalı və ölçülü kiçik mərmər hissəciklərinin və əlavələrin köməyi ilə yaradılmışdır. Döşəmə mozaikaları içərisində həm həndəsi ornamentləri (dairələr, kvadratlar, səkkizkünclər), həm də heyvan təsvirləri və nəbati ornamentlərini görmək olar. Ornamentlərin bir hissəsi 1425-ci ildə Florensiyalı rəssam Paolo Uççello tərəfindən yaradılmışdır.[28]
Kafedralın təxminən 100 metr hündürlüyündə ayrıca dayanan və kampanila adlanan zəng qülləsi var. O, 1514-cü ildə inşa edilmişdir və kilsə funksiyalarında başqa, həmçinin Venesiya laqunasına daxil olan gəmilər üçün mayak kimi də xidmət göstərirdi. Zəng qülləsi 1902-ci ildə tamamilə dağılır, ancaq 1912-ci ildə o, əvvəlki kimi bərpa edilmişdir.
Başlanğıcda kafedralın xarici görünüşü roman üslubunun sərt kanonlarına uyğun gəlirdi.[29] Kafedral fasadının daha möhtəşəm və mürəkkəb mərmər üzlük işləmələri isə XIII əsrdə yaradılmışdır. Binanın daha dəbdəbəli müxəlləfat ideyası dördüncü səlib yürüşündən sonra yaranmışdır; məhz həmin dövrdə Konstantinopol saray və məbədlərinin sütunları və kapitelləri Venesiyaya aparılmışdır.
Mərmər piltələrlə üzlənmiş məbəd korinf orderi kapitelləri olan sütunlarla bəzədilib.[26] Bazilika iki yaruslu sütunları olan portal kimi həll edilmiş beş girişə malikdir, mərkəzi portalın arxivoltları isə incəsənət və sənətkarlığı əks etdirən alleqorik kompozisiyalarla bəzədilmişdir. Portalların tağları və onların üzərində yerləşən lunetlər mozaikayla bəzədilmişdir. Həmin lunetlər XIV–XV əsrlərdə Toskanalı ustalar tərəfindən hazırlanmış qotik taclarla bəzədilmişdir. Nəbati ornamentlərlə bəzədilmiş taclı tağların arasında müqəddəslərin fiqurları və kiçik qüllələr quraşdırılıb. Fasadın qıraqdakı qüllələrində Bakirə Məryəmin Müjdələnməsi səhnəsi təsvir olunmuşdur (Cəbrayıl mələyi fasadın sol küncündə, Məryəm isə sağ küncündə). Onların arasındakı dörd kiçik bürclərdə yevangelistlərin və onların rəmzlərinin fiqurları quraşdırılıb.
Əsas giriş | ||||
---|---|---|---|---|
Lunetlərin mozaikaları (1617–1618-ci illərdə Maffeo Veronanın eskizləri əsasında Luici Qaetano tərəfindən işlənib) | ||||
Portal arkalarının mozaikaları | ||||
Kilsənin ən qədim mozaikası (XIII əsr) olan bu əsərdə, müasir bazilikanın inşasından sonra həvarinin cəsədinin qalıqlarının aşkarlanması təsvir olunub. Uzun müddət davam edən inşaat işləri zamanı oğurluq hadisəsinin qarşısını almaq üçün müqəddəsin qalıqları doj və kafedral rəhbərliyi tərəfindən gizlədilmişdi. Lakin, sonradan gizli yer itirilmiş və möcüzəvi şəkildə bazilikanın pilyastrında yenidən aşkarlanmışdır. | Leopold dal Paçço tərəfindən Sebastyan Riççinin eskizi əsasında hazırlanmış mozaika, 1728–1729-cu illər. | Kafedralın ən son mozaikası, 1836–1838-ci illərdə Liborio Salandri tərəfindən rəssam Lattansio Kvereninin eskizi əsasında hazırlanıb. | Naməlum mozaikaçı tərəfindən rəssam Pyetro Vekkianın eskizi əsasında hazırlanmış mozaika, 1660-cı il. | Naməlum mozaikaçı tərəfindən rəssam Pyetro Vekkianın eskizi əsasında hazırlanmış mozaika, 1660-cı il. Venesiya tacirlərinin köməkçiləri tərəfindən İskəndəriyyədə müqəddəsin qalıqlarının əldə edilərək donuz cəmdəkləri arasında gizlədilməsi təsvir edilib. |
Fasadı bəzəyən mövcud mozaikaların əksəriyyəti XVII–XVIII əsrlərdə yaradılmasına baxmayaraq, binanın ümumi mozaik və memarlıq tərtibatı XV əsrdə yaradılmışdır (bunu rəssam Centile Bellini tərəfindən hazırlanmış San Marko meydanında Müqəddəs Xaç relikviyasının təntənəli nümayişi adlı rəsm əsəri təsdiq edir). Bütün "yeni" mozaikalar San Marko Ali prokuratorlarının sərəncamlarına uyğun olaraq qədim ikonoqrafiya ənənələrinə uyğun şəkildə təkrar edilirdi; zamanla tökülən və ya dağılan mozaikaların yerində onlar qədim nümunələrə uyğun şəkildə yenilərini yaratmağı və aşağıdan izahedici yazının əlavə olunmasını tələb edirdilər.[30]
Kafedralın bütün bürünc qapıları (mərkəzi giriş qapısı istisna olmaqla) XII–XIV əsrlərdə yaradılmışdır. Onların müəllifi, Venesiyalı zərgər Bertuçço qapıların birində, onların üzərində işləyən zaman mərkəzi portalın qapı nümunəsinə əsaslandığını bildirən yazılı kitabə yerləşdirmişdi. Mərkəzi portalın qapıları VI əsrə aid edilir; bir çox fasad elementləri ki, onlar da Venesiyaya qarət edilmiş Konstantinopol şəhərindən gətirilmişdir. Qapı tayları tovuz quyruğu formasında yerləşən və 34 cərgəli tağcıqlarla bəzədilmiş köndələn bürünc plastinlərdən hazırlanmışdır.
Giriş portalının tağları arasında, yəni yuxarıda yerləşən lodciyanın altında baş portala münasibətdə simmetrik yerləşən qoşa barelyefli bizans plitələri quraşdırılıb. Barelyef silsiləsi iki müqəddəs döyüşçünün — Salonikli Demetri və Müzəffər Georginin təsvirləri ilə başlayır. Onların ardınca Müjdə səhnəsində Bakirə Məryəm və Cəbrayılın təsvirləri gəlir. Bu silsiləni Heraklın iki təsviri qapayır: Erimanf çöldonuzunun ram edilməsi (Feodosi dövrünə aid bizans mənşəli lövhə) və Lerney hidrasının qətli (XIII əsrdə Venesiyalı ustalar tərəfindən hazırlanmış lövhə).
Pyatsetta və Dojlar sarayına açılır. Fasad mərmərlə üzlənmiş, müqəddəslərin mozaikalrı və heykəlləri ilə bəzədilmişdir. Müqəddəs Xristofor obrazı burada daha məşhurdur; o heykəllər şəklində şimal fasadında və mozaika şəklində narteksdə təkrarlanır. Xristofor təsvirinin dənizə baxan və suda əks olunan cənub fasadında yerləşdirilməsi, qədim inancla izah olunur – suda həmin müqəddəsi görən insana həmin gün heç bir pislik toxunmayacaq. Xristofor təsvirinin aşağısında dəniz tərəfdən kafedrala yeganə giriş yerləşir. O, peyğəmbərləri təsvir edən relyeflər və yarımdairəvi timpanla bəzədilmişdir (XIII əsr).
Cənub fasadını bir zamanlar Konstantinopoldan qaçırılmış çoxsaylı bəzək elementləri bəzəyir. Porfir adlanan effuziv (vulkanik) süxurlarından hazırlanmış dörd tetrarx heykəli ziyarətçilərdə daha çox maraq oyadır. Tetrarxlar kafedral xəzinəsinin tinində quraşdırılıb, onun yaxınlığında isə akritan pilyastrları yerləşir.
Müxtəlif mənşəli mərmər inkrustasiyalarla bəzədilibdir. Fasadın kafedral narteksinə aparan yeganə girişi vardır. O, portal formasında yerinə yetirilmiş və XIII əsrdə bizans qaydalarına uyğun olaraq Venesiyalı ustalar tərəfindən yaradılmış İsanın doğulması adlı qabarıq təsvirləri ilə bəzədilmişdir. Portalın dekorunda bitki ornamentləri istifadə olunduğundan, giriş hissəsi Porta dei Fyori (Güllər darvazası) adlandırılmışdır.
Kvadriqaların yaradılması heykəltaraş Lisipplə əlagələndirilir və E. Ə IV əsrdə hazırlandığı güman edilir. Kvadriqa bir zamanlar Konstantinopolun cıdır meydanını bəzəyirdi; 1204-cü ildə baş tutmuş Dördüncü səlib yürüşünü zamanı doj Enriko Dandolonun başçılığı altında səlibçilər şəhəri qarət edir və qənimət kimi atlı heykəlləri doğma Venesiya şəhərinə aparırlar. Venesiyada onun meydana gəlməsi haqqında ilk sənədli sübut, onun Sant Alipio dairəvi portalının divar oyuğunda mozaik təsviri idi. Kvadriqa doj Renyero Zenonun hakimiyyəti dövründə (1252–1268-ci illər) San Marko bazilikasının lodciyasında quraşdırılmışdır. Kvadriqa həmin dövrün çağdaş insanlarını öz gözəlliyi ilə heyrətləndirirdi. 1364-cü ildə Petrarka onun haqqında bunları yazmışdı:
...Uzaqdan qızıl suyuna çəkilmiş dörd bürünc at heykəli gözə çarpır. Qədim heykəltaraş bu atları o qədər təbii canlandırmışdır ki, sanki onların kişnəmələri və ayaq səslərini eşitmək mümkündür.[31] |
Kvadriqa tezliklə şəhərin rəmzlərindən biri seçilir. Belə ki, 1370-ci ildə, Venesiya respublikası uzun sürən müharibələrdən sonra Genuya ilə sülh bağlamağı təklif etdikdə, genuyalı admiral Doria Pyetro buna istehza ilə doja "Müqəddəs Mark atlarının qabağını almayana kimi sülh verən deyiləm" cavabını verir. 1797-ci ildə Venesiya Napoleon ordusu tərəfindən işğal olunduqdan sonra, kvadriqa imperatorun göstərişi ilə Parisə gətirilir və Karruzel meydanında yerləşən Zəfər tağının ən yüksək nöqtəsinə quraşdırılır.[32] Heykəl yalnız 13 dekabr 1815-ci ildə Antonio Kanovanın köməyi ilə öz keçmiş yerinə qaytarılır.
İkinci dünya müharibəsi zamanı kvadriqa Dolo şəhərində gizlədilmişdir. Kafedralın 1970-ci illərdə aparılan bərpası zamanı, kafedral lodciyasında yerləşən kvadriqanın surətlə əvəz edilməsinə dair qərar qəbul edilmişdir. 1982-ci ildə heykəlin əsli kaferalın yuxarı narteks odalarında yerləşən bazilika muzeyinə yerləşdirilmişdir.
Müqəddəs Mark kafedralının kampanilası (it. Campanile di San Marco) — San Marko meydanında ayrıca yerləşən və hündürlüyü 98,6 metr olan zəng qülləsidir. İlk öncə, yəni IX əsrdə bu ərazidə gözətçi qülləsi inşa edilmişdir. Bundan başqa o, həmçinin laqunaya daxil olan gəmilər üçün mayak kimi də fəaliyyət göstərirdi.[33] Zəng qülləsi özünün hazırkı görünüşünü 1514-cü ildə əldə etmişdir.[34] Bənzərsiz görünüşünə görə, o, Adriatik dənizinin sahillərinə səpələnmiş Venesiya Respublikasının torpaqlarında, o cümlədən Dalmasiyada inşa edilən kampanilalar üçün bir nümunə seçilmişdir. Zəng qülləsini yelqovan ilə tamamlanan piramidaşəkilli şpil bəzəyir, XVI əsrin əvvəllərində onun üzərinə qızıl suyuna çəkilmiş mələk fiqurunu quraşdırırlar.[35] XVII əsrin sonlarında rus səyyahı P. A. Tolstoy abidəni ilk dəfə görərkən, onu bu cür təsvir etmişdi:
Müqəddəs Mark kilsəsinin qarşısındakı həmin meydanda, daşdan dördbucaqlı formada inşa edilmiş incə zəng qülləsi səmaya ucalır; onun üzərində geniş, gözəl tumurcuqları xatırladan incə çıxıntılar vardır; həmin zəng qülləsinin zəngi isə elə də böyük deyil, lakin bütün Venesiyaya səsi yayılır və xeyir-dua paylayır. Həmin zəng qülləsi sanki çadırla örtülüb, üzərində isə xaç yerinə gözəl tökmə mələk fiquru yerləşdirilib. |
Bundan başqa, Tolstoyun dediyinə görə, şəhər sakinləri karnaval zamanı yuxarı meydançadan bir ucu Müqəddəs Mark meydançasının kənarına bağlanan kanat xətti çəkirdilər, həmin kanat üzərində incə şəkildə taxtadan düzəldilmiş şir geyimində bir insan yuxarıdan aşağıya irəliləyər və əsl şiri xatırladardı.[36]
Qüllə Orta əsrlərdə işgəncə vermək üçün istifadə edilən möhkəm kərpic şaxta hüceyrələrindən və anbarlardan ibarətdir; burada həmçinin şəhərin mənzərəsini seyr etmək və 5 zəngi yerləşdirmək üçün xüsusi meydança da yaradılmışdır. Zənglərin hər birinin öz təyinatı var idi. "Maranyona" adlanan ən böyük kilsə zəngi insanları sübh tezdən işə çağır və nahar vaxtı təkrar çalırdı. Zəng qülləsinin yanında Dojlar sarayını mühafizə etmək məqsədilə, xüsusi lodcetta binası inşa edilmişdir.
1902-ci il iyulun 14-də Venesiya sakinləri faciə ilə üzləşirlər: zəng qülləsi qəflətən dağılır. Qüllənin dağılmasına çoxsaylı zəlzələlər, ildırım zərbələri və tikilinin ümumi aşınması səbəb olmuşdur. Aşarkən, zəng qülləsi həmçinin lodcettanı və Dojlar sarayının yaxın küncünü dağıtmışdır. Qüllə dağılarkən heç bir insan xəsarət almır, ancaq lodcetta nəzarətçisinin pişiyi itkin düşür.[37] Şəhər hakimiyyəti "harada idi və necə idi" (it. dov'era e com'era) şüarı altında, qülləni bərpa etməyə qərar verirlər; çox qısa zaman içərisində, onlar bərpa işlərinə start verirlər və xarici görünüşü eynilə təkrarlayaraq konstruksiyanı gücləndiririlər. Bərpa edilən zəng qülləsi Müqəddəs Mark günü, yəni 25 aprel 1912-ci ildə ictimaiyyət üçün yenidən açılmışdır.
Yunan xaçı formasında inşa edilmiş kafedralın beş günbəzi vardır: onlardan dördü xaç qollarının üzərində, biri isə xaç qollarının kəsişdiyi mərkəzi yerdə yerləşirlər. Günbəzlər doj Sebastiano Dzianinin hakimiyyəti dövründə, yəni XIII əsr boyunca yaradılmışdır. Onların memarlığına səlib yürüşləri iştirakçılarına və Venesiya tacirlərinə tanış olan şərq kilsələri və məscidlər təsir göstərmişdir.
Günbəzlər kərpicdən hörülüb və perimetr boyunca onları bəzəyən pəncərələr alçaq barabanlar üzərində quraşdırılıb; bayırdan günbəzləri qurğuşun plastinləri ilə üzlənmiş taxta karkas örtüyü bəzəyir. Kafedralın hər bir günbəzini makovkalar (soğanvari qübbəciklər) tamamlayır; makovkaların ən yüksək nöqtəsində isə dünyanın hər dörd istiqamətinə yönəlmiş böyük xaç və qızılı kürələr quraşdırılıbdır. Mərkəzi günbəzin diametri 13 metrdir və bazilika döşəməsi üzərindən 28,15 metrəyə ucalır.
Kripta otağı presbiterinin, eləcə də həvari Pyotr və müqəddəs Klimentə həsr olunmuş künc kapellaların altında yerləşir. Kriptada birinci bazilikaya aid edilən memarlıq elementlərinin bir hissəsi qorunub saxlanılır. Onlar XX əsrin ikinci yarısında aparılan bərpa işləri zamanı aşkar edilmişdilər. Bundan başqa, kriptanın mərkəzində bizans üslublu zərif və ajur mərmər lövhəciklərlə bəzədilmiş kapella yerləşir. Onun altında 1835-ci ilədək müqəddəs həvari Markanın cəsəd qalıqları saxlanılırdı — onlar kapelladan çıxarılaraq, kafedralın əsas altarına köçürülmüşdür.
Kafedralın günbəzləri və divarlarının yuxarı səviyyəsi ümumi sahəsi təxminən 4000 kv m. olan mozaik kətan lövhələri ilə örtülübdür.[38] Kafedralın mozaik tərtibatının yaradılması 1071-ci ildə başlanılmış (apsida mozaikaları) və iki yüz ildən çox müddət ərzində davam etmişdir (narteksin mozaika işləri 1280-ci ildə sona çatmışdır). Müqəddəs Mark kafedralının mozaik silsilələri məhz bu incəsənət növünün ən əhəmiyyətli nümunələrindən biri sayılır.[39]
Erkən mozaikalar yalnız ikonopis ənənələrinə və qaydalarına riayət edən imzasız ustalar tərəfindən yaradılmışdır.[40] XI əsrdə kafedral mozaikalarının yaradılması üçün təcrübəli bizans ustaları Venesiyaya dəvət olunurdu, sonralar isə italyan mozaikaçıları bu işləri yerinə yetirməyə başladılar.[41] Sonrakı əsrlərdə mozaikaların yenidən qurulması və təzələnməsi zamanı, kartonların köməyi ilə divarlara yerləşdirilən yeni kompozisiyalar Yakopo Bellini, Paolo Uççello, Mantenya, Titsian və Tintoretto kimi dahilər tərəfindən yaradılırdı. Murano adasında hazırlanan şüşələr, daha sonra mozaikaların hazırlanmasında istifadə olunurdu. Müxtəlif rəngli şüşə kütləsi əvvəlcədən qızıl folqa fonuna yerləşdirilirdi; məhz bu səbəbdən də kafedral hətta ən az işıqladırıldığı dönəmdə belə, mozaikaların köməyi ilə parıldayırdı.[42]
Mozaikalarda Əhdi-Cədid və Əhdi-Ətiq tarixindən olan süjetlər, eləcə də həvari Mark, Bakirə Məryəm, Vəftizçi İohann və Xiosslu İsidorun rəvayələrindən bəhs edən səhnələr təsvir edilmişdir. İngilis incəsənət nəzəriyyəçisi Con Raskin yazırdı: Dünyanın heç bir şəhərinin bu qədər şöhrətləndirilən Bibliyası yoxdur. Məbəd-kitab uzaqdan Betlehəm ulduzu kimi parlayırdı….[43]
Narteks XII–XIII əsrlərdə kafedralın yanına tikilmiş və Venesiyanın məşhur mozaikaçı-ustaları tərəfindən yaradılmış mozaikalarla bəzədilmişdir.[44] Mozaik silsilə Əhdi-Ətiq süjetlərinə həsr olunub və onların vasitəsilə bəşəriyyətin xilası istiqamətində İsa Məsihin gəlişi əhəmiyyətini göstərmək məqsədi daşıyır. Mozaikaların yaradılması zamanı, Venesiyada saxlanılan və sonralar Kotton Genezisi (VI əsr) adı ilə məşhurlaşan erkən bizans Varlıq əlyazmasının miniatürləri nümunə qismində istifadə olmuşdur. Mozaikayla kiçik günbəzlər, qübbələr və nartekslərin lunetləri örtülmüşdür; onların məzmunu aşağıdakı qruplara bölünür:
Qübbə kompozisiyanın mərkəzi ətrafında yerləşən və qızıl pulcuqlardan ibarət olan üç dairəvi zolağa bölünüb. 26 səhnədən ibarət olan kompozisiya Varlıq kitabının birinci fəslinə həsr olunub, onları latın dilində olan kiçik mətnlər müşayiət edir: Başlanğıcda Tanrı göyü və yeri yaratdı. Yer boş idi, yer üzünün şəkilləri yox idi; hər tərəf qaranlığa bürülmüşdür. Tanrı Ruhu suların üzərində hərəkət edirdi. O, "İşıq olsun" deyə buyurdu və işıq oldu. Tanrı işığın yaxşı olduğunu gördü və onu qaranlıqdan ayırdı. İşığa "gündüz", qaranlığa "gecə" adını verdi. Axşam oldu, səhər oldu və ilk gün yarandı…[45] (Varlıq kitabı 1:1–2).
Altı yaradılış gününün hər birinə ayrıca səhnə həsr olunub, Yaradanın fiquru burada şərq ikonoqrafiyasının ənənələrinə uyğun olaraq əlində hündür xaç, başı üzərində isə xaçvari haləsi olan gənc Məsih obrazında təsvir olunubdur. Bütün mozaika səhnələrində Tanrının fiqurunu mələk müşayiət edir; o, dünyanın yaradılışının hər gününü simvolizə edir. Yeddinci gün xeyir-duası səhnəsi olduqca maraqlıdır; səma dəstəsinin əhatəsində olan Tanrı taxtda oturaraq, şənbə gününü simvolizə edən mələyə xeyir-dua verir. Qübbənin növbəti səhnəsi Adəm və Həvvanın yaranması tarixinə, eləcə də günaha düşmə və cənnətdən qovulma səhnələrinə ithaf olunubdur. Cənnətdən qovulma səhnəsində, arxa plandakı cənnət kollarının arasında "qarşıdakı qurtuluş" rəmzi sayılan böyük xaç təsvir olunub.
Kafedrala aparan lunetlərdə və qapı tağlarının səthində yerləşən mozaika silsiləsi uşaqların ulu babalardan doğumu, Habilin qardaşı Qabil tərəfindən öldürülməsi, böyük daşqın zamanı bəşəriyyətin məhv olması və Nuh Peyğəmbərinin xilas olması haqqında bəhs edir. Onun ardınca isə, Orta əsr şəhərinin fonunda və dişli qala divarlarının əhatəsində Babil qülləsinin inşası səhnəsi təsvir olunub. Kompozisiyanın mərkəzində yerləşdirilmiş bənna fiqurları başçının göstərişlərinə əməl edirlər. Onun yanında dillərin qarışması haqqında bəhs edən bibley əfsanəsi təsvir edilibdir; yarımçıq qüllənin qarşısında dayanan Tanrı, insanları dünyanın dürd bir yanına göndərir. Bənnalar mozaikasını İbrahim peyğəmbərin həyatını göstərən kiçik səhnə izləyir; Tanrı ilə söhbətindən bəhs edən bu süjetdə, Tanrının yalnız səmanın kənarından görünən əlləri təsvir olunubdur.
Kafedralın şimal hissəsindəki üç kiçik günbəzin narteksində yerləşən mozaikalar Gözəl İosifin həyat tarixçisinə həsr olunub. Burada əsasən bibley tarixi təsvir olunmuşdur (29 səhnə), onları latın dilində ixtisar formasında yazılmış müvafiq Əhdi-Ətiq sitatları müşayiət edir. Bir sıra səhnələrdə Misir tikililəri (evlər, taxıl anbarları) piramidalar şəklində təsvir olunmuşdur. Günbəzlərin yelkənlərində Əhli Ətiq peyğəmbərlərinin təsvirləri yerləşir; onlar İsa Məsihin gəlişi haqqında qabaqcadan xəbər verən bükülüləri əllərində saxlayırlar.
Səkkiz baza səhnəsindən ibarət olan mozaika kompozisiyaları Musa peyğəmbərin Nil çayının sularında xilas olunmasından başlayaraq, yəhudilərin Misirdən köçməsinə kimi davam edən həyatından bəhs edir. Digər mozaikalardan fərqli olaraq, səhnələr burada qızıl fon ilə bölünməyib, bunun əvəzinə onlar bir-birinin ardınca gələn və stilizə olunmuş mənzərə və memarlıq peyzajlarının çərçivələrində yerləşirlər.
Portalın ətrafındakı dörd taxçada yevangelistlərin mozaik təsvirləri yerləşdirilib. Onların yaranması XI əsrin sonuna, yəni narteksin inşaatından öncəki dövrə aid edilir — həmin zamanlar portal meydan tərəfdən kafedrala giriş kimi xidmət göstərirdi. Mozaikaların aşağısında yevangelistlərin hər birinə ünvanlanmış həmqafiyə yunan yazıları yerləşir, məsələn: Məkrli qəlblərin zərbələrini dəf et, ey müqəddəs Matvey və ya Hansı əbədiyyatda qaldın müqəddəs İohann, bizləri də oraya apar. Portalın üzərində yerləşən böyük yarımdairəvi taxçada Tisiana aid edilən qrafik əsərin əsasında 1545-ci ildə Dzukkato qardaşları tərəfindən yaradılmış həvari Markın möhtəşəm mozaik təsvirləri yerləşdirilib[41]. Mozaikaların yanında, müqəddəsə ünvanlanmış dua yerləşdirilib: O Mark, öz tərəfgirliyinlə və Tanrıdan sənə verilən mərhəmətinlə günah etmiş, lakin əlləri qoynunda səndən yardım istəyənləri bağışla, qoy onlar xilas olunsunlar.[46]
Kafedralın mozaikalarında təsvir olunan Məsihin gəlişi səhnəsi, narteksdəki süjetlərin məntiqi davamı sayılır. Kafedralın interyerini bəzəyən mozaikalar həvari Mark, Məryəm və İsanın yerdəki və göydəki həyatlarını təsvir edirlər.[47] Orta əsrlərdə mərkəzi girişin üzərində yerləşən lunetdə bizans ənənələrinə uyğun Deisus qrupu yerləşdirilmişdir (Deisus — mərkəzdə İsa Məsihin təsviri olmaq şərtilə yaradılan ikona qrupudur). Deisusda Vəftizçi İohannın obrazı şəhərin himayədarı sayılan müqəddəs Mark ilə dəyişdirilmişdir. Burada İsa Məsih əlində açılmış İncil kitabını saxlayır, müqəddəs kitabın səhifələrində isə bu sözlər yazılıb: Qapı mənəm. Hər kimsə mənim vasitəmlə içəri girərsə xilas olar. Girər, çıxar və otlaq tapar. Oğru ancaq oğurlayıb öldürmək və məhv etmək üçün gəlir. Mənsə insanlar həyata, bol həyata malik olsunlar deyə gəldim… (İohannın İncili, 10:9). Əsas girişə bitişik mərkəzi nefin divarlarında İlahiyyatçı İoannın Vəhy (Apokalipsis) kitabındakı hadisələr təsvir edilmişdir.[48]
Mərkəzi nefin mozaikalar silsiləsi presbiteriyadan başlayır, gümbəzdə isə peyğəmbərlərin Tanrı anasına özlərinin peyğəmbərliklərini sübut edən əlyazmaları göstərirlər. Tanrı anasının yanında dayanmış peyğəmbər Yesaya əli ilə qübbənin mərkəzindəki saqqalsız gənc fiquruna işarə edərək məşhur peyğəmbərlik ifadəsini səsləndirir: Buna görə də Xudavənd Özü sizə işarə verəcək: budur, bakirə qız hamilə olub oğlan doğacaq, adını İmmanuel qoyacaq. (Yesaya 7:14) Onun yanında dəbdəbəli Bizans geyimində çar Davudun fiquru yer alır və Xilaskarın çar mənşəli olmasına işarə olaraq qəbul edilir: sənin qanından olanı sənin taxtında oturdacam. (Psaltır 131:11).
İsanın gəlişi barədə edilən öncəgörmələr (peyğəmbərlik) mövzusu mərkəzi nefin divarlarında davam edir; onları XIII əsrdə yaradılmış 10 mozaik rəsm əsəri bəzəyir. Divarın sol tərəfində Bədənnüma Məsih Emmanuil peyğəmbərlərin (Hosiya, Yoel, Mixey, Yeremiya) əhatəsində əks edilmişdir, öz növbəsində Bakirə Məryəm isə sağ tərəfdən peyğəmbər Davud, Solomon, Yesaya və Yezekiilin yanında təsvir olunmuşdur.
İkonostasın üzərindəki qübbə peyğəmbərliyin icrasına başlandığını təsvir edən gözəl mozaika ilə bəzədilib. Burada dörd kompozisiya təsvir olunub: Bakirə Məryəmin Müjdələnməsi, Sehrbazların sitayişi, Sreteniye və Xaçaçuran (xaç suyuna salma mərasimi). XIV əsrdə İntibah dövrünün ən tanınmış rəssamlarından biri sayılan dahi Tintoretto, kafedral üçün yeni mozaika kompozisiyasının eskiz variantını hazırlanmışdı; onlar zəlzələ nəticəsində dağılmış və daha erkən dövrlərə aid edilən kompozisiyanın yerində yaradılmışdır.
Transeptin divarlarında və qübbələrində Əhdi-Cədid tarixindən olan çoxsaylı səhnələr təsvir edilmişdir. Ayrı-ayrı kompozisiyalardan başqa (İsanın nəfsi, Qüdsə giriş və digərləri), burada həmçinin mozaik silsilər də vardır. Onların içərisinə "İsa Məsihin möcüzələri" (İsanın günahkar və əziyyət çəkən xəstələr üçün mərhəməti təsvir edilmişdir) və "Məsihin ehtirasları" aiddir. Mozaikalar silsiləsində İsanın həbs edilməmişdən əvvəl Gefsiman bağında ibadətini təsvir edən XIII əsrə aid "Bağçada iztirab" mozaikası xüsusi diqqət cəlb edir.
Mərkəzi günbəzin tağlarında İsa Məsihin yer həyatının son hadisələri təsvir edən böyük mozaik əsərlər yerləşir: Çarmıxa çəkilmə, cəhənnəmə enmə və Dirilmə. Transeptin və mərkəzi nefin kəsişməsində yerləşən kafedralın baş günbəzi Merac mövzusuna həsr olunmuş möhtəşəm mozaika ilə bəzədilib. Günbəzin mərkəzində, ulduz dövrəsinin fonunda göy qurşağı üstündə oturan və dörd mələk tərəfindən səmaya qaldırılan İsanın fiquru təsvir olunmuşdur. Perimetr üzrə aşağı endikcə, on iki həvarinin və iki mələyin əhatəsində duran Məryəmin fiqurlarını görmək olar. Mərkəzi günbəz barabanlarında yerləşən pəncərələrin arasında xeyirxahlığı təcəssüm etdirən on altı qadın fiquru yerləşdirilib. Təmtəraqlı paltar geyinmiş və mərhəməti simvolizə edən fiqur onların içərisindən çox seçilir. Fiquru aşağıdan Bütün xeyirxahlığın anası yazısı dövrələyir.
Günbəzin Əhli Cədid silsiləsini Müqəddəs Ruhun zühuru adlı mozaika kompozisiyası tamamlayır. Onun mərkəzində hazırlanmış taxtda Müqəddəs Ruh göyərçin obrazında əks olunub; ondan çıxan alovun dilləri dairəvi şəkildə duran həvarilərə toxunur. Günbəz barabanlarında yerləşən pəncərələrin arasında isə, həvarilərin xütbələrini (yəni nəsihətlərini) dinləyən müxtəlif xalqların təsvirləri yerləşdirilib.
Kafedralın cənub hissəsində yerləşən vəftizxana doj Andrea Dandolonun sərəncamı ilə XIV əsrin birinci yarısında inşa edilmişdir. XX əsrin ortalarında aparılan bərpa işləri zamanı vəftizxananın başlanğıcda narteksin tərkibində olduğu müəyyən edilmişdir.[49] Vəftizxananın divarları mərmərlə üzlənmiş, qübbə və lunetlər isə Venesiya-Bizans qotik üslubunda hazırlanmış mozaikalar ilə bəzədilmişdir. Vəftizxananın aşağısında yerləşən qotik sərdabələrdə doj Covanni Sorantso və Andrea Dandolonun məzarları saxlanılır.
Vəftizxananın mozaik silsiləsi Vəftizçi İohannın həyatından olan müxtəlif süjetlərə (Zaxariyanın müjdələnməsindən başlayaraq, çar İrodun əmri ilə onun məzlum ölümünə kimi) həsr olunubdur. Vəftizxananın pritvorunda təsvir olunan İohannın həyat səhnələri İsa Məsihin həyat epizodları ilə birləşir; bu kompozisiyanın mərkəzində isə Tanrının Xaçaçuran mərasimi yerləşir.[50]
Vəftizxananın mərkəzində Yakopo Sansovinonun layihəsi üzrə onun şagirdləri tərəfindən XIV əsrin ortalarında yaradılan relyefli bürünc qapaqla örtülmüş daş kupel quraşdırılıb. Onun üzərində yerləşən qübbənin altında isə müzxtəlif xalqları xaç suyuna salan on iki həvarinin mozaik təsviri yerləşir. Kompozisiyanın mərkəzində İsa Məsihin fiquru yerləşir.[51] İsa insanlara üz tutaraq, onlara belə buyurdu: Dünyanın hər tərəfinə gedin, Müjdəni bütün yaradılışa çatdırın. İman edib xaç olan xilas olacaq, iman etməyən isə məhkum olunacaq. İman gətirənlərlə birlikdə görüləcək əlamətlər aşağıdakılardır: Mənim adımla cinləri qovacaqlar, yeni dillərdə danışacaq, ilanları əlləri ilə tutacaqlar. Öldürücü bir zəhər içsə belə, zərər görməyəcəklər. Əllərini xəstələrin üzərinə qoyacaqlar və xəstələr yaxşılaşacaq… (Markın tövratı 16:15–17). Vəftizxana altarının üzərində yerləşən qübbədə cənnət sukkahları təsvir olunubdur (Sukkah ivr. סֻכָּה — ilahi kölgənin altında yerləşən cənnət çadırlarıdır); burada doqquz mələk serafimlərin dəstəyi ilə İsa Məsihi əhatə edirlər. Altarın üzərindəki lunetdə İsanın çarmıxa çəkilmə mərasimini təsvir edən gözəl mozaika yerləşdirilib; doj Andrea Dandolo həmin xaçın ətəyində oturaraq, donator obrazında təsvir edilmişdir.
Kapella kafedralın şimal transeptində yerləşir. Onun tikintisi vəftizxana ilə birlikdə XIV əsrin ortalarında doj Andrea Dandolonun göstərişi ilə həyata keçirilmişdir. Kapella erkən xristian əzabkeşi sayılan Xioslu İsidora həsr olunub; həvari Markla yanaşı bu müqəddəsin də şəhər sakinləri tərəfindən çox sevildiyini bilən doj Dominiko Mikele 1125-ci ildə onun qalıqlarının Xios adasından Venesiyaya gətirilməsini əmr edir.[52] Müqəddəsin cəsəd qalıqları kapella altarının aşağısında yerləşən xüsusi taxçada yerləşdirilir, qübbənin mozaikaları isə nəşinin Venesiyaya gətirilməsi də daxil olmaqla, onun bütün Rəvayətlərindən olan səhnələri təsvir edir. Hal-hazırda müqəddəs İsidor kapellasında gündəlik liturgiyalar (ibadətlər) həyata keçirilir.
Sakristiya (riznitsa) memar Corco Spaventonun layihəsi əsasında 1486–1493-cü illərdə bazilikanın altar hissəsinə bir əlavə tikili kimi inşa edilmişdir. Onun girişi həvari Pyotr kapellası vasitəsilə həyata keçirilir. Otaq düzbucaqlı formaya malikdir, onun hündür qübbələri Dojlar sarayının kanalına açılan üç böyük pəncərə ilə işıqlanır.
Sakristiyanın divarları təxminən 1550-ci ildə Yakopo Sansovino tərəfindən yaradılmış eskizlər əsasında qoz ağacından olan oyma panellərlə üzlənmişdir. Tağ və divarların yuxarı hissəsi 1524 və 1530-cu illər arasında rəssam Tisianın ayağına yazılan eskizlər əsasında hazırlanmış mozaikalarla bəzədilmişdir.[53] Qübbə mozaikaları bitki ornamentlərindən toxunulmuş böyük xaçı təsvir edir; onların medalyonlarında İsa Məsihin və dörd yevangelistin təsviri yerləşdirilib, lunetlər isə İsanın zühurunu qabaqcadan xəbər verən Əhdi-Ətiq peyğəmbərlərin şəkilləri ilə bəzədilib.
Pala d'Oro (it. Pala d'Oro — qızıl altar) — bazilikanın əsas altarında yerləşdirilmiş Altar obrazıdır. 250 ədəd altar miniatürası X–XII əsrlərdə bizans ustaları tərəfindən arakəsməli mina texnikası ilə yerinə yetirilmişdir.[54]
Doj Enriko Dandolonun hakimiyyəti dövründə, 1204-cü ildə baş tutmuş Dördüncü səlib yürüşünü zamanı, Konstantinopol şəhərində yerləşən məşhur Pantokrator monastırından (hazırda bura Zeyrek Camii adı ilə tanınır) Venesiyaya minalı plastinlər gətirilmişdir (onlar indi altarın yuxarı hissəsini təşkil edirlər). Altarın aşağı hissəsi isə, doj Pyetro Dzianinin (1205–1229 illər) hakimiyyəti dövründə bizanslı ustalara sifariş edilmişdir. Pala d'Oro özünün müasir görünüşünü 1343-cü ildə əldə etmişdir; məhz həmin dövrdə doj Andrea Dandolo zərgər Cambattiste Buonesenyaya qızıl suyuna salınmış gümüşdən və iki min iri qiymətli və yarımqiymətli daşlarla bəzədilmiş qotik çərçivəni sifariş edir. Bu çərçivənin içərisinə daha sonralar həmin minalı miniatürlər yerləşdirilir, altarın özü isə mərmər kivorinin daxilinə yerləşdirilir. Altarın ölçüləri 3,34 x 2,51 metrə təşkil edir.[54]
XX əsrin ortalarınadək Pala d'Oro bazilikanın sırf bayram altarı hesab edildiyindən geniş ictimaiyyət üçün qapalı idi. O, ancaq təntənəli ibadət mərasimləri zamanı açılırdı, adi günlərdə isə o, adi gündəlik altar obrazı ilə bağlanırdı (1345-ci ildə Andrea Dandolonun sifarişi ilə rəssam Paolo Venetsiano tərəfindən yaradılmışdır). Hazırda Pala d'Oro bazilikanın apsida istiqamətinə yönəldilmiş, yəni əks istiqamətə döndərilmiş altar hissəsində yerləşir.[55]
Kafedralın xəzinəsi, Dojlar sarayını məbədlə birləşdirən otaqlarda yerləşir. Xəzinəyə giriş cənubi transeptdə yerləşir; onun qapısı 1231-ci ildə baş vermiş yanğının xatirəsinə yaradılmış mozaikayla bəzədilmişdir və alov dilləri arasında salamat qalmış Dirildən Xaçın və relikvarinin qalıqlarını saxlayan iki mələyi təsvir edir. Şərqdən gətirilmiş və ya Roma papaları tərəfindən hədiyyə edilmiş xəzinə kolleksiyası, əmanətlərin saxlanması üçün nəzərdə tutulan çoxsaylı mücrü, sandıqça, potir və digər kilsə əşyalarından ibarətdir. Xəzinənin ən qiymətli əşyaları, venesiyalılar tərəfindən 1204-cü ildə Konstantinopolun istilası və qarətindən sonra buraya gətirilmiş qənimətlər sayılır.
Hazırda xəzinədə 283 əşya saxlanılır.[56] Bu, əvvəlki kolleksiyanın kiçik bir hissəsidir; 1797-ci ildə Venesiya respublikasının süqutundan sonra, kafedral qarət edilir və bunun nəticəsində kolleksiya ciddi zərər çəkir. Həmçinin kafedralın bərpası üçün vəsait almaq məqsədilə, 1815–1819-cu illərdə mirvari və qiymətli daşlar məcburi şəkildə başqa saray və muzeylərə satılır.[57]
Kafedralın tarixi ilə bağlı əşyaların klassifikasiyası və tənzimlənməsi üçün XIX əsrin sonunda Pyetro Sakkardonun təşəbbüsü ilə San Marko muzeyinin əsası qoyulur.[58] Mövcud olduğu dövr ərzində o, kolleksiyanın artması ilə əlaqədar öz yerini dəfələrlə dəyişmişdir. Muzey 2003-cü ildə Müqəddəs Mark kafedralının üst narteksin və şimali transeptin zallarında qərarlaşır; bu otaqlar vasitəsilə Dojlar sarayının Banket zalına daxil olmaq olar.
Muzeydə kafedralın mozaika tərtibatının tarixi ilə bağlı ekspozisiya təqdim olunub. Burada XI–XII əsrlərə aid edilən kafedralın erkən mozaika fraqmentləri saxlanılır. Bu şöbənin ən qiymətli mozaika eksponatlarına Müqəddəs mürdaşıyan Zənənlər (bu fraqment bir zamanlar sərdabənin daxili divarını bəzəyirdi) və Körpələrin döyülməsi aiddir. Dojlar sarayının Banket zalında qiymətli parça, ikona və qədim xorallardan ibarət muzey ekspozisiyası saxlanılır. Onların arasında flamand manufakturalarında yun parçalardan hazırlanmış və İsanın Ehtirası silsiləsini təsvir edən şpaleralar xüsusilə diqqəti cəlb edir. Gözəl incəsənət inciləri arasında XIV əsrin ortalarında doj Andrea Dandolonun sifarişi ilə rəssam Paolo Venetsiano tərəfindən bizans ikonopisi texnikasında yaradılmış adi günlər altarı öz əsrarəngiz görkəmi ilə seçilir.
Müqəddəs Mark kafedralının prokuratoru Venesiya respublikasında ən fəxri və əhəmiyyətli vəzifələrdən birisi idi. Təkcə onu demək kifayətdir ki, ölkənin gələcək başçısı sayılan doj adətən 12 prokurator arasından seçilirdi. İctimai xeyriyyəçilik ilə bağlı verilən bu ömürlük vəzifə de-yure son dərəcə şərəfli idi. Prokuratorlar Müqəddəs Mark kilsəsinin ümumi durumuna və xəzinənin xərclənməsinə nəzarət etməyə borclu idilər. Doj vəzifəsinin ömür boyu davam etməsinə xitam verildikdən sonra, vəzifədən uzaqlaşan doj xidmətini prokurator kimi (onlar seçim şurasında yüksək avtoritetə malik idilər) davam edə bilərdi.[59]
Prokuratorlar üçün XV–XVI əsrlər ayrıcında Köhnə Prokurasiyalar adını daşıyan gözəl bina inşa olunur. Bu tağşəkilli və üçmərtəbəli bir binadır. XVI əsrin ikinci yarısında meydanın qarşı, yəni cənub tərəfində üçmərtəbəli və əvvəlkinə çox bənzəyən Yeni Prokurasiyalar binası tikilir.
Venesiya respublikasının süqutundan sonra prokuratorlar institutu Müqəddəs Mark kafedralının saxlanması məsələləri ilə məşğul olaraq, öz mövcudluğunu davam etdirmişdir. 1931-ci ildə Prokurasiya "Müqəddəs Mark kafedralının tikintisinə nəzarət edən xüsusi İdarə" adı ilə yenidən təsnif edilmişdir.[60] Yeni təşkilatın idarəetmə funksiyalarına interyeri bəzəyən mozaikaların mühafizəsi, vaxtaşırı bərpa işlərinin aparılması və kafedralın ümumi vəziyyətinin monitorinqi daxildir.
Kafedral özünün akustikası ilə tanınır, məhz buna görə o, müxtəlif dövrlərdə bir çox məşhur musiqiçiləri və bəstəkarları cəlb etmişdir. Kafedralın divarlarında Adrian Villart, Klaudio Merulo, Andrea (o, kafedralda özünün karyerasını müğənni kimi başlamış və 1566-cı ildə xorların baş orqan çalanı təyin edilmişdir) və Covanni Qabriyeli, Covanni Leqrentsi və Lorentso Perozi kimi bəstəkarlar çıxış etmişdilər.[61] Son İntibah və erkən barokko dövrlərinin tanınmış italyan musiqiçisi, opera bəstəkarı və müğənnisi Klaudio Monteverdi Venesiyaya köçərək, 1613-cü ildən başlayaraq ömrünün sonunadək Müqəddəs Mark kafedralında kapelmeyster xidmətini yerinə yetirirdi.[62] Antonio Vivaldinin atası Covanni Vivaldi, uzun illər San Marko kafedralının baş skripkaçısı idi. 1490-cı ildə kafedralın ikinci orqan çalanı vəzifəsinə bəstəkar Françesko Ana təyin olunmuşdur. XVI əsrin ortalarından isə kafedralın rəsmi orqan çalanı Cirolamo Parabosko idi.[63]
Kafedralda ifa edilən musiqinin xüsusiyyətlərindən birisi o idi ki, mükəmməl akustika sayəsində çıxış üçün kifayət qədər çox yer istifadə etmək mümkün idi. Klirosdakı iki orqanın quraşdırıldığı və kilsə xorlarının ənənəvi toplaşım yerlərindən başqa, musiqiçilər və müğənnilər ikonostasın qarşısındakı kafedrada, Sansovino tərəfindən hazırlanmış tribunalarda,[64] transeptdə və digər yerlərdə əyləşirdilər. Bundan başqa, XVI əsrdən başlayaraq kafedralın divarlarında "bölünmüş" xor şəklində antifon nəğmələri (iki və ya bir neçə xorların fasilələrlə ifası) yetişdirilir və tətbiq edilir, XVII əsrdən isə, bu üslub Venesiyadan Almaniya və Avstriyaya, eləcə də İtaliyanın hər yerində yayılır.[65]
|
|
|
Kafedral divarlarında bir müddət Müqəddəs Mark kitabxanası yerləşirdi (yəni XVI əsrdə ayrıca kitabxana binasının tikilməsinə başlamazdan öncə). Kitabxana zallarının tərtibatında və bəzədilməsində Paolo Veroneze, Françesko Salviati, Andrea Meldolla və dövrün digər tanınmış sənətkarları çalışmışdılar.[66] Kitabxana kolleksiyasının bir hissəsi şair Françesko Petrarkanın etdiyi səxavətli hədiyyələri sayəsində zənginləşmişdir.[67]
Kafedralın təsviri həm Venesiya respublikasına həsr olunmuş tarixi əsərlərdə, həm də Venesiyanın romantik mənzərə-peyzaj əsərlərində rast gəlinir:
Bazilikaya həsr olunmuş azsaylı şeir istisna olmaqla, ədəbiyyatda onun ümumi görünüşündən əldə olunmuş təəssüratları qeyd edən xatırlamaları yalnız bir neçə sətirdə tapmaq olar:
YUNESKO-nun Ümumdünya irsi, obyekt № 394 ing. • rus. • fr. |