Dördbucaqlı qala

Dördbucaqlı qalaİçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan qala.[1]

Dördbucaqlı qala
Xəritə
40°19′ şm. e. 49°52′ ş. u.HGYO
Ölkə  Azərbaycan
Şəhər Bakı
Yerləşir İçərişəhər, Kiçik Qala küçəsi, 13
Aidiyyatı İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu
Tikilmə tarixi XII əsr
Üslubu Şirvan-Abşeron memarlıq məktəbi
Vəziyyəti bərpa olunub, "İncəsənət qalası" kimi fəaliyyət göstərir.
Rəsmi adı: Walled City of Baku with the Shirvanshah's Palace and Maiden Tower
TipiMədəni
Kriteriyavi
Təyin edilib2000
İstinad nöm.958
DövlətAzərbaycan
RegionAvropa və Şimali Amerika
İstinad nöm.75
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
KateqoriyaMemarlıq abidələri
Dördbucaqlı qala (İçərişəhər)
Dördbucaqlı qala
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orta əsrlərdə Bakı şəhəri şimal, şərq və qərb tərəfdən ikiqat nəhəng qala divarları ilə əhatə olunmuşdu. Qala divarları tez-tez düşmən hücumları zamanı dağıldığı üçün dəfələrlə bərpa edilmişdir. Sonuncu dəfə qala divarları 1950-ci illərdə bərpa olunmuşdur. Son bərpadan sonra qala divarlarında 25 yarımdairəvi, bir ədəd isə dördbucaqlı formalı qala tipli bürc ("donjon" və yaxud "cəbəxana") qalmışdır.[2]

Əbdürrəşid Bakuvi şəhərin qala divarları haqqında maraqlı məlumat verərək yazır:[2]

" Şəhərin həddən аrtıq möhkəmləndirilmiş əsas iki qаlаsı vаrdır: “Оnlаrdаn böyüyü dənizə yахındır. Dаlğаlаr оnun divаrını yuyur. О, həmin qаlаdır ki, tаtаrlаr оnu tutа bilmədilər. Оnun üst hissəsi girintili-çıхıntılı hörülmüşdür. İkinci qаlа birincidən hündürdədir. "

Burada şübhəsiz, Bakuvinin qeyd etdiyi birinci qala Qız qalasıdır. İkinci qalanın isə Dördbucaqlı qala bürcünun olduğu ehtimal edilir. Dördbucaqlı qala bürcü öz təbii-coğrafi mövqeyinə və şəhərin relyefinə görə Qız qalasından daha hündürdə yerləşir. Ə. Bakuviyə görə də Qız qalası şəhəri cənubdan, Dördbucaqlı qala isə şimaldan qoruyurdu.[2]

Orta əsr müəlliflərinin də yazdıqlarına görə, Bakı şəhərinin 70 yarımdairəvi və şimal qala divarlarının içində 1 ədəd dördkünc qala tipli bürc (donjon və ya cəbbəxana) mövcud olmuşdur.[3] Bakını tərənnüm edən qədim fotoşəkillərdə, reproduksiyalarda, qrafik rəsmlərdə bu dördkünc qala tipli bürc aydın təsvir olunmuşdur. Xalq arasında bu qalaya cəbbəxana (cəbbəxana yəni silah anbarı) deyirdilər.[4]

Qala bürcün inşasının tarixi haqqında iki ehtimal var. Bəzi alimlər onun Bakının qala divarları ilə eyni tarixdə — XII əsrdə tikildiyini söyləyirlər. Digər tədqiqatçılar isə qalanın XIV əsrin sonu XV əsrin əvvəllərində – Şirvanşahlar dövlətinin çiçəklənmə dövründə inşa edildiyini iddia edirlər. Görkəmli tədqiqatçı Sara Aşurbəyli memar A. Q. Rəhimovanın 1971-ci ildə çap etdirdiyi "Bəzi memarlıq abidələrinin inşa tarixi barədə" adlı məqaləsinə əsaslanaraq qala-bürcün XV əsrdə tikildiyini yazır. Bu ehtimal daha həqiqətə uyğundur. Çünki, Şirvanşahların saray şairi Bədr Şirvaninin mədhlərində göstərilir ki, dördbucaqlı qalanın da daxil olduğu bir neçə memarlıq abidəsini Şirvanşah I Xəlilullahın qardaşı, Bakı hakimi Qəzənfər şah şəhərin şimal tərəfdən müdafiəsini daha da möhkəmləndirmək üçün 1428–1429-cu illərdə inşa etdirmişdir.[2]

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Tipik Abşeron qalaları kimi çox güman ki, bu qala-bürcü də ətrafdan əhatə edən hasar olmuşdur. Bunu memar Şeblıkinin 1941-ci ildə çəkdiyi "Bakı XII əsrdə" adlı qrafik rəsmində də aydın görmək olar. Dördbucaqlı qalanın təsvirinə alman səyyahı E. Kempferin 1683-cü ildə çəkdiyi Bakının qrafik rəsmində, 1796-cı ildə hidroqraf mühəndis-polkovnik Kovalerov Xristian Truzson tərəfindən tərtib edilən xəritədə və 1858–1866-cı ildə hidroqraf kapitanleytinant A. F. Ulskiy tərəfindən işlənmiş Bakının xəritəsində rast gəlinir.[2]

Qala-bürc klassik Abşeron müdafiə sisteminin nümunələrindən biridir. Abidə üçü qapalı və biri açıq olan dörd yarusdan ibarətdir. Qalanın hündürlüyü 16 metr, divarlarının qalınlığı isə 2 metrdir. Qala-bürcün şimal qala divarlarının daxili hissəsində, Qoşa qala qapılarınadək uzanan yeraltı yolun üstündə inşa edilməsi döyüşçülərin rahat hərəkəti üçün nəzərdə tutulmuşdur. Qala-bürcün bu cür yerləşməsi döyüşçülərə silah və sursat götürmək üçün yeraltı yolla cəbbəxanaya rahat girib çıxa bilmək imkanı verirdi.[2] Qaladan Şirvanşahlar sarayı və ya Qız qalasına uzanan yeraltı yolun olması ehtimalı vardır.

Abidədə 2014-cü ildə İçərişəhər DTMQİ tərəfindən əsaslı şəkildə təmir-bərpa işləri aparılmış və sonra İncəsənət Qalası (ing. Art Tower) adı ilə İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi olaraq fəaliyyət göstərməyə başlamışdır.[mənbə göstərin]

  1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarına 1 nömrəli əlavə, 2022-08-12 tarixində arxivləşdirilib, İstifadə tarixi: 8 avqust 2022
  2. 1 2 3 4 5 6 Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi. İçəri şəhər tarixdə - tarix İçəri şəhərdə (PDF). Bakı. 2016. səh. 133-138. 2020-11-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-08-07.
  3. "Dördbucaqlı qala" (az.). icherisheher.gov.az. 2017-01-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-29.
  4. Ramid İbrahimov, "Azərbaycanı dünyaya tanıdan tarix…", Bizim yol, 22 fevral 2014, səh. 12, 2014-09-05 tarixində arxivləşdirilib, İstifadə tarixi: 2022-08-07