Ülvi Rəcəb

Ülvi Rəcəb Molla oğlu Şaşıqzadə (9 yanvar 1903, Canivri[d], Batum dairəsi[d], Batum vilayəti, Rusiya imperiyası2 yanvar 1938, Bakı) — Azərbaycan aktyoru, Azərbaycan SSR əməkdar artisti (1933).[1][2][3][4]

Ülvi Rəcəb
Doğum tarixi 9 yanvar 1903(1903-01-09)
Doğum yeri
Vəfat tarixi 2 yanvar 1938(1938-01-02) (34 yaşında)
Vəfat yeri
Vəfat səbəbi repressiya
Milliyyəti acar
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Həyat yoldaşı
Fəaliyyəti aktyor
Teatr
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1933
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ülvi Şaşıqzadə 1903-cü ilin yanvarında Batumi yaxınlığındakı Canivri kəndində anadan olub. Milliyyətcə acar olan Ülvi Rəcəbin babası Əhməd bəy keçmiş Suxumi knyazları nəslindən idi. Belə ki, Əhməd bəy evlənənədən sonra ailəsini də götürüb Batumiyə köçür və o, Canivri kəndində yaşamağa başlayır. Əhməd bəyin beş oğlu vardı. Onlardan dördü fanatik idi, lakin Ülvi Şaşıqzadənin atası Rəcəb bəy digər qardaşlarından fərqli olaraq, Avropa mədəniyyəti ilə tanışlığa can atırdı. Rəcəb bəy bütün Avropanı gəzmişdi və oğlunun dünyagörüşünün formalaşmasında onun söhbətləri mühüm rol oynamışdı.[1][2][3][4]

Rəcəb Şaşıqzadənin beş övladı vardi: Naziyə, İzzət, Altun, Ülvi və Nevrestan. Naziyə atasının istəyi ilə qız gimnaziyasına qəbul olur. O, gimnaziyada oxuyan ilk acar idi, buna görə də təhsil həyatında çətinliklərlə qarşılaşırdı. Naziyə gimnaziyada ancaq 3-cü sinfə kimi oxuya bilir. On iki yaşı tamam olanda o, gimnaziyanı tərk etməli olur, çünki gimnaziyada çadra örtmək vaxtı idi. Rəcəb bəyin böyük oğlu İzzət isə rus oğlan gimnaziyasında oxuyurdu.[4]

Ülvi Rəcəb xalası Səbriyyə ilə İstanbula gedir. O, İstanbulda üç ay yayı qaldıqdan sonra evlərinə qayıdıb, təhsilə başlamalı idi. Lakin Birinci Dünya müharibəsi başlayır və o, geri qayıda bilmir. Buna baxmayaraq, Ülvi Rəcəb xalasının maddi dəstəyi ilə təhsil həyatına başlayır. Lakin bir il keçmiş xalasının pulu qurtarır və Ülvi Rəcəb təh­si­li­ni ata­raq işləyib özünü dolandırmalı olur. Bütün bunlarla yanaşı, xalası xəstələnir və dünyasını dəyişir. Müharibə qurtardıqdan sonra ailəsi Ülvini tapıb ona pul göndərə bilir. Qısa vaxtdan sonra isə o, Batumiyə qayıdır.[1][2][3][4]

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

1918-ci ildə Hüseyn Ərəblinski olmaqla "Tağıyev teatrının truppası" Batumda qastrolda olur. Qastrol tamaşaları Dəmir Teatrın və "Artistlər cəmiyyəti"nin səhnəsində gedirdi. Ülvi baş rolu Ərəblinskinin ifa etdiyi "Otello" tamaşasına baxdıqdan sonra həyatını teatra bağlamaq qərarına gəlir. O, Azərbaycandan gəlmiş aktyorlarla yaxından tanış olur. Onların göstərdikləri bir heçə tamaşada epizod rolları oynayır. Gənc teatr həvəskar hətta "Arşın mal alan" operettasında, xəstələnən aktyorun əvəzinə, Soltan bəy rolunda səhnəyə çıxır. Lakin gənc aktyorun teatrla maraqlanması atasının xoşuna gəlmirdi. O, ata-anasından gizlin həvəskarlarla tamaşa hazırlanmasında iştirak edirdi.[1][2][3][4]

1919-cu ildə Ülvi Rəcəb artıq aktyor kimi tanınırdı. Onun teatrşöhrəti oğlunun aktyor olmasını istəməyən atasının qulağına çatır. Bərk qəzəblənən Rəcəb Şaşıqzadə oğlunu evdən qovur. Bu hadisə aktyora çox ağır təsir etir, lakin o, teatrdan imtina etməyir və teatr tamaşaları göstərilən binada yaşayır. 1919-cu ilin ortalarında aktyorun 80 yaşlı atası dünyasını dəyişir. 1920-ci ilin əvvəllərində Batum teatrı Ülvini daimi işə dəvət edir. Ülvi Rəcəb çoxlu və müxtəlif rollar ifa etmək istəyirdi. Lakin repertuarın yekrəngliyi və teatr rəhbərliyinin təşəbbüssüzlüyü aktyorda narazılıq yaradrı. Elə buna görə də aktyor yaşadığı şəhəri tərk etməli olur.[4]

Batum teatrının aktyoru kimi o, 1922-ci ildə həmin teatr kollektivi ilə Tiflisdə qastrol səfərində olur. Rustaveli teatrında cəmi iki tamaşa oynayan kollektiv qastrol pis təşkil olunduğuna görə səfəri yarımçıq saxlayıb, geri qayıtmaq məcburiyyətində qalırlar. Lakin Ülvi Rəcəb teatrla üzülüşüb Tiflisdə qalır. Ertəsi gün o, Tiflis-Azərbaycan Teatrının müdiriyyətinə ərizə verib, truppaya qəbul edilməsini xahiş edir. Aktyorun xahişi təmin olunur və onu truppaya qəbul edirlər. Beləliklə, 1922-ci ildə aktyor həmişəlik Tiflisə köçür. O, burada Tiflis Azərbaycan Teatrının yaradıcılarından İbrahim İsfahanlı ilə tanış olur. "Ölülər" (Mirzə Cəlil Məmmədquluzadə), "Dağılan tifaq" (Əbdürrəhim bəy Haqverdiyev), "Aydın" (Cəfər Cabbarlı) tamaşalarında çıxış edir.[1][3][4]

Ülvi Rəcəb Hüseyn Cavidin "Səyavuş" əsərində Səyavuş rolunda

1924-cü ilin yayında Tiflis Azərbaycan Teatrının baş rejissoru Aleksandr Tuqanov hökumətin dəvətilə Bakıya, Milli Dram Teatrına çağırılır. Ülvi Rəcəbin istedad və yaradıcılıq imkanlarına böyük ümid bəsləyən Tuqanov onu da Bakıya dəvət edir. Ülvi 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlayır. Tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olur.[1][2][3][4]

Ülvi Rəcəb janrından və xarakterindən asılı olmayaraq həm faciə, dramatik, həm mürəkkəb psixoloji personajları, həm də lirik qəhrəmanları məharətlə yaradırdı. O, 1925-ci ildən 1937-ci ilə qədər Bakıda Milli Dram Teatrının səhnəsində müxtəlif obrazları böyük ustalıqla canlandırmışdır. Teatr mütəxəssisləri çoxşaxəli yaradıcılığa malik olan Ülvi Rəcəbin ifa etdiyi rolları "Dramatik surətlər", "Lirik-psixoloji", "Məhəbbət aşiqləri", "Qəhrəman obrazları", "Faciə qəhrəmanları" və s. kimi təsnifatlandırırlar.[1][3]

Konstantin Trenyovun "Düşmənlər" əsərindəki Mixail Yarovay obrazı, Hüseyn Cavidin "Səyavuş" əsərindəki Səyavuş obrazı, Aleksandr Korneyçukun "Polad Qartal" əsərindəki Polad Qartal obrazı, Cəfər Cabbarlının "Yaşar" əsərindəki Yaşar obrazı aktyorun ifa etdiyi qəhrəman obrazlarıdır. Həmçinin Vilyam Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"ında Anton, Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan obrazı aktyorun yaratdığı faciə qəhrəmanlarıdır. Həmçinin Vilyam Şekspirin "Hamlet" və "Otello" əsərlərində Hamlet və Otello, Hüseyn Cavidin "Knyaz"ında Anton, Mirzə Cəlil Məmmədquluzadənin "Ölülər"ində İsgəndər, Cəfər Cabbarlının "Od gəlini"ndə Elxan obrazı aktyorun yaratdığı faciə qəhrəmanlarıdır.[1]

Ülvi Rəcəb Otello, Mərziyyə Davudova Dezdemona rolunda

Ülvi Rəcəbin Bakıda, Akademik Teatrda oynadığı ilk böyük rol Hamlet olur. O, bu rolu 1926-1927-ci ilin teatr mövsümündə oynayıb. Aktyor Hamlet rolunu həm Aleksandr Tuqanovun (1926-cı il), həm də Sergey Mayorovun (1933-cü il) quruluşlarında oynayıb. Həmin rolu Abbasmirzə Şərifzadə kimi təcrübəli aktyor da ifa edib. 1927-ci ilin aprelində teatr Azərbaycanın, Gürcüstanın qastrola çıxır. Aprelin 28-də teatr Gəncəyə gəlir və burada 7 tamaşa verir. Mayın 8-də isə teatr Ülvi Rəcəbin iştirakı ilə "Hamlet"i göstərir. "Bakinski raboçi" qəzeti bu haqda yazırdı:[4]

" Ağzına qədər tamaşaçı ilə dolmuş salonda əsər çox böyük müvəffəqiyyət qazandı. "

("Bakinski raboçi" qəzeti, 12 may 1927-ci il).

Aktyorun kiçik bacısı Nevrestan bu haqda demişdir:[4]

" "Hamlet" tamaşası qurtardıqdan sonra, Gürcüstanın görkəmli artistləri, tənqidçiləri Ülvinin qrim otağına girib, onun əlini sıxdılar, müvəffəqiyyətinə görə onu təbrik etdilər. Rustaveli teatrının bədii rəhbəri Sandro Axmeteli onu qucaqlayıb öpdü, gördüklərinin onu heyran etdiyini söylədi. Axmeteli Ülviyə Rustaveli teatrına keçməyi təklif etdi. Ancaq Ülvi təşəkkür eləyib dedi ki, bu teatrdan kənarda yaşamağı ağlına belə sığışdıra bilmir. "

Bununla bərabər Aleksandr Afinogenov "Qorxu" əsərindəki Borodin obrazı, Viktor Hüqonun "Gülən adam" əsərindəki Huinplen obrazı, Adolf D'Enneri və Germonun "İki yetimə" əsərindəki Jak obrazı, Lev Slavinin "İntervensiya" əsərindəki Voronov obrazı, Cabbar Məcnunbəyovun "Yanar dərə" əsərindəki mühəndis Eldəniz obrazı aktyorun yaratdığı dramatik obrazlar. Həmçinin Cəfər Cabbarlının "Od gəlini" əsərindəki Aqşin obrazı, Mirzə İbrahimovun "Həyat" əsərindəki Süleyman obrazı, Maksim Qorkinin "Həyatın dibində" əsərindəki Satin obrazı, Anatoli Qlebovun "Zaqmuq" əsərindəki Ninkir Sin obrazı, Cəfər Cabbarlının "Sevil" əsərindəki Balaş obrazı aktyorun yaratdığı mürəkkəb psixoloji personajlardır.[1]

Ülvi Rəcəb Hamlet rolunda

Ülvi Rəcəb truppaya daxil olan kim Denneri və Germonun "İki yetimə" tamaşasındakı Jak rolu üzərində işləməyə başlayır. Beləliklə,bu rol aktyora çox böyük uğur qazandırır. M.Qorkinin yaradıcılıq fəaliyyətinin 30 illiyi günlərində teatr "Həyatın dibində" pyesini yeni quruluşda hazırlayır. Pyes 1927-ci ilin noyabrında tamaşaya qoyulur. Satin rolu Ülviyə tapşırılmışdı. Ülvi Rəcəbə tapşırılan Satin obrazı ilə aktyor istedadının yeni cəhətlərini nümayiş etdirir.[4]

Teatr Cəfər Cabbarlının "Od gəlini" pyesini 1928-ci il fevralın 16-da tamaşaya qoyur. Bu tamaşada Ülvi ilk dəfə məşhur aktyor Abbas Mirzə Şərifzadə ilə birlikdə çıxış etmişdir. Aktyor eyni zamanda Bakı Türk İşçi Teatrının hazırladığı tamaşalarda da iştirak edirdi. O, Balaş obrazını 1931-ci ildə Bakı Türk İşçi Teatrında oynayıb. Sevil rolunda onun tərəf müqabili Akademik Teatrın aktrisası Mərziyə Davudova və Gülüş obrazında İşçi Teatrının aktrisası Farma Qədri olublar.[1]

Habelə Vilyam Şekspirin "Romeo və Cülyetta", Hüseyn Cavidin "Şeyx Sənan" faciələrində Romeo və Şeyx Sənan məhəbbət aşiqləri obrazlarını da ifa etmişdir. Mütəxəssislər Ülvi Rəcəbin calandırdığı "Romeo və Cülyetta" haqqında demişdir:[4]

" Ülvi Rəcəbin V.Şeksprin "Romeo və Cülyetta" əsərinin tamaşasında yaratdığı Romeosu təkcə Milli Dram Teatrının deyil, geniş mənada milli səhnə sənətimizin ən parlaq baş qəhrəmanı kimi tarixiləşib. "

Ülvi Rəcəb otuz beş illik ömründə və MDT-da on üç illik fəaliyyəti dövründə zəngin yaradıcılıq irsi qoyub getmişdir.[3][5] O, Azərbaycan aktyorları arasında "psixoloji teatr" sənətinin bünövrəsini qoyan və onun formalaşmasında misilsiz xidmətlər göstərən, yüksək nailiyyətlər qazanan şəxslərdən biridir. Böyük sənətkar dəvətlə Tiflis teatrında Şeyx Sənan, Yaşar, Yarovay və başqa rollar yaradıb. Abbas Mirzə Şərifzadədən sonra Cavid əsərlərinin qəhrəmanlarını ən yüksək səviyyədə yaradan aktyorlardan biri 23 yaşlı Ülvi Rəcəb olub. Aktyor haqqında sənətşünas İlham Rəhimli qeyd etmişdir:[1][2]

" Milli teatr tariximizdə Şeyx Sənanı incə lirizmlə oynayan ilk aktyor Ülvi Rəcəb olub. "

Ülvi Rəcəb teatr sənətindəki xidmətlərinə görə 25 aprel 1933-cü ildə, 30 yaşında "Əməkdar artist" fəxri adına layiq görülüb.[1][2]

"Həyat" tamaşasında oynadığı Süleyman rolu Ülvi Rəcəbin Akademik Teatrda ifa etdiyi son rol olur. "Kommunist" qəzetinin 30 sentyabr 1937-ci il sayında Azərbaycan Dövlət Dram Teatrı haqqında bir məqalə dərc olunur. Lakin məqalənin müəllifi qeyd edilməyib. Orada oxuculara belə bir xəbər verilir:[2]

" Azərbaycan Dövlət Dram Teatrını burjua nasionalistlərinin əlaltılarından təmizləməli. "

Siyahıda Azərbaycan Dövlət Dram Teatrının aktyoru Ülvi Rəcəbin də adı verilib. Onun haqqında belə yazılır:[3]

" Yaradıcılığı bir qəpiyə dəyməyən bu adam... respublikanın əməkdar artisti kimi şərəfli bir ada "nail" olmuşdur. O, xalq düşmənləri R.Axundov, Ə.Triniç, H.Nəzərli ilə sıx əlaqə saxlamış, xarici reksion qəzetlər oxumuş, patifonda xarici plastinkalar çaldırmış, məişətcə pozulmuş, səhnəmizi Osmanlı, ərəb və fars sözləri ilə zibilləməyə çalışmış, gənc kadrların inkişafına mane olmuşdur. "

Beləliklə, Ülvi Rəcəb 1937-ci ilin 9 yanvarı "Vətən xaini" damğası ilə həbs edilir və 1938-ci ilin yanvarında Bakıda güllələnir. O, yalnız 1956-cı ildə bəraət alır.[1][2][3]

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 İra­də Sarıyeva. "Acar oğlu Ülvi Rəcəbin fəaliyyətində azərbaycançılığa xidmət amili..." (azərb. ‎). anl.az. 2016.- 18 dekabr. 23 may 2019 tarixində arxivləşdirilib.
  2. 1 2 3 4 5 6 7 8 9 Flora Xəlilzadə. "Böyük aktyorun acı taleyi" (azərb. ‎). anl.az. 2013.- 31 yanvar. 1 noyabr 2013 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 7 8 9 10 Tahir Abbaslı. "Ülvi Rəcəb" (azərb. ‎). anl.az. 2016.- 8 yanvar. 23 may 2019 tarixində arxivləşdirilib.
  4. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Əliyeva Ə. "Ülvi Rəcəb". Bakı: Azərbaycan Dövlət Nəşriyyatı. 1962. 60.
  5. Ulvi Rajab Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine. Jalil Mammadguluzadeh Encyclopædia.