Na Valex bağı (çex. Zahrada Na Valech), Valex tərcümədə təpə deməkdir)— Praqa qəsrinin cənub bağ kompleksinə məxsusdur və Na Opişi bağına kimi uzanır. Qərb tərəfdən onu Cənnət bağı izləyir, şərqdən isə bağı Qara qüllə və artilleriya bürcləri tamamlayır. Bütün qəsr və qala kompleksi ilə birlikdə, Na Valex Çex Respublikasının Milli mədəniyyət abidəsi kimi 1962-ci ildən mühafizə olunur.
Na Valex bağı | |
---|---|
Zahrada Na Valech | |
50°05′24″ şm. e. 14°24′00″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Tikilmə tarixi | XVI əsr |
Rəsmi sayt | hrad.cz |
Vikianbarda əlaqəli mediafayllar |
XVI əsrin sonunda Praqa qəsri getdikcə daha da Orta əsr qalaları üçün səciyyəvi olan xüsusiyyətlərini itirməyə başlayır. Müdafiə divarları sökülməyə başlanılır, xəndəklər torpaqlanır və onların yerində yeni bina və sarayların əsası qoyulur, eləcə də yeni bağlar salınır. Getdikcə daha çox diqqəti inşaatçılar qəsrin estetik görkəminə ayırırlar[1].
Na Valex bu gün Praqa qəsrini əhatə edən altı bağdan biridir. Adından da aydın olduğu kimi, onun yerləşdiyi ərazi Orta əsrlərdə şəhər müdafiəsinin tərkib hissəsi kimi xidmət göstərmiş və daha sonralar torpaqla örtülmüş xəndək və vallar olmuşdur. Hal-hazırda bu ərazi Hradçanı təpəsinin yamaclarında yerləşən cənubi bağların tərkib hissəsidir. Tarixən Na Valex bağının əsası XVIII əsrin ortalarında qoyulmuşdur. Məhz həmin dönəmdə Qəsrin şərq hissəsində yerləşən və Qara qüllə ilə Cənnət bağını birləşdirən cənub istehkamlarının yerində geniş xiyaban salınmışdır. I Frans İosifin taxta oturması və bununla əlaqədar hazırlanan tacqoyma şənlikləri zamanı Na Valex tam olaraq ingilis üslublu park halına gətirilməsi üçün yenidən qurulmuşdur. Zamanla, o, dəfələrlə yenidənqurma işlərinə məruz qalmışdı və turistlərin bu gün seyr etdikləri parkın cari görünüşü memar Yozef Pleçnikin yaradıcılığı sayəsində baş vermişdi. Məhz onun sayəsində bağ təbii park xüsusiyyətlərini əldə etmişdi.
Bağ başlanğıcında barokko üslubunda yaradılmış və 1703-cü ildə Cənnət bağından buraya köçürülən fəvvarə yerləşir. Buradan həmçinin bütün bağ ərazisindən keçən mənzərəli yol başlanır. Pleçnikin planına uyğun olaraq, müdafiə divarı əhəmiyyətli dərəcədə azalmış və onun bütün uzunluğu boyu müşahidə platformaları təşkil edilmişdi (buradan şəhər panoramına möhtəşəm mənzərə açılır). Onlar Belveder (kapitelli səkkiz mərmər sütunlar ilə bəzədilmiş mənzərə pavilyonu) və köhnə bastionun təməlində yerləşən yarımdairəvi terras kimi kiçik memarlıq strukturları ilə tamamlanır. Yarımdairəvi terrasın mərkəzində Müqəddəs Georgi bazilikasının yuxarı qüllə hissəsini xatırladan obelisk yerləşir. Fəvvarənin yaxınlığında Pleçnik tərəfindən 1922-ci ildə inşa edilmiş köşk, eləcə də gözəl Qış bağı yerləşir[2].
İrəliyə getdikdə barokko üslubunda inşa edilmiş iki obelisksi görmək olar. Rəvayətə görə, həmin obelisklər 1618-ci ildə Defenestrasiya zamanı üsyançı Praqa sakinləri tərəfindən Habsburq imperiyasının katolik məsləhətçiləri - Slavata və Borjitanın Praqa qəsrinin pəncərələrindən atılan yerdə quraşdırılmışdı.
Bağın mərkəzi Öküz pilləkəni (çex. Býčí schodiště) hesab olunur. Onun yaxınlığında Köhnə kral sarayının Lüdovik fligeli yerləşir. Bu bina Praqa qəsrində intibah memarlığının ilk təzahürü idi. Həmçinin burada Kral sarayının Tereziyen qanadında olan sərgi salonunun girişi yerləşir. Əfsanəvi knyajna Libuşenin zərli başı ilə bəzədilmiş kiçik kalitka deyilən giriş qapısının içərisindən keçərək alpinarium və üzüm bağına getmək olar. Ardından Qədim Misir memarlığı üslubunda tikilmiş Bellvü pavilyonunu görmək olar[3]. O, təpənin üzərində, Zadəgan qızlar institutunun qarşısında yerləşir. Pavilyonun cənub tərəfi, əllərində məşəl tutan mələklərin heykəlləri ilə bəzədilmişdir (əsərin müəllifi heykəltaraş İqnatz Platzerdir). Bundan başqa burada Müqəddəs Kitabdakı məşhur hekayələrdən biri olan - şirin ağızını yaran Samsonun heykəli ilə bəzədilmiş fəvvarə yerləşir (fəvvarə Qəsrin birinci həyətindən buraya köçürülmüşdü).
Gözəl memarlıq tikililəri ilə yanaşı, Na Valex bağı özünün unikal bitki müxtəlifliyi ilə fərqlənir. Ötən əsrin əvvəlində yenidənqurma işlərini təşkil edən Yozef Pleçnik, burada bitən köhnə ağacları məhv etməkdən imtina edir və onları mükəmməl və ahəngdar şəkildə ətraf landşafta uyğunlaşdıra bildi[4]. Möhtəşəm, həndəsi təsirlərindən təmizlənmiş qazon və çəmənlər, katalpa, Yapon Sersidifillumu, Qayın, Çin Metasekvoyası və Paulovia tomentosa kimi botanika raritetlərini tamamlayır, yarımdairəvi meydançalardan şəhərin panoramına, xüsusilə də Mala Strana rayonunda yerləşən evlərin kirəmitli damlarına açılan mənzərə isə, Na Valex bağını haqlı olaraq Praqanın ən gözəl yerlərindən birinə çevirmişdi[5].