Qara qüllə (Praqa)

Qara qüllə (çex. Černá věž) — Praqa qəsrinin şərq hissəsində, köhnə qəsr pilləkənlərinin yaxınlığında yerləşən və XII əsrə aid edilən memarlıq abidəsi.

Qara qüllə
Černá věž
Xəritə
50°05′24″ şm. e. 14°24′36″ ş. u.HGYO
Ölkə Çexiya Çexiya
Şəhər Praqa
Yerləşir Praqa qəsri
Sifarişçi I Sobeslav
Tikilmə tarixi XII əsr
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Çexiya paytaxtını bəzən "Yüzqülləli şəhər" adlandırırlar[1]. Praqada həqiqətən də çoxlu sayda qüllələr vardır; onların bir çoxu müxtəlif binaların tərkib hissəsi və ya ayrıca bir bina kimi inşa olunmuşdu. Onların içərisində məhz "Qara qüllə" ən qədim tikili hesab olunur. O Praqa qəsrinin şərq divarlarının bir fraqmenti sayılır. Kvadrat təməl üzərində qurulmuş qüllənin hündürlüyü 40 metrə yaxındır, onun yanındakı əlavə divarın uzunluğu isə 11 metrdir. Qüllə divarlarının qalınlığı iki yarım metrə, şimal tərəfdən isə hətta 3 metrə çatır.

Qara qüllə I Sobeslavın şəxsi təşəbbüsü ilə Praqa qəsrinin şərq tərəfində giriş qapısı və əsas istinadgah kimi 1135-ci ildə inşa edilmişdir[2]. Qüllənin Roman üslubunda yaradılması üçün möhkəm əsas lazım idi və buna görə də hələ I Brjetislavın hakimiyyəti dövründən qalmış daha qədim istehkamın təməli inşaat üçün istifadə olunmuşdur. Ali burqqraf binası ilə qonşu olduğu üçün, qüllə daha çox "Burqqraf qalası" adı ilə tanınırdı. Lakin çox keçmədən imperator IV Karlın əmri ilə qüllənin damı qızıl suyuna çəkilmiş qalay təbəqəsi ilə örtülmüş və o vaxtdan ona "Qızıl qüllə" adı verilmişdir və qəsrə yaxınlaşan hər bir şəxs, qarşısında imperator iqamətgahının yerləşdiyini bilirdi[3].

Qüllənin tikintisi XV əsrdə davam etdirilmişdir: belə ki damdakı masğallar və merlonlar çıxardılmış, damın hündürlüyü isə bir qədər artmışdır. Lakin 1541-ci ildə baş vermiş yanğın zamanı əsas hörülmə hissələri və damın kirəmitləri qaralmış, tikilinin özü isə qismən dağılmışdır. O vaxtdan bəri yenidən qurulmuş tikiliyə "Qara qüllə" adı verilmişdir. Bu ad, habelə onun xarici görünüşü bu gün də qalmaqdadır.

Qara qüllə başlanğıcda müdafiə tikilisi olduğundan, onun sonuncu üst mərtəbəsində qarovulçu yaşayırdı. Onu əsas vəzifəsi, şəhərdə baş verən yanğınları, eləcə də düşmən qoşunlarının şəhərə yaxınlaşmasını tez və vaxtında sakinlərə xəbərdarlıq etmək idi. Bütün tarix boyu qüllənin və qala divarlarının ətrafında heç bir döyüşün getməməsinin əsas səbəbi, çox güman ki, ətraf yamacların dik və sıldırımlı olması ilə əlaqələndirilir.

XVI əsrdə Qara qüllədə borcu olan şəxsləri yerləşdirmək üçün həbsxana yaradılmışdır, binanın zirzəmisində isə eşafot yerləşirdi. Həmçinin o da məlumdur ki, müxtəlif dövrlərdə burada tanınmış məhbuslar saxlanılırdı. Onların içərisində, 1547-ci ildə məhəllə qiyamına rəhbərlik etmiş Sikst Ottersford, imperator üçün arzuolunmaz mahnıları bəstələyən məşhur şair və musiqiçi Şimon Firbas və praqalı avantürist, kimyagər və kulinar Bavor Rodovskinin adlarını qeyd etmək olar. XIX əsrdə isə, Ağ dağ savaşında məğlub olmuş Pfaltslı Fridrix məhz bu qüllədə uzun müddət gizlənirdi. Ən maraqlısı isə odur ki, ötən əsrdə aparılan bərpa işləri zamanı, tikilinin gizli taxçalarının birində XVII əsrdə yaradılmış qırx italyan kareti aşkar edilmişdir.

Hazırda Qara qüllə Praqa qəsri muzeyinin saxlama yeri kimi fəaliyyət göstərir. Birinci mərtəbədə divara hörülmüş qədim qapıların, eləcə də qotika üslubunda hazırlsnmış piyada keçidinin izləri görünür. Qüllənin yaxınlığında yerləşən müşahidə terrası köhnə şəhərə enmək üçün istifadə olunan geniş pilləkənlərə gətirib çıxarır. Bu terras keçmişdə torpaqla örtülən bir çuxurun yerində inşa edilmişdi.

  • Ottův slovník naučný, heslo Černá věž. Sv. 6, str. 614.
  • Pavel Vlček. "Umělecké památky Prahy 4. - Pražský hrad a Hradčany". [Dále jen UPP4 - Pražský hrad a Hradčany] Umělecké památky Prahy (çex). Academia (Praha). (#cite_web_url); (#accessdate_missing_url)
  1. UPP4 - Pražský hrad a Hradčany, str. 159
  2. "Praha stověžatá - virtuální prohlídka z pražských věží". 2015-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-12-08.
  3. UPP4 - Pražský hrad a Hradčany, str. 160