Rojmberk sarayı (çex. Rožmberský palác, alm. Palais Rosenberg) və ya Zadəganlar institutu (çex. Ústav šlechtičen) — Praqanın qəsrində yerləşən saray. Keçmiş zadəgan qızlar institutunun böyük binası Praqa qəsrinin digər saraylarından öz massivliyi və yaşıl rəngi ilə xüsusi bir yer tutur və yaxınlıqdakı Yeni saraydan memarlıq kontrastı təşkil edir. Zadəgan qızlar institutunun sələfi cənubi Çexiyanın nəcib və zəngin Rojmberk sülaləsinin renessans sarayı idi. Köhnə binadan daxili həyət və onun ətrafındakı qanadların böyük bir hissəsi qorunub saxlanılmışdı. Köhnə binanın əvvəlki görkəmini bərpa etmək üçün həyata keçirilən sonuncu genişmiqyaslı yenidənqurma işlərindən sonra, saray turistlər üçün öz qapılarını açmışdı.
Rojmberk sarayı/Zadəganlar institutu | |
---|---|
çex. Ústav šlechtičen alm. Palais Rosenberg | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Aidiyyatı | Muzey və dövlət müəssisələri |
Sifarişçi | Rozenberq sülaləsi |
Tikilmə tarixi | 1545—1574-cü illər |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
X-XI əsrlərdə Praqa qəsrinin ərazisi qala istehkamları ilə əhatə olunmuşdur, buna görə də böyük binanın tikintisi üçün boş bir yer tapmaq mümkün deyildi. İstehkamlar şərq darvazasına gedən yolun yaxınlığında yerləşirdi (müasir Yirjska küçəsi demək olar ki, köhnə marşrutu tamamilə təkrarlayır). Lakin kərpic divar tikintisindən sonra, möhkəmləndirilmiş sahənin ərazisi cənuba doğru xeyli genişlənmişdir. Divarlar dik yamaclarda inşa edilir və yarım-silindrik qüllələrlə möhkəmləndirilir.
Roman dövrünün sonunda, boşaldılmış yerdə iki ev inşa edilmişdir (onların təməlləri müasir saray binasının zirzəmisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmişdir). Müqəddəs Georgi kilsəsinin qarşısında bir zamanlar sarayın mövcud olmasını çoxlu sənədlər və sübutlar təsdiqləyir. Yagellonların hakimiyyəti dövründə isə burada bir neçə yaşayış binaları: şərq hissəsində - Hanuş Pehmanın mülkü, Şvamberk və Rojmitaludan olan mülkədarların evləri, qərb hissəsində isə - Bütün müqəddəslər kapituluna məxsus ev inşa olunmuşdur.
1541-ci ildə baş vermiş yanğından sonra, Praqa qəsrinin bu hissəsi inkişaf baxımından əhəmiyyətli dərəcədə dəyişmişdir[1]. Yol və divar arasında olan ərazidə zadəgan Rozenberq və Pernşteyn ailələrinə məxsus iki möhtəşəm saray inşa edilmişdir. Həmçinin yanğından sonra Şvamberq və Rojmital malikanələri də bərpa edilmişdir.
Rojmberk sarayı iki mərhələdə inşa edilmişdir. 1545-1556-ci illərdə daxili həyətin (müasir şərq həyətinin) ətrafında memar Covanni Fontana (və ya Honse Vlaxa) tərəfindən tərtib olunmuş dörd fligelli bina ucaldılmışdır. 1573-cü ildə Villem Rozenberq iki qonşu evi satın alır və onların yerində arkada qalereyası ilə əhatə olunmuş böyük bağ salmışdı. Şvamberq evindən yalnız şərq qanadı mühafizə olunmuşdu; həmin evi əsas saraydan dar küçə ayırır.
Yeni saray qonaqları yerləşdirmək üçün nəzərdə tutulmuşdur; Villem Rozenberq 1587-ci ildə Poliksena Pernşteyn ilə dördüncü nikahını burada qeyd etmişdir; tez-tez Praqa səfərləri zamanı o burada qalırdı və 1592-ci ildə burada da vəfat edir.
1600-cü ildə Rojmberk sülaləsinin sonuncu üzvü olan Peter Vok borclarına görə, Köhnə imperator sarayını genişləndirmək arzusunda olan imperator II Rudolfa sarayı satmaq məcburiyyətində qaldı. Bir qədər sonra iki saray Rudolf qalereyası ilə birləşdirilmişdi. Peter Vok isə mənəvi təzminat üçün Lobkovitzli Yirji Popildən müsadirə olunmuş malikanəni əldə etmişdi (Hradçanı rayonunda yerləşən hazırkı Şvartsenberq sarayı). Rojmberk sarayı XVIII əsrin ortalarına qədər ilkin görkəmini qoruyub saxlayırdı.
1919-cu ildən - 1990-cı ilə kimi bina Daxili İşlər Nazirliyi tərəfindən kirayə götürülmüşdü. O dövrlərdə binaya giriş məhdudlaşdırılmışdı. Bu müddət ərzində, sarayın daxilində bir neçə yersiz əlavə və dəyişikliklər edilmişdi: quraşdırılmış qaraj (1921), şərq həyətində bir nasos stansiyası (1930), Şvamberq evinin birinci mərtəbəsində tir, bütün dəhlizlərdə tavanların altında kabel və borular. Bina uzun bir müddət Praqa qəsrinin ərazisində "ağ ləkə" olmuşdur. Lakin 1996-cı ildə Peter Malinskinin layihəsi əsasında 11 il davam edən genişmiqyaslı yenidənqurma işlərinə start verildi.
Hazırda turistlər üçün açıq otaqlar ilə yanaşı saray binasında bir sıra digər müəssisələr yerləşir: Praqa Qəsri İdarəsinin dəftərxanası, Çexiya Respublikası Prezidentinin təhlükəsizlik şöbəsi, Prezidentin Dövlət Arxiv İdarəsi, Praqa Qəsrinin Arxeologiya Araşdırma İnstitutu şöbəsi. Zirzəmidə bu təşkilatların saxlama anbarları, eləcə də Praqa qəsrinə məxsus xüsusi incəsənət və tarixi tekstil kolleksiyaların saxlanqıc otaqları yerləşir.
Sarayın "Na Valax" adlı bağına baxan fasadı stilləşdirilmiş qalaya bənzəyir[2]. O qala divarının təməli üzərində inşa edilmişdir, buna görə də o 1753-1756 illərdə yuxarı mərtəbələrin genişləndirilməsi zamanı kəsilmiş bir neçə yarımdairəvi qüllələrə bölünmüşdü. Fasad çoxsaylı portallarla bəzədilib, ikinci mərtəbədə isə qanadlı volyutaları olan fronton yerləşir. Bununla belə, Müqəddəs Georgi kilsəsinə baxan saray fasadının bu tamamlayıcı hissəsinin ən orijinal dekorativ elementi tağlı karnizdir. Daxili həyət bir zamanlar orijinal plitələr ilə döşənmişdi, bunu yalnız saray ərazisində deyil, həm də "Na Valax" bağında aparılan qazıntılar zamanı aşkar edilmiş piltə qalıqları sübut edir.
Ziyarətçilər üçün ancaq bir neçə otaq açıqdır[3]. Bunlar Rojmberq zalı, Müqəddəs Üçlük və Müqəddəs Məryəm Ana kapellası, Zadəgan qızlar institutunda təhsil alanların yataq otağı və kabineti və Şərq zalıdır. Bərpa işləri Rojmberk zalına orijinal renessans görünüşünü qaytarmışdır. Mətbəxin yerində inşa edilmiş kapellanın tavanında Müqəddəs Üçlüyü təsvir edən fresklər günümüzə kimi qorunub saxlanılmışdı. Şagirdlərin otaqlarındakı keçmiş pansionat məişəti yenidən yaradılmışdı.
1753-cü ildə imperatriça Mariya Terezanın əmri ilə saray binasında genişmiqyaslı yenidənqurma işləri başladı. Burada nəcib və zadəgan ailələrdən olan qızlar üçün 30 yerlik bir institutu yerləşdirmək planlaşdırılırdı. Yenidənqurma işləri üzrə tərtib olunan layihə, imperator sarayının tanınmış memarı Nikkolo Pakkassiyə məxsus idi, bütün tikinti işlərinə isə memar Antonin Kunts rəhbərlik edirdi. Tikinti işlərinin tamamlanmasını gözləmədən, 1755-ci ildə pansionun təntənəli açılışı olmuşdur və buranın ilk abbatisası imperatriçanın qızı Anna Mariya seçilmişdi.
1 may 1919-cu ildə institut öz fəaliyyətini dayandırmışdır.