Vladislav zalı

Vladislav zalı (çex. Vladislavský sál) — Praqa qəsrinin mərkəzində yerləşən orta əsr Köhnə Kral sarayının ən böyük mərasim otağıdır. O Vladislav Yagellonskinin hakimiyyəti dövründə inşa edilmiş və daha sonralar onun şərəfinə adlandırılmışdı. Memar Benedikt Reyd Çexiyada yaranmış eyniadlı qotika üslubunun aparıcı nümayəndələrindən biri idi. Keçmişdə bura Çexiya hökmdarlarının tacqoyma yeri kimi istifadə edilirdi. Bundan başqa burada hətta atlı cəngavər yarışları da keçirilirdi. Günümüzdə Vladislav zalı Parlamentin rəsmi iclaslarının, eləcə də bir sıra bayramların keçirilməsi üçün istifadə olunur.

Vladislav zalı
Vladislavský sál
Xəritə
50°05′24″ şm. e. 14°24′00″ ş. u.HGYO
Ölkə Çexiya Çexiya
Şəhər Praqa
Yerləşir Praqa qəsri
Memar Benedikt Reyd
Tikilmə tarixi 1490-1502-ci illər
Vəziyyəti muzey, sərgi zalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Praqag şəhərində yerləşən Köhnə Kral sarayı (Praqa qəsri) 1135-ci ildə inşa edilmişdi və ilk dövrdə kral ailəsinin qadınlarının yaşaması üçün nəzərdə tutulmuşdu. XIII əsrdən etibarən hərtərəfli yenidənqurma və bərpa işlərinə məruz qalan saray Çexiya hökmdarlarının iqamətgahına çevrilir.

Vladislav zalı Köhnə Kral sarayının əsas zalıdır. Onun tikintisi 1486-cı ildə Vladislav Yagellonun sifarişi ilə IV Karlın dövrünə aid taxt zalının yerində başlanılmışdı. Kral Vladislav buranı hökmdarlara layiq bir iqamətgaha çevirmək üçün bərpa və təmir işlərini davam etdirir. Memar Benedikt Reyd ümumilikdə sarayın əsas otağını gecikmiş qotik üslubda tərtib etmişdi[1], buna baxmayaraq bəzi detallarda intibah təsiri hiss olunur. Reyd uzun bir müddət İtaliyada səyahətdə olmuşdu və məhz oradan o müxtəlif ideyaları gətirmiş və daha sonralar bu ideyaları sarayın tikintisində istifadə etmişdi. Otağın tikintisi 16 il davam etmişdi və tam şəkildə 1502-ci ildə başa çatmışdı[2].

Otağın istifadəsi

[redaktə | mənbəni redaktə et]

Vladislav zalı ilk dövrdə sarayda təşkil olunan tacqoyma mərasimlərinin əsas zalı kimi nəzərdə tutulurdu. Mövcud olduğu ən birinci illərdən bura krallar başda olmaqla saray şənliklərinin qeyd olunması üçün istifadə edilməyə başlandı. Burada əsrlər boyu Çex kralları taxt-taca sahib olurdular, onlar and içir və dövlət taleyinin necə olacağına dair qərarlar verirdilər. Onun divarları möhtəşəm mərasimlərin, Seymin coşğun iclaslarının və hətta cəngavər yarışlarının şahidi olmuşdu. Məhz silahlanmış cəngavərlər at üzərində küçədən birbaşa olaraq otağa daxil ola bilmələri üçün, otaqdan düz Müqəddəs Yirji meydanına kimi "Atlılar pilləkəni" inşa olunmuşdu. İnşaatçılar yalnız atlılara deyil, həmçinin atların özlərinə də qayğı ilə yanaşmışdılar; belə ki onların otağa daha rahat daxil olmaları üçün pillələr alçaq və enli edilmişdi.

Bayramlar bitdikdən dərhal sonra, zal adətən bir növ qapalı dəhlizə çevrilirdi və buradan sadə vətəndaşlar Kral Dəftərxanasına və ya dövlət qurumlarına gedirdilər. O dövrün qravür rəsmləri təsdiqləyir ki, Vladislav zalı olduqca sıx ictimai yer idi və bura bəzən bir alış-veriş sahəsi kimi də istifadə olunurdu. Çox vaxt sarayda yaşanan böyük bir izdihama cəlb olunan tacirlər, birbaşa sarayın pəncərələri altında öz mallarını satırdılar.

Memarlıq xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Vladislav zalı Köhnə Kral sarayının ən üst qatında yerləşir. Onun təməlində hələ roman dövründən qorunub saxlanılmış binanın qalıqları yerləşir. Bu qədim hörgünün qalıqları zalın qərb və cənub fasadlarında yerləşir. Möhkəmliyin artırılması üçün memar Reyd zalın cənub hissəsində yerləşən tağlarda dayaq sütunlarından istifadə etmişdi. Zalın içərisində heç bir sütun yoxdur, tağların ağırlığı divarlar boyunca gedən pilyastrların üzərinə düşür, tağların kənarları isə bir-biri ilə kəsişərək gül şəklində çox gözəl naxış yaradır. Bəzi tədqiqatçıların fikrincə, bu naxışlar gül yox, əslində kral Vladislavın W monoqramı formasındadır. O zaman üçün bu unikal mühəndis həlli idi, buna görə də kral Benedikt Reydi cəngavərlik dərəcəsinə yüksəltmişdi. Qotik üslubda inşa olunmuş böyük binalara xas olan məkanı ayırıcı sütunların olmaması da qeyri-adi memarlıq addımıdır. Bu səbəbdən də Vladislav zalı Praqa şəhərində dünyəvi məqsədlərlə istifadə olunan ən böyük və ən geniş zala çevrilir. Onun ölçüləri 62 x 16 metrdir, hündürlüyü isə 13 metrə bərabərdir[3].

Zalın memarlığı qotika üslubuna uyğundur, ancaq pəncərələr Reydin İntibah ideyaları ilə tanışlığı nəticəsində düşünülmüş və yaradılmışdı. İnkişaf etməkdə olan yeni estetikaya uyğun olaraq, zalda dar qotik pəncərələrin əvəzinə, günəş işığının sərbəst axınını təmin edən ikitaylı hündür pəncərələr yaradılır. Pəncərələrin tərtibatında yarımsütunlar və kannelüralı pilyastrlardan istifadə olunmuşdu[4].

Özünün təmsilci funksiyalarını Vladislav zalı XXI əsrdə də qorumuşdur. Qədim ənənəyə uyğun olaraq, burada yenə də dövlət başçısı seçilir; bundan başqa, burada prezident seçkiləri və andiçmə mərasimi də keçirilir. Eyni zamanda, bu zalda Çexiya Respublikasının həyatında baş verən mühüm hadisələrə həsr olunmuş təntənəli iclaslar keçirilir. Hər il, 28 oktyabr ölkənin siyasi, mədəni və elmi həyatının görkəmli nümayəndələri Prezidentdən mükafatlar alır.

  1. P. Vlček a kol., Umělecké památky Prahy: Hradčany. Praha 2000, str. 174n.
  2. "Arxivlənmiş surət". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-04.
  3. Kaufmann, Thomas DaCosta. Court, cloister, and city: the art and culture of Central Europe, 1450-1800. University of Chicago Press, 1995. p. 63 Arxivləşdirilib 2021-06-18 at the Wayback Machine
  4. Beneš et al. (2012)