Qızıl küçə və ya Zlata uliçka (çex. Zlatá ulička - rəsmi adı Daliborkadakı Qızıl küçə çex. Zlatá ulička u Daliborky) — Praqa qəsrinin ərazisində, şimal qala divarlarının və köhnə burqqraf binasının arasında yerləşir. XVI əsrin sonunda inşa olunmuş kiçik yaşayış evlərində sadə vətəndaşlar düz İkinci dünya müharibəsinə kimi yaşayırdı. Bu mənzərəli küçə gözəl rəngli fasadları, alçaq və rəngarəng damları və demək olar ki, oyuncaqlara bənzəyən pəncərə və qapıları olan kiçik səliqəli evlərdən ibarətdir. Bu küçə olduqca dardır, onun uzunluğu 200 metrdir. Küçə XVI əsrin ikinci yarısında yaranmışdır. O vaxtlar bu yerlərdə şəhər ox atanları, zərgərlər və sadə qulluqçular məskunlaşmağa başlamışdı. Hazırda isə burada dəbli mağazalar yerləşir və bura baş çəkən ziyarətçilərə çox yaddaqalan əşyalar, hədiyyələr, zərgərlik məmulatları və ya mükəmməl kitabları təklif edir.
Qızıl küçə | |
---|---|
Zlata uliçka | |
50°05′31″ şm. e. 14°24′15″ ş. u. | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Tikilmə tarixi | XVI əsr |
Rəsmi sayt | hrad.cz |
Vikianbarda əlaqəli mediafayllar |
Keçmişdə, bu küçə Zlatnitska (çex. Zlatnická) adlanırdı - çex dilindən bu söz "zərgərlik" kimi tərcümə olunur. Köhnə rəvayətlərə görə, küçənin bu cür adlandırılması məhz kimyagərlər ilə əlaqəli idi. İmperator II Rudolf kimyagərlik və astrologiya elmlərinin dəstəkçisi olduğundan, Praqada yaşayan bütün kimyagərlər "saray alimləri" rütbəsinə yüksəlmişdilər. Hesab olunurdu ki, həmin kimyagərlər adi metalı təmiz qızıla çevirmək üçün hər bir yola əl atırdılar. Çox maraqlı bir fakt da odur ki, əslində bu kimyagərlər heç bir zaman bu küçədə yaşamayıblar.
1597-ci ildə şəhər oxçuları qala divarlarının təmir edilmiş daş tağlarını doldurmaq və bu yolla formalaşmış taxçaların yalnız dərinliyində kiçik evləri inşa edərək burada məskunlaşmaq istədiyini imperator II Rudolfa bildirirlər. O dövrün salnamələrində, 16 sentyabr 1597-ci ildə imperatorun oxçuların bu xahişinə müsbət yanaşdığını və onlara icazə verdiyi barədə məlumatlar verilmuşdi. Bununla belə, Qırmızı oxçular (bu ad onların kostümlarının rəngi ilə bağlı idi) bu icazəni imperatordan qətiliklə və tam şəkildə almamışdılar. Bütün binaları onlar tək özləri, qənaət edib yığılmış pullarla inşa etmişdilər. Sonradan bu evlərin alqı və satqısı yalnız oxçu icması daxilində həyata keçirilməyə başlamış və yalnız bir müddət sonra bu prosesə oxçu peşəsinə aidiyyatı olmayan insanlar da daxil edilmişdi. Əvvəlcə onların arasına Qəsrin müxtəlif işçiləri, məsələn gözətçilər, zəng çalanlar, saatsazlar və s. daxil idi. Tezliklə küçədə yerləşən evlər hər cür əlavə tikililərlə böyüməyə başlayır. Bunun nəticəsində o qədər böyük sıxlıq yaranır ki, küçənin eni heç bir metrə çatmır[1].
XVIII və XIX əsrlərdə Zlatnitska alimlər üçün yox, əskinə - cəmiyyətin aşağı təbəqələrinin üzvləri olan Praqa yoxsulları üçün sığınacaq kimi xidmət göstərmişdi.
1864-cü ildə həyata keçirilən yenidənqurma işlərindən sonra bütün bu əlavə tikililər, tövlələr və taxta anbarlar dağıdılmışdı. Burada yalnız şimal qala divarları boyunca uzanan evlərin qorunub saxlanılması barədə qərar alınmışdı. İkinci Dünya müharibəsinə qədər küçədəki bütün evlərin sahibləri var idi. Həmçinin 1-ci Respublika dövründə aparılan yenidənqurma işləri zamanı bərpaçılar Praqanın ən mənzərəli küçəsinin ümumi görünüşünü və koloritini qoruyub saxlamağa diqqət göstərirdilər.
Xoş atmosfer hissini yaradan gözəl memarlıq, Qızıl küçəsində xəyal pərisini axtaran rəssam, şair və bir sıra yazıçıların sığınacaq yerinə çevrilmişdi. Misal üçün 22 nömrəli evdə, 1916-cı ilin noyabr ayından - 1917-ci ilin mart ayına qədər yazıçı Frans Kafka yaşamış və məhz burada o "Kəndli həkim" toplusuna daxil olan hekayələrinin bir çoxunu yazmışdı. Qonşu evdə isə, tez-tez Frantişek Qalas, şair Yaroslav Zayfert və yazıçı-jurnalist Vitezslav Nezval görüşürdülər.
İkinci Dünya müharibəsindən sonra Çexoslovakiya Respublikası Prezidentinin dəftərxanası kiçik evləri sonuncu sahiblərdən satın alır və memar Pavel Yanakın rəhbərliyi altında bütün küçə 1955-ci ildə restavrasiya edilmişdir. Fasadların rəngli tərtibatını rəssam və ssenarist Yirji Trnka təklif etmişdir.
Praqa qəsri dağ qolunun zirvəsində yerləşir. Qəsrin yerləşdiyi platforma eninin genişləndirilməsi məqsədilə torpaq təpəsi, yəni qalaq yaradılmışdı. Məhz həmin təpədə də Qızıl küçə salınmışdı. Zamanla yağış suları təpə və evlərin təməlini məhv etməyə başlayır. Zlata uloçkanın Maral xəndəyinə doğru sürüşmə təhlükəsi yaranmışdır. Drenaj yolu ilə axan suların təmirinə, evlərin təməl və döşəmələrinin isə möhkəmləndirilməsinə ehtiyac yaranır[2].
Təmir-bərpa işləri 2010-cu ilin may ayında başlamış və 2011-ci ilin may ayında başa çatmışdır. Qazıntılar zamanı Zlata uloçkada evlərin birtərəfli yox, küçənin hər iki tərəfində yerləşdiyi məlum olmuşdur - belə ki, keçmişdə qala divarlarının qarşısında yerləşən evlərin qalıqları və təməli aşkar edilmişdir[3].
2010-cu ilin payızında arxeoloji işlər başa çatdırılmışdır. Küçənin altından yeni mühəndis və elektrik şəbəkələri, kanalizasiya və su xətləri salınmışdır. İnşaatçılar evlərin içərisində yeni qızdırılan döşəmə salmış, tavan və fasadları yenidən bərpa etmişdilər. Arxeoloqlar burada həmçinin XII əsrə aid edilən roman üslublu istehkam qalıqlarını aşkar etmidilər. Və nəhayət, 1 iyun 2011-ci ildə küçədə yerləşən 16 ev ziyarətçilər üçün yenidən açılmış və burada ekspozisiya mərkəzi yaradılmışdır[4].
Küçəyə daxil olan ziyarətçilər Qızıl küçəyə həsr olunmuş interaktiv sərgi ilə tanış olmaq imkanı əldə edirlər. Belə ki, bu sərgi öz fərdi evlərin və onların sakinlərinin taleyi haqqında, eləcə də küçənin tarixi inkişafı barədə bəhs edir. Qonaqlar mənzərəli küçənin tərkibinə daxil olan 16 evdən 9-nu tədqiq və ziyarət edə bilərlər. Bu evlərdə Qızıl küçədə həyatın inkişafını əks etdirən unikal ekspozisiya yaradılmışdır. Əfsanəvi evlərlə tanışlığı soldan-sağa başlamaq lazımdır: