Başlanğıcda roman üslubunda inşa olunmuş Köhnə Kral sarayı (çex. Starý královský palác) Praqa qəsrinin mərkəzi hissəsində (üçüncü həyətin ərazisi) yerləşir. Saray kompleksinin ərazisinə Bütün Müqəddəslər kilsəsi, Vladislav zalı, Köhnə palatalar, Zemstvo lövhələri və Lüdvikov qanadı daxildir. Sarayda Çexiya knyazları və kralları X əsrdən - XVI əsrə kimi yaşamışdılar.
Köhnə Kral sarayı | |
---|---|
çex. Starý královský palác | |
50°05′26″ şm. e. 14°24′06″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Status | Çexiya prezidenti və Birinci xanımının xüsusi nəzarəti altındadır. |
Şəhər | Praqa |
Sifarişçi | Hans Şpiss, Benedikt Rid |
Tikilmə tarixi | X-XVI əsrlər |
Rəsmi sayt | hrad.cz |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Saray binası I Sobeslavın və II Vladislavın hakimiyyəti dövründə, yəni 1135—85-ci illər arasında inşa olunmuşdu. O dövrdən hazırkı zamana qədər həmin saraydan yalnız zirzəmi qatının günbəzi, cənub tərəfindən xarici divaların bir hissəsi və onu bəzəyən daşlı qüllələr qorunub saxlanılmışdı. O dövrdə bu divarlar qəsr istehkamının bir hissəsi idi. Binaların qərb xətti daxilində və cənub girişi boyunca roman üslublu qüllələrin qalıqları mühafizə edilmişdi[1].
Sarayın birinci mərtəbəsində bir zamanlar böyük taxt otağı və knyaz zalı mövcud idi, taxt otağındakı 5 dənə üçlü pəncərələr cənuba baxırdı. Şərqdən saray binasına apsidalı kapella birləşirdi. Öz tikiliş üslubuna görə, saray Ştaufen (və ya Hohenştaufen) sülaləsindən olan pfalslıların qoyduqları meyarlara tam uyğun gəlirdi[1].
Prjemıslav II Ottakarın hakimiyyəti dövründə (1252-ci ildən sonra), saray genişləndirilərək qotik üslubda yenidən qurulmuşdu. Lakin 1303-cü ildə baş vermiş güclü yanğın hadisəsi nəticəsində saray dağılmışdı.
1333-cü ildə saray artıq imperator IV Karl tərəfindən yenidən inşa etdirilmişdi. O dövrə aid edilən daş hörgünün qalıqlarını aşağı mərtəbələrdə tapmaq mümkündür, ondan başqa sarayda mühafizə olunan bir sıra portallar, pəncərə hissələri, üçüncü mərtəbədə yerləşən kiçik kapellanın tağı və sarayı şimal tərəfdən genişləndirən böyük arkada həmin inşaat dövrünə aid edilir[1].
Başlanğıcda sarayın tavanı yastı idi. 1383-cü ildə IV Vatslavın saray sexində çalışan ustalar birinci mərtəbədə qotik üslublu qübbə, qərb qanadında isə ikinefli sütunlu zalı yaratmışdılar (çex. Sloupová síň)[1].
Lüksemburq sülaləsindən olan hər iki hökmdarımn hakimiyyəti dövründə (yəni 1370—87-ci illərdə), köhnə knyaz kapellasının yerində Peter Parler tərəfindən daha yenisi inşa edilmiş və bütün müqəddəslərin şərəfinə adlandırılmışdı. 1541-ci ildə Praqa qəsrində baş vermiş yanğın hadisəsindən və 1580-ci ildə aparılan bərpa və yenidənqurma işlərindən sonra, kilsədən yalnız xarici divarların qalıqları salamat qalmışdı və o özünün göz oxşayan nəfis və zəngin ornamentlərindən, ajur pəncərə dayaqlarından və qotik tağlarından məhrum olmuşdu[1].
Ən geniş yenidənqurma işlərindən biri, Vladislav Yagellonski tərəfindən aparılan yenidənqurma işləri idi. Həmin bu dəyişikliklərlə saray özünün hazırkı görünüşünü qazanmışdı. Yenidənqurma işləri Frankfurt şəhərindən olan memar və usta Hans Şpissin rəhbərliyi altında 1483-cü ildə başlanılmışdı. O qərb qanadını kralın şəxsi otaqları ilə genişləndirir, kərpic arkada ilə Müqəddəs Vit kafedralının yeni oratorisi ilə birləşdirir və Vladislav yatağı kimi tanınan otağı dekorativ ulduzlarla bəzədilmiş hündür günbəzlə örtür. 80-ci illərin ortalarından sarayda memar vəzifəsini mərhum qotika üslubunun ən görkəmli və əhəmiyyətli şəxslərindən biri sayılan Benedikt Rid öz üzərinə götürmüşdü[1].
Benedikt Rid birinci mərtəbənin bütün arakəsmələrini sökür və beləliklə sarayda yeni geniş bir taxt zalı formalaşır (1502-ci ildə zalın adı dəyişdirilərək "Vladislav" qoyulur). Vladislav zalı Köhnə Kral sarayının ən üst qatında yerləşir. Onun təməlində hələ roman dövründən qorunub saxlanılmış binanın qalıqları yerləşir. Bu qədim hörgünün qalıqları zalın qərb və cənub fasadlarında yerləşir. Möhkəmliyin artırılması üçün memar Reyd zalın cənub hissəsində yerləşən tağlarda dayaq sütunlarından istifadə etmişdi. Zalın içərisində heç bir sütun yoxdur, tağların ağırlığı divarlar boyunca gedən pilyastrların üzərinə düşür, tağların kənarları isə bir-biri ilə kəsişərək gül şəklində çox gözəl naxış yaradır[2]. Portallar ilə birlikdə, Vladislav korpusu Çexiya ərazisində intibah üslubunda inşa edilmiş ilk tikili hesab olunur.
Cənubdan memar spiralvari pilləkən, şimaldan isə atlılar üçün nəzərdə tutulmuş, kəsişən qabırğalı və qotik üslublu günbəzlə örtülmüş geniş pilləkən inşa etmişdi. Erkən renessans üslubu həmçinin Lüdvikov fligelində də nəzərə çarpır; fligel saraydan zahaba (yəni saray divarlarının qəsr divarları ilə birləşdiyi yerə) qədər uzanır və onun da inşası memar Ridin rəhbərliyi altında həyata keçirilmişdi[1].
Vladislav zalının bilavasitə yaxınlığında memar Bonifasiy Volmut tərəfindən 1559—63-cü illərdə Parlament korpusu inşa edilmişdi. Hal-hazırda saray kompleksi şəhərə qonaq gələn həm mönəbər insanlar, həm də sadə turistlər üçün həmişə açıqdır. Sarayın aşağı mərtəbələrində "Praqa şəhərinin tarixi" adlı sərgi düzənlənir.