Müqəddəs Vit kafedralı

Müqəddəs Vit kafedralı (tam adı Müqəddəs Vit, Vatslav və Voytex kafedralı; çex. Katedrála svatého Víta, Václava a Vojtěcha[1]) — Praqa qalasında yerləşən qotik üslublu kilsədir və Praqa arxiyepiskopluğunun mərkəzi sayılır. Kafedral həm texniki xüsusiyyətləri, həm də və bədii səviyyəsinə görə Avropa ərazisində qotika üslubunda inşa olunmuş binaların mirvarisi[2], həmçinin Çex xalqının sənət və ümummilli yadigarı hesab olunur. Müqəddəs Vit kafedralı əhəmiyyətli dərəcədə Mərkəzi Avropa memarlığına xas olan gecikmiş qotika üslubunun inkişafına güclü təsir göstərmişdir[3]. Memar Peter Parlerin tərtib etdiyi layihələr bir nümunə olaraq daha sonralar Sloveniya, şimali Xorvatiya, Avstriya, Çexiya, Polşa və cənubi Almaniyanın yerli qotika binalarında istifadə olunurdu.

Müqəddəs Vit kafedralı
Katedrála svatého Víta
Xəritə
50°05′27″ şm. e. 14°24′02″ ş. u.HGYO
Ölkə Çexiya Çexiya
Şəhər Praqa
Yerləşir Praqa qəsri
Aidiyyatı Katolisizm
Tikilmə tarixi Əsası qoyulub:925
Tikilib:1344–1929
Üslubu Qotika, Neoqotika
Vəziyyəti Fəaliyyət göstərir
Rəsmi sayt katedralasvatehovita.cz
Müqəddəs Vit kafedralı (Praqa)
Müqəddəs Vit kafedralı
Praqa xəritəsində Müqəddəs Vit kafedralının yeri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kafedralın dəhlizlərində Çexiya kralları və arxiyepiskopları dəfn olunmuşdular, həmin bu yerdə həmçinin Orta əsr Çexiyasının tacqoyma reqaliyaları qorunub saxlanılır.

Kafedral Praqa qalasında yerləşir və onun ayrılmaz tərkib hissəsi sayılır. Uzun illər ərzində, kilsənin zəng qülləsi Praqanın ən hündür nöqtəsi hesab olunurdu[4].

Memarlıq üslubunun xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]
Kafedralın planı

Praqa Müqəddəs Vit kafedralının tikinti işləri XIV əsrin ortalarından başlamış və demək olar ki, 6 əsr boyu davam etmişdir. Məhz bu səbəbdən, onun memarlıq üslubunda həm qotika, həm də barokko və neoqotika elementlərini görmək olar.

Ümumi xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]
Kafedralın qotik qüllələri

Müqəddəs Vit kafedralı – üç nefli bazilikadır. Əsas nefin uzunluğu 124, hündürlüyü 34, Böyük (cənubi) qüllənin hündürlüyü isə 96,5 metrdir. Kilsənin qərb tərəfində iki 82 metrlik neoqotik daş qüllələr ucalır, onların arasında isə ajur qızılgül formasında 10 metrlik dairəvi pəncərə yerləşir.

Kafedral kilsənin 3 portalı zəngin heykəltaraşlıq əsərləri, daş və bürünc barelyeflərlə bəzədilib[4].

Kafedral möhtəşəmdir. Xaricdən o qotik kiçik qüllələr və ornamentlərlə bəzədilmişdir. Yan girişin üzərində - İsa Məsihin ölü ruhlar üzərində sonuncu hökmünü təsvir edən və Çexiya ərazisində yeganə Məhşər (Qiyamət) adlı mozaika yerləşir. V.E. Mangelştamın təşbihlə dediyi kimi – Kafedralın şpili səmanın sıx sinəsini iti bir iynə ilə yaralayır. Kafedrala daxil olmuş möminləri dərhal işıq və kölgənin yaratdığı xüsusi atmosfer əhatə edir. Bu təkcə bibley səhnə əsərləri ilə rənglənmiş şüşə vitrajların vasitəsilə əldə edilmir. Kilsənin əsas konstruktiv xüsusiyyəti, yəni interyerin həddindən artıq hündür tavanı və ikinci yarusa quraşdırılmış böyük pəncərələri, buraya daxil olmuş ziyarətçilərə fövqəladə, valehedici və xəyali bir hisslər yaşadır. Kafedralın interyeri işıqlıdır və bu səbəbdən onun böyük daxili məkanı vahid və yüngül görünür. Qotik tağlar yüksəkliyə doğru istiqaməti əlavə olaraq vurğulayır. Altar kafedralın sonuncu şərq odası hesab olunmur. Altar bir-birindən iki divarlar ilə arası kəsilmiş fərdi dua üçün otaqlar – kapellalar ilə əhatə olunub. Nəfis fresklərlə bəzədilmiş bu kapellalarda Çexiya krallarının məzar daşları yerləşir. Yan tərəfdə, ağır palıd qapıların arxasında bundan öncə qeyd olunduğu kimi, müqəddəs Vatslavın kapellası yerləşir. Kapellanın xüsusi əzəmətli daxili tərtibatı Çex himayədarının (patronunun) möminlərin qarşısındakı əhəmiyyətini vurğulamaq üçün nəzərdə tutulmuşdur. Kapellada quraşdırılmış müqəddəs Vatslavın heykəli, Çexiyanın ən gözəl heykəltaraşlıq nümunələrindən biri sayılır.

Onun yaradıcısı – memar Peter Parler müqəddəs Vatslavı nizə və üzərində Çexiyanın gerbi (qartal) yerləşdirilmiş qalxanla silahlanmış gənc cəngavəri təsvir edir. Heykəl öz sadəliyi, tamamlanmış silueti və nəcib qaməti ilə fərqlənir. Həddindən artıq incə işlənmiş və səthi və detallar təəccüblü bir ziddiyyət təşkil edir; bu kontrast Parler məktəbinə xas olan bir xüsusiyyətdir. Çex ədəbiyyatında (xüsusilə də poeziyada) cəngavər-qoruyucunun heykəlinə şairanə görkəm verilmişdi. Bu keyfiyyətlər daha sonralar Çexiyanın incəsənət əsərlərində xarakterik olacaq. Parler qeyri-adi memarlıq elementlərini istifadə edərək kapellanı yaratmışdır. Planda dörbucaq şəklində olan kapellanın qübbəsi ulduza bənzəyir. Kafedralın daxilində yerləşən kub formalı kapella, özünün böyük divar səthləri ilə diqqəti cəlb edir. Massiv qapılar ziyarətçiləri, onun arxasında qiymətli maddi və mənəvi xəzinələrin etibarlı şəkildə qorunub saxlanıldığını inandırır. Müqəddəs Vatslav kapellasının memarlıq ideyaların başlanğıcında Yeni Yerusəlim adlı "ideal xristian şəhər" təsəvvürü dayanır. O planda kvadrat şəklindədir, üstü qiymətli daşlarla örtülmüş qala divarları və darvaza ilə hasarlanıb və bütün ətrafa işıq saçır. Rəngli daşlarla bəzədilmiş kapella divarları əlavə olaraq parlaqlıq effekti yaradır, bu da əziz Vatslav məzarına mistik və eyni zamanda melodik çalarları bəxş edir.

Parler və onun emalatxanasında çalışan ustalar Praqa şəhərinin və digər vilayətlərin bir çox kilsələrin tikintisində iştirak etmişdir. O, həmçinin Praqanın ən böyük dünyəvi tikililərini, xüsusən də Vltava çayının üzərindən salınmış və öz texniki həlli, qeyri-adi həcmi və tərtibatı ilə bütün Avropanı təəccübləndirən daş körpünü inşa etmişdir. Körpünün on altı dəyirmi tağları şəhərin iki hissəsini birləşdirir. Mürəkkəb heykəltaraşlıq kompozisiyası ilə bəzədilmiş körpü qüllələrindən biri, IV Karl və taxta əyləşmiş IV Vatslavı əks etdirir.

Kafedralın köhnə şərq (XIV-XV əsrlər) və yeni qərb (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəli) hissələri aydıncasına bir-birindən fərqlənir. Bununla belə, kafedralın fasadını şərti olaraq bir neçə hissəyə bölmək olar[5]:

  • Əsas fasad (Qərbi)
  • Şimali fasad
  • Cənubi fasad

Qərb fasadında yerləşən neoqotik üslublu 82 metrlik qüllələr 14 müqəddəsin heykəli və müasir kafedral inşaatçılarının büstləri ilə bəzədilmişdi. Onlar 1921-ci ildə Frantişek Kisela tərəfindən yaradılmış və "Dünyanın yaranması" adı ilə tanınan nəhəng rozettanın (qızılgülə bənzər ajur dairəvi pəncərə) altında yerləşirlər[6]. Portal kafedralın tikinti tarixi haqqda bəhz edən bürünc qapılarla bəzədilmişdi[7].

Kafedralın cənub fasadı 1929-cu ildə tamamlanmışdır. Bu fasad, qızıl darvaza və böyük qüllə ilə birlikdə Praqa qalasının üçüncü həyətində yerləşir[8].

Qızıl darvaza

[redaktə | mənbəni redaktə et]
Qızıl darvaza

Köndələn nefə aparan Qızıl daravazalar (çex. Zlatá brána) kapella və Müqəddəs Vatslav zəng qülləsinin arasında yerləşir. Darvaza kafedralın ana girişi hesab olunur[4]. 1368-ci ildə Peter Parler tərəfindən hazırlanmış bu darvaza qotik üslublu zərif üçqat tağdan ibarətdir[9]. Poqostun (məzarlıq yeri) günbəzi son dərəcə mürəkkəbdir, burada əsas portalın orta sütuna qədər sərbəst şəkildə endirilmiş nervürlarlardan istifadə olunmuşdur[8][10].

Mozaikanın arxasında tacqoyma reqaliyalarının və digər xəzinələrin saxlandığı xüsusi otaq (Tacqoyma kamerası) yerləşir[7]. Bu reqaliyaları yan arkada tağlarının üzərindəki iki kiçik pəncərə işıqlandırır.

Darvazada yerləşən orta sütunun tabinakllarında əvvəllər dua edən Məryəm Ananın, IV Karl və Pomeraniyalı Yelizaveta ilə birgə heykəli və onları müşayiət edən daha kiçik fiqurlar var idi[8]. Darvazaların daxilindəki divarlar Karel Svolinskinin eskizləri əsasında M. Fösterov tərəfindən yaradılmış "Adəm və Həvva" (1939) və "Çarmıxa çəkmə" (1945) mozaikaları ilə bəzədilmişdir[11] і «Укрыжаванне» (1945), створанымі M. Foesterová па эскізах[12]. Həmçinin İsa Məsihin rəmzlərindən sayılan Simurq quşuQutanın təsvirləri də qorunub saxlanılmışdı[8].

Darvaza zodiak bürcləri mövzu ilə bağlı alleqorik əsərlərlə bəzədilmiş bürünc məhəccər ilə bağlanır[13].

Məhşər mozaikası

[redaktə | mənbəni redaktə et]
"İsa Məsih mandorlada" mozaikası

Qızıl darvazanın önündəki xarici divarları Məhşər mozaikası bəzəyir. Mozaikanın yaradılması ideyası 1371-1372-ci illərdə, İmperator IV Karlın Roma qayıtdıqdan və dördüncü həyat yoldaşı Pomeraniyalı Yelizavetanın tacqoyma mərasimindən sonra yaranmışdır[8]. Tikinti zamanı 33-dən artıq çalar və təxminən bir milyon şüşə parçalarından istifadə olunmuşdur. Kompozisiya baxımından mozaika uzaq məsafədən Padua şəhərinin Skravenyi kapellasında yerləşən Cottonun "Qiyamət" adlı əsərinə bənzəyir. Lakin Praqadakı mozaikada çex təsvir ənənələrinə xas bir sıra elementlərdən istfadə olunmuşdur[8].

Mozaikanın sol tərəfində mələklərin göyə qaldırdığı əməlsaleh insanlar və şeytanların cəhənnəmə dartdığı günahkar insanlar təsvir olunub. Mərkəzdə əziyyət alətləri (Arma Christi) olan mələklərin daşıdığı taxta İsa və krallıq üçün ona yalvaran altı çex müqəddəsi – Müqəddəs Prokopi, Müqəddəs Ziqmund, Müqəddəs Vit, Müqəddəs Vatslav, Müqəddəs Lüdmila və Müqəddəs Adalbert təsvir olunub. Kənarlarda Məryəm ana və Vəftizçi İohannın təsvirləri var. Ümid və uzlaşma simvolu olan göyqurşağı fonunda təsvir olunmuş işıq şüalarının əhatəsində yerləşən Hakim Məsih əllərində, ayağında və sağ tərəfindəki yaraları göstərir[8]. Mozaikanın ən aşağı hissəsində dördünca həyat yoldaşı Pomeraniyalı Yelezaveta ilə birlikdə diz çökmüş IV Karl tərsvir edilmişdir. Mozaikanın arxasındakı fon zərli şüşə kublardan, kiçik fiqurlar isə rəngarəng daşlardan hazırlanmışdır. Bütün bu daşlar Venesiyada yonulmuşdur. Məhşər mozaikası Alp dağlarından şimaldakı ərazilərin ən böyüyü və ümumiyyətlə Çexiyanın ən qədim və bu günə kimi qorunub saxlanılan mozaikalarından hesab olunur[9][10][14]. Məhşərin yuxarı hissəsinə orijinal Xilaskar Spas mozaikası əlavə olunub.

Venesiya rəssamlığının ən görkəmli tədqiqatçı və mütəxəssislərindən biri sayılan Rudolfo Palukini, mozaika müəllifliyini italyan rəssam Nikola Semitekolaya aid etmişdi. O hesab edirdi ki, Nikola mozaik eskizlərinin müəllifidir, IV Karl isə məhz həmin eskizlərin əsasında italyan sənətkarlarına sifariş vermişdir. Ən maraqlısı isə bundadır ki, Çex əfsanələri məşhur Bohemiya şüşələrinin yaranmasını elə bu mozaika ilə əlaqələndirir. Rəvayətə görə, Bohemiya şüşə istehsal texnologiyası, smalta məhsulundan hazırlanan mozaikanın bir davamı olaraq ortaya çıxmışdır. Bunu təsdiqləyən daha bir səbəb isə, şüşə istehsalı üçün istifadə olunan kimyəvi maddələrin Venesiya mozaika ustaları tərəfindən hazırlanan tərkib hissələri ilə demək olar ki eynidir.

Ətraf mühit və hava şəraitinin təsiri nəticəsində, alkoloid duzları mozaikanın səthində görünməyə başlamışdır. Bu səbəbdən boyalar öz ilkin təravətini itirərək qaralmış, rəsmlər isə tezliklə demək olar ki, gözlə görünməz hala düşmüşdü. Artıq orta əsrlərdə və XVIII-XIX əsrlər boyu daha bir neçə dəfə, mozaika təmizlənmə və yenidənqurma işlərinə məruz qalmışdır. Son bərpa işləri 2005-ci ildə həyata keçirilmişdi; restavrasiya qismən problemi həll edərək, mozaikaya orijinal parlaqlığı qaytarmışdı[10][15].

Böyük qüllə

[redaktə | mənbəni redaktə et]
Cənubi qüllə və Qızıl darvazanın
rəssam Antonin Slaviçek (1909)
tərəfindən çəkilmiş şəkli
Cənubi qüllə və Qızıl darvazanın
müasir görünüşü

Cənub fasadının dominantı Böyük cənubi Qüllə (çex. Velká jižní věž) hesab olunur. Qüllənin 58 metrə qədər olan əsas hissəsi qotik üslubda yaradılmışdır. Onun üst mərtəbələri renessans üslubunda müşahidə meydançası və barokko tərzli soğanvari qübbə ilə tamamlanır. Peter Parler qüllənin tikintisini 1396-cı ildə başladı və düz 1406-cı ilə qədər (yəni vəfatına kimi) inşasını davam etdirdi[16]. Onun oğulları Yan və Vatslav onun işini davam etdirdi[10].

Vladislav Yagellonun əmri ilə qüllədə gecikmiş qotik üslubda kral ibadəgahı inşa edilmişdir. Onun bəzək vurma işləri ümumilikdə 1480-ci ildə başa çatdırılmışdır[5].

Qüllənin mehvəri üç müxtəlif istiqamət üzrə bir-birinin içərisinə hörülüb və öz dövrünün əsl texniki möcüzəsi sayılan nahamar çıxıntılı şəbəkə sayəsində, bütün konstruksiya qeyri-adi yüngüllük təəssüratı yaradır. Böyük qülləyə həmçinin XVI əsrin sonuna aid intibah saatı quraşdırılıb, II Rudolf monoqramının aşağısında pəncərə yerləşir. Pəncərə Georq Şmithamerin (1568–1573) layihəsi əsasında hazırlanmış və qızıl suyuna salınmış qəfəs ilə bəzədilmişdir[8]. Onun arxasında isə Çexiyada ən böyük "Zigmund" adlı kilsə zəngi yerləşir. Ortada yerləşən aynanın altında Prjemısloviç sülaləsinin qədim gerbi – Orlitse adlı qartal, ondan sağda Çex aslanı, solda isə Praqa arxiyepiskopluğunun gerbi təsvir olunmuşdu[8].

1564-cü ildə o dövrün ən tanınmış memarlarından biri sayılan Bonifatsiy Volmut, qüllənin intibah üslubunda qalereya və qübbəsini inşa etmişdir[4].

Çoxlu dağıntı və yanğın hadisələrdən sonra, qüllə 1770-ci ildə Vyanalı memar Nikolaus fon Pakostinin layihəsi əsasında baroko qübbəsinin hazırlanması ilə özünün yekun görünüşünü əldə etmişdir. Qübbənin ən yuxarı nöqtəsinə 3 metrlik və qızıl suyuna çəkilmiş flüger (Çex aslanı) quraşdırılmışdır[4][17].

Böyük qüllə barədə olan əfsanələrdən biri peyğəmbərlərdən biri Çexiya kralı IV Vatslavın zəng qülləsinin qarşısında həlak olcağını qabaqcadan xəbər vermişdi. Kral bu xəbərdən qorxaraq əmr edir ki, qüllə sökülsün. Qüllənin birinci mərtəbəsi sökülən an Praqa şəhərində Reformasiya xarakterli husçular hərəkatı baş qaldırdı. Bu hadisədən məyus olan kral çox keçmədən ürəkkeçmədən vəfat edir[16].

Ziyarətçilər qüllənin daxilinə yalnız yaxşı hava olarkən buraxılır. Müşahidə etmə meydançasının hündürlüyü 60 metrdir. Praqanın ümumi mənzərəsini seyr etmək üçün, onun daxilindəki daş pilləkənin 287 pilləsini qət etmək lazımdır. Keçmişdə qüllədə qeybdən xəbər verən insan çalışırdı. Onun əsas vəzifələrindən biri, dinc vaxtda yanğın təhlükəsizliyini nəzarət etmək idi. Şəhərdə alov gördükdən dərhal sonra, nəzarətçi yanğın baş verdiyi ərazini istiqamətləndirmək məqsədilə qırmızı bayraq və ya qırmızı fənəri yandırır. Bu vaxt digər qala carçısı içərisində yazılı məlumat olan tənəkə bankasını aşağı endirir[17].

Qüllənin üçüncü mərtəbəsində saat mexanizmi yerləşir. Hazırkı mexanizm və siferblatlar qüllənin 1730-cu ildə bərpa edildikdən bəri mövcuddur. Qüllənin hər tərəfində iki siferblat quraşdırırlıb; onların içərisində diametri 4 metrdən artıq olanı saatı, daha kiçiyi isə saatın dörddəbirni göstərir. Onların üzərindəki AD MDXCI CR yazısı, saatın 1591-ci ildə (yəni II Rudolfun hakimiyyəti dövründə) yarandığını xatırladır[17].

"Ziqmund" zəngi

203 sm hündürlüyü, 16.5 ton ağırlığı və ən böyük diametri 256 sm olan "Ziqmund" zəngi Çexiyada ən böyüyüdür. Eyni adlı ilk zəng 1541-ci ildə qalada baş vermiş yanğın zamanı əriyib çökmüşdür. Hazırkı Ziqmund isə 1549-cu ildə Mihulkadakı Barıt qülləsində işləmiş ilk tüfəngqayıran usta Tomaş Yaroş tərəfindən hazırlanmışdır[10][17].

Zəng Dürerin Müqəddəs Üçlük və Məryəm Ananın iltifatı (Blaqoveşşeniye) mövzularında hazırlanmış eskizləri əsasında zəngin relyeflərlə bəzədilmişdir. Tomaş Yaroş təsvirlərin bürünc zənglərə tökmək üçün, eskizləri maksimal dərəcədə sadələşdirmək məcburiyyətində qalmışdı. Master mərkəzi fiqurları xüsusilə vurğulamışdır: o Müqəddəs Üçlüyün mərkəzi fiqur cərgəsini yığışdıraraq, əsas diqqəti Tanrı Atanın öz əlində Məsihin bədənini tutan heykəldə cəmləyir. Üçüncü relyef – Çarmıxaçəkmə və İmperator I Ferdinandın həyat yoldaşı Anna Yagelonka ilə birlikdə diz çökməsini təsvir edir. Zəngin səthindəki yazılar onun "Şərəfli və mərhəmətli Tanrının, Tanrını doğuran müqəddəs Məryəm Ananın, Müqəddəs Vit, Vatslav, Adalbert, Ziqmund, Prokop, Lüdmila və həmçinin Praqa kilsə havadarlarının şərəfinə" töküldüyünü bildirir. Lakin Çexiya himayədarlarının şərəfinə təqdis olunan zəngin üzərindəki fiqurlar kifayət qədər sadədir. Çanın frizləri körpələrin qətlə yetirilməsini təsvir etmiş, səthi isə 25 medal izləri ilə bəzədilmişdir. Zəngin heykəltaraşlıq bəzəkləri təmiz və melodik səslənməyə mənfi təsir göstərmişdi[17].

Zəngin üzərində əks olunmuş I Ferdinand və Anna Yagelonkanın relyef təsviri

Ziyarətçilər 94 pillə qət etməklə qüllənin birinci mərtəbəsində yerləşən zəngə baxa bilərlər[17].

Əfsanələrdən biri heç kimin kilsə qülləsinə nəhəng zəngi qaldırmaq iqtidarında olmadığı haqqda bəhz edir - ən cüssəli zəncir və iplər onun çəkisi altında cırılırdı. Lakin bir gün kralın ən böyük qızı zəngi qaldırmaq üçün icazə istədi. Kral təəccüblənir, lakin bir az düşündükdən sonda icazə verir. Kralın qızı dərhal konstruksiyasını heç bir alimin dərk etmədiyi hansısa çox mürəkkəb mexanizmin hazırlanmasına başladı. Bundan sonra, şahzadə ağır yükü qaldırmaq niyyəti ilə ipəkdən kəndir toxumağa başlayır (başqa versiyaya əsasən o kəndiri öz saçlarından toxumuşdur[16]). Bütün məşq işləri tamamlandıqdan sonra şahzadə öz təchizatına yaxınlaşaraq mancanaqlara hərəkət etməyə başladı. Kəndir dartınır və zəng yavaş-yavaş yuxarı qalxmağa başlayır. Tezliklə işçilər qüllənin yuxarısında böyük zəngi görür və onu ehmalca öz yerinə quraşdırırlar. Şəhər üzərindən möcüzəvi zəngin əzəmətli səsini eşidən bütün Praqa şahzadəyə xeyir-dua vermişdir. Şahzadə yaratdığı mexanizmin həmişəlik yaddan çıxarılması üçün onun sökülməsini tələb edir və öz əlləri ilə onu məhv edir[16][18].

Başqa bir rəvayətə görə, Ziqmund zənginin dili qırılnan kimi ölkə böyük çətinliklərlə üzləşir. Bütün dövrlər ərzində həmin bu dil bir neçə dəfə qırılmışdır; sonuncu dəfə bu hadisə 2002-ci ilin avqust ayında, Çexiyada baş vermiş katastrofik sel və daşqın hadisələrindən cəmi bir neçə həftə öncə olmuşdu[16][19]. 2,5 metr uzunluğu olan çan dili axşam saat 1800, təntənəli xidmət zamanı qırılaraq aşağı mərtəbənin döşəməsini dağıtmışdı. Mütəxəssislər dilin istehsalı zamanı ortaya çıxmış bir sıra qüsurları tezliklə aşkar etmişdilər[20].

Digər kilsə zəngləri

[redaktə | mənbəni redaktə et]
"Vatslav" zəngi

Ziqmunddan başqa Cənub qülləsində daha üç zəng yerləşir: Vatslav, Vəftizçi İohann və Yozef – onların hamısı əhəmiyyətli dərəcədə Ziqmunddan kiçikdir[21]. "Vatslav" ikinci ən böyük çandır. Onun diametri 1,77 metr, hündürlüyü isə 1,3 metrdir. Onların içərisində diametri 1,58 m, hündürlüyü 1,28 metr təşkil edən və 1546-cı ildə hazırlanan Vəftizçi İohann çanı xüsusilə maraqlıdır. Musiqi, incəsənət və akustik cəhətdən əzəmətli bu zəng həm də "Rekviyal" adı ilə məşhurdur. O Müqəddəs Sigizmund və Müqəddəs Adalbertin təsvirləri ilə bəzədilib. Rekviyal keçmişdə Çex kralının ölümünü şəhər sakinlərinə xəbər vermək məqsədilə çalınırdı[17].

Geri qalan "Maria", "İsa" və onların içərisində ən böyüyü – "Dominik" adlı digər zənglər I Dünya müharibəsi zamanı həlak olub. Praqa arxiyepiskopu Dominik Dukanın dediyinə görə, Dominik zənginin bərpası 1,06 mln, Mariyanın 262 min, İsanın isə 178 min krona başa gələcək. Zənglərin istehsalı üzrə bütün xərclər Praqa şəhəri, Praqa qalasının idarə orqanları, həmçinin Çexiya Texniki Universiteti (çex. České vysoké učení technické v Praze) tərəfindən qarşılanacaq. Ümumi dəyəri 96 000 CZK ilə qiymətləndirilən quraşdırma işləri çox guman ki, arxiyepiskop tərəfindən ödəniləcək[22][23].

Əfsanələrdə iddia olunurdu ki, Müqəddəs Roma İmperatoru IV Karl vəfat edən gün əvvəlcə qüllənin bütün çanları, daha sonra isə Praqanın bütün kilsə zəngləri zəng çalmağa başlamışdır[16].

Kilsə zənglərinin müqayisə cədvəli[24][25]
Adı Zəng ustası Töküldüyü il Çəkisi,
kq
Ən böyük diametri,
sm
Melodik ton
Vəftizçi İohann Stanislav 1546 3500 157 dis1
Yozef Martin Hiliger 1602 350 81
Vatslav Praqalı Ondrjey 1542 4500 177 C1
Ziqmund Tomaş Yaraş 1549 13500 256 g0
Rekviyal Stanislav 1737 58 48

Daxili tərtibat

[redaktə | mənbəni redaktə et]

Müqəddəs Vit kafedralının geniş daxili panoramı insanı heyran edir: Yivli hörgüyə malik neoqotik memarlıq stilli 33,5 metr hündürlüklü tağlar demək olar ki nəzərə çarpmadan orta əsrlər xorunun vitrajlardan sızan ilıq və rəngarəng şüaları ilə işıqlanan ərazisinə keçir.

Xorun ətrafında, altarın altında kapella ilə yanaşı, kilsə xadimləri üçün nəzərdə tutulmuş keçid var. Ümumilikdə kilsədə (onun əsas sahəsində) Müqəddəs Lüdmila, Müqəddəs Xaç, Müqəddəs Vatslav, Nepomuklu Jan, Müqəddəs Anna, Mariya Maqdalena və digər 19 keçid mövcuddur.

Kafedralın üçnefli daxili quruluşu 28 nəhəng sütun tərəfindən iki vertikal sferaya bölünür, yer və göy sferası, məbədin bütün perimetrindən keçən trıforium (qalereya – eyvan) – onun üzərində kilsənin əsasını qoyan müqəddəslərin, çex kral və kraliçalarının, praqa arxiyepiskoplarının və memarların büstləri düzülüb.

Rəqəmlərlə göstərilən kapellaların düzülüşü

Kapellalar sağ tərəfində yerləşən əsas girişdən başlayaraq, daha sonra cənub və şimal divarı boyunca davam edir[5]:

1. Müqəddəs Lüdmila kapellası (Xaç suyuna salma)

2. Tanrı tabutu kapellası

3. Tunav kapellası

4. Hazmburk kapellası (Böyük qüllənin tərkib hissəsi hesab olunur)

5. Müqəddəs Vatslav kapellası Kapella kvadrat şəklindədir və digərlərindən öz böyük həcmi ilə fərqlənir. O kilsə xorunda müəyyən ardıcıllıqla inşa edilmiş digər kapellalardan bir qədər fərqlənir. O yerləşdiyi divar fasadını "ayıraraq" transeptin içərisinə uzanır[26]. Kapella bir zamanlar müqəddəs Vit rotondasının köhnə Vatslav kapellasının yerləşdiyi ərazidə tikilmişdir[5].

Şimaldan kapellaya dəstəyi şir başı şəklində olan massiv qapılar aparır. Rəvayətə görə, 935-ci ildə Stare-Boleslav şəhərində düzənlənən bayram zamanı qardaşı tərəfindən qətlə yetirilən Vatslav məhz bu qapı dəstəyindən tutmuşdur[27]. Əslində isə dəstək 1373-cü ildə Roman üslubunda yaradılmış köhnə qapı tutacağın surətidir[8]. 1345-ci ildə əzəmətli karnizin altındakı divarın aşağı hissəsi bənövşəyi ametist, qırmızı yaşma və yaşıl xalsedon kimi yarı qiymətli daşlarla bəzədilmişdir[5].

Qardaşının əlindən öləcəyini bilən və buna görə də hədsiz peşman olan Vatslavın türbəsi, qalıqlarının I kapelladan köçürüldüyü dövrdən bəri məbədinin cənub apsidasında yerləşir[8].

Arxa divar boyunca uzanan pilləkənlər kilsə xəzinəsinə gətirib çıxarır[28].

6. Müqəddəs Ondrjey (Andrey) kapellası (keçmiş də Martin, və ya Müqəddəs Antonin və Silvestr kapellası)

7. Müqəddəs Xaç kapellası (Müqəddəs Simeon və İuda)

Müqəddəs Xaç kapellasında yerləşən Milan xaçı

Kapellanın sol, şərq divarı Aresli Mattias, digər divar və tavanlar isə Peter Parler tərəfindən yaradılmışdır. Hər iki ustanın yaratdığı planlaşdırma nəzərəçarpacaq dərəcədə bir-birindən fərqlənir; belə ki, Aresli Mattias ilkin olaraq kapellanın əsasını çoxbucaqlı qoymuşdur, lakin Peter Parlerin dövründə o artıq düzbucaq şəklində başa çatdırılmışdır[5].

Divarlarda XIV əsrin sonuna aid divar naxışlarının qalıqları mühafizə olunmuşdu. XVIII əsrin əvvəlində yaradılmış altarın divarını XV əsrdə İtalyan ustaları tərəfindən sidr ağacından hazırlanmış Milan xaçı bəzəyir[5].

Türbənin cənub divarında quraşdırılmış mərmər lövhə ziyarətçilərə burada Çexiya kralı I Rudolfun məzarının olduğunu xatırladır. 1870-ci ildə, onun basdırıldığı yerdə qızıl suyuna çəkilmiş gümüşü dəfn reqaliyaları aşkar olunmuşdur. Hal-hazırda I Rudolfun qalıqları yerin altındakı kral dəfn zirzəmisində qorunub saxlanılır. Sərdabənin girişi məhz bu kapellada yerləşir[5].

Eyni zamanda yalnız 45 ziyarətçinin daxil ola biləcəyi kapellanın otaqlarında 1961-ci ildən1990-cı ilə kimi Çexiyanın ən böyük kilsə xəzinəsi saxlanılırdı. Təhlükəsizlik səbəblərindən, xəzinədəki cəvahiratlar XX əsrin əvvəllərində memar Kamil Gilbert tərəfindən yaradılmış başqa bir xəzinəyə köçürülmüşdür. 2011-ci ilin sonundan etibarən, əşyaların bir hissəsi yenidən müqəddəs Xaç kapellasında sərgiləməyə başladı[29].

8. Müqəddəs Mariya Maqdalena kapellası (Tanrının Müqəddəs ürəyi və ya Valdşteyn kapellası)

9. Nepomutslu müqəddəs Yan, Erhardt və Atilio kapellası (və ya Vlaşimli müqəddəs Voytex kapellası)

10. Müqəddəslərin quru cəsədləri kapellası (Sakson və ya Şternberq kapellası) – kapellanın içərisində II Ottakar Prjemıslın məzarı yerləşir.

11. Müqəddəs Üçlük və Məryəm Ana kapellası (İmperator, Xaç, müqəddəs Lüdmila, və ya Dubalı Berkov kapellası) – içərisində II Spitıqnev və I Brjetslavın məzarları yerləşir.

12. Vəftizçi İohann kapellası (Pardubitseli Arnaşt və ya müqəddəs Antonin Pustelnik kapellası)

13. Arxiyepiskop kapellası (və ya Perşteynli müqəddəs Aqata kapellası)

14. Müqəddəs Anna kapellası (Nosnits)

15. Müqəddəs Mixail kapellası (köhnə cübbəxana)

16. Müqəddəs Ziqmund kapellası (Çernin)

17. Xor kapellası

18. yeni cübbəxana

19. yeni Arxiyepiskop kapellası

20. Şvartsenberq kapellası

21. Çexiyalı müqəddəs Anejka kapellası

Kafedralın bəzək və süslü müxəlləfatı xəzinənin yalnız bir hissəsi hesab olunur. XIX əsrin sonu – XX əsrin əvvəllərində, yepiskop Namərd Antoni xəzinədə saxlanılan əşyaları siyahıya alır, və daha sonra onların ən dəyərli relikviyalarını bir araya gətirərək Gilbert xəzinəsinə köçürür[29]. Eksponatların əksəriyyəti Müqəddəs Roma imperatoru və Çexiya kralı IV Karlın hakimiyyət dövrünə aiddir. XIX əsrdən etibarən 1950-ci ilə qədər, kilsə xəzinəsinin sərgiləri məhz Gilbertdə nümayiş olunurdu. 1961-ci ildə kolleksiya artıq Müqəddəs Xaç kapellasına köçürülmüşdür. 1990-cı ildə relikviyalar təhlükəsizlik səbəblərinə görə xəzinəyə geri qaytarılmışdı[29].

Kolleksiyanın bəzi əşyaları Praqa qalasının Milli Qalereyasında (məsələn müqəddəs Vatslavın zirəyi) və müqəddəs Aqness monastırında ekspozisiya olunur[29].

Müqəddəs Vit kafedralının xəzinəsi Çexiyada ən qədim və ən böyük ekspozisiya məkanı hesab olunur. Xəzinənin tarixi formaca bir insan əlinə bənzəyən və çoxlu sayda kameo ilə bəzədilmiş qiymətli zərli qutunun ilk dəfə kilsəyə gətirilməsi və Knyaz Vatslava Alman kralı I Henrix tərəfindən hədiyyə olunmuş Müqəddəs Vitin közərməyən kürəyinin sərgilənməsi ilə bağlıdır[29].

939-cu ildə müqəddəs Vit rotondasında 935-ci ildə Stare Boleslav şəhərində öldürülmüş müqəddəs Vatslavın qalıqları saxlanılırdı. Buraya həmçinin rotondanın yaradıcısını xatırladan əşyalar – Vatslavın zireh, dəbilqə, qılınc və nizəsi yerləşdirilmişdi[29].

1069-cu ilin ən qədim qorunub saxlanılmış inventar siyahısı sübut edir ki, müqəddəs əmanətlərin qalıqları və Roma Papası XIII İohanndan hədiyyə olaraq alınmış relikviyaların bir hissəsi, II Boleslavın bacısı Mlada tərəfindən 971-ci ildə Roma şəhərindən gətirilmişdir. 973-cü ildə və daha sonralar yəni Praqa arxiyepiskopluğunun yarandığı dövrdə, kilsə xəzinəsi ona edilən hədiyyə və ianələrin hesabına daha da zənginləşmişdir. 1039-cu ildə knyaz Brjetslav kafedrala Polşa kampaniyasından gətirilmiş qənimətlərin bir hissəsini, xüsusən də müqəddəs Adalbertin qalıqlarını bağışlamışdır[29].

Kafedralda olan heykəltaraşlıq tərtibatı XIV əsrin 60-cı ilin sonlarında yaranmışdır. Peter Parler və onun sexində çalışan həkkakları Gmündlü Yindrjix, Hermann, Savoyalı Mixail, Vatslav və İohannın, həmçinin kafedralın ən əhəmiyyətli işlərinin yaradılmasında iştirak etmişdilər[8][26].

Fiqurlu heykəltaraşlıq əsərlərinin yerləşməsi üç mərtəbəli kafedralın simvolikasına uyğundur. Belə ki, kafedralın qaranlıq alt hissəsində Prjemıslov sülaləsindən olan knyaz və kralların qəbirləri, işıqlanan triforiumda isə - IV Karl və onun dörd arvadının, onun valideynləri Yan və Elişkanın, onun iki qardaşının, müqəddəs Vatslav və həyat yoldaşının, Praqanın ilk arxiyepiskoplarının, Məbədin tikintisinə nəzarət edən keşiş və memarların ümumilikdə 21 portreti və büstləri yerləşir[26]. Kafedral xaricində, yəni əsas xorun böyük sütunları arasındakı pəncərələrdə Məsih, Məryəm və Çexiya himayədarları təsvir edilmişdi[8]. Xarici dirək sistemi və kafedralın damı Orta əsrlərə aid zəngin ornamental naxış və şeytani fiqurlarla örtülmüşdür[26]. XIV əsrin sonundan etibarən, Yan Parlerin dövründə heyrətamiz bacarıq ilə yaradılmış bu fiqurlar da Böyük qüllənin divarlarına yerləşdirilmişdir[8].

Lüksemburqlu İohann Peter Parler Aresli Mattias Elişka Prjemıslavna Anna Svidnitskaya

Kafedralda dəfn olunanlar

[redaktə | mənbəni redaktə et]
I Otakar Prjemıslın məzar daşı
II Ottakar Prjemıslın məzar daşı
  1. Çexiya kralı I Prjemısl Otakar (115515 dekabr 1230)
  2. Çexiya kralı II Prjemısl Otakar (123226 avqust 1278)
  3. Avstriya hersoqu II Rudolf (127110 may 1290)
  4. Çexiya kraliçası Huta Habsburq (13 mart 1271 — 18 iyun 1296) — II Vatslavın həyat yoldaşı
  5. Çexiya kralı I Rudolf (12824 iyul 1307)
  6. Çexiya kraliçası Blanka Valua (13171 avqust 1348) — Müqəddəs Roma İmperatoru IV Karlın həyat yoldaşı
  7. Çexiya kraliçası Anna Vitelsbax (26 sentyabr 13292 fevral 1353) — Müqəddəs Roma İmperatoru IV Karlın ikinci həyat yoldaşı
  8. Çexiya kraliçası Anna Svidnitskaya (133911 iyul 1362) — Müqəddəs Roma İmperatoru IV Karlın üçüncü həyat yoldaşı
  9. Müqəddəs Roma İmperatoru IV Karl (14 may 131629 noyabr 1378)
  10. Çexiya kraliçası Pomeraniyalı Yelizaveta (134714 fevral 1393) — Müqəddəs Roma İmperatoru IV Karlın dördüncü və sonuncu həyat yoldaşı
  11. Müqəddəs Roma İmperatoru və Çexiya kralı IV Vatslav (26 fevral 136116 avqust 1419)
  12. Çexiya kraliçası Barbara Tsıli (139211 iyul 1451) — Müqəddəs Roma İmperatoru Lüksemburqlu I Sigizmindun (Jiqmond) həyat yoldaşı
  13. Çexiya kralı Podebradlı İrji (Georgi) (6 aprel 142022 mart 1471)
  14. Çexiya kralı Ladislav Postum (22 fevral 144023 noyabr 1457)
  15. Anna Yagelonka (23 iyul 150327 yanvar 1547) — Müqəddəs Roma İmperatoru I Ferdinandın həyat yoldaşı
  16. Müqəddəs Roma İmperatoru və Çexiya kralı I Ferdinand (10 mart 150325 iyul 1564)
  17. Müqəddəs Roma İmperatoru və Çexiya kralı II Maksimilyan (31 iyul 152712 noyabr 1576)
  18. Ertshersoqinya Eleonora (4 noyabr 156812 mart 1580) — II Maksimilyanın qızı
  19. Müqəddəs Roma İmperatoru və Çexiya kralı II Rudolf (18 iyul 155220 yanvar 1612)
  20. Parma hersoqinyası Avstriyalı Mariya Amaliya (26 fevral 174618 iyun 1804) — Parma hersoqu Ferdinandın həyat yoldaşı

Kafedralın hazırkı binası bir neçə mərhələdə: 1344–1419, 1490–1510, 1556–1593 və 1873–1929 (qərb fasadı) inşa edilmişdir. Kafedralın yekun tikinti işləri isə yalnız XX əsrin əvvəlində başa çatdırılmışdır.

Rotonda və müqəddəs Vit bazilikası

[redaktə | mənbəni redaktə et]
Rotondanın tikinti mərhələlərinin rekonstruksiyası
Rotondanın planı

Kafedralın ərazisində ilk rotonda, əfsanəyə görə hələ 925-ci ildə müqəddəs Vatslav tərəfindən inşa edilmişdir. O dövrdə kilsə müqəddəs Vitə həsr olunmuşdur. Həmin müqəddəsin qalıqlarını Şərqi frank (alman) kralı I Henrix Vatslava hədiyyə etmişdir. Müqəddəs Vit rotondası forma və plan baxımından mərkəzdə silindrik sahəli, 11 metr diametrli xaçvarı bina idi və dörd tərəfdən ona nalabənzər apsidalar bitişirdi. Onların içərisində yalnız cənub apsida günümüzə qədər qorunub saxlanılmışdı. XI əsrin ortalarında digər üç apsidanın yerində, yəni rotondanın qərb hissəsində kiçik qüllə tikilmiş və çox güman ki, məhz buraya müqəddəs Voytexin qalıqları qoyulmuşdur. Böyük ehtimalla, rotonda Dalmasiyalı xarici ustalar tərəfindən tikilmişdir. Hal-hazırda Rotondanın şimal apsidasının kiçik hörgü qalıqlarını kafedralın zirzəmisində görmək olar[30].

Müqəddəs Vit bazilikasının planı

XI əsrdə roman üslublu rotondanın yerində yeni üçnefli bazilika inşa olunmuşdur. Yeni tikili Prjemısloviç sülaləsinin tacqoyma kilsəsi və dəfn yeri kimi xidmət etməli idi. Onun tikintisinin başlanması knyaz II Spıtıqnevin (1060) hakimiyyəti dövrünə təsadüf edir. Həmin bazilikanın qalıqları Yozef Moker və Kamil Hilbertin dövründə aparılan tamamlanma işləri zamanı aşkar edilmişdir[30].

Tikinti işlərinin başladılması

[redaktə | mənbəni redaktə et]
Qara — rotonda, qırmızı — bazilika, mavi rənglə isə — müasir kafedralın planı təsvir edilib

IV Karlın hakimiyyəti dövründə Çexiya güclü inkişaf edir və məhz bu dövrdə o Roma papası VI Klimentdən Praqa arxiyepiskopluğunun təsis olunmasını əldə edir. Rəsmi icazə alındıqdan dərhal sonra, Roman üslublu köhnə bazilika sökülür və 21 noyabr 1344-cü ildə yeni və daha böyük kilsənin tikintisi başladılır. Kafedralın himayədarları Çexiyanın kralı IV Karl və Pardubitseli arxiyepiskop Ernest idi. Kafedral tikilərkən gələcəkdə tacqoyma, sərdabə və xəzinə üçün istifadə olunması nəzərdə tutulmuşdu.

Deambulatoriyalı və xorlu üç nefli bazilikanın inşasından sonra, onu bəzəyəcək kapellaların tikintisini Avinyondakı Papa sarayından Praqaya xüsusi dəvət edilmiş fransız memarı Aresli Mattias[31] öz üzərinə götürmüşdür. Mattias fransız qotikası üslubunda tikilinin ümumi planını tərtib etmişdir (keçid bazilika, arkbutan və kiçik transept). Lakin o, yalnız daş və qum kimi yerli materiallardan tikilmiş arkad və qalereyaların başa çatmasına qədər yaşamışdır.

Kafedralın divarları çoxlu sayda müxtəlif qarqulyaların heykəlləri ilə bəzədilib
Tamamlanmamış kafedralın planı

Mattiasın 1352-ci ildə ölümündən sonra, kafedralın tikinti işlərini Almaniyanın Şvebiş Qmünd (alm. Schwäbisch Gmünd‎) şəhərindən olan və Kölnlü usta Henrix Parlerin oğlu, 23 yaşlı gənc memar Peter Parler davam etmişdi. Peter Parler 44 il ərzində tikinti işlərinə rəhbərlik edirdi. Gənc olmasına baxmayaraq, o Köln kafedralının tikintisi zamanı çox yaxşı məktəb keçmiş və bunun nəticəsində Çex qotikasının çiçəklənmə dövrünə ən öndəgedən memarına çevrilmişdir[32]. Əvvəlcə o Mattiasın planına uyğun olaraq şimalda riznitz, cənubda isə dəfn kapellasını işləmişdi. Lakin buna baxmayaraq, Mattiasın tamamlaya bilmədiyi bütün işləri bitirdikdən sonra, o kilsənin interyerinə öz ideyalarını əlavə etməyə başladı. Onun cəsarəti və yeni ideyaları kafedrala unikal elementlər gətirdi. Buna əlavə olaraq, onun tərəfindən tərtib olunmuş şəbəkəli tağtavanı nümunə gətirmək olar. Tağtavan hündür xor otağını örtür və ikiqat diaqonal tirlərdən ibarətdir. Birlikdə onlar çox gözəl və unikal ornamentlər yaratmışdır. Kafedralın 96,65 metr hündürlüyə malik cənub qülləsi, həmçinin kral sarayının yaxınlığında yerləşən və üzəri «Məhşər» mozaikası ilə bəzədilmiş Qızıl darvaza da Peter Parlerə məxsusdur.

Kafedralın ənənəvi planı da bəzi dəyişiklərə məruz qalmış və simasına əlavə edilmiş liturgik elementlərdən sonra məbəd ölkənin əsas ziyarətgahı kimi qəbul edilmişdir[26]. Mattiasın riyaziyyatçı təfəkkürünə malik idi və layihələrini sırf hesablama üzərində qurudu, Parler isə heykəltaraş idi və memarlığıa heykəltaraşlıq kimi yanaşırdı. Bu, çoxsaylı karnizlərdə çoxsaylı büstlərin (həmin büstlərdə kral sülaləsinin üsvləri, yepiskoplar, kafedralı inşa edən memarlar Matias və Parler təsvir olunmuşdu) yerləşdirilməsində özünü göstərir.

Kafedral üzərində işləyərkən, Peter həmçinin Karl körpüsü və bir çox kilsələr üzərində çalışmışdır, bu səbəbdən də o 1397-ci ildə vəfat edən zaman, kafedralın xor və transeptin yalnız bir hissəsi tamamlanmışdır[26].

Peter Parlerin ölümündən sonra, kafedralın tikintisi 1397-ci ildən1404-cü ilə kimi onun oğulları Vatslav və Yan tərəfindən həyata keçirilmişdir. Məhz oğullarının səyi nəticəsində, kilsənin bütövlükdə şərq hissəsi yenidən inşa edilmişdir.

Qusçu müharibəsi

[redaktə | mənbəni redaktə et]

1419-1434-cü illərdə Çexiyada və ətraf ölkələrdə keçirilən reformasiya xarakterli Qusçular hərəkatı kafedral kilsənin tikinti işlərini müvəqqəti olaraq dayandırmışdı. Həmin dövrdə xor və Böyük qüllənin təməli artıq tamamlanmışdır. Lakin müharibə zamanı kilsənin bir çox ikona, rəsm və heykəlləri zədələnmişdir.

XV əsrdənXVIII əsrin əvvəlinə kimi, kafedraldakı tikinti işlərin vaxtaşırı yəni epizodik xarakter daşımasına baxmayaraq, dini ayinlər və bir sıra dövlət mərasimləri burada müntəzəm keçirilirdi.

Vladislav Yagellonun dövründə kilsənin bərpası

[redaktə | mənbəni redaktə et]

Növbəti əsr ərzində tikinti işlərinin yalnız yarısı tamamlanmışdır. XV əsrin ikinci yarısında, kral Vladislav Yagellon çex. Vladislav Jagellonský böyük memar Benedikt Reytə tikinti işlərinin başa çatdırmasını tapşırmışdır, lakin proses demək olar ki, dərhal vəsait çatışmazlığı səbəbindən dayandırılmışdır. Məhz bu cür yarımçıq vəziyyətdə kafedral əsrlər boyu qalmışdır[2].

Habsburq monarxiyası

[redaktə | mənbəni redaktə et]

1564-cü ildə o dövrün ən tanınmış memarı Bonifatsiy Volmut kafedralın Böyük qülləsi üçün qalereya və renessans üslublu qübbə inşa etmişdir. Bu qübbə daha sonralar memar Pakosi tərəfindən soğanvari günbəzlə əvəz olunmuşdur[4].

O dövrdə tikinti işlərinin tələsik başa çatdırmaq istəyi və buna istiqamətlənən sonuncu cəhdlər, sonda kilsənin ümumi ansamblında çoxlu sayda barokko elementlərinin yaranmasına gətirib çıxarmışdır.

Kafedralın tamamlanma işləri

[redaktə | mənbəni redaktə et]
1836-cı ildə İmperator V Ferdinandın Müqəddəs Vit kafedralında düzənlənən tacqoyma mərasimi
Müqəddəs Vit kafedralının tamamlanma işləri, 1887-ci il

1844-cü ildə Vortslav Pesin və memar İosif (Yozef) Kraner böyük katedralın tikintisinin başa çatdırılması üzrə tərtib edilmiş əsas proqramı təqdim etmişdilər. Yozef 1861-ci ildən 1866-cı ilə kimi təmir işlərində rəhbərlik edirdi; o kilsəni bütün barokko elementlərindən xilas edərək, onun əvvəlki interyerini bərpa etdi. Kranerin 1873-cü ildə ölümündən sonra, memar Yozef Moker yenidənqurma işlərini tamamlamışdır. O kilsənin qərb qanadını klassik qotik üslubda inşa etmişdir.

Onun ölümündən sonra isə, kafedralın üçüncü və sonuncu memarı Kamil Gilbert seçilmişdir. Onun tərəfindən Çexiyanın erkən tarixinin dərk edilməsinə təsir göstərmiş böyük arxeoloji və antropoloji kəşflər edilmişdir. Qazıntılar zamanı Vatslav rotundası, müqəddəs Vit bazilikası, kanonitlər monastırının qalıqları, həmçinin knyaz, kral və yepiskop cənazələri aşkar olunmuşdur[33].

1920-ci ildə heykəltaraş Voytsex Suşarda və o dövrün baş modernist-rəssamı Alfons Muxa kilsə nefinin şimal hissəsindəki yeni vitrajlarının bəzədilməsində iştirak etmişdilər. Rozetta adlanan dairəvi qızılgül pəncərəsinin dekor elementlərini Frantişek Kisela 1925-1927-ci illər arasında hazırlamışdır. Pəncərənin üzərində Müqəddəs kitabdan götürülmüş müxtəlif hekayələr təsvir olunmuşdu. Məşhur "Məhşər" vitrajı Maks Şvabinski tərəfindən yaradılmışdır.

Beləliklə 1929-cu ildə, yəni Çex xalqının patronu və himayədarı müqəddəs Vatslavın ölümünün minilliyində, kilsə təntənəli şəkildə təqdis olunmuşdur və məhz bu, tikintisi 600 il davam edən kafedralın tamamlandığı tarix hesab olunur.

Sonrakı illərdə ölkənin əsas kafedralının daxili bəzək işlərinin bərpası və dekorativ plastik elementlərinin yenidən qurulması aparıcı rəssamların köməyi ilə həyata keçirilmişdir[33].

Tamamlanmamış kafedralın qərb tərəfdən görünüşü, Eduard Qurk, 1836 Tamamlanmamış kafedralın cənub tərəfdən görünüşü, Eduard Qurk, 1836 Kafedralın şərq tərəfdən görünüşü, Eduard Herald, 1864

İkinci Dünya müharibəsindən sonra, 1950-ci ildə Müqəddəs Vit kafedralı dövlət xeyrinə Çexoslovakiya kommunist rejimi tərəfindən müsadirə olunmuşdu.

Ölkənin demokratikləşməsindən sonra, Çexiyanın Roma Katolik kilsəsi 1992-ci ildən başlayaraq müxtəlif məhkəmələrdə möhtəşəm Çex kafedralının öz mülkiyyətinə qaytarılmasına çalışmışdı. Hətta 2008-ci ildə Roma Papası XVI Benedikt yeni Çex səfirini qəbul edərkən, kilsə ilə əlaqədar Çexiya hakimiyyətinin uğurlarını etiraf edərək Müqəddəs Vit kafedralının katolik icmasına qaytarılması ilə bağlı istəyini ifadə etmişdi. Lakin, dünyəvi hakimiyyətin əksəriyyəti, xüsusilə də Çexiya hökuməti və prezident Vatslav Klaus açıq şəkildə məbədin dini qurumun əmlakına qaytarılmasına qarşı çıxmışdı; ictimaiyyətin fikirləri isə iki hissəyə bölünmüşdü. Çoxillik məhkəmə iddialarına Çexiyanın Ali Məhkəməsi Brno şəhərində düzənlənən iclasda sona qoymuşdu. Məhkəmənin 5 mart 2009-cu ilin yekun qərarına əsasən, Müqəddəs Vit kafedralı dövlət mülkiyyətinə verilmişdi[34].

1997-ci ildə katolik kilsə kafedralın mövcud rəsmi adı haqqında qərarı təsdiq etmişdir: kilsənin adı o dövrdən tam – yəni "Müqəddəs Vit, Vatslav və Voytexin kafedral kilsəsi" (çex. Katedrála svatého Víta, Václava a Vojtěcha) şəklində yazılmalı idi. Hal-hazırda Müqəddəs Vit, Vatslav və Voytex kafedral kilsəsi Çex Respublikasının əsas ziyarətgahı, xalqının isə ən mühüm irsi, dünya əhəmiyyətli xarakterik tarixi və mədəni abidəsi və turistlərin milyonlarla hər il Praqa şəhərində ziyarət etdiyi əsas turistik məkanı hesab olunur. Məbəd daim nəzarət altındadır və lazım olduqda burada dərhal zəruri bərpa və təmir işləri həyata keçirilir.

Praqa qalası, Mala Strana və Müqəddəs Vit kafedralına açılan mənzərə
  • Podlaha Antonín; Šittler Eduard. Chrámový poklad u sv. Víta v Praze: Jeho dějiny a popis., Praha: Dědictví sv. Prokopa, 1903 крыніца даступна ў сетцы → гл. тут[ölü keçid]  (çex.)
  • Podlaha Antonín; Hilbert Kamil. Soupis památek historických a uměleckých: Metropolitní chrám svatého Víta., Praha: Česká akademie císaře Františka Josefa I. pro vědy, slovesnost a umění, 1906 крыніца даступна ў сетцы → гл. тут Arxivləşdirilib 2017-02-23 at the Wayback Machine  (çex.)
  • Jiří Burian: Der Veitsdom auf der Prager Burg. Gondrom, Bayreuth 1979, ISBN 3-8112-0115-8
  • Jakub Pavel: Der Veitsdom zu Prag. Union-Verl., Berlin 1962 (Das christliche Jahrhundert; Bd. 39-40)
  • Станькова Я., Пехар И., Тысячелетнее развитие архитектуры., М.: Стройиздат, 1987, стор. 104  (rus.)
  • J. Staňková, J. Štursa, S. Voděra, Pražská architektura. Významné stavby jedenácti století, Praha 1991.
  • K. Benešovská, P. Chotebor, T. Durdík, M. Placek, D. Prix, V. Razim. «Architecture of the Gothic», vol. 2 of «Ten centuries of architecture» series, Prague Castle Administration & DaDa, a.s., Prague 2001, ISBN 80-86161-41-2 (English version)
  • Marc C. Schurr: Die Baukunst Peter Parlers. Der Prager Veitsdom, das Heiliggeistmünster in Schwäbisch Gmünd und die Bartholomäuskirche zu Kolin im Spannungsfeld von Kunst und Geschichte. Thorbecke, Stuttgart 2003, ISBN 3-7995-0127-4
  • Stephen Brook, 2003, Przewodnik National Geographic Praga i Czechy, National Geographic, ISBN 83-89019-50-7.
  • Fučíková, Eliška, Martin Halata, Klára Halmanová, Pvel Scheufler. «Prague Castle in Photographs /1956-1900». Prague: Správa Pražského hradu a Nakladatelství KANT, 2005. ISBN 80-86217-94-9
  • Hlobil, Ivo: Der Prager Veitsdom. Geschichte in Bildern, Krönungskleinodien, Domschatz, Farbige Glasfenster. Aus d. Tschechischen v. Sonja Schürmann. London, Opus Publishing 2006, ISBN 978-3-7845-5350-4
  • Вечерський В. В. Курс історії архітектури країн Східної Європи., К.: АртЕк, 2007, стор. 232—233
  • Kybalová, Ludmila. Pražské zvony. Praha: Nakladatelství československých výtvarných umělců, 1958.
  • PALACKÝ, František. Staří letopisové čeští od roku 1378 do roku 1527. Praha: L. Mazáč, 1941, s. 268.
  • RYBIČKA, Antonín. O českém zvonařství. Praha: Královská česká společnost nauk, 1886.
  • SVÁTEK, Josef. Pražské pověsti a legendy. 2. vyd. Praha: Paseka, Praha 1997 (1. vydání 1883).
  • SUCHÝ, Marek. Solutio Hebdomadaria Pro Structura Templi Pragensis. Stavba svatovítské katedrály v letech 1372–1378. Díl I. Praha: Archeologický ústav AV ČR, 2003.
  • ŠORM, Antonín. Pověsti o českých zvonech. Praha: V. Kotrba, 1926.
  1. Oficiální stránky katedrály Arxivləşdirilib 2020-06-22 at the Wayback Machine běžně používají zkrácený název "katedrála svatého Víta"
  2. 1 2 Станькова Я., Пехар И., Тысячелетнее развитие архитектуры., М.: Стройиздат, 1987, стор. 104  (rus.)
  3. Собор Святого Вита[ölü keçid] Рэсурс пра Чэхію  (rus.)
  4. 1 2 3 4 5 6 "ПРАГА. СОБОР СВЯТОГО ВИТТА". 2019-09-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-13.
  5. 1 2 3 4 5 6 7 8 Vladislav Dudák, Jiří Podrazil Уводзіны // Пражскі Град: Градчаны З усіх бакоў = Pražský hrad: Hradčany Ze všech stran — Baset, 1998. — 239 с. — ISBN 809018913X, 9788090189133.
  6. "Собор Святого Вита в Праге". 2021-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.
  7. 1 2 "St. Vitus Cathedral". 2013-12-21 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  8. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 КАФЕДРАЛЬНЫЙ СОБОР СВ. ВИТА В ПРАГЕ — Прага: Иво Глобил, 2006. — 64 с. — ISBN 0-9535546-5-1.
  9. 1 2 "Золотые ворота и мозайка с сценами Страшного Суда в Праге". 2017-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  10. 1 2 3 4 5 Башни собора св. Вита Arxivləşdirilib 2012-08-02 at the Wayback Machine Путеводитель по Праге от Михаила Шварца  (rus.)
  11. Adam a Eva Arxivləşdirilib 2018-10-06 at the Wayback Machine atlasceska.cz
  12. "Katedrála — metropolitní chrám sv. Víta v Praze". 2021-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  13. "СОБОР СВЯТОГО ВИТА (katedrála sv. Víta)". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  14. "Собор Святого Вита в Праге". 2012-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.
  15. "Главный собор Праги был построен чешским народом". 2018-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.
  16. 1 2 3 4 5 6 "Факты и Легенды о Колокольне собора Св. Вита". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-15.
  17. 1 2 3 4 5 6 7 "Башня храма св. Вита". 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-16.
  18. Огромный колокол Зикмунд Arxivləşdirilib 2020-01-07 at the Wayback Machine Легенды Старой Праги
  19. О чем звонят колокола…[ölü keçid]
  20. "Сломанный язык колокола «Зикмунд»". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-24.
  21. Кафедральный Собор святого Вита, Вацлава и Войтеха Arxivləşdirilib 2015-01-16 at the Wayback Machine Ру. Прага
  22. "Ze svatého Víta zazní zvony odvlečené za I. světové války". 2020-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
  23. "Храм святого Вита оживает!". 2015-09-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-18.
  24. Katedrální zvony Arxivləşdirilib 2011-06-05 at the Wayback Machine Katedrála svatého Víta, Václava a Vojtěcha – oficiální web
  25. "Zvon Umíráček". 2022-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-17.
  26. 1 2 3 4 5 6 "Собор св. Вита или мастерство готических творцов". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-09.
  27. "Святой Вацлав — покровитель Чехии". 2015-09-15 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-22.
  28. "СОБОР СВЯТОГО ВИТА, ВАЦЛАВА И ВОЙТЕХА, ПРАГА". 2011-12-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-22.
  29. 1 2 3 4 5 6 7 "Священный клад чешских королей". 2018-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-22.
  30. 1 2 "Ротонда св. Вита и базилика св. Вита, Вацлава и Войтеха — предшественники Кафедрального собора". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-09.
  31. Вечерський В. В. Курс історії архітектури країн Східної Європи., К.: АртЕк, 2007, стор. 232
  32. Вечерський В. В. Курс історії архітектури країн Східної Європи., К.: АртЕк, 2007, стор. 233
  33. 1 2 "Дом над городом". 2021-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-08-07.
  34. Шиманський Олександр Було церковне, стало народне. Празький собор святого Віта залишиться у власності держави Arxivləşdirilib 2023-08-01 at the Wayback Machine // «Україна Молода» № 043 за 7 сакавіка 2009 року

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]