Top oyunları üçün zal və ya Miçovna (çex. Míčovna) – İntibah dövrünə aid tikili; Praqa qəsrinin yaxınlığındakı Kral bağında yerləşir. "Miçovna" - çox vaxt haqqsız yerə turistlərin diqqətindən məhrum qalan və mürəkkəb tarixi olan çox maraqlı memarlıq abidəsidir. Bütün qəsr və qala kompleksi ilə birlikdə, Miçovna Çex Respublikasının Milli mədəniyyət abidəsi kimi 1962-ci ildən mühafizə olunur[1]
Top oyunları üçün zal | |
---|---|
Míčovna | |
50°05′32″ şm. e. 14°24′04″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Memar | Bonifatsiy Volmut (çex. Bonifác Wolmut) |
Tikilmə tarixi | 1567—1569 |
Üslubu | İntibah memarlığı |
Rəsmi sayt | hrad.cz |
Vikianbarda əlaqəli mediafayllar |
Top oyunları üçün zal (Miçovna) XVI-XVII əsrlərdə morav və alman zadəganları arasında populyarlıq qazanmışdı. O dövrdə Avropada açıq havada idman əyləncələrinə bir moda yaranmışdı. Demək olar ki, hər bir saray kompleksləri bu cür tədbirlərin keçirilməsi üçün xüsusi köşklərlə təchiz olunmuşdu. Praqa qəsrinə daxil olan Kral sarayında yerləşən Miçovna 1568–1569-cu illərdə imperator II Maksimilianın əmri ilə məşhur saray memarı Bonifatsiy Volmut tərəfindən inşa edilmişdi. Binanın yerləşəcəyi ərazi hökmdarın istəklərinə uyğun olaraq seçilmişdi - məhz binanın olduğu ərazidən Maral xəndəyinə çox gözəl mənzərə açılır.
Kral Top oyunları üçün zalın pavilyonu 14 metr hündürlüyü ilə düzbucaqlı quruluşu və günbəzi olan bir tikilidir. Pavilyondakı zalın uzunluğu 68 metrdir. Massiv daş sütun ilə arkada şəklində tikilmiş terraslı şimal fasadı pavilyonun ən qürurverici hissəsi sayılır. 11 klassik arkada sütunlarını bir zamanlar qızıl suyuna salınmış ionik kapitellər bəzəyirdi. Burada xüsusilə sqrafitto texnikası və İntibah üslubunda hazırlanmış fasadın eksteryer tərtibatı çox təmtəraqlı görünüşə malik idi. Bu tərtibatın yaradılmasında memar Volmuta onun əzəli köməkçisi və dostu - italyan memarı Ulriko Aostalli yardım etmişdi. Miçovnanın daxili zalı müxtəlif top idman oyunları üçün 10 sahəyə bölünmüşdü - bu sahələrdə keçirilən top oyunları müasir kriket, həndbol, boulinq, tennis və badminton idman növlərinin prototipinə çevrilmişdi.
Xarici arkadanın divar rəsmləri və barelyefləri İntibah dövrünün klassik simvol və personajlarını: dörd əsas elementləri (torpaq, su, hava, od), yeddi fəzilətləri (uzaqgörənlik, səbirlilik, dürüstlük, ehtiyatlılıq, cəsarət, iman, ümid və sevgi) və səkkiz azad elmləri (ilahiyyat, astronomiya, musiqi, həndəsə, hesab, natiqlik, dialektika və qrammatika) təsvir edirdi.
1735-ci ildə pavilyonun girişi qarşısında "Gecə" adlı və barokko üslublu bir heykəl quraşdırılmışdı (heykəlin müəllifi Mattiyaş Bernard Braundur)[2]. Ona bənzəyən "Gündüz" adlı heykəl isə 1757-ci ildə Praqa şəhərinin Prussiya ordusu tərəfindən mühasirəyə alınması zamanı məhv edilmişdir.
Miçovna özünün ilk problemi ilə 1617-ci ildə üzləşmişdi. Aramsız yağışlar nəticəsində Maral xəndəyi yamaclarında sürüşmə hadisəsi baş verir və bu səbəbdən tikilinin tamamilə məhv olma qorxusu yaşanmışdı. Bu problemin yaranma səbəbi, başlanğıcda inşaat işlərinin çox tez aparılması və onun yerləşəcəyi yerin səhv olması idi (Miçovna xəndəyin kənarına çox yaxın bir yerdə inşa edilmişdir). Təcili təmir işləri ümumilikdə faciənin qarşısını alsa da, damın üzərindəki günbəz dağılır və bərpaçılar daha sonra onu yenidən quraşdırmalı olurlar. Lakin o dövrdə əyləncə üçün top idman oyunlarına olan moda artıq bitir və bina uzun müddət baxımsız qalır. Başlanğıcda pavilyonda kral tövlələri və atçılıq məktəbi yaradılır, ancaq imperator II İosifin hakimiyyəti dövründə bura kazarma və hərbi anbara çevrilir.
XX əsrin birinci yarısında, köhnə binanın bərpa etmək barəsində qərar qəbul edilir. 1918-ci ildə divar rəsmlərinin bərpası üzərində işlərə start verilmiş, 1925-ci ildə isə kapital bərpa və təmir işlərinə başladılmışdı. Lakin tezliklə Miçovnaya sarsıdıcı bir zərbə dəyir - 1945-ci ildə Praqanın faşistlərdən azad edilməsi zamanı binaya bomba düşür və o alovlanır. Yanğının gücü o qədər böyük idi ki, binadan yalnız təməl və daş divarların qalıqları xilas olmuşdu.
Miçovnanın son bərpa işləri Çex memarı Pavel Yanakın rəhbərliyi altında 1952-ci ildə başa çatmışdı. Lakin pavilyonun bir sıra elementlərinin bərpası düz 1973-cü ilə kimi davam edirdi. Ən maraqlısı odur ki, mükəmməl yenidən bərpa edilmiş barelyef və İntibah dövrünün rəsm əsərləri arasında binanın fasadında sosialist dövrünün izlərini - kiçik "5" rəqəmini və oraq və çəkic emblemini görmək olar.