Bütün Müqəddəslər kilsəsi (çex. Kostel Všech svatých, alm. Allerheiligenkapelle) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinə daxil olan qədim kilsə və eyni zamanda da kapella. Kilsə Zadəganlar institutu adı ilə tanınan Köhnə sarayın şərq divarı ilə həmsərhəddir. Onun qotik üslublu presbiterisi qəsr mənzərəsinin əhəmiyyətli bir hissəsidir[1].
Bütün Müqəddəslər kilsəsi | |
---|---|
Kostel Všech svatých | |
50°05′26″ şm. e. 14°24′08″ ş. u.HGYO | |
Ölkə | Çexiya |
Şəhər | Praqa |
Yerləşir | Praqa qəsri |
Aidiyyatı | Katolisizm |
Tikilmə tarixi | 1356 - 1383 |
Üslubu | roman üslubu, qotika |
Vəziyyəti | fəaliyyət göstərir |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Bütün Müqəddəslər kilsəsi ondan daha da qədim saray kapellasının yerində XII əsrdən bəri yerləşir. 1339-cu ildə hələ o zamanlar Moraviya bölgəsinin markqrafı olmuş IV Karl kilsə ərazisində kollegial kapitulun əsasını qoymuşdu. Mövcud kilsənin inşası isə Peter Parler tərəfindən tərtib edilmiş plana uyğun olaraq 1372-ci ildə başlamış və 1386-cı ilə kimi tamamlanmışdı. Kilsənin inşasında bu cür tanınmış memarın iştirakını triforiumdakı yazılı mətn təsdiqləyir: Petervə yuxarıda göstərilən müddətdə müqəddəslərin xorunu başlamış və tamamlamışdı. Qusçular hərəkatından əvvəl kilsənin artıq retrit otağı (Retrit - inanclı insanların cəmiyyətdən uzaqlaşmaq arzusu və özgəninkiləşdirilməsi deməkdir) və nefləri inşa edilmişdi.
1541-ci ildə Praqa qəsrində baş vermiş dəhşətli yanğın zamanı, kilsə zədələnmiş və ondan yalnız xarici divarların qalıqları salamat qalmışdı. Salnaməçi Liboçanlı Vatslav Hayek bu kədərli hadisəni bu cür təsvir edirdi: Xor kapellası nəfis heykəltəraşlıq nümunələri, pəncərələr isə böyük vitrajlarla bəzədilmişdi. Sarayın önündə yerləşən möhtəşəm kilsə-kapella bir zamanlar imperator IV Karl üçün çox yüksək məbləğə başa gəlmişdi - daş yonanlar kilsənin interyerini çox incə ornamentlərlə bəzəmişdilər və bütün bunlar bir gün içərisində məhv oldu[2]. Orijinal pəncərə naxışlarının qalıqları hal-hazırda kilsənin çardağında saxlanılır.
Kilsənin bərpa və tamamlama işləri 1580-ci ildə Habsburq sülaləsindən olan imperator II Maksimilianın qızı Aljbeta İzabellanın maliyyə dəstəyi ilə həyata keçirilmişdi. Buzaman kilsənin nefləri böyüdülmüş və qonşu sarayla birləşdirilmişdi. 1588-ci ildə kilsəyə Sazavalı müqəddəs Prokopinin qurumuş cəsədinin qalıqları gətirilmişdi[1]. 1598-ci ildə isə, Vladislav zalından kilsənin çardağına xüsusi keçid inşa edilmişdi[1].
Kilsənin qotik üslublu nefi xor odalarından ibarətdir, burada həmçinin intibah tərzində iki kapella da vardır. Başlanğıcda nefin mərkəzində yerləşən Müqəddəs Prokopinin məzarı və onun altındakı qədim sərdabələr 1768-ci ildə kilsə ilə saray arasındakı divar boşluqlarına köçürülmüşdür. İnteryer 1732-1750-ci illər arasında memar Kilian İqnats Dintsenhoferin layihəsi əsasında barokko üslubunda tərtib edilmişdi. Barokko üslubunda orqan 1969-cu ildə Skaptse şəhərindəki kilsələrin birindən buraya gətirilmişdi[3].