XƏSTƏXANA Zeynal baharın belə bir vaxtında xəstəxanada yatırdı (B.Bayramov); AZARXANA (köhn.) [Əhməd:] Əlavə deyirlər ki, öz rəiyyəti üçün mülkündə azarxana və məktəbxana açıbdır, həkim gətirib, mama gətirib (N.Vəzirov); AZARLIXANA (köhn.) Əhməd: Azarxanadan iynə yemiş it sifətində qayıtdı; sapsarı saralmış, güclə ayaq üstə dururdu (Çəmənzəminli); BİMARİSTAN (köhn.) Dövlət tərəfindən hər yerdə zükur və ünas bimaristanları olurdu... (M.F.Axundzadə); BİMARXANA Açılsın ölkədə hər cür karxana; hər yerdə mədrəsə, yol, bimarxana (M.Rzaquluzadə); DARÜŞŞƏFA (kl.əd.) Darüşşəfayi-Tehranın get elə bir səyahətin; Mirzə Əbülhəsən xanın gör rəvişi-təbabətin (M.Ə.Sabir); HƏKİMXANA Qətibə: Yazıq və bədbəxt cariyəm, – deyerək onu yoxlamaq üçün həkimxanaya qaçdı (M.S.Ordubadi); MƏRİZXANA (köhn.) Bir mərizxanaya gətirilən azarlılara diqqət yetirirdim (Çəmənzəminli); MÜALİCƏXANA Pyotr: Bu gün Mina müalicəxanaya gedəndə qoşularsan ona, orda həkim sənədə baxar (H.Abbaszadə); SAĞLAMLIQ OCAĞI Ancaq onu da bilin ki, bura “xaraba” sözünə qətiyyən layiq olmayan sağlamlıq ocağıdır, minlərlə insana yenidən həyat verən şəfaxanadır (Q.Xəlilov); ŞƏFAXANA Qoşqar: Yaxın illərdə şəhərimizin ətrafı və Xəzərimizin sahilləri kurort diyarı olacaq. İnstitutumuz böyüyəcək, şəhərimiz Şərqin ən gözəl şəfaxanasına dönəcək (Hidayət).