Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi
Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi – Naxçıvan şəhərində, böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin doğulduğu Əlixan məhəlləsindəki evdə yaradılmış muzey.
== Tarixçəsi ==
Ev muzeyi Azərbaycan hökumətinin 21 iyul, 1981-ci ildə verdiyi "Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında" qərarı ilə yaradılmışdır. Muzeyin açılışı 9 iyun, 1984-cü ildə olmuşdur. Muzey, uzun müddət "Hüseyn Cavidin Ev-Muzeyi" adı altında fəaliyyət göstərmişdir. 2015-ci ildə muzeyin adı dəyişdirilərək "Hüseyn Cavidin Ev-Muzeyi və Xatirə Kompleksi" adlandırılmışdır.
== Ekspozisiya ==
Muzeyin fondunda 9200 eksponat toplanmışdır. Onların arasında Hüseyn Cavidin həyat və yaradıcılığını əks etdirən fotoşəkillər, əsərlərinin ilk nəşrləri, üzərində müəllifin avtoqrafı olan, 1926-cı ildə nəşr edilmiş "İblis" və 1934-cü ildə çapdan çıxmış "Səyavuş" əsərlərinin nadir nüsxələri, böyük sənətkarın yubileylərinin, müxtəlif teatrlarda tamaşaya qoyulmuş dram əsərlərinin afişa və proqramları, müxtəlif xatirə və ev əşyaları vardır.Hüseyn Cavidin İstanbuldan Qurbanəli Şərifzadəyə göndərdiyi və ədibin yaxın dostu Əziz Şərifin şəxsən üzünü köçürüb muzeyə bağışladığı məktublardan ibarət dəftər, şairin qızı Turan Cavidin hədiyyə etdiyi "Knyaz" əsərinin əlyazması da bu muzeydə nümayiş etdirilməkdədir. Hüseyn Cavidin həyatının Naxçıvan dövrü ilə bağlı sənədlər, muzeyin ekspozisiyasında nümayiş etdirilən qiymətli ləl-cəvahirat əşyalarının əksəriyyəti də Turan Cavidin hədiyyələridir. Turan Cavid eyni zamanda muzeyin yaradılmasında da yaxından iştirak etmişdir.Ekspozisiyada cavidşünasların – Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Mehdi Məmmədov, Yaşar Qarayev, Rafael Hüseynov, Yavuz Axundlu, İsa Həbibbəyli, Zahid Əkbərov, Əjdər İsmayılov, Hüseyn Həşimli və başqalarının muzeyə bağışladığı kitablar yer almışdır. Muzeyin ekspozisiyasının tematik planını teatrşünas Tamilla Təhmasib tərtib etmişdir.