Nəriman Nərimanovun xatirə muzeyi
Nəriman Nərimanovun xatirə muzeyi — ictimai-siyasi xadim, publisist, dramaturq, müəllim, həkim, dövlət xadimi Nəriman Nərimanovun 1913–1918-ci illərdə ailəsi ilə birlikdə yaşadığı mənzildə açılmış muzey. 1977-ci il noyabrın 6-da keçmiş Nikolayevski küç.17-də (indi İstiqlaliyyət küç.55) yerləşən binanın 2-ci mərtəbəsində açılmışdır.
Muzeyin ekspozisiyası 4 otaqdan ibarətdir: yemək, həkim kabineti, qonaq və yataq otaqları. Bu otaqlarda nümayiş etdirilən eksponatlar N. Nərimanovun ictimai-siyasi, ədəbi, maarifçilik, həkimlik, publisistik, diplomatik və dövlət xadimi kimi fəaliyyətindən bəhs edir.
Ekspozisiyanın 1-ci otağı N. Nərimanovun uşaqlıq və gənclik illərinə dair sənəd və materialları əks etdirir. N. Nərimanovun anadan olması haqqında şəhadətnamə, Qori müəllimlər seminariyasını bitirməsi haqqında şəhadətnamə, Qızılhacılı kənd məktəbində müəllimlik fəaliyyətindən bəhs edən sənədlər, habelə Tiflisdəki evinin maketi, həkimlik diplomu və s. əşyalar nümayiş etdirilir.
Ekspozisiyanın 2-ci otağı N. Nərimanovun ictimai-siyasi fəaliyyətinin XX əsrin ilk onilliklərini əhatə edən sənəd və materiallarını əks etdirir.
3-cü otağın ekspozisiyasında N. Nərimanovun xatirə əşyaları, mebel, çilçıraq, oğlu Nəcəfə yazdığı yarımçıq məktubu, N. Nərimanovun və oğlunun ölümü ilə bağlı sənəd və materiallar, habelə N. Nərimanovun adının əbədiləşdirilməsindən bəhs edən sənədlər nümayiş etdirilir.
Muzeyin 4-cü otağı tibbi kabinetdir.