İmam Xomeyni Beynəlxalq Universiteti
İmam Xomeyni Beynəlxalq Universiteti — (farsca: دانشگاه بینالمللی امام خمینی, Dāneshgāh-e Beynəlmeləli-ye Emam Xomeyni) (IKIU), İranın Qəzvin şəhərində yerləşən ali təhsil müəssisələrindən biri. İran İslam İnqilabından sonra qurulmuş beynəlxalq bir universitetdir. IKIU əsasnaməsi qanun layihəsi kimi 1984-cü ilin yanvarında İran Parlamenti tərəfindən təsdiqlənmişdir. IKIU-nun təsis orqanları arasında Qəyyumlar Şurası, prezident və parlament spikeri yer alır. Təhsil, Tədqiqat, Tələbələr və Mədəniyyət üzrə müavinlər digər şöbələrdəndir. Bundan əlavə bir Elm və Texnologiya Parkı və 100.000-dən çox kitab və jurnalın olduğu mərkəzi kitabxanası mövcuddur.
Qəzvin Beynəlxalq Universiteti 1984-cü ildə İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyinin tabeliyində İslami elm və təhsil müəssisəsi kimi yaradılmışdır. 1991-ci ildən isə Beynəlxalq Universitetə İran İslam Respublikasının banisi hesab edilən İmam Xomeyninin adı verilmişdir. 2016-cı ildəki məlumatlara əsasən, Universitetin professor-müəllim heyətinə 41 ixtisas üzrə bakalavr, 54 ixtisas üzrə magistr və 12 proqram üzrə doktor hazırlayan 416 müəllim daxildir. Universitetin 6 fakültəsində 107 ixtisas üzrə 6300 iranlı və 530 əcnəbi tələbə təhsil alır və eyni zamanda Fars Dilinin Öyrənilməsi Mərkəzindəki kurslarda 260 əcnəbi tələbə təhsil alır.