Yan Kum
Yan Kum (24 fevral 1976, Kiyev) — Amerikan sahibkar və proqramçı, WhatsApp"ın yaradıcısı.
Yan Kum 24 fevral 1976-cı ildə Kiyev yaxınlığında kiçik kənddə, yəhudi əsilli ailədə dünyaya gəlib. Onun valideynləri sadə insanlar olub - anası evdar qadın, atası tikintidə sadə iş icraçısı idi. Ailəlikcə 1992-ci ildə Ukraynadakı qeyri-stabil vəziyyət üzündən mühacirət etməyə məcbur olurlar və ABŞ-yə köçməyə qərar verərək, yaşayış üçün Silikon vadisində yerləşən kiçik Kaliforniya şəhəri Mauntin-Vyunu seçirlər.
Emiqrasiyada onlar ciddi məhrumiyyətlərlə rastlaşır. Bu zaman Kumun 16 yaşı var idi. Yoxsulluq həddində olan valideynlərə kömək etmək üçün o, təhsillə paralel olaraq xidmətçi işləməyə başlayır. Ola bilər ki, o zaman Kum hələ bunu anlamırdı, ancaq tale onu ən prespektivli texnologiya startaplarının yaradılması üçün əlverişli bir məkana atmışdı. Məşəqqətli həyat yaşamasına baxmayaraq Kum təhsilə var qüvvəsini verirdi. Gələcək milyarder hələ məktəbdə təhsil aldığı zaman, hər şeydən əvvəl, hesablama şəbəkələri, informasiya texnologiyalar ilə maraqlanırdı.