Yapıncı
Yapıncı — maldar əhali və çobanlar arasında geniş şəkildə istifadə olunan və keçədən hazırlanan plaşa oxşar qolsuz, uzun, enli geyim növü. Yapıncı peşə səciyyəli geyim növü olub, maldarlıqla məşğul olan elat əhalisi arasında geniş yayılmışdır. Yapıncı təpmə (basma) üsulu ilə «həllac» (qədimdə kəpənəkçi adlanıb) adlanan peşəkar sənətkarlar tərəfindən hazırlanır. Yapıncının saçaqlı və saçaqsız olmaqla, iki tipoloji növü var.
Saçaqlı yapıncı satınalma yolu ilə əldə olunur, saçaqsız yapıncı isə sifarişlə kəndbəkənd gəzən həllaclara düzəltdirirlərmiş. Maldar əhali və çobanlar arasında geniş yayılmış yapıncının saçaqlı və saçaqsızdan başqa, ağ və qara rəngli növləri var. Saçaqsız (saya) yapıncı daha qədim tarixə malik olub keçəsayağı basılıb hazırlanırdı. Lakin keçədən fərqli olaraq onun qəlibi nisbətən qısa, həm də trapez formasında basılırdı.Yapıncını çiyinə almaq üçün onun kənar qanadlarını bir qarış ölçüdə öz üzərinə qatlayıb çiyin birləşmələrini bir-birinə tikirdilər.Saçaqlı yapıncının qəlibinin ovand üzü uzun saçaqla örtülürdü. Bu səbəbdən də onun layının altına əlavə saçaq layı döşənirdi. Bundan sonrakı basma əməliyyatı saya keçə istehsalında olduğu kimi davam etdirilirdi.