Krım şamı
== Ümumi məlumat ==
Krım Şamı ağacdır, 20–40 m hündürlüyündədir, dirək gövdəsinin diametri 60 sm-ə çata bilir, çətiri geniş, dağınıq, yastı və dəyirmidir, üfüqi uzanmış budaqları ucdan yuxarı qalxandır, dirək gövdəsinin aşağı hissəsinədək qabığı qaradır, dərin-şırımlıdır, yuxarı hissəsində isə qırmızımtıldır. Cavan zoğları sarımtıl-qonuru rənglidir, parıldayandır. Tumurcuqları milvarıdır, iridir (16–35 mm), düzünədir, qatlanmayan pulcuqludur. Pulcuqvarı yarpaqları açıqsarı rənglidir, yarpaq qını boyda və yaxud da ondan uzundur. Yarpaq qını 18–26 mm uzunluqdadır. İynəyarpaqları tündyaşıl rənglidir, çox sıxdır, sərtdir və ucdan tikanlıdır, bir qədər əyiləndir, 8-12 sm, bəzən isə 18 sm-ə qədər uzunluqda və 1,6-2,1 mm enində olurlar. Hər bir dəstədə 2 ədəd tikanlı iynəyarpaq yerləşir. İynələrin en kəsiyində 2 dəstə boruları vardır. Qatran yolları parenximadadır. Qozaları uzunsov yumurtavarıdır, çox qısa saplaqlı və ya oturaqdır, dikdurandır, tək-tək və ya bir neçəsi (2-4 ədədi) bir yerdə topa halında olur, qəhvəyi, sarımtıl-qonuru rənglidir, parıldayandır, 5-12 sm uzunluqda, 4,5-7 sm enindədir.